Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:14

«Azərbaycan «Nabucco»dan asılı deyil»


İlham Şaban
İlham Şaban
Avropa Komissiyasının prezidenti José Manuel Barroso yanvarın 13-də Bakıya gəlir.
Azərbaycanla Avropa Birliyi arasında energetika sahəsində əməkdaşlıq, o cümlədən «Cənub dəhlizi» və «Nabucco» layihələri müzakirə olunacaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban səfərlə bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb:

- İlham bəy, Barrosonun səfərini sıradan bir səfər kimi qiymətləndirirsiz yoxsa...

- Mənə elə gəlir Avropa Birliyinin 21-ci əsrin ilk onilliyində ən çox önəm verdiyi bir layihə vardı. Söhbət Avropanın enerji təchizatının çoxşaxəliliyini təmin etməkdən gedir. Bu, ikinci onillikdə də öz aktuallığını saxlamaqdadır. Bu arzular hələ gerçəkləşməyib. Və cənab Barrosonun Türkmənistan və Azərbaycana səfərində məqsəd Avropa İttifaqlı ölkələrinə göstərməkdir ki, həmin məsələlər diqqət mərkəzindədir.

- Sizcə Barrosonun səfərini ilk olaraq Azərbaycana etməsi nəyə işarədir? Çünki əvvəl yayılan məlumatda Avropa Komissiyası sədrinin birinci olaraq Türkmənistana səfər edəcəyi deyilirdi. Türkmənistan Azərbaycandan hansısa mesaj gözləyirmi? Səfərin Bakıdan başlaması təsadüfidirmi?


- Səfərin Aşxabad və ya Bakıdan başlamasının elə bir əhəmiyyəti yoxdur. Çünki faktiki olaraq söhbət Avropa Birliyinin enerji təhlükəsizliyindən gedir. Daha dəqiq desək Türkmənistan və Azərbaycan qazına müştərək layihə kimi baxırlar. Çünki Azərbaycan özü çoxdan bəyan edib ki, çoxşaxəli ixracın tərəfdarıdır və bütün yumurtaları eyni səbətə yığmaq fikrində deyil. Azərbaycan ixrac qazını yalnız «Nabucco»ya yönəltmək fikrindən uzaqdır. Belə olan halda onun bir qismini Türkmənistan qazı hesabına reallaşdırmaq planı ortaya gəlir, hansı ki, çoxdan mövcuddur. Bu arada Barroso səviyyəsində Türkmənistanın fikrini öyrənmək pis olmazdı.

- Ötən il «Nabucco» ilə bağlı kifayət qədər siyasi bəyanatlar olub, bəs real olaraq nə işlər görülüb?

- Hansısa mərhələli şəkildə bu layihənin gerçəkləşməsi yönündə faktiki olaraq iş görülməyib. Baxmayaraq ki, 2006-cı ildə «Nabucco Pipeline Company» yaradılıb və onun əsas işi «Nabucco» layihəsini gerçəkləşdirməkdir. 2010-cu il şəxsən mənim üçün böyük PR kampaniyaları ilə yadda qaldı. İstəyirlər ki, mətbuatda, konfranslarda bu kimi çıxışlarla gündəmdə qalsınlar. Azərbaycan iki böyük regional infrastruktur layihəsi həyata keçirib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum. Mən onların reallaşmasını gözümün önünə gətirirəm. «Nabucco»nun yerlə-göy arasında fərqi var. Bu baxımdan deyə bilərəm ki, layihə hələ yerində sayır.

- Barrosonun səfəri zamanı bir sıra sənədlərin imzalanacağı gözlənilir. Sizcə söhbət hansı sənədlərdən gedə bilər?

- Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığa dair çərçivə proqramı və yaxud memorandum, yəni hüquqi bazası, öhdəliyi olmayan sənədlərin imzalanmasını gözləyirəm. Başqa bir tərəfdən kommersiya sazişi və s. hələ elə bir vəziyyət yetişməyib ki, ona gedilsin.

- Enerji layihələri ilə bağlı hansısa irəliləyiş gözləmək olarmı?

- Çətin sualdır. Sırf iqtisadi baxımdan yanaşsaq Türkmənistan qazının Azərbaycan üzərindən böyük həcmdə təkcə Avropaya yox, istənilən bazara çıxarılmasının heç bir əhəmiyyəti yoxdur. Bu gün Türkmənistan 20 mlrd kubmetr qazı dünya bazarına çıxarsaydı Azərbaycanın qazancı cəmi 200 milyon olardı. Azərbaycan elə bil yeni rəqibə şərait yaratmış olur. Ona görə 2006-cı ildən Avropa şirkətlərinin indiyə kimi «Şahdəniz»in Mərhələ-2 layihəsi çərçivəsində qaz alqı-satıqına dair danışıqları ləngitməsi, ümumiyyətlə yuxarında-aşağı baxması, dünya bazarı qiymətindən qat-qat aşağı qiymətlərlə qaz almaq təklifləri «Qazprom»un təklifindən qat-qat pis idi.

- Demək Azərbaycan perspektivindən də yanaşılarsa, bu layihənin tez bir zamanda reallaşmasını gözləmək lazım deyil.

- Azərbaycanın qaz istehsalçısı kimi yeni-yeni infrastrukturlarının əhəmiyyəti var, ancaq Azərbaycan «Nabucco»dan asılı deyil.
XS
SM
MD
LG