Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:46

NATİQ "Həkimə gedən məğrur adam" HEKAYƏ


Payızın sərinləşməkdə olan havasını ciyərlərinə çəkdi və kimisə axtarırmış kimi çoxdandır gözünün həsrət qaldığı doğma həyətin bütün künc-bucağına boylandı.

Hər şey öz yerində idi, evdən azca aralıda təkəmseyrək zeytun ağacları, onların altına qoyulmuş sınıq-salxaq skamyalar, domino masası, uşaqların oyun meydançasında tikilməkdə olan nəhəng göydələn, evin qabağından düz dayanacağa qədər uzanan çattaq-çattaq olmuş asfalt yol hamısı öz yerində idi.

Elə adamlar da dəyişməmişdi – həmişə eyni mövzularda söhbət eləyən bekar qonşular səhərin gözü açılandan zeytunluğun altında domino oynamağa hazırlaşırdılar, onların bütün səhərləri belə açılır, bütün axşamları belə qurtarırdı.

Bir ürəyindən keçdi ki yaxınlaşıb qonşularla hal-əhval tutsun, başına gələnlərdən danışıb, köhnə söhbətlərə yeni rəng qatsın.

Elə qonşular da onu görən kimi sevincək oldular, komandirini salamlayan əsgərlər kimi qabağa yeriyib boy-boya verdilər. Amma bu salamlaşma onu əməlli-başlı yubada, xeyli vaxt apara bilərdi.

Osa tələsməli, aylardı, sinəsini, qabırğalarını əzən bu sıxıntıdan canını qurtarmalıydı. Elə ona görə də qonşuların mehriban sifətlərinə gülümsəyərək azacıq başını tərpətməklə kifayətləndi.

Yaxşı bilirdi ki, gor qonşuları ilə əməlli-başlı görüşmək əvəzinə eləcə başını tərpətməsi, hələ bilmək olmazdı onlar bunu sezdilər ya yox, yaxşı deyildi. Axı aylardı ki həyətə düşmür, xeyirdə-şərdə bir olan insanların səsini, domino daşlarının şaqqıltısını eləcə yataq otağından eşidirdi.

Fikirləşdi ki, qayıdanda oturub söhbətləşərlər, hər şeydən danışarlar, özü də yerli-yataqlı.

Cavanlıqdan adət eləmişdi, evdən çıxan kimi siqaret yandırar, dayanacağa qədər çəkib qurtarardı. Bu dəfə isə əlinin çətinliklə gödəkcəsinin sağ cibində saldı, titrək barmaqlarıyla siqaret və alışqan götürdü.

Artıq neçə ay idi ki, bunu onun əvəzinə başqaları eləyərdi, siqaretin dəmi gələndə ya arvadını, ya da evdə tapılanda oğlunu çağırardı. Onlar da sakitcə bir siqaret yandırıb onun damağına qoyardılar, vəssalam bir qalırdı çəkmək, bu məsələ də isə kömək lazım deyildi. Alışqan əlindən sürüşüb düşməsəydi, indi də köhnə vaxtlardakı kimi siqaretini özü yandıracaqdı.

Əyilib onu götürmək istədi, nə qədər əlləşdisə iri gövdəsini aşağı əyə bilmədi, kürəyindən xəfif bir gizilti keçdi. Bir-iki addım aralıda hələ də ondan salam gözləyən qonşularına yaxınlaşıb siqaretini yandırsayıdı, gərək elə orda da çəkəydi, bu da ki hal-əhval tutmaqdan daha çox vaxt itkisi olardı. Məhəllə uşaqlarından biri əlində çörək düz ona tərəf gəlirdi.

«A bala o «zajikalka»nı götür ver mənə»-, dedi. Uşaq mat-məəttəl alışqanı yerdən qaldırıb ona uzatdı, «yandır siqaretimi», dərin bir qullab vurub, alışqanı cibinə qoydu və heç kimi görmürmüş kimi düz qonşuların yanından ötüb keçdi.

«Ə gördünüz neylədi? Pah atonan! Qudurasan qurbağa...

Bunun ədasına bir bax, şişib də... Elə bil alçaq dağları bu yaradıb...

Görmürsən boynunu nə qədər yoğunladıb, üç ay bundan qabaq ölürdü e, xurd-xəşil olmuşdu, indi Həzrət Abbas cöngəsinə dönüb...»

Qonşularının onun arxasınca dediklərini açıq-aydın eşidirdi. Bir istədi geri qayıtsın, cavablarını versin. Amma indi izahat vaxtı deyildi, bunu qayıdandan sonra da edə bilərdi. Bilirdi ki, onun izahatından sonra qonşuları peşman olacaqlar.

