Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:47

Koroğlu dastanı ("Dəmirçioğlunun Çənlibelə gəlməyi" qolu) - 6


əvvəli

Koroğlu bir gün Qıratı nallatmağa aparmışdı. Gəzib-gəzib axırda bazarın lap qurtaracağında kamil bir nalbənd tapdı.

Atdan düşdü, nalbəndə salam verib Qıratı on un qabağına çəkdi.

Nalbənd tez ayağa durub nalları Koroğlunun qabağına tökdü ki, hansını bəyənirsən
özün seç.

Koroğlu nalbəndi yaxşı kişi görüb onunla zarafat eləmək istədi.

Nalları bir-bir götürüb əlində bircə dəfə sıxmaqla əzişdirib nalbəndə qaytarırdı ki:

– Canım, bunlar ki, dəmir parçasıdı, nal gəti.

Nalbənd heç bir söz deməyib təzədən Qıratın ayağını ölçüb dörd
dənə yaxşı ifçin nal kəsib Qıratı nallamağa başladı. Nalbəndin Qırata
gücü çatmırdı. Koroğlu özü qollarını yuxarı çırmadı. Qıratın sağ əlini
yerdən götürdü. Belə-belə atın əllərini nalladılar. Nalbənd dal ayaqlarına
gələndə Qırat yenidən bədnallıq elədi. Koroğlu nə qədər elədi
Qıratın ayağını saxlaya bilmədi ki, bilmədi.
Bunlar burada əlləşməkdə olsunlar, sənə kimdən xəbər verim,
nalbəndin oğlundan. Nalbəndin bir yeniyetmə növrəstə cavan oğlu var
idi. Adına xırdalığında uşaqlar Dəmirçioğlu demişdilər deyin elə
böyümüşdü də hamı Dəmirçi deyib çağırırdı.
Dəmirçioğlu iyirmi-iyirmi iki yaşlarında idi, amma sən gəl ki,
zalım oğlu illə, ayla yox, günlə, saatla böyümüşdü. Elə iyid, ağıllı,
kamallı oğlan idi ki, gəl görəsən. İgidlikdə, gücdə Rüstəm Zala bac
verməzdi. Bir baxan istəyirdi, bir də baxsın.
Koroğlu Qıratı nalbəndin qabağına çəkəndə Dəmirçioğlu dükanın
içində idi. O, Koroğlunu tanımadı. Amma müştərini güclü, qüvvətli
görüb axırını gözləyirdi ki, görsün o nə eləyəcək. Koroğlu nalları əzib
yerə atanda istədi ki, çıxıb onun həddini göstərsin, sonra lənət şeytana
deyib gözlədi ki, görək axırı nə eliyəcək.
Elə ki, Dəmirçioğlu gördü ki, Koroğlu atın qıçını saxlaya bilmir,
yavaşca damdan çıxdı, kirimiş gəlib Qıratın dal ayaqlarının ikisini də
yerdən götürdü. At ha çapaladı, dal ayaqlarını Dəmirçioğlunun əlindən
qurtara bilmədi. Axırda yorulub durdu. Dəmirçioğlu bir altdan yuxarı
Koroğluya baxıb dedi:
– İki-iki adam bir atın əlində aciz qalıblar. Ata, gəl nalla.
Koroğlu bir oğlana baxdı, bir Qırata baxdı. Heç bir söz demədi.
Amma lap mat-məhəttəl qalmışdı. Qərəz, nalbənd Qıratın dal ayaqlarını
da nallayıb qurtardı. Koroğlu əlini cibinə salıb pul çıxartdı. Dəmirçioğlu
pulları alıb mum kimi əzib Koroğlunun özünə qaytardı ki:
– Verirsən əməlli pul ver, bu qırıq əzik-üzükləri niyə mənə verirsən.
Koroğlu alıb pula baxdı, gördü doğrudan da elədi. Cibindən bir qədər
də pul çıxardı ona verdi. Dəmirçioğlu bu dəfə pulları iki baş barmağı
arasında sürtüb sikkələrini pozdu. Koroğlunun üstünə tullayıb dedi:
– Mənə qəlp pul lazım deyil. Al saxla özünə.
Koroğlu məsələni anladı. Bildi ki, hərif meydan oxuyur. Heç bir
söz deməyib bu dəfə pulu nalbəndin özünə verdi.
Koroğlu Qıratı minib getdi. Amma fikir onu götürmüşdü. Bilmirdi
necə eləsin ki, Dəmirçioğlunu Çənlibelə gətirib dəlilərin içinə qatsın.
Elə bu fikir-xiyal ilə gəlib Çənlibelə çatdı. Dəlilər onun qabağına
çıxdılar. Amma baxdılar ki, Koroğlunun kefi üstündə deyil. Elə bil ki,
