Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:59

Hərbi hissədəki qətliamın bilinməyən məqamları


Elxan Əzizovun yas mərasimi. İsmayıllı rayonunun Zeyvə kəndi. 31 yanvar 2010
Elxan Əzizovun yas mərasimi. İsmayıllı rayonunun Zeyvə kəndi. 31 yanvar 2010
«Hadisədən 45 dəqiqə əvvəl, əmisi oğlunun mobil telefonuna zəng vurub. Əvvəlcə salamlaşıb, sonra da deyib ki, halallıq ver, bütün qohum-əqrəbadan mənim əvəzimə halallıq al, kim nə əziyyət çəkibsə. Sonra da telefonu söndürüb…»

Bu yanvarın 28-də N saylı hərbi hissədə 4 hərbiçini öldürdüyü, ikisini isə yaraladığı bildirilən iki əsgərdən biri - mərhum Elxan Əzizovun atası Bəyalı Əzizovdur.

Elxan Əzizov Bakıda doğulub və hərbi xidmətə paytaxtdan yola salınsa da, İsmayıllı rayonunun Zeyvə kəndində dəfn olunub. Bu kənd onun ata yurdudur. İndi kənd hüzn içərisindədir. Zeyvənin darısqal, narahat yolları ilə irəliləyib hüzn mərasiminin keçirildiyi həyəti tapmaq isə elə də çətin deyil. Bundan ötrü heç Elxanın və ya onun atasının adını verməyə də bir ehtiyac yoxdur.

Elə qarşına çıxan ilk Zeyvəlidən «əsgərin hüzn mərasimi haradadır» - deyə soruşsan sənə Əzizovlar ailəsinin ata-baba yurdunu çox sadə şəkildə izah edəcəklər.
Elxanının atası Bəyalı Əzizov zərrə qədər də şübhə etmir ki, oğlunu baş verənlərə vadar ediblər


Zeyvədə böyüklü-kiçikli hamı baş verən faciənin fərqindədir. Ancaq mərhum Elxan Əzizovun olaydan 45 dəqiqə əvvəl əmisi oğlunu arayıb, bütün qohum-əqrəbadan halallıq istəməsinin sırf hansı anlam daşıdığını indi onun həm valideynləri, həm də yaxından-uzaqdan gələn dəfin iştirakçıları izah etməyə bir xeyli çətinlik çəkirdilər.

Bununla belə onun atası Bəyalı Əzizov zərrə qədər də şübhə etmir ki, oğlunu baş verənlərə vadar ediblər:

MƏNİM OĞLUM BUNA VADAR EDİLİB…

«Mən belə başa düşürəm ki, onu bu işə vadar ediblər. Yoxsa o belə bir işə əl atmazdı. Onun nəyi qalmışdı ki, cəmi 5 ayı qalmışdı…»

Bəyalı Əzizov deyir ki, oğlu heç vaxt dilinə şikayət gətirməyib. Ancaq bütün hallarda ata düşünür ki, oğlu yalnız incidildiyindən belə bir addım ata bilərdi.

Elxanın bibisi Lətafət Əzizova da deyir ki, qardaşı oğlu kasıb, başı aşağı böyüməsinə baxmayaraq təhqiri həzm etmirdi:

«Söz götürən deyildi. Ancaq o nəyə görəsə, ya söyüşə, ya təhqirə görə vadar olub ki, özünü öldürüb, başqalarına nəsə edib. Biz əslində nə baş verdiyini bilmirik. Qərib eldən gələn xəbəri qara qutu kimi qarşıladıq. O bütün dərdini-sərini gizli apardı».

KASIBLARIN UŞAĞI CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDİR…

Elxanın bibisi də deyir ki, qardaşı oğlu kasıb, başı aşağı böyüməsinə baxmayaraq təhqiri həzm etmirdi
Elxanın atası Bəyalı Əzizov Bakıda fəhləliklə gün keçirirmiş. Elə onun bunun evində işləməklə də 3 övlad böyüdüb.

Bəyalı Əzizovun acı xəbəri eşidəndə ağlayıb, üz-gözünü didməkdən yanaqları qanlı qartmaq tutmuş bacısı deyir ki, əgər qardaşı kasıb olmasaydı nə oğlu cəbhə bölgəsinə gedər, nə də başlarına bu faciə gələrdi:

«Əli qabar, ayağı qabar bala saxlayıb. Bizim nəsildə araq içən, nəşə çəkən, ruhi xəstəxanada yatan kimsə olmayıb. Çörəyimizi daşdan çıxarırıq. Kasıbın balalarıdır cəbhə bölgəsinə gedən. Mənim oğlum da cəbhə bölgəsində xidmət edib. Bədəni yara tutmuşdu, mənə heç şikayətlənmirdi».

Mərhum Elxanın uşaqlıq dostu Elnur İsgəndərov da deyir ki, o elə uşaqlıqdan söz götürən olmayıb:

«Elxan söz götürən deyildi. Xüsusilə də söyüşü, təhqiri heç götürmürdü. Bəlkə də bütün bunlar elə belə məsələlər üstündə baş verib».

Dəfin mərasimində telekanalların çəkilişinə imkan verilməyib.

Elxan Əzizov yanvarın 30-da Zeyvə kəndində torpağa tapşırılıb. Valideynlərinin deməsinə görə, polis telekanallara dəfin mərasimindən çəkiliş aparmağa imkan verməyib:

«Polis çəkilişə imkan vermədi. Axı biz cavan bala basdırmışıq. Ürəyindən güllə alıb. Biz balamızı sağ salamat hərbi hissəyə yola salmışıq. Xahiş edirik ki, bu işə ədalətlə baxsınlar. Atası kasıbdır deyə, arada qanını batırmasınlar».
Elxanın ata-baba yurdu


NAMƏLUM QONAQLAR…

Bəyalı Əzizov deyir ki, oğlu hadisədən 45 dəqiqə əvvəl əmisi oğluna zəng vurub halallıq istəyəndən sonra bütün gecəni narahatlıq içində keçiriblər. Səhəri gün tezdən onun xidmət etdiyi sərhəd rayonuna getmək qərarına gəlib. Ancaq elə Bakıdan çıxmamış zəng gəlib və onu geriyə evinə çağırıblar.

Evində oğlunun xəstə və əsəbi olub-olmaması ilə maraqlanan naməlum qonaqlar hadisə ilə bağlı ona heç nə deməyiblər. Oğlunun ölüm xəbərini isə televiziyadan eşidib. Həmin adamlar özlərini təqdim etməyiblər, mülki geyimdə olduqlarından hərbçi yaxud da hüquq-mühafizə orqanlarının işçisi olduqları bilinməyib. Ata bu faciənin sirlərinin ört-basdır edilməsi ilə heç vaxt razılaşmayacağını deyir.


HƏMÇİNİN OXU

Ölən, yaralanan və bir-birini öldürən hərbçilərin adları açıqlandı

Mövzu ilə bağlı fikirlərinizi burada bildirə bilərsiniz
XS
SM
MD
LG