Hələ bəlkə üzr də istədilər. Amma indilik onların dil-qəfəsə qoymaq fikirləri yox idi. Ömürləri boyu köhnə söhbət edənlər üçün təzə mövzu tapılmışdı, kim bu fürsəti əldən verərdi. Başladılar nə başladılar:

«Bilirsiniz də üç ay bundan qabaq nə günə düşmüşdü. Öz maşınında kəllə-mayallaq olmuşdu, gecə vaxtı ağaca nə təhər çırpmışdısa, maşında iki bölünmüşdü, ağac da...

Əvvəl elə bildik içkili olub. Sonra polislər dedi ki, günah bunda yox, qarşıdan gələndəymiş...

Deyəsən bir ay yatdı xəstəxanada. Oradan da apardılar Moskvaya.

Deyirəm Moskvanın havasındandı e ordan gələnlərin hamısının boynu yoğunlayır. Gözləri ayaqlarının altını görmür. Salamı başına dəysin. Gör bir uaşağa nə deyir, «gəl siqaretimi yandır...»

Eybi yoxdu qoy qayıtsın, baxmaram ki boynu yoğunlayıb qabağını kəsib ona iki kəlmə söz deyəcəm. Deyəcəm ki ə...»

...Dayanacağa çatar-çatmaz avtobus gəldi, həmişəki kimi bir xeyli gözləməyə ehtiyac qalmadı. Rəfiqə olduqları sezilən iki yaşlı qadın tələsmədən avtobusun ön qapısının ağzını kəsdirib ara vermədən danışırdılar.

O arxa tərəfdən cəld içəri keçib qabaq cərgədə boş olan yeganə oturacaqda əyləşdi. Onun sol tərəfindən əyləşmiş çalsaç kişi yaşlı qadınları görən kimi öz yerini onlara təklif etdi, qadınlardan biri keçib oturdu, amma o heç tərpənmədi də.

Görünür rəfiqələr bayaqdan bəri bitib-tükənməyən söhbətlərini yanaşı oturub elə yol boyu da davam elətdirmək istəyirdilər. Amma onun qımıldanmaması rəfiqələrin planlarını alt-üst edə bilərdi.

Elə buna görə də yaşlı qadın – «tay bu cavanlarda qanacaq qalmayıb» deyib nümayişkaranə ayağa durdu. Bu çinar gövdəli adamın heç tükünün də tərpənməməsi, anası, bəlkə də nənəsi yaşda qarıların xətrinə ayağa qalxmaması sərnişinləri əməlli-başlı təəccübləndirmişdi.

Bir qədər arxa cərgədə əyləşən, təxminən elə bu qarılarla yaşıd olan iki təqaüdçü kişi yerlərini həmyaşıdlarına verdilər. «Adamın gərək gönü qalın olmasın, ay qardaş» bayaqkı qarı üzünü ona tərəf tutub səsinin imkan verdiyi həddə qədər ucadan dilləndi. «Hə, utanmasan oynamağa nə var ki?» qarılara yer təklif edən qocaların birindən həmyaşıdına dəstək gəldi.

Bundan sonra nəyin baş verəcəyi hamıya gün kimi aydın idi – başlandı ədəb-ərkan dərsi. «Bizim vaxtımızda belə idi, indi niyə belə oldu, bizim vaxtımızda böyük-kiçik öz yerini bilərdi, indi niyə yollarını azıblar, allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma» və s.

Qarıların və onlara qahmar çıxan qocaların bir neçə dayanacaq davam edən dialoqları bütün sərnişinlərin qulağını yağır eləsə də, heç onun tükü də tərpənmirdi, elə-bil bu köhnə patefonların qızışıb xırıltılı-xurultulu nostalji mahnılar oxuması onun yox, kimsə bir başqasının günahı idi.

Çatılmış qaşları arasında ildırım saçan nəzərləri şəhərin küçələrinin, səhər-səhər ora-bura vurnuxan adamlarının, mağazaların vitrinlərinin, yavaş-yavaş yarpaqlarını tökən ağacların çılpaqlaşan budaqlarının üzərində gəzirdi.

