Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:49

Ağa Laçınlı. Şeirlər (1962-1973)

















ÜMİD

Durmuşam buludlar qaynaşan yerdə,
Döyür alaçalpo üzümə mənim.
Qışda baldırıma qar çıxan yerdə
Yazda gül çıxacaq dizimə mənim...

1962


BALTA

Atıblar bir küncə, pas tutubdur o,
Elə bil nəyəsə yas tutubdur o.
Nə götürəni var, nə işlədəni,
Sapından ayrıdı başı, bədəni.

Yoxsa o düşünür keçən illəri?
Düşünür etdiyi pis əməlləri?
O neçə pöhrəni kökündən vurub,
O neçə ağacın qəsdinə durub...

Amma bir sözünü mən gerçək bildim:
“Kəsdirən olmasa, kəsən deyildim.
Axı nə suçum var, nə də qurğum var,
Mənimlə qırmaq da, qurmaq da olar...”

1962


SAKİTLİK

Sakitlik qoynunda açılıb səhər,
Sükut cilalayır duyğunu, hissi.
Sakitcə süzülüb ilıq şəfəqlər
Öpüşlə oyadır qönçə nərgizi.

Çəmənə deyirəm sabahın xeyir.
Şehli kirpiyini qırpır çiçəklər.
Nə başım üstündə bulud kişnəyir,
Nə döyür üzümə tozlu küləklər...

Çəməndə bir sənsən, bir də ki, mənəm.
Niyə yel əsməyir, gül titrəməyir?!
Könlünü almağa yoxdur bəhanəm,
Barı saçındasa tel titrəməyir.

O yanda şən quşlar ötüşür dil-dil,
Gəlir qıjovların qıjıltıları.
Sən elə bilmə ki, sakitlik deyil
Yatmış arıların vızıltıları...

Sakitlik içirik qürub çağında
Şır-şır bulaqların şırıltısından.
Sakitlik yayılır şimşək çaxanda
Göylərin səyyari gurultusundan...

Bu da təbiətin təbabətidir,
Sükut cilalayır yorğun hissləri.
Bu da təbiətin bir hikmətidir,
Sakitlik gətirir onun səsləri.



ÇƏTİNDİR

Çətindir səninlə dostluq eləmək, –
Sən balın içində ağu verirsən.
Bilirəm, qəlbindən keçən budur ki,
Hər yerdə, həmişə qulun olum mən.

Bilirəm, nə üçün şən qağayılar
Nəğməyə tuturlar körpə balığı.
Bilirəm, nə üçün gecə ayılar
Yeriyir arxaca çobansayağı.

Dedim yaz edərsən qışımı mənim,
Gəldin... güllərimə yaman yağdı qar.
Pambıqla kəsirsən başımı mənim,
Başına gələnlər başmaqçı olar...

Gölsən... timsahların yatır dərdində,
Çölsən... bataqlığın ot altındadır.
Acığın gizlənib gülüşlərində,
Qılıncın, xəncərin qızıl qındadır.

Palıdsan... kölgəndə soluxan şivəm,
Kimsəyə çatmayır amanım, ahım.
Bir yandan deyirsən axı nə şivən?
Bir yandan qoymursan qəlbiyə qalxım.

Bəzən dostlarım da dost bilir səni,
Bizi dalaşdırıb – barış deyirsən.
Dara itələyib sən özün məni,
Sonra düşmənimi hədələyirsən.

Guya bacarmıram yaxşını görəm,
Guya can verirsən oda ütəndə.
Qalmaq istəmirəm, mən istəmirəm
Yalançı bir dostun boş minnətində...

1968


UŞAQLIĞIMDAN QAÇIRAM

Qalın bir kitabdı uşaqlıq çağım,
Onu varaqladım, qəlbim kövrəldi.
Yamaqlı paltarım, yalın ayağım
Gözümlə yeriyib görüşə gəldi.

Qırxda mən doğuldum, qırxbirdə dava,
Başına gəlməyən axı nə bilsin.
Dağıldı qoynuna qonduğum yuva,
Az qaldı dünyam da qaçıb əkilsin.

Görüşlü inama ilişib qaldım,
Yaxşı yuxularda yetişdim kama.
Məktəbə getməmiş savad da aldım
Məktub yaza-yaza əsgər atama.

Ovundurmaq üçün bir ac balanı
Nağıl söyləyərdi nənəm hər axşam.
Qorxunc nağılların baş qəhrəmanı
Qoruqlu bostanda özüm olmuşam.

Uşaq oyun sevər ilk aylarından,
Düşdü uşaqlığım başqa oyuna.
Meşədə yaşayan ayıların da
Bir ortaq çıxmışdım armud payına.

Anam iş qovardı – bəyəm çatardım?
Yaşıdım dayələr durardı öndə.
Ağlayıb, yorulub, yalqız yatardım
Cəngəlli çalanın yaş beşiyində.

Qalın bir kitabdı uşaqlıq çağım,
Oxuyan deyir ki, sağ ol, qoçağım.
Köhnə bir tüfəngin lüləsi təki
İçimdən min dönə od-alov keçib.
Məni görən dostum göz bərəldir ki,
Ölüm bərəsindən diri ov keçib.

1967


* * *

İllər dağa dönüb düşdü araya,
Ortada çox umu, çox küsü olub.
Yaxşı ki, axşamlar baxırıq Aya,
Səmalar barışıq güzgüsü olub.

Görəndə gözünə çox baxmamışam,
Elə bilirsən ki, darıxmamışam?..
Axı neyləyim ki, yalqız bir quşam;
Yuxum da bir anın mürgüsü olub.

Yağıma yağısan... gül açsın bağın,
Bəs nədir özümlə bu çarpışmağın?
Vallah, val dəyişib sözdən qaçmağın
Sozalan canımın üzgüsü olub.

Səni tanıyandan girincəm, girinc,
Nə könlüm toxtaqdı, nə qulağım dinc.
Bu necə sevgidi, bu necə sevinc, -
Dərddən oxuyanın türküsü olub.

Sənin bir baxışın daşı mum eylər,
Gülsən, buxarlanar gülünc gileylər.
Halımdan halıdı tutqunca göylər,
Buludlar başımın tüstüsü olub.

Çəkdiyim ağrını çəkməsin heç kim,
Gör neçə üzü var bu keşməkeşin.
Yarıyan eşqimi qoruyan eşqin
Ömrümün qorxusu-hürküsü olub.

1967


TƏZƏLƏYƏNDƏ

Ağaclar oyanıb meşə boyunca,
Dolub budaqların boş dimdikləri.
Qalın qar altında açılan qonça
Nübara yetirib sərt gədikləri.

Soyuq götürməyib gülün iyini,
Dağın dağ çiynindən şələ sürüşüb.
Duyub meydanınca kiçildiyini,
Çovğun ağ atından könüllü düşüb.

Şəfəq ilmələnib isinən yeldə,
Duman əlcəklidi kolun əlləri.
Yırğınan dənizlər yaranan yerdə
Təbiət qurutmur xırda gölləri...

Yox, yenə çaşqınam... köməyimə çat,
Çılğınlar coşdumu, özünü bilmir.
Yenə çar-çarpaşıq, yenə çathaçat,
Dağılan düzəlir – ölən dirilmir.

Dəyişir dünyanın köhnə örtüyü,
Düşür qan işığı açılan yola.
Kür sellər aparır köklü kötüyü
Daşa çırpa-çırpa, küy sala-sala.

Seldən haray alır oyanan selab,
Yeni səs carlanır suyun dilindən:
Qış da inqilabdı, yaz da inqilab,
Biri öldürəndi, biri dirildən.

Dəyişir boyalar, dəyişir gündə,
Bəs niyə qurtulmur qurbanlı ellər?
Dünya dönə-dönə təzələnsə də,
Qalır öz dövründə bütün fəsillər...

1970


* * *
Fəxri üçün

Oğlum, mən müqəddəs bildim atamı,
Həmişə atana sən hörmət elə.
Bəlkə heç qalmadım ağlın kəsənə,
Dözüb ağrılara dəyanət elə.

Günəş ol – bəşəri isitmək üçün,
Şahin ol – zirvədə dövr etmək üçün.
Ellərin adını yüksəltmək üçün
Böyük işdən yapış, mənzil qət elə.

Düşmən toxmağıdır oğul, ay oğlum,
A mənim qanadım, a mənim qolum!
Səhvimi öyrənmə, qurbanın olum,
Yaxşı adətimə sən adət elə.

Mən özüm hamıya ağ gün dilədim,
Soruşma, bəs kimi xoşbəxt elədim?
Mən ancaq ümidlə baş girələdim,
Bacar, ümidləri həqiqət elə...

Oğlum, bir Vətən var, bir də ki, məslək,
Vətənin borcunu verəsən gərək...
İşığın parlamaz yanmasa ürək,
Məsləkin naminə cəsarət elə.

Ağayam, atanam, gəl tut yerimi,
Görsün nəsillərim diləklərimi...
Sən allah, mən sənə dediklərimi
Sən də övladına nəsihət elə.

