Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:46

Jurnalistin türmə gündəliyi-4 (Kamerada buraxılan qəzet)


“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.

Jurnalistin türmə gündəliyi-1
Jurnalistin türmə gündəliyi-2 (Bir aprel hoqqası)
Jurnalistin türmə gündəliyi-3 (Qusik)

Tezis: Birinci türmə “Artezian”ı

Qəzeti evdən göndərilən sovqatların büküldüyü A-2 formatlı mağaza kağızında hazırladım. Əvvəl başlığını tərtib etdim: “ARTEZİAN” SİZONİYA HÖKUMƏTİNİN RƏSMİ QƏZETİ. Qiyməti bir proqulka”. Sonra karikaturaları çəkdim. Lap axırda da mətnləri yazdım – hərfbəhərf muncuq kimi düzməli oldum. Çox qəşəng nüsxə alınmışdı.

Qusikin əhvalatı 3-cü səhifədə “Detektivo” rubrikasında yerləşdirilmişdi. Materialın başlığı belə idi: “H.İbrahimov – ƏGƏR ZÖVCƏLƏRİM MİLLƏTİMİZƏ TƏHLÜKƏ KƏSB EDİRLƏRSƏ, MƏN DƏRHAL ONLARI BOŞAMAĞA HAZIRAM!”

Öz yazısını dönə-dönə oxusa da, doymurdu. Qəzeti gizlətdiyimiz yerdən çıxarıb özünə həsr olunan məqaləni növbəti dəfə gülə-gülə ucadan oxuyan Qusikə jurnalistlər haqqında gileyini xatırlatdım:

- Görürsən ki, voyennilərdən də yazdılar...

Birinci səhifədə “SİZOniya əcinnələrinin populyarlıq əmsalı” başlığı altında bir cədvəl “çap olunmuşdu”.

Burada 10 ballıq sistem üzrə türmə rəisindən tutmuş nəzarətçilərə qədər bizimlə ünsiyyətdə olan bütün təcridxana işçilərinə qiymət verilirdi. (Qəzet çekistlərin əlinə keçəndən sonra onların ən çox marağına səbəb olan bu cədvəl idi).

Nəzarətçilərə verdiyimiz adların (ləqəblərin) tən yarısını Qusik fikirləşmişdi. Ümumiyyətlə bu təxəllüsləri üç qrupa bölmək olardı:

- zahiri görkəmə əsasən verilənlər (məsələn, Pyotr pervıy, Stalin, Şvartsnegger və s.);
- hərbi rütbələrinə uyğun olanlar (məsələn, Superdemon, Poruçik Rjevski, Mikropolkovnik və s.);
- davranışlarındakı xüsusiyyətləri əks etdirənlər (məsələn, Dinamo, Tormoz Hüseyn, Fır-fır və s.)

Cədvəldəki rəqəmlər Qusiklə mənim türmə işçilərinə bəslədiyimiz münasibətin orta qiymətini əks etdirirdilər.

Təcridxana və gəzinti kameraları sonuncu mərtəbədədir.
Misal üçün, fərz edək ki, mən Dinamo ləqəbli nəzarətçiyə 6 bal, Qusik isə 9 bal qiymət vermişdik. Deməli cədvəldə onun populyarlıq əmsalı 7,5 rəqəmi ilə ifadə olunub.

Səhv etmirəmsə, ən çox xal toplayan Poruçik Rjevski ləqəbli növbə rəisi, ən az isə nəzarətçi Şeyx olmuşdu. Və heç də təsadüfi deyil ki, birincini tezliklə işdən çıxardılar, ikincisinin isə rütbəsini artırdılar. Çekistlər öz aralarındakı filontropları sevmirlər...

“Artezian”ın ənənəsinə uyğun olaraq 4-cü səhifə tamamilə lətifələrdən ibarət idi.

Yəqin ki qəzetin bu sayını nə vaxtsa yenidən görmək kimsəyə nəsib olmayacaq.

Yüz eşidincə bir gör. Ona görə ən gülməli saydığım 3 lətifəni tarix üçün bərpa etmək istəyirəm.

SİYASİ DUSTAQ

Qarğani, tülkünü və canavarı həbs edib bir kameraya salırlar. Hərəsi öz əhvalatını danışır. Tülkü deyir:

- Məni maliyyə fırıldaqlarına görə tutublar.

Canavar:

- Mən “Qırmızı papaq” firmasının seyfini yarmışam, - söyləyir.

Qarğa isə susur. Bir-birinin ardınca elə hey “Astra” tüstülədir. Soruşurlar:

- Qarğa qardaş, səni niyə damlayıblar?

- Siz mənə baş qoşmayın, başınız ağrıyar. Mən siyasi dustağam. – deyə qarğa cavab verir.