Birdən-birə kürəyinin düz ortasından başlayan geyişmə onurğa sütunu boyu gəzişən giziltiyə çevrilmişdi. Ayıb bilməsəydi, elə buradaca da gödəkcəsini, uzunöoğaz poliverini soyunar kimə gəldi, elə bayaqdan dil qəfəsə qoymayan qocalara belə xahiş edərdi ki, «zəhmət olmasa kürəyimi qaşıyın, yermi də sizə verirəm, lap gediş haqqınız da mənlikdi, təki allah xatirinə kürəyimi qaşıyın, var gücünüzlə lap qanıyana kimi qaşıyın».

Fikrini dağıtmaq üçün əllərini ovuşdurmağa, barmaqlarını şaqqıldatmağa başladı, yadına nəsə salmaq, nəyinsə haqqında düşünməyə cəhd eləmək istəyirdi, ancaq alınmırdı. Xəfif gicişmə indi qabırğalarına, sinəsinə sarılmışdı, ürəyi sürətlə döyünür, nəfəsi tıncıxırdı, hiss elədi ki, gözündən su axır.

Yox o ağlamırdı, eləcə gözlərindən su axırdı. Yaxşı ki bunu öz vaxtlarını tərifləyən qocalar görmürdü, yoxsa böyük məmnuniyyətlə deyərdilər ki, çinar qüssəli adam yəqin xəcalət çəkir, elə ona görə də ağlayar.

«Tay niyə ağlayırsan bala, dur ayağa yerini ver bizə. Qurtarsın getsin. Axı bizim vaxtımızda belə olub, indi niyə olmasın? Böyük duran yerdə cavan nə karədir ki otursun, bilmirsən məgər yer həmişə böyüyündür. Ver yerini bizə. Yoxsa qoca olmağımıza baxma ha, səni ağlar qoyarıq».

Dəsmal gəzdirməyi xoşlamadığından əlləri ilə gözünün suyunu sildi, kürəyinin gicişməsini bir az toxtatmaq üçün yol boyu oturacağa sürtünməyə başladı, bir dəfə, iki dəfə, üç dəfə... elə bil bir balaca özünə gəlirdi.

«Yerlərində də düz otura bilmirlər e, gərək sürtüşələr» deyingən qarının sözləri qocalara ləzzət elədi, ikisi də bərkdən güldü. «Hə, sürtüşürlər» ayaq üstə duran qoca daha bərkdən dedi, bu dəfə qarılar da onlara qoşulub əməlli-başlı qəhqəhə çəkdilər.

Qocalar və qarıların söhbətləri alınırdı, bu «sürtüşmə» sözü isə lap ürəklərindən oldu, eynləri açıldı, bəlkə də bu söz artıq çoxdan tarixin arxivinə verilmiş, bir də geri qayıtmayacaq cavanlıq cağlarının hansısa fraqmentini oyadır və hamısına doğma gəlirdi, ona görə də ürəkdən gülürdülər.

Onunsa heç vecinə deyildi, kürəyindəki gizilti yavaş-yavaş səngiyir, gözlərinin suyu quruyur, nəfəs almağı rahatlaşırdı, yerdə qalanlar isə boş şeylərdi. Əsas məsələ rahat nəfəs almaqdır, sinə dolusu, ağrısız-gicişməsiz nəfəs almaq, kimin nə deməyindən, kimin nə fikirləşməyindən asılı olmayaraq nəfəs almaq. Lazım gəlsə hamının acığına nəfəs almaq...

Artıq mənzil başına çatmışdı, avtobusa necə daxil olmuşdusa eyni cəldliklə də gediş haqqını ödəyib düşdü. Qocalarsa hələ də öz vaxtlarından, əbəd-ərkandan danışırdılar, heç boşalan yerdə oturan da olmadı...

Tələsirdi, üç aydı ki, bu qədər yol getməyən ayaqları yerimək üçün qəribsəmişdi. Evdə ancaq arvadı, ya da oğlu qolundan tutub ayaq açan yaş yarımlıq uşaq kimi gəzdirirdilər onu. İndisə özü yeriyir, sürətlə, inamla, bilir ki, yıxılmayacaq, büdrəməyəcək, kiminsə köməyinə də ehtiyacı yoxdu.

Öz ayaqlarının üstündə inamla addımlamaq nə gözəldir. Yolun düz, əyri, kələ-kötür, eniş-yoxuş olmasına əhəmiyyət vermə, əsas inamla addımlamağın gözəlliyini duymaq, buna əmin olmaqdır. Bir də unutma ki, gözün həmişə ayağının altını görməlidir...

