Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:55

PƏRVİZ "Yad dildə" (Romandan parça)


...Deyəsən, iştahası da qalxmışdı. Zəngi çalıb köməkçisini çağırdı.

Köməkçi bu qaranlıqda Polkovnikin harada olduğunu bilmək üçün boylandı, otağın küncündən gələn səsə çevrildi.

Polkovnik yeməyi otağına gətirməsini tapşırdı...

- Yaxın gəl, oğlum, yaxın gəl, - Polkovnik şam süfrəsini düzəldib çıxmaq üçün əmr gözləyən köməkçisinə dedi, yanında ona yer göstərdi, başını sığallayıb, əlini iki kərə mehrlə kürəyinə vurdu.- Otur, oğlum, nəsə yaman darıxıram...

Köməkçi Polkovnikin bu dərəcədə həlimləşməsindən şaşqına dönüb bir az ürəkləndi.

Bayaqdan qorxudan deyə bilmədiyini axır ki, deməyin məqamı yetişdiyini düşündü:

4-cü epiqraf...

1956-cı ildə Cənub-Şərqi Asiyanın kütləvi qırğın silahları işləyib hazırlandığı gizli laboratoriyalarından birində yeni nəsil bakterioloji silah yaradılması üzərində çalışmalara başlanıldı. Saatlarla sürən elmi toplantıların birində gərəkən maddənin alınması üçün aparılan müzakirələr qəfildən qırıldı. Bütün iştirakçıları qidadan zəhərlənmə simptomlarıyla hospitala aparmalı oldular. Araşdırmalar dərhal çıxmaza dirəndi - çünki qrafində olan sudan başqa alimlərin dilinə heç nə dəyməmişdi. Suyu dəqiqliyinəcən incələdilər - heç bir zərərli aşqar tapılmadı.
Elə yekun sənəddə də beləcə yazdılar: “Sudan zəhərlənmə”.
Çox sonralar araşdırmalar bunun doğru olduğunu göstərdi. Həmin qrafindəki su hansısa formada otaqda danışılan “zəhərli” informasiyaları canına çəkmişdi - alimlərin qənaəti belə oldu. Suyun molekulları elə düzülüş almışdı ki, strukturca zəhər hazırlamışdılar. Belə demək olarsa, su dəhşətli, qorxunc eksperimentlərə üsyan qaldırmışdı.
- Cənab Polkovnik, işığı yandırımmı?

- Yox!!! - Polkovnik elə qışqırdı ki, köməkçi dik atıldı, sarayın damına qonmuş göyərçinlərin ürküşüb şaqqıltıyla uçuşduqları eşidildi və bu səs də Polkovnikə pis təsir elədi:

- Sabahdan bir dənə quş da quşluğuynan bu dama qonmasın, eşitdinmi?

- Eşitdim, cənab Polkovnik, baş üstə!

Polkovnik kompüterin ölgün işığında, elə yazı masası üstdə şam elədi.

Mədən suyunu dodaqlarına yaxınlaşdıranda diksindi və yenidən məyuslaşdı. Suyu ağzına almağa bir neçə kərə çalışdısa da, hər dəfə boğazı, ağzı, dişləri tıxandı.

Suyu içə bilməyəcəyini görüb, lap qüssəyə batdı.

Səsi xırıldaya-xırıldaya əzablarından gileylənməyə başladı.

- Bilirəm ki, lənətə gəlmişəm.- Köməkçi qulaqlarını eşitdiyi bu sözə şəkləyib müti baxışlarla, qorxu içində, onun kompüterin işığından işaran, çox uzaqlara dalmış gözlərinə baxırdı.- Su bütün kəndə bizim evin qabağından axıb gedərdi.

Balaca bir arx idi.

Atam bu arxdan həyətimizə çəkdiyi qolun saxsı borusunu elə dərindən qoymuşdu ki, suyu Allahın ver günü kim aparır-aparsın, ondan mütləq bizə bir qismət ayrılardı; mənə elə gələrdi ki, su da uzağa axıb getməyə ərindiyindən bizim həyətə dönməyi üstün tutur; borunun ağzından balaca çubuqla bir dəlik açmaq bəsiydi ki, yavaş-yavaş bənd oyulsun və bütün su bizə sarı dönsün; odur ki, heç kim bağ-bağatını, bostan-dirriyini əməlli-başlı suvara bilməzdi, kəndin o başında yaşayan adam gəlib bəndi düzəldər, evinə yollanar, heç yarı yola çatmamış yenə suyun qırıldığını görərdi, təzədən günün o qorabişirənində geri dönərdi, gəlib atamı səsləyər, gileylənərdi; atam xəbəri olmadığına and-aman elərdi, "elə bu saat qılıb bitirdiyi namaza" and içərdi; adam da arxayın olub yenidən bəndi bərkidər, çıxıb gedərdi, day bilməzdilər ki, neynəsələr də, suyu kəsmək olmayacaq.