1969


BALAM

“Ağalıq” eləyir mənə bir uşaq,
Onun hüzurunda müntəzirəm mən.
“Ağalıq” eləyir mənə bir uşaq,
O “şahlar şahına” ilk “vəzirəm” mən.

Oynayır balacam hey səhər-axşam,
Məni də cəlb edir oyuncağına.
Elə bil təzədən uşaqlaşmışam,
Dönmüşəm ömrümün ötən çağına.

Elə bil təzəcə öyrəşir dilim
Çətin kəlmələrin döngələrinə.
Naxışlar vururam mən dilim-dilim
Ərköyün balamın kökələrinə.

Nələr eşidirəm bilsəniz ondan!
Evdə “əmişdirib” “sürünü” bəzən,
“Quzunu” ayırır “anac qoyundan”,
Deyir çobanlıq et – eləyirəm mən.

Bir də görürsən ki, verildi əmr:
Oxu, bu oxuyan radio təki.
Dediyi olmasa o heç nə yemir, –
Yemir, boğazımdan keçməyir tikə.

Bəzən balam məni imtahan edir,
Onun çox sualı cavabsız qalır...
Soruşur: ulduzun sayı neçədir?
Yerin lap dibində kim şəhər salır?

Soruşur: biz iki doğma qardaşıq, –
Dünyanın bacısı, qardaşı varmı?
Səhər al şarına minsə bir uşaq,
Axşam Günəşgilə gedib çatarmı?..

Gəlincik gəlinə geydirib donu,
Gündə neçəsinə “toy” edirik biz.
O məni öyrədir, mən isə onu,
Bütün yarışlarda bərabərik biz.

1970


ÇAY QIRAĞINDA

Bənizi açıqdı ayazlı göyün,
Sular durulaşıb yay qurağında.
Paltar yumaq üçün –
arvadlar bu gün
Qazan asıbdılar çay qırağında.

Çay gedir köç kimi,
gedir səs-küylə;
Düşünmə dünyada nağıl qutarmış.
Köpük şar üzdükcə suyun üzüylə
onu dar qıjovlar atıb-tutarmış.

Mavilik bəzəmiş axar-baxarı,
Tüstü toqqa taxır dağın belinə.
Daşına-daşına üzüyuxarı
bu tüstü çayları, ocaq çıxarı
tökülür Günəşin qızıl gölünə.

Yuyulur paltarlar qaya dibində,
Kir suya axanda kölgələr batır.
Çəkib yüyənindən, dartıb ipindən
dərə çox bulağı bu çaya qatır.

Teştlər düzüm-düzüm,
tiyanlar cərgə,
Sözlər körpü salır otay-butaya.
Atmaca, andırma daşıyla birgə
axır qeybətlər də dumduru suya.


Qazanın altında – lalıxmış qorda
içli kömbəçələr dəmdə qalıbdı.
Dinir umacaqlar gül dodaqlarda,
utancaq xallarsa bəmdə qalıbdı.

Bənizi açıqdı ayazlı göyün,
Bulud da bulunmur. Hava həlimdi.
Kiminin yuduğu burda güzəm yun,
kiminin çırpdığı gəbə-kilimdi.

Göydə çadırlanır tüstü çubuğu,
Soyuq da gedibdi yaz yuxusuna.
Bala köynəyindən kürünən buğu
bənzədir analar gül qoxusuna.

Üzür şəkilləri dumduru suda,
Onsuz da gözəldi bizim qadınlar.
Hər əldə beş-altı qarpız tutsa da,
ərin qayğısını unutmur onlar.

Qazan qaynamada, paltar sərili.
Buludu saxlayır tüstü qandalı,
Dörd yana yeriyir dəhnənin yeli,
Qonur qayalığa duman qartalı.

Gün qana düşməsin, sərgi yağışa, –
Yarışır arvadlar çay qırağında.
Ocaq daşlarıtək verib baş-başa,
Danışır arvadlar çay qırağında.

1971


* * *

Əzizim, qoy yatım bir yaxşı-yaxşı,
Güzarım düşübdü kənd evimizə.
Yatım, dağ yazının barlı yağışı
Çiçək uzadanda pəncərəmizə.

Yatım, beşik olsun bu sərin eyvan,
Özümlə bir yatsın korşalmış kinim.
İnsafı çatırsa – nə cin, nə şeytan
Girməsin bu yerdə yuxuma mənim.

Evinə toy-bayram, ay ev yiyəsi,
Qovma qaqqıldaşan xoruz-beçəni.
Qoy mən yata-yata çay zümzüməsi,
Dəyirman harayı dolsun içəri.

Qoy ana qaranquş dəhlizə qonsun,
Qoy mahnı eşitsin yenə yaz yuxum.
Qoy bulud toqquşsun, ildırım qopsun,
Mənim o səslərdən dağılmaz yuxum.

Dözsün təpiyimə köhnə yorğanım,
Düz on gün, onbeş gün yuxu bişirim.
Cıdır atı kimi yorğun-arğınam,
Əzizim, qoy yatım bir şirin-şirin.

Ağrının bıçağı bağrımı yarır,
Vallah, yaramı da odnan döyürlər.
Bir yandan diləklər yola çağırır,
Bir yandan həkimlər dincəl deyirlər.

Əzizim, bu doğman haçan dincəlmiş,
Çox da inanmıram dava-dərmana.
Qayğı görə-görə kül dirilərmiş,
Qayğı görməmişəm dərdlərim yana.

Hayıf ki, ürəyim yorulub erkən,
Qalmaq istəyirəm qoca dağlarda.
Yatmaq istəyirəm yağış yağarkən
Keçəli-çətənli alaçıqlarda.

Yox, yata bilmirəm yalqız qalanda,
Harda şenlik varsa – orda da şadam.
Arxı gül qoxuyan arxayın anda
Quruca yerdə də uyuyur adam.

1969


ŞİMALDA AĞ GECƏ

Ağ gecə şimalın büllur tacıdı,
Üfüqlər rəng alır şəfəqlərindən.
Ağ gecə səhərlə əkiz bacıdı,
Seçilmir əkizlər biri-birindən.

Necə də bəyazdır yamaclar, yallar;
Elə bil axşamdan sökülübdür dan.
Gözünü qəfildən açan marallar
Bayılıb yarımçıq qalxmış yuxudan.

Sağ yanda meşəlik – ağappaq qovaq,
Sol yanda ağ dəniz – ağ gəmi üzdə.
Dedilər tələsmə, yaxşı bax, qonaq,
Ağ ayı rəqs edir bu ağ dənizdə.

Burda bəxti kəsib qərib ovçunun,
Gözüm ağ daşlıqda ağ ovu seçir.
Yanından ötürəm mən qoruqçunun,
Açıb bir kitabı su təki içir.

Kişinin saqqalı döşünə enib,
Qəlyan şölə yayıb yanaqlarına.
Sanki ağ saqqaldan gümüş ələnib
Kitabın şirmayı varaqlarına.

Burda küləklər də ağdır deyəsən,
Dərələr qayalı, qütblər geniş.
Heyran olmayasan, bəs neyləyəsən –
Üz-üzə dayanmış Ay ilə Günəş!

Burda gündüzə də gecə hayandı,
Qovuşub bu yerin, göyün məşəli.
O yol üstündəki ağcaqayındı –
Şimallı gözəlin şümal heykəli.

Ağ gecə nəhəng bir qağayı kimi
Ətrafa səribdir ağ qanadını.
Zirvələr mərmərin qaynağı kimi
Qüdrətlə yaşadır ağlıq adını.

Kim deyir ağ gecə adi gecədir,
Özü süd kimidir – adı gecədir.
Səhər də elə bil düşməyir yada,
İşıqda üzənin nə dərdi burda.
Saat hesabıyla gecə olsa da,
İşıq hesabıyla səhərdi burda.

1968


MƏNİM GECƏLƏRİM

Mənim gecələrim hər gecə oyaq,
Mənim gecələrim gözləri açıq.
Mənim gecələrim özündən dümağ,
Gündüzə qarışıq, Günə bulaşıq.
Bir tut ağacıyam – tərəcəm masa,
Silkinib tökürəm bütün xarımı.
Şeir yazmayanda –
mən heç olmasa
Üstünü örtürəm balalarımın.

1970


QUZUM

Həvəsin çoxalıb, səsin gurlaşıb,
Hürkəndə hoppanıb-düşəyən quzum.
Otuxmuş oğlaqla dağa dırmaşıb,
Bərənin bərkində töyşüyən quzum.

Yaxşı gəz, yavaş gəz lalıq çəməni,
Görüm gül gölündə üzüb çiməni.
Yuxuda əmərsən südlü məməni,
Yatıb şirin-şirin gövşəyən quzum.

Hələ buludları seyrəkdi göyün,
Hələ yaz ayıdı sənin gördüyün.
Hayıf ki, qonaqdı ərköyünlüyün,
Bu yumşaq yellərdən üşüyən quzum.

1969


XORUZ BANI

I

Xoruz banı –
dan yerinin
işıq dadlı mahnısı,
Odlu dilin el oyadan
səs qanadlı mahnısı.