«Ay əmi, sən allah bağışla...» Addımlarının romantikasına elə dalmışdı ki qaçaraq tini burulan yeniyetməyə çarpmasından, uşağın səndələyib yıxılmasından xəbəri olmadı. Hər şey bircə göz qırpımında baş verdi. Uşağın tələm-tələsik yerdən qalxıb üst-başını çırpa-çırpa dönə-dönə üzr istəyib uzaqlaşmasının da elə bil ona dəxli yox idi, eləcə iti addımlarla yoluna davam elədi.

Bəlkə də başqa vaxt olsaydı uşağa toxtaqlıq verər, belə köntöylüyünə görə özünü də qınayardı. Bəs indi nə olub? Bəlkə də yataqda keçirdiyi bu neçə ayda adi insani davranışları tərgitib, mütləq hafizəsində nələrisə sahmana salmalı, normal adamlar kimi qonşularla hal-əhval tutmalı, qocalara yer verməli, uşaqlarla ehtiyatlı olmalıdır. Yan-yörəsinə, sonra da qanrılıb arxaya boylandı.

Yeniyetmə bir xeyli aralıda dayanıb təxminən özü boyda yaşıdı ilə ona sarı baxırdı. Bəs bu uşağın baxışları... niyə ona belə həsədlə, qibtəylə baxır, elə bil yerə yıxılmağından da məmnun qalıb, özü də neçə dəfə üzr istədi.

«Yaman möhkəm sinəsi var, az qala başım yarılacaqdı, daş kimiydi e...»-, uşaq gözünün ondan çəkmədən maraqla qulaq asan dostuna üyüdüb-tökürdü: «Zalım oğlu elə bil dəmirdi».

«Hələ sən boyuna bax, çiyinləri nə enlidi!..»-, sanki bu nəhəng adamla toqquşduğuna görə dostu onu təbrik edirmiş kimi dilləndi. «Görəsən belə bədən yığmaq üçün nə qədər məşq eləyib? Soruşaydın da?»

«Nə danışırsan, mənə bir çırtıma vurardı yüz dəfə mayallaq aşardım, heç elə söz demək olar? Vay deyəsən bizə baxır, qaçaq!..» Yeniyetmələr arxalarına baxmadan götürüldülər. «Görəsən bizim də belə bədənimiz ola bilər?»-, dostu əmməli-başlı təəssüflənmişdi, bəlkə də öz ürəyində fikirləşirdi ki, kaş onun yerinə bu nəhəng adamla mən toqquşaydım - «Gərək çoxlu məşq eləyək də, məşq demişkən, bəs bu gün idmana getməyəcəydik?»

«Əşi bu gün qalsın, gələn həftə baxarıq»-, yıxılan uşaq dilləndi – «Zalım oğlu dəmir kimiydi...»

Xəstəxanaya çatanda artıq on birə işləyirdi, elə bu vaxtı da həkimlə görüşməyi vədələşmişdi. Onu bu xəstəxanaya birinci dəfə üç ay əvvəl o dəhşətli qəzadan həmən sonra gətirmişdilər. Həkimi sonradan nəql eləyirdi ki, dörd gün reanimasiyada qalıb, döş qəfəsi əzildiyindən, üstəlik bir neçə qabırğası da sındığından nəfəs alması çətin imiş.

Hələ boyun sümüyü, füqəra sütunu da ciddi zədə alıbmış. Həkimlər dərhal əməliyyata başlasalar da, yaşamasına ümid olduqca az imiş, hətta bəzi qohumları əllərinin hər şeydən üzüb dəfnə də hazırlaşmaq istəyirmişlər.

Yalnız dörd gündən sonra gözlərini açması hamının ürəyində öləziyən ümidə ikinci nəfəs vermişdi, xurd-xəşil olmuş bu adamın yenidən həyata qayıdışı möcüzədən başqa bir şey deyildi. Osa heç nəyi xatırlamırdı, gözlərinin açmasından savayı...

Aylardan bəri ona yalnız öz evində baş çəkən həkim xəstəsini ayaqüstə görəndə təəccübünü gizlədə bilmədi: «Bəs oğlun hanı?»-, soruşdu.

«Tək gəlmişəm»-, dedi. «Vallah möhkəm adamsan, o qədər yolu özün gəlmisən! Heç ayaqların büdrəmədi?» «Yox, əksinə getdikcə getmək istəyirəm, özü də var gücümlə, ancaq kürəyim bekara incidir, daha doğrusu səhər açılandan elə-hey qaşınır».

«Fikir vermə keçib gedəcək. Mən də birinci kürəyinin, sonra boynunun, axırda da sinənin gipsini sökərəm. Artıq sap-sağlamsan, amma belə də pis görsənmirdin ha...»
XS
SM
MD
LG