dünyanın bütün dərdi-qəmi ona qalıb. Nə qədər soruşdular, Koroğlu
heç bir söz demədi. Bu burada qalsın, sənə deyim Dəmirçioğlundan.
Koroğlu atını sürüb gedəndən sonra nalbənd oğluna dedi:
– Ay oğul, sən neylədin? Dinc oturduğumuz yerdə başımıza iş açdın.
Dəmirçioğlu:
– Ay ata, mən neylədim? Başına iş açdım. O sənin nallarını qırdı,
mən də onun pullarını. Rahat oturaydı da. Bu adam uşaq-zad deyil ki,
gəlib özünü göstərir.
Nalbənd dedi:
– Ay bala, heç bilirsən o kimdi? O paşalara, bəylərə qan udduran
Çənlibelli qoç Koroğludu!
Dəmirçioğlu dedi:
– Ay ata, bunu niyə mənə əzəldən demədin ki, onu qatlayıb dizimin
altına alaydım. Ax, onun Koroğluluğunu necə ona bildirərdim.
Nalbənd oğlunu ha danladı ki, bala belə fikirlərdən daşın. O, qoç
Koroğludu. Sən onunla bacara bilməzsən. Başa gəlmədi. Axırda atasından
oğurlanıb bir kotan zəncirini də götürüb bel bağı əvəzinə belinə
bağlayıb Çənlibelə yola düşdü. Özünə söz vermişdi ki, gərək lap onun
Qıratını götürüb gələm. Qoy bundan sonra beş özündən deyəndə bir də
məndən desin. Koroğlu, Koroğlu, mən də deyirəm ki, görəsən necə
şeydi. Ona elə bir düdəmeyi-hindi gəlim ki, əlləzinəni əzbərdən
oxusun. Qərəz, bu fikir-xiyal ilə Dəmirçioğlu gecələrin birisində gəlib
Çənlibelə çatdı. Bu tərəfdən də Koroğlu yemir, içmir, dinmir, danışmırdı.
Elə Çənlibelin yenəcəyində yolun ağzında oturub gözlərini zil-
ləyirdi yola. Onun ürəyinə dammışdı ki, Dəmirçioğlu gələcək. Deyirdi
əyər o doğrudan da iyid olsa gərək gələ.
Elə ki, Dəmirçioğlu gəlib çatdı, Qırat olan töyləni axtarırdı ki,
birdən Koroğluya rast gəldi.
Gecə çox qaranlıq idi deyin Dəmirçioğlu onu tanımadı. Qabaqca
heç Koroğlu da onu tanıya bilmədi. Tez durub qabağını kəsdi ki:
– Kimsən, gecə vaxtı burada nə gəzirsən?
Dəmirçioğlu dedi:
– Bəs sən kimsən?
Koroğlu səsindən onu tanıdı, ancaq özünü tanıtmamaq üçün səsini
qısıb dedi:
– Mən oğruyam.
Dəmirçioğlu dedi:
– Elə mən də oğruyam. Gəlmişəm Koroğlunun Qıratını aparam.
Bir neçə gün bundan əvvəl Koroğlu atını nallatmağa gəlmişdi. Yaxşı
əlimə keçmişdi hayıf ki, tanımamışam. Əlimdən can qurtarıb gedib.
Sonra bilmişəm ki, Koroğlu imiş. Ancaq bu dəfə əlimdən salamat
qurtara bilməyəcək.
Koroğlu Dəmirçioğlunun gücünü, iyidliyini sınamaq üçün onu töylənin
qapısına apardı. Dəmirçioğlu töylənin qapısını qıfıllı görüb damın
üstünə çıxdı. Dəmirçioğlu bir su içim saatda, Koroğlu da onun dalınca
töylənin belini dəlib yekə bir yer açdılar. Sonra Dəmirçioğlu belindəki
zənciri Koroğluya verib dedi:
– Gəl içəri gir, bu zənciri Qıratın döşünün altından salıb bağla, bir
ucunu da mənə ver.
Koroğlu töyləyə düşdü. Zənciri Qıratın döşünün altından keçirib
bağladı. Koroğlu gördü Qırat elə ayağı buxovlu-buxovlu qalxır göyə.
Koroğlu qışqırdı ki:
– Əyə, dayan, a zalım oğlu, hələ bağlayıb qurtarmamışam.
Koroğlu qəsdən zəncirin ucunu Dürata da bağladı. Dəmirçioğlu
güc vercək Dürat Qıratla qarışıq qalxdı. Koroğlu gördü yox, bu kərgadan
kimi bir şeydi. Zənciri daşa bağlasa, lap Çənlibeli göyə çəkər.
Qışqırdı ki:
– Ayə dayan!
Qərəz, Koroğlu zənciri bağladı Qırata, özü də yapışdı atın ayağından.
Bir vaxt gözünü açıb gördü damdadı. Atın ayağından buxovu qırıb
atdı, sonra Koroğluya dedi:
– İndi gəl min tərkimə gedək.