Xoruz banı –
dan boyalı,
şeh qoxulu
səs balı.
Çağırışlı,
çağlayışlı,
havalı.

II

Yadımdadı:
dan yelləri
qaranlığı qovanda,
mən yuxudan kal oyanıb
gözlərimi ovanda –
anlamırdım
xoruzların
öncə hansı banlayır.
Düşünürdüm:
qonşumuzun
dar daxması banlayır.
Düşünürdüm:
dan yerindən
çözələnən şəfəqlər
“pipiyi qan” xoruzların
dimdiyindən süzülüb.

Düşünürdüm:
axşam-axşam
tara çıxan xoruzlar
səhər-səhər qanad çırpıb
xor deməyə düzülüb.

III

Bir xoruz var idi bizim məhlədə,
Bütün xoruzlardan tez banlayardı.
Xorrun çəkə-çəkə bərk yatanları
Banlaya-banlaya o danlayardı.

Damlar ün alardı quqqulu-qudan,
Üzə dirəşərdi bütün üzdülər.
Qaxınclı tənbəllər qalxıb yuxudan,
xoruz yiyəsinə nə deməzdilər.

Bir gün ələ keçdi salbadan qaçan,
Elə bil qorxmurdu xoruzlar mərdi.
Çəkilə-çəkilə başına bıçaq –
Gül üzlü gündüzdən soraq verirdi!..

IV

Hayıf, qardaş!
Xoruzların
xoş səsindən qaçan var.
Xoruzları qırmaq istər
xorul-xorul yatanlar.
Yeri düşə,
andırasan o ağılsız axmağa:
bir səs səni çağırırsa
oyanmağa, qalxmağa,
niyə onu kiritməyə
tələsirsən, ay zalım?
Bəlkə elə ona görə
bu yuxuya,
bu qorxuya,
ucalığa çəpər çəkən
ayıq-sayıq qoruqçuya
sən əsirsən, ay zalım?!

V

Qaydasıdı:
gündə üç yol
çalıb incə “zəngini”,
ları xoruz haray salar,
qanadını çırpalar.
Ları xoruz tələsdirər
adamların ləngini.
O yandasa
larıları
yamsılayar çolpalar.
Ancaq elə hər nə desə –
haqlı deyər xoruzlar!
Hər nə desə –
vaxtlı deyər xoruzlar!..

1969


* * *

Yenə də yanımda əyləşib anam,
Başlayıb qayğılı sorğu-suala.
– Nə yaxşı duymusan mən nigaranam,
Nə yaxşı gəlmisən, bala, ay bala.

Şükür, məktəbini başa vurmusan,
O təzə işin də çox mübarəkdi.
Ev-eşik qurmusan, həyat qurmusan,
Bilirəm... sizə də kömək gərəkdi...

Söylə, vəziyyətin necədir barı?
Səhərdən hər gələn yüz sual verib.
Atan sağlığında alan paltarı
Göstərib demişəm oğlum gətirib.

Ah! Ana övlada qıymaz ki, qıymaz,
Dinirəm, “can” olur sözü, cavabı.
Bəlkə də o məni danlasa bir az,
Çəkməzdim bu qədər vicdan əzabı.

...Bahar bayramından ay yarım keçib,
Qovurğa payımı saxlayır yenə.
Nə vaxtsa əlinə bir alma keçib
Onu da düyübdür düyünçəsinə.

Hələ umacaq da umuram ondan,
Könüldən keçəni gözdən oxuyur.
Qohumlar verdiyi quzu yunundan
Boyalı-butalı corab toxuyur...

Qorxuda bilməmiş qara qış onu,
Ağır cəfalara dözmüş həmişə.
Arzular, ümidlər aparmış onu
Gecələr xəyala, gündüzlər işə.

Gəlmişəm... ürəyi bir dağa dönür,
Əlimi buraxmır əlindən anam.
Özünü düşünmür, məni düşünür
Ömrünü yolumda əridən anam.


ANAM ZƏNG VURUB

Bir barlı dodaqda bir gülüş çağlar,
Ağlar telefonun neçə dirəyi.
Susar ehtiramla dərələr, dağlar
Sözə başlayanda ana ürəyi.

O elə həmişə yaxşıyam deyər,
Uzun yoxuşlarda gödəlib ömrü.
Yaşamaq istəməz... yaşayım deyər –
Oğlunun qeydinə qalmaqdan ötrü.

Gözü yola baxar, gözü yol çəkər,
Üç ildə onunla üç gün olmuşam.
Ta ağlım kəsəndən, özü demişkən,
Yüz dəfə könüllü “sürgün” olmuşam...

Od tutub qəlbimdə alışır istək,
Halıyam onun da qəm yeməsindən.
Boğazı əlimdə titrəyir dəstək
Anamın səsinin titrəməsindən.

Təskinlik verirəm sevinci arta,
Boş ümid olmuşam axı yazığa.
Az qalır ürəyim köksümü yırta,
Dözmürəm analı anasızlığa...

İtmişəm içində mən işin, gücün;
Haçandır görmürük bir-birimizi.
Görəsən neyləyər darıxdığı gün,
Hərdən calamasa ağ tellər bizi.

1971

ÇOVĞUN SINAĞI

Meşə görünməmiş tufana düşüb,
Söyüd sınıbsa da cökə qalıbdı.
Çoxunu tanıtmış çovğun sınağı,
Balaca yox olub, yekə qalıbdı.

Vurnuxur ovları kollu bərənin,
Xoruzu perikib ölən fərənin.
Su dilli mahnısı susan dərənin
Boğazında buzdan tikə qalıbdı.

Daşı da çatladıb qışın soyuğu,
Yatıb ayaq üstə meşə oyuğu.
Quzğun qana salıb qaratoyuğu,
Örtüyün ağında ləkə qalıbdı.

Çovğun gəzə-gəzə çoxunu əzdi,
Oğlaqlı keçilər geriyə təzdi.
Əlik də bu ömrü heç istəməzdi, –
Bala bada gedib, əkə qalıbdı.

Bir laçın çolpası kovuşa girib,
Qartal qanadını üstünə gərib.
Qayadan düşən qurd tezcə gəbərib,
Qisasçı yadında təkə qalıbdı.

Buyuxmuş ağaclar lümbülüm-lütdü,
Sovruq da bir yandan budağı ütdü.
Hörülən qar tığı gövdəni örtdü,
Kötüyün gümanı kökə qalıbdı...

1972


ÜZÜK

Bəxtimin üzünə gülübdür üzün,
Sevincim sel kimi qaynayıb daşır.
Toydan beş il sonra aldığım üzük
Xınalı əlinə necə yaraşır!

Sən bir kəndçi qızı, mən bir tələbə,
Evləndik... evimiz olmadı ancaq.
Uymadın dərzilər saldığı dəbə,
Keçdi təqaüdlə hər dolanacaq.

Evləndik... güldün də utanmağıma,
Dedin bu qayğıyla üzmə özünü.
Qırmızı sap bağla boş barmağıma,
Olsun toy üzüyü, nişan üzüyü.

Bu da yoxsulluğun uzanan ömrü,
Üzürlər istədim hey dönə-dönə.
Bir payız pul yığdım üzükdən ötrü,
Qaçıb qış papağı tikdirdin mənə.

Dolandı fəsillər. Qış getdi yaya.
Amansız olmadıq zamanımıztək.
Qaldı nişanımız toydan sonraya,
Yaşadı ürəkdə üzüklü istək.

Bir gün biz yollandıq dükana sarı,
Aldıq üzüyünü nişanımızın.
Mən sənə verdiyim o yadigarı
Yazdırdın adına uşağımızın...

1971


BAYRAMA TƏLƏSİR KƏNDİN QIZLARI

Bayrama tələsir kəndin qızları,
Qızlar gözəlləşib, yaxşılaşıbdı.
Günlər gül bitirib, donlar qızarıb,
Arzular-ümidlər aşıb-daşıbdı.

Bayram yaxınlaşır qayğılarıyla,
Diləyi olmayan deyin nə gəzir?
Bir qız su daşıyıb qonşu qarıya,
Yada düşmək üçün bəhanə gəzir.

Qız var, düşündükcə gözləri dolur:
“Bəlkə də yeni il düşəcək mənə.
Bəlkə qonşumuzun qonuşmaz oğlu
Elçi göndərəcək atam evinə”.

Diləklər qəlbini alıb yedəyə,
Nişanmı gözləyir gözü yol çəkən?
Bəy evi qız evin bəyənsin deyə
Üç dönə silinir pinti pilləkən.

Yuyulur ev-eşik paltar-palazlı,
Cehizin özü də belə köçlökdü.
Corab gül butalı, əlcək qotazlı,
Elə hamısı da pay-pürüşlükdü.

(Burda bir ilmə var incədən incə,
Qınamaq olmayır hər vasvasını.
Ər çağı keçdimi, ərə gedincə
Üzür düşüncələr qız tayfasını).

Bayram yaxınlaşır... yaxşı olacaq,
Mahnı oxudacaq şənlik məclisi.
Qoğal paylayacaq, şabaş alacaq
Qızların bir başı məcməilisi.