Kənddə "Tövbə-əstəğfürullah, Allah da bunlarnan bacarmır", - deyərdilər.

Gecə-gündüz bağımızı o qədər suya verdik ki, axırda o qapqara torpağın üzünə ağappaq şor çıxmağa başladı; biz uşaqlar onu qar bilib sevindik, onda anam dəliyə döndü və atamı söyə-söyə, suyu bundan belə ayaqyoluna döndərməmizi əmr elədi; qazma kənd tualetiydi, bağımızın ağzındaydı, çıxarı şor kanalaydı, axıntısı birbaş şora tökülərdi - deyim ki, heç şəhər tualeti bu qədər təmiz olmur; su bir dəqiqə ayaqyolundan üzülsə, anam elə namaz üstdəcə bizə qarğış tökərdi, "kül sizin oğul başınıza", - deyərdi, südünü bizə haram eləyərdi, nə bilim, bizim üzümüz - itin üzü; nə isə, kənd illərlə anamın zülmündən inlədi, inlədi, axırda bizi lənətləməyə, qarğımağa başladı; atam - yazıq, əslində fağır bir adamdı, kolxozda suçu babaydı; su ayaqyoludan üzüləndə anam atamın da abrını ətəyinə bükərdi, ta atamın tini dönməyənəcən dilini yığışdırmazdı.

Hə, camaatın lənəti üstümüzə yağmağa başladı: "Su üzünə həsrət qalasız", "öləndə yuyatınızda qüsl verməyə bir damcı su tapılmasın"...

Ama anamın gözü sudan doymurdu ki, doymurdu.

Bir gün yayın qorabişənində atam işləyib qan-tərə batmış halda buz kimi suyu başına çəkdi, su başına çıxdı.

Yavaş-yavaş ağlı çaşdı, sərsəmlədi. Axır yatağa düşdü.

Bir günün içində dəyişdi. Həkimlər dedi ki, beyni quruyub...

Köməkçi, "Allah rəhmət eləsin" demək istədi, qorxusundan səsini çıxarmadı.

- Hə, atamın meyidi əmimin qucağında qapımızdan içəri girdi, məni anamın ardınca qaçırdılar; onda arvad su başındaydı, elə çağırmaq istəyirdim, bizi qarğıya-qarğıya ayaqyoludan çıxdı ki, niyə bu su kəsilib? "Görüm, sizi elə kor olasız!"

Bu vaxt çiynində bel yoldan keçən bir kəndçimiz qarğışı eşidib anama dedi ki, day rahat olun, su başdan kəsilib, indi siz də bizim günümüzə düşərsiz, onda bilərsiz.

Anam kişini abırdan salandan sonra evə çatdı və kişisinin canını tapşırdığını gördü. Mən onun qarğışlarını dinləyə-dinləyə qorxudan heç nə deyə bilməmişdim.

Dərd dərd üstündən gəldi. Atamı yumağa su tapılmadı. Necə demişdilər, elə də oldu.

Axırda molla dedi ki, day iş ki bu yerə gəldi, kişini torpaqla qüsl eləmək lazımdı.

Sən bilməzsən. Bu kənd deyilən xarabanın bir xüsusiyyəti var - biriylə bütün el-oba düşmən olar, gedib gecəynən evini yandırarlar, ev çarta-çurtla yanmağa başlayanda da elə özləri axışıb gələr, evdəkiləri odun-alovun içindən qurtarmaq üçün canlarını oda atar, atəşi söndürməyincə durmazlar; yuvası sönmüşlərə qucaq açarlar, yanlarına alıb göz bəbəkləri kimi bəslərlər; yanğının sabahı günündən bir nəfərə kimi yığışıb "atışarlar", adama təzə, külü qalmış ocağından da urvatlı bir yurd tikərlər, içini doldurarlar - biri qab-qacaq verər, biri yorğan-döşək - lap təzəbinələr kimi; bax, bizdə də elə oldu, qarğıyanlarımız yasımızı şah hüzrü kimi yola verdilər; qarğanmış qapımız o günəcən bircə xeyir-şər belə görməmişdi; ilk dəfə həyətimizdə mağar qurulmuşdu; ins-cins görməməkdən çəməni dizə çıxmış qapımıza adamlar axın-axın gəlirdilər, çeşid-çeşid ərzaq, pul-para axışırdı; hamı anama başsağlığı verirdi, "axır qəminiz olsun", - deyirdi.

