Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:16

Şəhərdən "Şəhər"ə


Tənqidçi Kənan Hacı bu məqaləsi ilə gənc yazar Sevinc Pərvanənin "Şəhər" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Sevinc Pərvanə Azərbaycan şeirinə yenilik və kristallıq gətirdi, tabuları qırdı və şeirə özgür düşüncəni yansıdı.

Bu gənc şairə və onun mənsub olduğu nəsil havada qalmış şeiri nəhayət ki, yerə endirdi və ona öz ayaqları üstə yeriməyi öyrətdi.

Bu nəsil lirik, sentimental, bizi əsl həyatdan uzaqlaşdıran şair obrazına qənim kəsildi.

Qondarma, yalançı kədərlə, saxta sevgiylə yüklənmiş pafoslu şeirin, simvolik düşüncənin nəfəsini kəsən bu nəsil qısa müddətli fasilədən sonra qollarını çirməyib yüngül çəki dərəcəsində ağır yükün altına çiyin verdi.

Sevinc Pərvanənin romanında bədii yükdən daha çox informativ yük var. Bu kitab maarifçilik baxımından olduqca dəyərlidir, amma roman janrının tələblərinə heç cür cavab verə bilmir
Hekayə, povest, roman marşrutuyla yürüməyə hövsələsi çatmayan bəzi yazarlar şeirdən birbaşa romana keçid elədi və bu da uğursuzluqla nəticələndi.

Sevinc Pərvanənin “Şəhər” romanı büsbütün məişət təsvirlərinin taftalogiyasından ibarətdir. Sözsüz, əsərdə devrimçilik, feminist düşüncə dominantlıq təşkil edir.

Hətta “Şəhər” romanını Cəfər Cabbarlının “Sevil” pyesinin ideoloji xələfi də saymaq olar.

Müəllif daşlaşmış ehkamların, stereotip düşüncənin Azərbaycan qadınını necə əzdiyini, məhv etdiyini göstərmək istəyir, amma göstərə bilmir.

Məhz göstərə bilmir. Çünki qələm prozaya hazır deyil.

Məncə, bir işə başlayarkən adam özünün o işə hazır olub-olmadığını dəqiqləşdirməlidir.

Əsərin yeniliyi haqda mülahizə yürütmək ən asan işdir.

Amma bu yeniliyin hansı keyfiyyətdə təqdim olunması əsas şərtdir.

Sevinc Pərvanənin romanında bədii yükdən daha çox informativ yük var.

Bu kitab maarifçilik baxımından olduqca dəyərlidir, amma roman janrının tələblərinə heç cür cavab verə bilmir.

Əks arqumentlə çıxış edənlər əsərə postmodern yarlıq yapışdırıb onu xilas edə bilərlər. Hətta çoxları belə düşünür ki, roman elə bu cür olmalıdır.

Amma roman nə cür olmasından asılı olmayaraq bədii məziyyətlərdən, mükəmməl dildən xali ola bilməz.

Çünki dil romanın onurğa sütunudur. Sevincin dili pintidir, sanki cümlələri birnəfəsə, geriyə baxmadan yazıb, əsərdə redaktə işi qətiyyən nəzərə çarpmır.

Əsərdə əyalət qadınlarının acınacaqlı durumu qabardılır, mentalitet basqısı altında yaşamağa məhkum edilmiş bu hüquqsuz insanlar ilk baxışda əhəmiyyətsiz detalların qurbanı olurlar.

Zehniyyətin hələ də dinin inhisarında olması, qadağalar gənc qızların ayaqlarında qandal kimi cingildəyir.

Qurban Səidin qalmaqallı “Əli və Nino” romanında Seyid Mustafanın Əli xana məsləhət verməsi yada düşür:

“Qadın bir tarladır, kişi də əkinçi. Məgər tarla kəndlini sevməlidir? Qadının nə ağlı var, nə də ruhu. Bunlar axı nəyə lazımdır?