Sonra çalğı çayı dolacaq evə,
Dillər qalmayacaq belə qadaxlı.
Qız meydan tapacaq, oğlan girəvə,
Sındırıb-süzəcək iki adaxlı.

Könül qurtulacaq ağrılı yükdən,
Gözünü qaldıran bayram görəcək.
Xınasız bir xanım fərə kəklikdən
Xınalı barmağı borc götürəcək.

Qızlar gülüşməkdən doymayacaq ki,
Gah qarşı-qarşıya, gah da qol-qola
Onlar saatdabir oynayacaq ki,
Bəlkə bu oğlanlar acığa dola.

Bayrama tələsir kəndin qızları,
Qızlar gözəlləşib, yaxşılaşıbdı.
Xonçalar bəzənib, donlar qızarıb,
Bəlkə toy günü də yaxınlaşıbdı.

1972


* * *

Sən hərdən səbəbsiz inciyən, küsən,
Hərdən əhvalımı soruşan qızsan.
Hərdən minnətçimi uzaqdan qovan,
Hərdən özü gəlib barışan qızsan.

Elə qınayırsan məni dilində,
Çox vaxt inanmıram üzün güləndə.
Tay-tuşun bəzənib dərsə gələndə
Bəzənib-düzənib yarışan qızsan.

Bəzən atmacanı ağ eləyirsən,
Bəzən hər sözünü dağ eləyirsən;
Yüngül dərdlərimə lağ eləyirsən,
Ağır dərdlərimə qarışan qızsan.

Ay gözü alovlu, baxışları şən,
Peşiman qayıdıb arxamca düşən.
Gahdan özüm ilə durub öcəşən,
Gahdan xainimlə vuruşan qızsan.

Getdin, yad olmadın bir inciməklə,
Gəldim, qarşıladın duzla, çörəklə.
Sən bu sadəliklə, bu saf ürəklə
Elimə, obama yaraşan qızsan.

1973


ELÇİM

Sizə gəlmək üçün atam olmadı,
Demə ki, özgədi, qıraqdı elçim.
Sizə gəlmək üçün adam olmadı,
Adına yazdığım varaqdı elçim.

Sənə göndərdiyim o daraq ki var,
Mənim barmağımla telini darar.
İnanıb ilqara tutmuşam qərar,
Saçını oxşayan daraqdı elçim.

Ay ellər gözəli, arzun deyilmi –
Ömrünə nur saçım mən çıraq kimi?
Yadına salmaqçün yanan qəlbimi
Yanında alışan çıraqdı elçim.

Qədim güyümünüz çiynindən enməz,
Gedərsən fikirli, gələrsən dinməz.
Elçim sözdən dönməz, eşqim tükənməz,
Özün bilirsən ki, bulaqdı elçim.

Gülüm, hörmət olar bizdə elçiyə,
Küləyi qapıda qoydun bəs niyə?
Kövrək duyğuları anlatsın deyə
Yoluna səpilən yarpaqdı elçim.

Pıçılda bir çaya – razılıq versən,
Quşlar da çatdırar xəbər göndərsən.
Sirrini elçimdən daldalama sən,
Sirrimə, sözümə ortaqdı elçim.

1971


* * *

Mən yola düşəndə o qız ağlayıb,
Ağlayıb o gözəl ağrı torunda.
Çayın gur yerindən yalqız adlayıb,
Yoluma çıxmışdı alatoranda.

Onu dalamışdı kolun quduzu,
İtkini olmuşdu yamacın, yalın.
İtməyən quzunu axtaran quzu
Yoluma çıxmışdı ayağıyalın.

Yoluma çıxmışdı belə dışarı,
Yanağı pörtmüşdü, gözü gülürdü.
Bir kövrək könüldən yanğı yaşları,
On şümşad barmaqdan şeh süzülürdü.

Getdim... qoy düzünü alım boynuma,
Kölgədə qoyarmış arzu arzunu.
Barı bir kağız da yazmadım ona,
Durub gözləsə də illər uzunu.

...Budur, qayıtmışam yenə o kəndə,
Onundur gen həyət, böyük ev-eşik.
Gəzir yavaş-yavaş bağın içində,
Gəzir qarşısında bəzəkli beşik.

Allah, nə xoşbaxtdı onu alan da,
Gözün də işığı gözdə dinərmiş.
Qız ərə gedəndə, ana olanda
Aylaşıb, günləşib yaza dönərmiş.

Nələri düşündüm baxanda ona,
Gümanmı dərd olub önümdə durmuş?
Ürək dilə gəldi: bir utansana,
Geri qayıdarmı perikən bir quş?

Yeridim irəli salam verim mən,
Könlüm az qalırdı səkib-səyriyə.
Birdənsə şığıyıb qarşı tərəfdən
Külək papağımı atdı geriyə.

Gözümə bir ana gözü sataşdı,
Saldı işığını qılınc qılınca.
Götürüb körpəni o, evə qaçdı,
Mənsə götürüldüm papaq dalınca...

1967


EL ADƏTİ

Çoxdan ayrılmışdıq... gedənin gəldi,
Görüş göz böyüdür qəlbən sevəndə.
Əlin əl yandırıb geri çəkildi,
Bir az da utandıq atan evində.

O axşam dinmədi abırlı eşqin,
Cicilər-bacılar bizə göz oldu.
Yatanda yuxuna toy eləmişdin,
Duranda yuxun da tərsə yozuldu.

İstəklim, o axşam istəyərdim ki,
Görüş yol uzada, gülüş bal dada.
Eh, sənə oxarta söz deyərdim ki,
Dərd üzdə açılır, sevgi daldada.

Yox, elə bunları istərdin sən də,
Dedin qaydamızı heç kim danmasın.
Dedin qəlb körüyü köz püskürəndə
Tanrısız tamahı mənlik danlasın.

Dedin heç yarımaz qız karıxarsa,
Oğlanlar dil töküb üzə irişər;
Hansı toydan qabaq güclü çıxarsa,
Sevdiyi gözəl də gözündən düşər...

O axşam gözlədik ad-sanımızı,
Dözüm düz sevginin qoçaqlığıdı.
İlk anda inanmış ovsunlu qızı
Aldatmaq oğlanın alçaqlığıdı.

O axşam ürəyim coşdu, tələsdi,
Sınaqlı sevgimiz yoxladı məni.
Qarşımı yüz ordu kəsə bilməzdi,
Elin bir adəti saxladı məni.

1967


TAPŞIRMIŞAM

Güllərə tapşırmışam – sən gəlincə köçməsin.
Yellərə tapşırmışam – yanından da keçməsin.
Bahara tapşırmışam – qışda girsin yuxuna,
Yollara tapşırmışam –
aşa-aşa dağlardan
səni o uzaqlardan
gətirsinlər yaxına.

Göylərə tapşırmışam – ağ don biçsin gününə.
Neylərə tapşırmışam – son qoysun dərd ününə.
Günəşə tapşırmışam – oynasın otağında.
Gülüşə tapşırmışam – qaynasın dodağında.
Sellərə tapşırmışam – körpünü dəbərtməsin.
İllərə tapşırmışam –
neçə ki biz ayrıyıq,
ömrümüzdən ötməsin.
Mən səni tapşırmışam – elə özüm özümə,
Özüm köçəri quşam,
mahnıma tapşırmışam –
yaşasın əvəzimə.
Mahnıma tapşırmışam –
könlünü səhər-axşam
Oxşasın əvəzimə.

Tapşıraraq hamıya,
tapşıraraq hər şeyə
adını dönə-dönə, –
Bircə kövrək sevgimi
tapşırıram mən sənə.

1972


MEŞƏYƏ GƏLMİŞİK

Meşəyə gəlmişik. Meşə dərindi.
Yaşıllıq yaraşır mamır məxmərə.
Kolların dəyəsi necə sərindi,
Necə örtülüdü moruqlu dərə.

Meşə oxumaqda sənə oxşayır,
Sənsə bəzənməkdə bu ağaclığa.
Mənimsə bağrımı baxış oxlayır,
Baxış da köməkdi könlü aclığa.

Bəzən də söz tapmır sözü çox olan,
Yellənən o yarpaq öz yelpiyindi.
İslaq qonça kimi əsib qırpılan
Qara kirpiyindi, yaş kirpiyindi.

Meşədə sanı yox gül-çiçəklərin,
Yuvalar mağardı quşlar toyuna.
Sığınıb qoynuna göy şivliklərin,
Deyirsən mənimlə gizlin-paç oyna.

Elə ki qaçırsan – qovub çatıram,
Elə ki tuturam – cığallayırsan.
Sağından, solundan gülüb ötürəm,
Susub budaqları sığallayırsan.

Meşəyə gəlmişik. Dinib arzu-kam.
Qorxuram gizlənəm – tək qoyam səni.
Qorxuram bir dönə gözümü yumam,
Gözümü açanda tapmayam səni.

1971



* * *

Yollar təzələdi xatirələri,
Gəldi qulağıma sehirli səsin.
Yamacdan boylanan nərgizin təri
Sandım ki, sinəndən asılıb sənin.