Arvad qapısında bu qədər adam görməsindən heyrətə gəlmişdi, ömrü boyu su üstdə ağızlaşmadığı adam qoymadığı halda, min-bir dillə dindirilməsindən, təskinliklərdən çəpik çalıb oynamağı çatmırdı bircə; sevincdən arvadın ürəyi partlayırdı az qala; çiçəyi çırtlayırdı - sanki oğul toyunun tədarükünü görürdü; gələn pay-püşkü həvəslə yerbəyer eləyirdi; qapısına "şadlığa gələnləri" gülər üzlə qarşılayıb, sevinc içində yola salırdı; adamlar onun bu şadyanalığından çaş-baş qalsalar da, sevinirdilər.

Sevinirdilər ki, deyəsən, bu yaman arvad axır ki, yola gəlib, day bizi suya həsrət qoymaz...

...

Qırx günü səhər tezdən kənd qapımıza axışmağa başladı. Yasxananın ağzında növbə düzüldü.

Camaatın qulağına çatmışdı ki, əmim hüzrü urvatlı yola vermək üçün qonşu kənddən bir maşın bulaq suyu gətirdib.

Yayın cığhacığında bir içim sərin bulaq suyunun, bir armudu stəkan çayın nə demək olduğunu bilirsən də!

Bir də nə görsək yaxşıdı?.. Anam beli canhövlü qapıb, arxa sarı düzəldi! Hamının matı-qutu qurudu ki, ayə, bu arvada nə oldu birdən?

Başına havamı gəlib, cinmi təpib? Quru arxın üstünə niyə ley kimi şığıyır? Demə, arvadın burnu su iyi alıbmış.

Kəndə su gəlirdi. Elə bil camaat kimi Allah da arvadın yola gəldiyini zənn eləmişdi (mən bugünəcən də başa düşə bilmirəm ki, anam suyun gəldiyini necə hiss eləmişdi.

Sonralar soruşanda, özü də "bilmirəm, - dedi, - elə bil ürəyim döyünməyə başladı birdən, nəsə məni arxa sarı çəkdi...").

Su hələ gəlib tuşumuza çatmamış arvad arxın qabağına iri bir bənd vurdu.

İndi suyun hamısı qapımıza axacaqdı. Özü də bəndin üstündə oturub səbirsizliklə suyun yetişməsini gözləməyə başladı. Su isə elə nazlana-nazlana gəlirdi ki!

Yaşmaqlı, ağırtuman qonşu arvadlar anamın yanına getdilər: "Ay arvad, ayıbdı, özünü rüsvay eləmə. Xalx bura hüzrə gəlib, sən su üstünə qaçırsan.

Barı bir gün səbir eləyəydin", - dedilər, gəl ki, arvad tutduğunu buraxmadı: "Əşşi, cəhənnəm olsun yas, kişinin əlinin qabarıyla əkdiyi ağacları qurutmayacam ki?.."

Sonra hirsindən partlayan əmim gəldi, arvadı yola gətirməyə çalışdı: "Ay əbləhin qızı, gəl keç belə, - dedi, - iki saat döz, qoy bu camaat dağılışsın, ondan sonra istəyirsən bütün Kürü, Arazı qapına döndər!"

Arvad qalxmaq üçün hıqqananda əmim qolundan yapışdı ki, yardım eləsin, elə bildi, sözü anamın beyninə batıb; arvad isə qalxıb hikkəylə beli yerə sapladı, əllərini belin sapına dayadı, çənəsini də əllərinə, yenə gözlərini arxa dikdi; əmim sözünün əsər eləmədiyini anlayıb tüpürdü, "əbləhin qızı əbləh, görüm səni lənətə gələsən", - deyib, birbaş öz evinə yollandı.

Ardınca qanı qaralmış adamlar yavaş-yavaş dağılışmağa başlayırdı ki, elə bil havanın da qanı qaraldı - üzü tutuldu, rəngi avazıdı, qızardı, bozardı; gözündən şimşək çaxmağa başladı; gur-gur guruldadı, şaqqıldadı və hirsindən-hikkəsindən dəmir damlı evlərin üstündə öz dəli havalarından birini çalmağa başladı, nə başladı!

