Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:53

“Allah qayıdır?!”


“Bu, siyasi romandır. Qəhrəmanlarım mənəvi dəyərlərin məhv olduğu cəmiyyətdə öz mübarizəsindən belə ümidsizləşmiş redaksiya heyətidir. Onlar cəmiyyətdəki naqisliklərə qarşı mübarizə aparırlar”.

Yazar Zümrüd Yağmur bu sözləri təxminən 2 həftə sonra "Qanun" nəşriyyatında çapdan çıxacaq romanı “Allah qayıdır?!” haqqında deyir.

- Obrazları o qədər də rəmzləşdirməmişəm. Rəmzləşdirdiyim bircə şər qüvvə obrazıdır ki, onun ayağı hara dəysə, orada neft qoxusu yayılır və insanlar boğulur.

Bu şər qüvvə Misirdən memarlar gətizdirib ölkənin dörd bir tərəfində tapındığı Müqəddəs Ataya piramidalar tikdirir ki, bizim də fironumuz var.

Zümrüd Yağmur deyir ki, “məmləkətin sakinləri” bu zülmdən əziyyət çəkirlər.

Onun sözlərinə görə, əsərdə bir Ana obrazı var. Qısa zaman öncə basdırılan uşağını qəbirdən çıxarıb ona verirlər ki, burada piramida tikirik, harada istəyirsən apar basdır.

O qadın övladının meyidini götürüb Allah axtarmaq üçün şəhərə gəlir. Ölkənin hər tərəfində Müqəddəs Ataya o qədər çox heykəl qoyulub ki, qadına elə gəlir ki, Allah elə o heykəldəkidir.

Z.Yağmur deyir ki, ana daşlaşan Allaha dərdini danışır, ondan yardım istəyir. Amma anlayır ki, daş onun dərdinə əlac etməyəcək.


- Romandaki din xadimləri də Müqəddəs Ataya tapınır?


- Baş Din Məmuru romanın əsas qəhrəmanlarından biridir. O, Allahı varidata qurban verib qorxduğu kralın ayağının altında qurban kəsən “mənəviyyat” adamıdır. O, olayların baş verdiyi məkanda - Qəbiristanlıqda insanların qarşılaşdığı əziyyətlərə göz yumur, açıq-aşkar haqqın yox, nahaqqın tərəfini saxlayır. Əsərdə məmur ordusunu təmsil edənlərin ümumiləşdirilmiş obrazı NAZİRlə əlbir olub “qəbiristanlıq əhli”nə zülm edir.

- “Allah qayıdır?!”-ın şəxsi həyatınızla hər hansı bağlılığı varmı?

- Biz ailəcə ölkədəki siyasi proseslərin birbaşa içərisindəyik. Romanda baş verənlər də, onun qəhrəmanları da ətrafımda gördüklərim, tanıdıqlarımdır. Uzun illərdir cəmiyyətdə baş verən təlatümlər, cəmiyyətin bu qarmaqarışıqlıqdan qurtulmaq cəhdləri romanın əsas süjetidir.

- Roman nəşriyyat üçün bazara çıxardığı məhsuldur. Nəşriyyat bu məhsulun bazarda dayanıqlığında, tələb olunan olmasında maraqlıdır. Naşirlə kitabın mövzusunu müzakirə edirsizmi?

- İlk kitabım 1997-ci ildə çap olunub. Düzdü, “Allah qayıdır?!” mənim ilk romanımdı, ancaq 1997-ci ildən bu yana bir neçə kitabım işıq üzü görüb.

Heç vaxt da mövzu seçimi ilə bağlı nəşriyyatla müzakirə aparmamışam.

Mövzu mənim şəxsi seçimimdir.

- Sizcə nəyə görə seçdiyiniz mövzu aktualdır?


- Əsərdə baş verənlər məncə, oxucuya tanış situasiyalar, mənzərələrdir.

Deqradasiyalar, mənəvi boşluğa yuvarlanmalar, biganəlik, bəzən ümidsizlik, kiçik bir zümrənin ədalətsizliklərə dirəniş göstərmək cəhdləri - bütün bunlar ətrafımızda baş verən olaylardır.

Romanda bütün bunları öz düşüncə tərzimlə açmağa çalışmışam.

Zümrüd Yağmur onu da deyir ki, artıq ikinci - “Qadın olmaq” romanını da tamamlayıb.

İndi əsər redaktə mərhələsindədir.

Yazar deyir ki, qəhrəmanı qadınlar olsa da əsər feminist ruhda yazılmayıb. Bu haqda gələn yazıda.
XS
SM
MD
LG