Biz burdan əl-ələ gedib-gəlirdik,
Ay gizli sevdiyim məktəb yoldaşım!
Biz burda əylənib, deyib gülürdük,
Ay arzu yoldaşım, mətləb yoldaşım!

Sən ipək donunu geyindiyin gün
Mən üz döndərirdim öz pencəyimdən.
Duyub kədərimi köks ötürürdün,
Söz-söhbət salırdın gələcəyimdən.

Süfrə eləmişdik bu yastı daşı,
Dil-ağız tökürdüm... incik baxırdın.
Çıxarıb çantandan pendir-lavaşı,
Çayın qırağından yarpız yığırdın.

Burda oynayırdıq biz “Gizlinpaç”ı,
Üstünə ovcumla su atırdım mən.
Saçından süzülən mirvari damcı
Gözümə, qaşıma qonurdu bəzən.

Bəzən də alırdım tətil vaxtını,
Utanıb yanına gəlirdim gec-gec.
Bəs niyə görəndə mən gözaltımı
Sevib-sevilməkdən danışmırdıq heç?

Sanma ki, mən səni bəyənməmişdim,
Ay sığal istəyən ceyran quzusu;
Elə vurulmuşdum, elə sevmişdim,
Yadımdan çıxmışdı vüsal arzusu.

Gör hansı çağlarım düşüb könlümə,
Üzümü daladı çayın küləyi.
Su da söndürməyə acizmiş, demə,
Sevgidən alışıb yanan ürəyi.

Durur göy çəmənin o daş süfrəsi,
Yarpızda ətri var ötən illərin.
Düzü, istəyirdim unudum səni,
Yollara səpilib xatirələrin.

1972


ÜÇ ALMA

Bilmirəm heç kimdən oldu bu səbəb,
Gəzməyə çıxarkən bağın içində, –
Əlində cəvəran, başında səbət
Üç gözəl görürəm eyni biçimdə.

Üç alma uzadır üç almayanaq,
Oğulsan, üçündən birini alma.
Yaraşır onlara qızılı qolbağ,
Yaraşır onlara dəyirmi çalma.

Üç gözəl görürəm... o gözəllər ki,
Gözləri od tökür bağın alına.
Üç alma üç əldə üç ulduz təki,
Üçü də bələnib sevgi balına.

Elə bil dil açır burda üç alma,
Üçü də deyir ki, anlamaz olma...
Üçü də soruşur:
barı bu payız
bu oğlan özünə toy edəcəkmi?
Təklənib çöllərə düşən ağılsız
özünü bəy edib bay edəcəkmi?

Ucalır könlümün hayı-harayı,
Axı eşq evi də sıxlıq istəməz.
Götürsəm bir qızın verdiyi payı,
Görəsən ikisi inciməzmi bəs?

Görəsən qismətim budurmu elə,
Üç eyni almanı necə seçim mən?
Kimi heç sevilmir ömründə belə,
Kimi subay qalır,
subay qocalır, –
hamıdan çox sevib, sevildiyindən...

1972


OĞUL DƏRDİ

1

Mən yerin altındayam,
mən yerin üstündəyəm;
Bilən varmı görəsən,
dünyada nə gündəyəm?
Görən varmı gözümün
suda yanan odunu?
Görən varmı qəlbimin
alışan buludunu?
Duyan varmı –
sevincim
ağrıyla çəpərlənmiş?
Ömrümün ağ yoluna
qara qəbir tirlənmiş!
Özüm də mat qalmışam,
bu necə qalmaqaldı?
Tale şirin payını
gec vermişdi,
tez aldı!

2

Deyin ki, atası incimiş ondan,
Niyə çiliklədi şux gülüşümü?
Çıxıb anasının isti qoynundan,
Hayana yollandı qışın qış günü?

Toyu-bayramıydı evin-eşiyin,
Daha bu könlümün qəm yuyanı yox.
Ətiri içində donan beşiyin
Layla çalanı var, uyuyanı yox.

Əyilib alnından öpərdim onun,
Sözüm bəzənərdi şirin alqışla.
Gecələr üstünü örtərdim onun,
İndi də örtmüşəm... ancaq ki, daşla.

Çox da bu yoxluğu sındırır məni,
Təklikdən qorxmuram. Toxtağam, toxtaq!
Üzümü sürtürəm – yandırır məni
Balamı soyudub üşüdən torpaq.

Allah, mən görmüşəm bu gözdağını,
Düşmənim görməsin, dostum görməsin!
Ömründə heç kimin çilçırağını
Tufan qaraltmasın, yel söndürməsin!

Tale göstərməsin ölümlü görkü,
Başına gələnlər qovrulub demiş:
Bəlalı dünyanın ən ağır yükü
Bala tabutunu qaldırmaq imiş!

3

Mənə qara yazan qələm gətirin,
Dözüm sarımasın könül yaramı.
Sazımı qəm üstə kökləyib verin,
Torpağa tapşırım ciyərparamı.

Qəbirə tapşırım – yatıb yenməsin,
İncidər ağırlıq-ağrı balamı.
Gecəyə tapşırım – şamı sönməsin,
Qorxudan yarılar bağrı balamın.

Balamın balaca bir qonşusu var, -
(Görüm yuxusuna şirinlik dolsun).
Qonşunun yaxşısı qonşunu duyar,
Tapşırım oğlumdan göz-qulaq olsun.

Yalvarım-yaxarım Allahlı göyə,
Köməksiz qoymasın qəlbi nəziyi.
Deyim ana donlu bir məlakəyə,
Gəzməyə çıxartsın o körpəciyi.

Mən ona atamın adını verdim,
Düşündüm: dar günə dayaq olacaq.
Mən hardan biləydim artacaq dərdim,
Oğul atasına bir dağ olacaq?

Hardan biləydim ki, mənsiz dözəcək
Gözləri arxamca səyriyən oğlum?
Mən evdən çıxanda hay-haray salan,
Mən evə girəndə kiriyən oğlum.

Çağırsa sorağı kimə çatacaq,
Harda uyuyacaq, harda yatacaq?..
Buz kimi daşlardan necə tutacaq
Əlimdən yapışıb yeriyən oğlum?

Yoxluğu sinəmə dağ-düyün çəkdi,
Bir uçan mələkdi, solan çiçəkdi.
Qəlbimi əpridib əridəcəkdi
Torpağın təkində əriyən oğlum.

4

Yenə sapsarıdı qarşımda varaq,
Gözümdə şivlənir şivənli ünüm.
Böyük qardaşının canından iraq,
Bəs kimə sığınım, kimə küsünüm?

Yox, əziz günlərdə sevinərəm ki,
Sevincə bürünə ürəyimdə o.
Çətində adına güvənərəm ki,
Diləyə qovuşa diləyimdə o.

Gələr yaz ayı da öz qaydasında,
Gəzib dolaşmaqdan yenə doymaram.
Deyərəm gizlənib kol arxasında,
Mən “Gizlən-paç”ı da kolnan oynaram.

Qovaram yolumu özgə bir səmtə,
Ömürə yazmaram təklik ayını.
Heç kimə pay-pürüş gətirməsəm də,
Verərəm bir onun ata payını.

Dözərəm taleyin yor-yoxuşuna,
Bükərəm boxçaya ötən hər ili.
Nişan taxılanda hər tay-tuşuna,
Xonça bəzədərəm şamlı-şirnili.

Yaşar, məndə yaşar balaca dədə,
Üstündə gül-çiçək boynunu əyər.
O körpə qəbiri böyüməsə də,
Ağrısı böyüyər, dərdi böyüyər...

1971


ÇİLLƏ BÜRKÜSÜ

Suyun şaxı sınıb qışın qış günü,
Alça çiçəkləyib, çağala töküb.
Şəlalə günəşə açıb köksünü,
Günəş buz dirəyin dizini büküb.

Uzaqda göyərən çeyil çimidi,
Qışın oğlan çağı... qəribə həsəd.
Bu yaz kəm doğulan quzu kimidi,
Bizə bar verməsi hələ ya qismət!

Bu yaz yamacları yarımçıq yazmış,
Yağır ilıq qara “qurğuşun tozu”.
Çillə çiçəkləri ünvanı azmış,
Azmış yuxusunda meşəxoruzu.

Çəkilib dağların soyuq buludu,
Şübhə oyadıbdı təbiət məndə.
İlk müjdə gətirən novruzgülüdü,
O da vaysındırır vaxtsız gələndə.

Qışın oğlan çağı otlar dikəlib,
Qışın oğlan çağı ovlar kökəlib.
Balaca bir uşaq evcik də qurur, –
Çölə babasıyla qoşa gedibdi.
Uşaq şadlığından şingilim vurur,
Qoca fikirlidi, huşa gedibdi.

Düşünür: tələsmiş bu hökmü verən,
Dərdini çəkir o dərənin, düzün.
Qorxur soyuq fəsli “yaza” çevirən
Yazı gül fəslində qara bürüsün.