Qonşuları əl çəkmirlər:

- Axı sən nə eləmisən? Qiyam? Dövlət çevrilişi?

- Yox, prosto Maştağada 8 nəfərin yambızını dimdikləmişəm.

- Burada “politiçeski” nə var ki? Bu “melki xuliqanstvo”dur.

- Adə, yox ey, sən demə bu 8 nəfərin 8-i də YAP-ın üzvü imiş.

DOPROS

Jurnalistin işini aparan müstəntiq:

- Sənin kozyoldan fərqin bilirsən nədir?

Jurnalist:

- Yox, bilmirəm.

Müstəntiq:

- Kozyol həmişə tərslik edir, sənsə ancaq istintaq zamanı.

Jurnalist:

- Bəs səndən fərqi nədir, bilirsən?

Müstəntiq:

- Yox.

Jurnalist:

- Elə mən də ha baxıram, bir fərq görə bilmirəm...

TELEFON ZƏNGİ

- Alo doktor, polisdəndi. Tez eləyin, gəlin idarəyə! Burada şahidin ayağını sındırmışıq!

- Balam, şahidin ayağını niyə qırırsız ki?..

- Doktor, biz sındıranda hələ şahid deyildi, deyirdi heç nə görməmişəm...

“Artezian”. SİZOniya. Aprel 1995

Qəzet təcridxana heyətinin əlinə keçən günün səhəri Qusiki kameradan aparıb məni yenidən uzunmüddətli hücrə tənhalığına məhkum etdilər.

Bundan sonra kamerada mütəmadi qaydada axtarış aparır, yazılı nə varsa, hamısını müsadirə edirdilər (axtarışlar barədə ayrıca söhbət açmaq lazım gəlir ki, bunu da bir qədər sonra edəcəyəm).

“Artezian”ın çekistlər tərəfindən necə qarşılandığını demək çətindir. Lakin onu qeyd etmək lazımdır ki, hamısı oxumuşdu. Deməli əldən-ələ ötürülmüşdü.

Bu isə öz növbəsində türmə heyətinin böyük marağının nişanəsi idi.

Çünki demək olar ki hamısı soruşurdu ki, "cədvəldə mənim adım nədir?"

Bir gün Tormoz Hüseyn də eyni sualı verəndə dedim:

- Proqulkaya apar, deyim...

Göründüyü kimi, qəzetin mənə vurduğu ziyanla (tənhalıq, axtarışlar, müsadirələr) yanaşı xeyri də oldu: normadan artıq gəzintiyə çıxmaq imkanı qazanırdım (donuz və tük məsələsi...)

“Proqulka” – gəzinti isə, əgər bilmək istəsəniz, məhbus həyatının nadir təsəlliverici cizgilərindən biri idi...

Tezis: ŞPİON EHTİRASLARI

Qapalı məhbus həyatı heç bir hüquqi müddəaya və istintaq maraqlarına tabe olmayan insan orqanizminə dağıdıcı təsir göstərdiyindən dustaqları hər gün qısa müddətə də olsa açıq havaya – gəzintiyə çıxarmaq lazım gəlir.

Bu mənada MTN təcridxanası istisna deyildi.

Burada ölçülərinə görə, məhbusların saxlanıldığı dördnəfərlik kameralardan heç nə ilə fərqlənməyən bir neçə gəzinti otaqğı vardı. Otaqların tavanı yox idi, iri damalı barmaqlıqla örtülmüşdü.

Təmiz hava limiti məhbusun ağ ciyərlərinə buradan daxil olurdu.

Günəş, səma, buludlar, bəzən güllə sürətiylə şütüyən quşlar, çox nadir hallarda isə yüksəklikdə uçan təyyarə görünürdü: təcrid romantikası!

Hər gün gəzinti otaqları məhbusları öz ağuşuna alıb 30-40 dəqiqədən sonra geri yola salırdı. Gün ərzində bütün məhbuslar (bəlkə yalnız bir qismi) bir-birini görməmək şərtilə bu tavansız gəzinti hücrələrindən keçirdi.

Ərz etmək yerinə düşərdi ki, müxtəlif hücrələrdə saxlanılan dustaqların hər hansı ünsiyyəti və ya təması, hətta uzaqdan bir-birini görməsi (hətta cəmi bir neçə saniyə ərzində) qaçışdan sonra ən fövqəladə hadisə sayılırdı. Çekistlər bu rejimin keşiyində elə inadla dururdular ki, hərdən onların səyləri absurd teatrını xatırladırdı...

(Ardı gələn çərşənbə)

Həmçinin oxu

ALEKSANDR DÜMANIN "KÖLƏLƏRİ"
XS
SM
MD
LG