Ta o vaxtacan ki, ürəyindəki zəhər canından qan-tərlə çıxıb aləmi selə verdi...

Ondan sonra toxtadı, səngidi, heyi-hərəkəti çəkildi, - indi də halı tükənmiş barmaqlarıyla ara-bərə öz təbilini taqqıldatmaqla məşğuluydu, özü də elə bil adamlara deyirdi:

- Daha hirsim soyudu, dışarı çıxmaq istəyən varsa, çəkinməsin... Mənə fikir verməyin, mənim ürəyim daş deyil ha, yaşdı...

Yağışdan daldalanmaq üçün yolundan qayıdıb hüzrxanaya doluşan camaat bayıra axışdı. Bu vaxt kəndin qəbiristanlıq tərəfdən girəcəyində qəribə bir adam göründü.

...

Köməkçi büzüşüb sus-pus qulaq asırdı. Söhbət doğurdan da maraqlı gəlirdi. Ama bilmirdi ki, bunu Polkovnikə necə çatdırsın.

Az əvvəl gözü elə qırılmışdı ki, indi bu söhbətin necə bitəcəyini ha düşünsə də, ağlı nəsə kəsməkdən boyun qaçırırdı, o isə cınqırını çıxara bilmirdi.

Həm də görürdü ki, Polkovnik bu danışdıqlarını ona yox, deyəsən, özü-özünə danışır. Özündə bir təhər güc tapıb mızıldandı: "Siz elə gözəl təsvir eləyirsiz ki, elə bil lap rəssamsız!"

"Nə? Nə dedin?"

Köməkçinin ürəyi qopub ayağının altına düşdü.

"Rəssammı dedin?"

"Hə..."- köməkçi elə bil o dünyadan cavab verdi.

"Əhsən sənə! Bax buna görə səni çox istəyirəm də... - Polkovnik yenə özünə qapıldı, fikri yenə çox uzaqlara qayıtdı. - Hə... mən rəssam olmaq istəyirdim, başa düşürsən, rəssam! Ama... ama bizim kənd başdan-başa ağ idi, hətta ağ da deyil, şəffaf, rəngsiz idi; mən rəng tapa bilmədim... başa düşürsən, tapa bilmədim!

Əmim oğlu şeir yazırdı. Mən yaza bilmirdim. Rəssam olmaq istədim.

O da olmadı. Atam haradansa mənimçün köhnə, qara bir fotoaparat tapdı; ama ona da lent tapa bilmədik. Vəssalam, ama yenə deyirəm, mən rəssam olmaq istəyirdim, rəssam!!!"

Polkovnik qeyzlə əlini masaya çırpdı. Köməkçinin ürəyi ağzına gəldi.

- Hə, o adamı hamı gördü, hamı tamaşaya çıxdı. - Polkovnik sözünün ardını danışmağa başlayanda köməkçinin rəngi üstünə qayıtdı. - Adam aram-aram gəlirdi. Aramız azalanda məlum oldu ki, arxasınca onun ayaqlarını yalaya-yalaya Arazın qırmızı lil suyu da gəlir.

Elə bil o boyda Arazın yolunu bizim kəndə döndərmişdilər. Yəqin doludan sonra daşmışdı. Torpaq az əvvəl yağan yağışdan doymamışdı, hələ də külü çıxırdı. Su cadar-cadar olmuş yerə sümürülür, sonra bir qədəm irəliləyirdi.

Deyəsən, ardınca sürünən seldən qəribə qonağın xəbəri yoxdu. Su gəlib bizim həyətdən başlayan şor kanalına çatanda adam sudan aralandı və su güllə kimi kanala axmağa başladı.

Bu vaxt ağ parçaya bükülü bir şeyin suyun üzündə gəlib bizim ayaqyolunu axıtdığımız o kanala düşdüyünü gördük. Daşqın qəbiristanlığı yuyub ən son ölünü - 40 gün bundan qabaq basdırılmış atamı qəbirdən çıxarmışdı, üstümüzə qaytarırdı.

Dəhşətli mənzərəydi. Adamlar yüyürüb qarmaq atdılar, rəhmətliyi sudan çıxardılar və yenidən qapımıza gətirdilər. Molla yuyat qurulmasını istədi.

Həmin adam da heyrət içində dayanıb baş verənləri izləyirdi. Üz-gözü tərin içindəydi. Adam nədənsə sıxılırdı. Elə bil atamı qəbirdən su yox, o çıxarmışdı.