1973


* * *

Gecə ilmə-ilmə sökülməyində,
Dan yeri boy verib boyanmaqdadı.
Göyə çəkildikcə qatı qaranlıq
Güllər yavaş-yavaş oyanmaqdadı.

Sel seli qovanda selab mələşib,
Təpə itələşib, ləpə güləşib.
Yazın gün yonqarı hey itiləşib
Yolun buz tirini ha yonmaqdadı.

Dağların dəhnəsi – bulud quyusu,
Bulud boşalsın ki, odu soyusun.
Görüm qar tığının dibi oyulsun,
Düzlər yas donunu soyunmaqdadı.

Günəş gül qanadlı, şəfəq əl-ələ,
Çəlimsiz çalalar çevrilmiş gölə.
Gözün aydın olsun, donuq şəlalə,
Dərdin ağ yağışla yuyunmaqdadı.

Köhlən yaz köpüklü, yorulmaz, yorğa,
Ayağı altında qalır qasırğa.
Qar eşib darğalıq eləyən qarğa
Bülbülün gözündən yayınmaqdadı.

Bu dönüş demirmi dünyanı düşün?
Uğuru böyükdü haqlı döyüşün.
Qışa dustaq olan gədiyin, döşün
Lalə çıraqları ta yanmaqdadı.

Dostlar, qəlbinizi çox da sıxmayın,
Baxın yerə-göyə, təbdən çıxmayın.
Vətənə yaz gəlir, heç darıxmayın,
Çovğunun qoşunu dayanmaqdadı.

1974


* * *
Bacım Cahana

Pencər yığa-yığa gedir qız-gəlin,
Gedir düyünçədə öynəlik çörək.
Baxdıqca yoluna bu gəlhagəlin
Düşüncə yoğurur yaddaşlı ürək.

Duyğum da tərpənir... Daş ha deyiləm.
Ötən günlərimlə görüşüm deyə
Qoşulub qızlara, uçub xəyalən
Qonuram o döşə, o pencərliyə.

Eh, soraq vermirəm ağrılı yükdən,
Bir vaxtlar bu səmtdə selə düşərdim.
Qızlar dağa çıxıb kefiköklükdən,
Mənsə yoxsulluqdan çölə düşərdim.

Bəzən baş yarardı başaq çırpmağım,
Yenə bu dağlardan kömək olardı.
Cincili cincilim, qumaş qırpbığım
Evə gətirdiyim yemək olardı.

Onda əvəliyin əli iriydi,
Onda dəbdə idi dəvədabanı.
Unluca göy unu, göy pencəriydi
Qatı buğlamanın, duru dovğanın.

Bizi ovutmazdı nə çiçək, nə gül,
Çirişi hörərdik qucağımıza.
Kökəli göbələk, giləli gülül
Torbadan daşardı papağımıza.

Baxardıq çətənə çətir-çətirdi,
Yağılar udardı yağlı döymənci,
Elə bilərdik ki, əmlik ətidi
O qoyunqulağı, əmənkömənci.

Dağlar dayaq idi hər birimizə,
Yazda car çəkərdi cacıqlı dağlar.
Atalıq-analıq edərdi bizə
Döyüşə-davaya acıqlı dağlar.

Südə susamazdıq yemlik yeyəndə,
Kortum da qoymazdı aclıq ulasın.
Sütül gicitkanı özəkləyəndə
O heç qıymazdı ki, bizi dalasın.

Turpəngin tarlası çoxudu onda,
Tikan buynuzluydu südlü qanqallar.
Quşgöz quşəppəyi erkən uçanda
Meyvə qızardardı güneyli kollar.

Boylu baldırğanın baldırı yumşaq,
Dərd də yaşayardı biz alan payla.
Yamaca üz tutan hər cılız uşaq
Geri qayıdardı dolu torbayla.

Evlərə dolardı otların çoxu,
Artardı bucağın yaşıl qalağı.
Öynəlik olmuşdu qatırquyruğu,
Öynəlik olmuşdu quzuqulağı.

Pencər yığa-yığa gedir qız-gəlin,
Yağış yağa-yağa gedir qız-gəlin.
Eh, necə söz salım ağrılı yükdən,
Bir vaxtlar bu səmtdə selə düşərdim.
Qızlar seyrə çıxıb kefiköklükdən,
Mənsə yoxsulluqdan çölə düşərdim...

1972


ATAMIN DAĞI

Gəldim ki, səninlə dərdləşək bir az,
Karvançı atamın dostu Mamadağ.
Qəlbə kök salanı unutmaq olmaz,
Bizə bir görüş də bəsdi, Mamadağ.

De, niyə kövrəlib-közələnirsən?
Gəlmişəm bir gecə zağanda yatam.
Sənə söz qoşmağa söz vermişəm mən
Qonağın olanda qayğılı atam.

Budur, ağ köynəyi geymisən yenə,
Yaxan daş düyməli, çuxan qara çən.
Mənə elə gəlir gündöyəninə
Köz düşüb atamın yorğun gözündən.

Qarın heşanı var yastı yalında,
Qarından gül ətri duyuram, ay dağ.
Mən ata dostunun ulu yolunda
Canımı, başımı qoyaram, ay dağ.

Batan günəşinə baxdım bir anlıq,
Qayıtdı yaddaşa ayrılıq dəmi.
Yellənib üstünə endi qaranlıq
Tabuta örtülən kələğay kimi.

Belə axşamlarda karvan gedərdi,
Çal atın ayağı qar üyüdərdi;
Atam dağ aşaraq,
qıvraqlaşaraq
Atı dəhləyərdi,
dəhmərləyərdi;
Zağaya çatanda yükü açaraq,
Ardıc kollarını dəhrələyərdi.

Mamadağ! Mamadağ! Özün de, bəzən
Tufanın kükrəyib qudurmadımı?
Atamın varını alıb əlindən,
Atını yüküylə uçurmadımı?

Bəzən də yaz ayı selin daşaraq,
Körpü yıxmadımı, yol sökmədimi?
Dəli ildırımın şaraqqaşaraq
Atamın başına od tökmədimi?

Mamadağ! Bilirəm, belədir dağlar,
Min qan eləmisən çağlar çağında.
Sənin sərtliyin də, mərdliyin də var,
Açıqdır yıxmağın, qaldırmağın da.

Mamadağ! Soruş ki, dediyim nədir?
Karvanlar tərkində, cığır bərkində.
O aylar, o illər bu qəlbimdədir,
Bu qəlbim səndədir, ömürlük səndə.

Atam qayıdınca gün sayardıq biz,
Axar-baxarına baxardıq hər an.
Bəzən qol götürüb oynayardıq biz
Gecə kəndimizə girəndə karvan.

Ah, atam! Ac evə dən gətirərdi,
O ki yaranmışdı can yandırmağa.
Kişi kirpiyində od götürərdi,
Odu keçirərdi sulu qarmağa.

Bəzən gəldiyini görməzdim barı,
Görməzdim obanı oyatdığını.
Üzümü dalasa buzlu bığları,
Duyardım atamın qayıtdığını.

Çulğardı daxmanı çuval ətiri,
Söykəyə girərdi bir ata qolu.
Yolda bişirilmiş hisli fətiri
Yeyərdim o gecə gözüyumulu.

Yox, yox, yata-yata mən eşidərdim
Atamın anamla söz-söhbətini.
O bitməz dastanın, bənzərsiz şerin
Yadda saxlamışam neçə bəndini.

Kişi udulardı umu-küsünü,
Sözü od ələrdi soyuq havaya.
Dərdlərin dibindən dərib köksünü,
Körpü arzulardı köprümüş çaya.

Atamın dünyadan gileyi vardı,
Yolu pay alardı qarlı uçqundan.
Qınağı dinəndə çox danışardı
Qırılan örkəndən, düşən quşqundan.

Bir də yanğısından çölçü yazığın,
Bir də çarığının su içməsindən;
Bir də yalda yatan ac yalquzağın
Marıq güdməsindən, ov seçməsindən...

Mamadağ! Qanlıydı isti çəhlimin,
Baş vura bilməzdim bağlı tasına.
Bəzən inanmazdım o istəklimin
Evə sağ-salamat qayıtmasına.

Gəldim ki, səninlə dərdləşək bir az,
Dərdləşdik... çoxaldı dərdim, Mamadağ!
Qəlbə kök salanı unutmaq olmaz,
Elə bil atamı gördüm, Mamadağ!

1967


SƏN DƏ BİR ŞAİRSƏN

Deyirsən işlərdən macal varmı ki,
Yığıb-yığışdıram yazı masanı.
Barı şairlik də bacarmıram ki,
Arabir isidəm sönük misranı.

Ay ömrün bəzəyi ömür yoldaşım,
Min qayğı duyuram umu-küsündə.
Bəlkə də bir gündə ağarar başım,
Dərdim əriməsə təbəssümündə.

Gülüm, o qədər də çəkmə qüssə-qəm,
Sevinc də, kədər də şair varıdı.
Şer yazmasan da elə bilirəm,
Zəhmətin mənimlə tamam yarıdı.

Sən də bir şairsən sevdiyin gündən,
Sözün ruhun kimi təzədi, tərdi.
Bəxtim yarımasa məhəbbətindən,
Şerimin taleyi qara gələrdi.