Bəli, onlar Qırata minib düşdülər yola. Koroğlu yol uzunu öz-özünə
fikir eləyirdi ki, əyər mən birdən qucaqlayıb bunu tutsam, qollarını
bağlamağa gücüm çatmayacaq. Qılıncla da ki, vursam öləcək. Qalmışdı
məhəttəl ki, necə eləsin. Çox götür-qoydan sonra axırda bu qərara
gəldi ki, Dəmirçioğluna bir əmud vursun, yıxılanda tutub qollarını
bağlasın. Bu xiyal ilə onun təpəsindən bir əmud yendirdi. Dəmirçioğlu
geri dönüb dedi:
– Bura bax, bir də belə erkək zarafat eləmə.
Koroğlu heç bir söz demədi. Bir qədər də getmişdilər. Bir də
Koroğlu dedi:
– Aşna, bura bax, şər deməsən, xeyir gəlməz, indi işdi birdən
Koroğlu Qıratın aparıldığını bilib dalımızca gəldi, onda nə eliyərik?
Dəmirçioğlu dedi:
– Nə olar gələndə? Dünənnən gəlsin, bu gün də iki gün olsun.
Koroğlu dedi:
– Bəs sən ondan heç qorxmayırsan?
Dəmirçioğlu dedi:
– Mən onun nə qılıncından, nə qalxanından, nə əmudundan qorxmuram.
Amma deyirlər dava eliyəndə onun bir nərə çəkməyi var. Onu
da eşitmişəm, amma deyirlər çox dəli nərədi. Qorxsam, qorxsam bəlkə
bircə o nərəsindən qorxam.
Bir az gedəndən sonra Koroğlu ağızını onun qulağına yapışdırıb bir
bərk nərə çəkdi. Dəmirçioğlu o saat özündən gedib düz Qıratın ayağı
altına düşdü. Koroğlu fürsəti əldən verməyib tez atdan düşdü, onun
qollarını öz zənciri ilə daldan möhkəm-möhkəm bağladı. Dəmirçioğlu
özünə gələndə qollarını bağlı görüb dedi:
– Əyə, olmaya elə sən Koroğlusan?
Koroğlu dedi:
– Bəli özüyəm ki, var.
Dəmirçioğlu dedi:
– Doğrudan da Koroğlusan. Əhsən sənin nərənə. O ad sənə halaldı.
Qollarımı aç gedək. Bu gündən sonra səninlə dost oldum.
Koroğlu dedi:
– Yox, aşna, keçəl suya getməz. Üz vurma, qollarını aça bilməyəcəyəm.
Dur, elə belə gedək.
Dəmirçioğlu bir də dedi:
– Əyə, kişisən, aç qollarımı, deyirəm səninlə dostam.
Koroğlu qulaq asmadı.
Dəmirçioğlu işi belə görəndə dedi:
– Əyə, mən kişiyəm. Söz verdim elədi. Sən deyirsən ki, bəs sən
açmayanda mən özüm aça bilməyəcəyəm. Aha...
Dəmirçioğlu bircə dəfə güc verən kimi zəncir parça-parça oldu.
Bir ucu dəydi Koroğlunun başına. Bayax ha yıxılıb özündən getdi.
Dəmirçioğlu su-zad səpib onu özünə gətirdi. Sonra dedi:
– Koroğlu, mənə etibar eləyib qollarımı açmadın. Amma mənim
sözüm sözdü. Səndən ayrılmaram. Haraya gedirsən gedək.
Koroğlu ilə Dəmirçioğlu təzədən Qırata tərkləşib Çənlibelə gəldilər.
Dəlilər, xanımlar yığıldılar. İndi bildilər ki, Koroğlu bu günlərdə
niyə burnu aşağı imiş. Məclis quruldu. Nigar xanım Dəmirçioğlunu
beli, başı açıq görüb soruşdu:
– Yaxşı, bəs belin niyə belə açıqdı?
Dəmirçioğlu dedi:
– Bircə toqqam var idi. Koroğlu qollarımı bağlamışdı. Hirslənib
dartdım qırıldı.
Koroğlu zəncir əhvalatını danışdı. Hamı onun gücünə və qüvvəsinə
əhsən dedi. Nigar xanım ona sataşmaq məqsədi ilə bir dəvə gönü
göstərib dedi:
– Götür, bir zolaq kəs, bağla belinə.
Dəlilərdən birisi zarafat üçün bir enli zolaq dəvə gönü kəsib ona
verdi. Dəmirçioğlu bağladı belinə. Yerə oturanda gön düz ortadan qırıldı.
Koroğlunun kefi elə idi ki, az qalırdı aya dırmaşsın. Belə bir iyidin
Çənlibelə gəlib dəlilərə qoşulması onu çox sevindirirdi.
Dəmirçioğlu da sözünün üstündə durdu. Dəlilərlə dostlaşıb Koroğlunun
arxası oldu.

davamı
XS
SM
MD
LG