Çirkli balaqlarından su süzülürdü. Əlində qara dərili diplomat çantası vardı. Yaxasından fotoaparat asılmışdı. Bizim suatın üstündə dayanıb üzünə su vurmaq üçün əyildi.

Gözüm fotoaparatına düşdü. Bir yandan da mənə elə gəlirdi ki, atamı qəbirdən çıxaran elə bu qəribə, pörtmüş, qırmızısifət adamdı. Bayaqdan zəncir çeynəyən itimizi kimsəyə hiss elətdirmədən açıb boşladım. İt bir anda şığıyıb adamı suya basdı.

Əmim oğlu hayandansa peyda oldu, itin xaltasından yapışıb qapımıza sarı çəkdi, gətirib bağladı, yenidən adama doğru getdi. O anda onu ayağımın altına salıb çığnaya bilmədiyimə görə dişim bağırsağımı doğrayırdı.
...

Sonradan həmin adamın yabançı olduğunu bildik. Şəkilböyüdən idi. Bu gördüyün şəkli də o böyüdüb bizimçün - Polkovnik yazı masasının üstünə qoyduğu şəkli göstərdi. - Adam qapımızda nə baş verdiyini başa düşdü.

Bizim kədərimizə qoşulduğunu dedi, həm də şəkil böyütdürmək istəsək, bizimçün havayı eləyəcəyini boynuna götürdü.

Bax, bu şəkildə gördüyün uşaq mənəm, o biri uşaq isə atamdı.

O cavan oğlan da, anamın başı üstündə duran o yaşlı kişi də atamdı. O vaxt bu şəkli görəndə bütün kənd heyrət içindəydi. Bütöv bir ömür bir şəkildəydi.

Onu kənddə əmioğlum gəzdirirdi. Danışdığı dili də ancaq o bilirdi. Bizim şəkli görəndən sonra hamı öz ölüsünün-dirisinin şəklini böyütdürmək istədi.

Şəkilböyüdənsə artıq şəkil kağızının qalmadığını deyib, böyüdəcəyi şəkilləri yığdı, sadə karandaşla şəkillərin arxasına nəsə yazdı və böyüdən kimi ünvanımıza göndərəcəyinə söz verdi.

Bir gün qonaq məscidimizə baxmaq istədi, əmim mollayla danışdı.

Molla isə daş atıb, başını tutdu: "Mən Allahın evini murdarlaya bilmərəm".

Qonaq o gedən getdi, bir də kəndimizə dönmədi. Getdikcə kəndimiz boşaldı, allahsızlaşdı.

Qərib qonağın ürəyini qırmağımız Allahın xoşuna getmədi deyəsən...

O vaxtdan azı yüz dəfə onun kəndə gəlişi, suyu süzülə-süzülə kənddən gedişi yuxuma girib. Atamın cəsədinin ayaqyolumuzun axdığı yerə üzdüyünü görürəm. Dəli kimi yatağımdan atılıb qalxıram.

Dəhşətdi, dəhşət!

Mən indi-indi anlayıram ki, lənətə gəlmişik. Allah da bizimlə bacarmayanda belə elədi - indi boğazımdan bir çimdik su keçmir...

Polkovnik bir də su bardağını əlinə alıb dodaqlarına yaxınlaşdırdı. Əti çimçəşdi. Boğazı tarım çəkildi.

Qəzəblənib su qrafinini yerə çırpdı. Birdən bu sözləri bayaqdan bəri köməkçisinə danışdığını anladı və köməkçinin boğazından yapışıb boğmağa başladı. Səsə cangüdənləri tökülüşüb gəldi.

- Bu iti sürüyüb atın cəhənnəmə. Köpək uşağı, hamısı mənim qəsdimə durub. Öldürmək istəyirlər məni, - dedi. Anladılar. Köməkçi gərəkdiyindən çox şey bilirdi... - O fəvvarəni də dağıdın.

Bir də qulağım su səsi almasın, gözüm su görməsin. Sabah o fəvvarənin yerində bir heykəldən-zaddan qoyun! - Otaq boşalandan və otaqda yalqız qalandan sonra öz-özünə mırıldandı:

"Niyə Allah mənnən belə elədi? Niyə bu millət bizi qarğıdı? Qırılmalıdı bu millət. Susuzluqdan qırılmalıdı!.."

(Romandan parça müəllifin icazəsi ilə çap edilib).

Həmçinin oxu
Yad dildə ədəbi hadisə
Şəhərə Tanrı gəlib bilən yox
Yad dildə gəzişmələr
XS
SM
MD
LG