Şairsən...
Balamız hər ağlayanda
Mən səni laylalar qoşan görmüşəm.
Gecələr beşiyi yırğalayanda
Səni də şair tək coşan görmüşəm.

Bəzən hamı yatır səndən savayı,
Gözümdə ucasan, ay boyu bəstə.
Yuxulu-yuxulu verirsən çayı
Yeriyə-yeriyə barmağın üstə.

Sən də bir şairsən, fikirli, dalğın,
Çox da ki, sevincin yolları sərtdi.
Sənət adamına sirdaş olmağın
Axır mükafatı əbədiyyətdi.

Sən də bir şairsən, saçların dən-dən,
Nə giley elədin, nə də yoruldun.
İlhamın nazıyla yatıb-duran mən,
Şairin nazını çəkən sən oldun.

Eşqinlə yazmışam bir kitab şeir,
Bir arzu dil açdı, xəyala vardım:
Hayıf ki, naşirlər izin verməyir,
Adını adımla qoşa yazardım.

1972


* * *

Gözəl adın mahnı olub,
Dilimdə hey əzizlənər.
Görüş elə bir yolçu ki,
Hələ yolu çox gözlənər...

Gözüm gözün bulağında,
Sırğa sözüm qulağında;
Sənin kimi gül çağında
Bu qayğıyla kim izlənər?

Sən danışsan narın-narın,
Susar dili sazın, tarın.
Qaymaq tutar dodaqların,
Elə billəm süd üzlənər.

Qoy insafın qıt olmasın,
Dərd qəlbində qat almasın.
Çatma qaşın çatılmasın, –
Ortasında xal gizlənər.

Qurulaşma, qurban sənə,
Adamlıqla bəzənsənə.
Sevgi odu sönə-sönə
Ağrı artar, can közlənər.

Uduzarıq uzaq dursaq,
Güman qırsaq, bağır yarsaq.
Hərəmiz bir daş qaldırsaq,
Aramızda yol düzlənər.

Ağa sənsiz ömür sürsə,
Arzuları düşər tərsə.
Sənin qəlbin çox göynərsə,
Mənim qəmim əkizlənər.

1973



NECƏ DİLƏNÇİYƏM Kİ...

Səni görməmişdən qığılcım idi,
Gördüm,
bir dünyalıq od oldu eşqim.
Diləklə qapına gəlib yeridi,
Dilənçi sayağı qovuldu eşqim.

Yaxşı qız, bəs necə dilənçiyəm ki,
Heç nə istəmədim,
könül ver dedim.
Yaxşı qız, bəs necə dilənçiyəm ki,
Başqa bir qapıya üz çevirmədim.

1967


* * *

Oğlan qonaq getmiş küllü-külfətli,
Geri qayıdınca hava soyumuş.
Geri qayıdınca yol şüşələnmiş,
cığır uyumuş.

Açıb öz şalını onun anası,
Bükmüş nəvəsinə - gül balasına.
Arvadı çıxardıb yun qoftasını
Vermiş qədirbilən qaynanasına.

Oğlan arzulardı bu incəliyi,
Elə bil bayaqdan sevgisi artmış.
Soyunub əynindən təzə pencəyi
Ömür yoldaşının çiyninə atmış.

Oğlan bollaşdırıb səxavətini,
Soyuyan havaya hirsi soyuyub.
Oğlan bir ömürlük səadətini
İndicə anlayıb, indicə duyub.

1973


GÖRÜŞ YERLƏRİ

Sizə gileyim var, görüş yerləri,
Yoxsa gileyim də gecikib artıq?
Ay sevinc yerləri, gülüş yerləri,
Sizi görə-görə nisgilim artıb.

Ay qonşu qovaqlar, durun gədikdə,
Mən yalqız yanıram, siz qoşasınız.
Qorxuram ağrımı car elədikcə
Sözümdən od alıb alışasınız.

A bərə qayası, bərkin birisən,
Sənin də varlığın toxtaqlıq verir.
Biçilmiş biçənək, özün bilirsən
Umu-küsülərim niyə göyərir.

Xalısan, a meşə, könlümtək xalı,
Qıymaram iniltim səni incidə.
Bizim “hind qızının” qarağat xalı
Eynimə düşübdü elə indicə.

Ağlıma gəlməzdi bu yoldan keçim,
Deyirdim gümanım külə dönübdü.
Nə yaxşı, a çəmən, ilk dinən eşqim
Burda boynuburuq gülə dönübdü.

A zirvə, püskürmən püskürüb qalxır,
Yüngüllük tapırsan boşalan kimi.
Mənim can içində cızdağım çıxır
Duyan olmayanda xoş istəyimi.

A güney, qəlbimi eşidirsənmi?
Çiyələk dənlərdik üzüyoxuşa.
A quzey, heç onu üşüdürsənmi,
Girə oyuq daşa, yazılı daşa?

A cığır, gedərdin bir evə sarı,
Bəs niyə çatmadın arzu kəndinə?
O bizi ağladıb ayıranları
Toxu tilsiminə, sal kəməndinə.

Özüm də bilmirəm nə dediyimi,
Sözüm açılanda odum saçıldı.
A bulaq, bu sənə söylədiyimi
Alçaqdan-alçaqdan ona pıçılda.

Mən ki bağlanmışam sonsuz ümidə,
Deməsin nəyəsə uyub gedirəm.
Bu sevgi düyülmüş ürəyimi də
Görüş yerlərində qoyub gedirəm.

1973


ANIN VAXTI HANI?

Son vaxtlar yamanca sərt olmuşam mən,–
İtmiş günlərimin yeri göynəyir.
Son vaxtlar yamanca pərt olmuşam mən,–
İtmiş anlarımın yeri göynəyir.

Ömür axıb getdi hey narın-narın,
Anların ömürdə izi qalmadı.
Mənim anlarımı talayanların
Bəllidir özümə ünvanı, adı.

Anları axtarsam, ağ edəm gərək,
Zamanı əndərib tökəm ələyə.
Kiminsə başını ağrıdam gərək,
Kimisə qoymayam kəkələməyə.

Anların qanını almaq istəsəm,
Gərək diyar-diyar dolaşıb gəzəm.
Tutam sorağını neçə bucaqdan,
Cərimə oluna neçə min şəhər –
Minik gözlədiyim dayanacaqdan,
Növbəyə durduğum dükana qədər.

Anların haqqını çox davalasam,
Gərək aşıb-daşa bu səbir kasam.
Gərək mən güc verəm qəlbin səsinə,
Qınayam o qəbul otaqlarını.
Çəkəm bir ədalət məhkəməsinə
Yağlı yalanların ortaqlarını.

Anlara borcu var ilqarsızların,
Gərək tora salam görüş yerini;
“Gəl” deyib vədindən qaçan qızların
Ağarmış görəydim hörüklərini.

Anların fövqündə biz yüksəlmişik,
Anlar sovrulmasın kağız külü tək.
Nə olsun həyata qonaq gəlmişik,–
Yaxşı adamıqsa, bacaranıqsa,
Ölümdən, yoxluqdan bac alanıqsa,
Gərək bu dünyanı bəzəyib gedək...

Anlar öz yoluna hey daban döyür,
Anın vaxtı hanı dura, gözləyə?
Günün boş keçəni heçliyə dönür,
Anın mənalısı ölümsüzlüyə.

1968


TUMURCUQ

Hələ nə qış gedib, nə quş oxuyur,
Dağların döşündə tar uçuq-uçuq.
Meşə qar altında bahar qoxuyur,
Bahar boxçasıymış totuq tumurcuq.

Qotazlı pöhrələr xallıdı, çildi,
Tumurcuq bir oxdu budaq ucunda.
Bəlkə də tumurcuq bükülü əldi,
Yaşıl od saxlayıb yaşıl ovcunda.

Tumurcuq dövrü var sözün, sualın,
Hər şey matah olur ilk azlığında.
Tumurcuq dövrü var eşqin, vüsalın,
Tumurcuq dövrü var azadlığın da.

Bəzən yolumuzu bürüyür duman,
Uçuna-uçuna qəmə cumuruq.
Qalın qar altında çırpınan zaman
İçində istilik tapır tumurcuq.

Hələ qar oturur, buz köpəciyir,
Hələ göy soyudur günün cığını.
Bir azdan başlanar siyirhasiyir,
Ağ sellər sürüyər tarın tığını.

Tumurcuq havada kilim arğaclar,
Açar ləçəyini meşə qəşəngi.
Qışın oğlan çağı yatan ağaclar
Ovcunda yaşadır yaşıl fişəngi.

1969


ARTIQ O TƏRGİDİB UTANCAQLIĞI

Artıq o tərgidib utancaqlığı,
Artıq başqalaşıb, dinib, dalaşıb.
Ona güc gəlibdi umacaqları,
Tilsimi sındırıb, çəpəri aşıb.

Onun çəkinməyi hara sovulmuş,
Hanı qızartılı sıxıntıları?
Artıq özünə də gülməli olmuş
Yoxsul evlərinə qonaq gələndə
Ana ətəyinə sığındıqları.