Səxavətli olub çoxlu uşaq doğması yetər.”
Bu fatalist düşüncənin qalıqları XXI əsrdə də Azərbaycan kişisinin zehnində ilişib qalıb.

Azərbaycan qadınının sosial-psixoloji imajını təyin etmək istərkən kişi diktaturası öz amiranəliyi ilə başımızın üstünü kəsdirib durur.

Nəinki əyalətdə, Bakının özündə nə qədər Almaz kimi talesiz qızlar var və onlar kişi diktaturasının qurbanı olaraq gecə barlarına sığınıblar.

Almazın bəxti onda gətirdi ki, şəhərdə Rafiqə rast gəldi, hansısa avaraya, narkomana rast gəlsəydi, onda halı necə olardı?

Rafiqin valideynləri də qaragüruhçu idilər, neçə dəfə rayondan şəhərə gəlib qızı saçlamışdılar ki, o, oğlandan əl çəksin.

Əyalətlərdə mühafizəkarlığın donuqluğu hələ də qatıdır.

Oxucu kütləsinə qadın azadlığı ideyasını təlqin etməyə çalışan müəllif eşcinsəlliklə bağlı fikirlərini daha yığcam və sadə dildə anlada bilərdi, uzun-uzadı yorucu izahlara ehtiyac yox idi.

Bu, oxucunu hadisələrin mərkəzindən uzaq salır.

Bundan başqa, “Şəhər”də də digər gənc yazarların əsərlərində olduğu kimi, vulqar ifadələrdən istifadə olunur və bəzi hallarda vulqarlıq lap həddini aşır.

Məncə, buna ehtiyac yox idi, müəllif demək istədiyini etik və daha effektiv formada ifadə edə bilərdi.

Sevinc Pərvanə
Allaha şükür, dilimizin ifadə imkanları kifayət qədər genişdir.

Görünür, müəllif məlum şeirindəki çəngəl detalının populyarlıq qazanmasından dolayı həmin priyomdan (bu dəfə nəsrdə) istifadə edir.

Nə yaxşı ki, “Şəhər” “sonu yaxşılıqla bitən” əsərlərdəndir.

Bu kitab oxucunu, xüsusən, qadın oxucunu məyus etmir, əksinə, onu maarifləndirir, onda özünəinam hissini artırır, nə vaxtsa qadınların kişi despotizmindən xilas olacağına ümidlərini artırır.

Heç şübhəsiz ki, Sevinc xanım kitabın nəşrindən sonra əsərdəki qüsurları özü də görüb.

Kaleydoskop süjetli hekayələri ilə proza alanına daxil olan bu xanımın iri həcmli nəsrə iddiası da təbiidir, çünki yaşadığı həyat içindəki istedadla birləşib ortaya nəsə qoya bilər.

Sadəcə, iri həcmli nəsr əsərlərinin özünəxas düsturları, yaradılış biçimləri mövcuddur. “Şəhər” romanında müəllif ideyası, problemin qoyuluşu çox gözəldir, ancaq yazar çoxçeşidli roman texnikasının labirintində azır, bir çox gənc yazarlarımızın əsərlərinə xas olan publisistik dil sahəsinə yuvarlanır, strukturu zədələyir.

Bütün bunlara rəğmən, Sevinc Pərvanə hər zaman diqqət mərkəzində olmağı bacaran yazardır və buna görə də ondan gözləntilərimiz də çoxdur.

Mən inanıram ki, o növbəti əsərinə qədər bütün bu qüsurları aradan qaldıracaq, əsl yazıçı formasında “əzələ” nümayiş etdirəcək. Onun içindəki enerji buna qadirdir.

Həmçinin oxu
Cavanşir Yusifli. Professionallıqdan o yana
Sevinc Pərvanə "Şəhər" (Romandan parça)
XS
SM
MD
LG