Artıq o tərgidib utancaqlığı,
Oğlun qoçaqlaşıb, eşit, ay ana.
Bəlkə istəməzdi bu açıqlığı,
Bəlkə süd vermirlər ağlamayana.

Sən ona demişdin: nə fağır tərpən,
Nə də gözə soxul, bəbəyə soxul.
Sən ona demişdin: baxma kişisən,
Həya kişiyə də lazımdı, oğul.

Demişdin kov deyil yıxıb ucalmaq,
Çırağı qaldıran gur işığıdı.
Qanacaq göstərmək, utancaq olmaq
Urvat pərdəsinin yaraşığıdı.

Ay ana, biləsən nədir yandığı,
Ta yatmaq istəmir o, ipə-sapa.
Bir vaxt tumaşından çox utandığı
Üzünə örtülü qapıları da
İndi az qalır ki, təpiklə çırpa.

İndi yada salmır ötən çağını,
Sən allah, oğlunun günahından keç.
Sənin uşağını – utancağını
Bilmirəm nə sayaq dəyişdilər heç.

Artıq o tərgidib utancaqlığı,
Pərdəni götürən sözünə hayıf!
Bir qoca görəndə,
salam verəndə
Onun səyriməyən dil-dodağına,
Onun qızarmayan üzünə hayıf!

Hayıf! Dəyişilib o dəyişməzin,
Pay umur dünyanın qalmaqalından.
Sənin kürlük edən öyüdiçməzin
Alır öz haqqını gönüqalından.

O, çox sıldırıma dirənəcəkdi,
O yana, bu yana kürünəcəkdi.
Ay ana, qulaq as içdiyi anda:
Oğlun yaxşılığa ürcah olanda
Yenə də abrına bürünəcəkdi,
Yenə də utancaq görünəcəkdi!..

1972


GÖZƏL QOCALIĞI, GÜL TÖKÜLÜŞÜ

Ağappaq saçının örpəyi qara,
Biləyi üzüyə yerləşə bilər.
Dizinin gücü yox yolları yora,
Ayağı tükə də ilişə bilər.

Ta qucmaz belini gümüş toqqalar,
Alışmaz alnında papaqqabağı.
Düzülməz döşünə əlvan cıqqalar,
Dolanmaz qoluna qızıl qolbağı.

Gülüşü seyrəlib... dağa bax, dağa,
Qəlbi də boş yerə qubarlanmayır.
Səhəngi söykəyir sısqa bulağa,
Bulağın üstündə tumarlanmayır.

Yaman avazıyıb yanağı, üzü,
Özünə yaraşmır qəmli qaşqabaq.
Qıvrım qırışlarla çəpərli gözü
Düşün ki, necəymiş altmış il qabaq.

Hara buxarlanmış onun çağlığı,
Xəyalı gəzirmi qız arzusunda?
Yapışıb qalıbdı utancaqlığı
Qızılı qayanın qızartısında.

Yapışıb çiyninə qalın bürüncək,
Üşüyür istidə, qırmızı gündə.
Tamam üzgün olub, tamam ərincək, –
Hava bir balaca qaralan kimi,
Dağların başını qar alan kimi
Yastanıb yas tutur evin içində.

O niyə köksünü belə ötürdü?
Həyata heyrət var suallarında.
Taxtından tez düşən bəxtini gördü
Sahmanı pozulan sığallarında.

Onun kədərini sevincə yozun,
Onun gedəcəyi qəlbinə dammaz.
Onun arzu yolu ömründən uzun,
Ömrü köç eləyər, özü inanmaz.

Güzgüyə baxanda susar gülüşü,
Ağ saç da insanın ucalığıdır.
Gözəl qocalığı, gül tökülüşü
Eynən təbiətin qocalığıdır.

1969


FƏVVARƏ

Fəvvarə – su çiçəyi,
Fəvvarə – su gülüdür.
Səpələnib ləçəyi,
Boynu da bükülüdür.

Fəvvarə işıq saçır
Gümüş külçəsi kimi.
Damcılar vızıldaşır
Arı beçəsi kimi.

Fəvvarə bəndə düşüb –
Axması ölçülüdür.
Fəvvarə fəndə düşüb –
Qalxması ölçülüdür.

Fəvvarə – su fişəngi,
Fəvvarə – su qəşəngi.
Dardan qurtulan zaman
Havada əl çalır o.
“İpi” dartılan zaman
Təzədən alçalır o.

Yerdən yağan yağışmı –
Fışqırır bu fəvvarə.
Dərdini heç danışmır,
Hıçqırır bu fəvvarə.

Döyür qandal daşları,
Çox əyilir, bükülür.
Ağlayır... Göz yaşları
Öz üstünə tökülür.

1966


* * *

Əmim Əhmədin xatirəsinə

Bu qara xəbərin qırdı belimi,
Gəlmişəm ağlayam halına, əmi.
Anan yox üstündə saçını yola,
Ün yetməz bacına, xalana, əmi.

Ay əziz atamın əziz qardaşı,
Qayğılar çəkmisən hər addımbaşı.
Dəysə ayağına çöllərin daşı,
Döşənmək istərdim yoluna, əmi.

Mən sənin dərdindən halıyam, halı,
Gözümdə bir dağsan – torpaq arxalı.
Qaralan məzarın qəlbimin xalı,
Nə deyim canını alana, əmi.

Ölüm də susadı sənin qanına,
O şan-şöhrətinə, o ad-sanına.
Könlüm bundan belə uçar yanına,
Qəbrinin başına dolana, əmi.

Sən körpə əlimə tutam olmusan,
Hayanım olmusan, butam olmusan.
Atasız qalmışam – atam olmusan,
Atalıq edərəm balana, əmi.

1973

BƏNƏK

Yalın yalaqda qaldı,
Bənək, ha Bənək!
Zincirin mıxda qaldı,
Bənək, ha Bənək!

Çoban bayatısından

Gecənin yarısı girmişəm kəndə,
Ürək döyündükcə döyükürəm mən.
Yad itlər üstümə tökülüşəndə
Alıb hənirimi haya gəlmisən, –
Bənək, ha Bənək!

Sən necə tanıdın boğuq səsimi?
Duyub bu görüşü heç yatmamısan.
Çoxunun yadından çıxan bir kəsi
Bəs necə olub ki, unutmamısan?
Bənək, ha Bənək!

Beş ildir uçmuşam mən ora-bura,
Uzun ayrılığın dastanı bitmir.
Yurduna can-başla bağlanmışlara
Qapının iti də dönüklük etmir, –
Bənək, ha Bənək!

Mənim Bənək itim,
Mənim yetiyim!
Biz də döşümüzü irəli gərdik.
Örüşdə qalanda qumral itiyim
Boz qurdun yolunu qoşa kəsərdik.

Uzaqdan gördükmü quduz pələngi,
Sən alıb yatardın mən atılmamış.
Sən elə onda da indiki təki
Hayıma çatardın çağırılmamış.

Yan-yana gəzərdik yaşıl yaylanı,
Azmı dinləmisən çətən neyimi?
Mən sənə verərdim yağlı yaymanı,
Anamsa öyərdi çox yeməyimi.

Bənəyim, bəzən də uzaq düşmüsən,
Saya salmamısan zincir düyəni.
Yallı yalaqlardan yan sürüşmüsən,
Qaçıb qorumusan yoxsul dəyəni.

Bəri gəl başını sığallayım bir,
Bəri gəl kökəlsin kefin-damağın.
Bəlkə ayrılığın bu görüşdədir,
Bəlkə bir gileydi quzuldamağın.

Niyə sarılmısan ayaqlarıma,
Axı diləyin nə, umacağın nə?
Həyan ola-ola pis çağlarıma,
Hələ minnətdarlıq edirsən mənə.

Elə bil deyirsən:
A gecikənim,
Məndə güc qalmayıb meydan açmağa.
Elə bil deyirsən:
Daha nə qəmim,
Yerində çatmısan vidalaşmağa.

Artıq mən görürəm, sönür nəfəsin;
Ölürsən hər şeyi sən duya-duya.
Gözünə sancılır Ayın şəfəqi,
Baxıram gözündə son parıltıya.

Mənim Bənək itim,
Mənim igidim!
Bu necə ayrılıq, necə görüşdü?
Başına gələni bilirmiş kimi,
Sən can tapşıranda itlər hürüşdü!

Yenə də Ay batır, uzanır gecə;
Yanında durmuşam əldə dəyənək.
Uca bir təpəyə qalxıb indicə,
Çağırmaq istərəm:
Bənək, ha Bənək!
Bənək, ha Bənək!

1969


ALIN DAŞI

Kənd yerində –
yay çağında,
o dağların qucağında
kotan yaxşı əksin deyə,
kotanı nər çəksin deyə
tutub çöldən xam cöngəni
qoşardılar qoşqulara.
O dəlibaş, o cingənə
soncuqlayıb tullansaydı
ora-bura,
bağırsaydı, mələsəydi,
şumu xərək eləsəydi,
vur deyərdi kotançılar!
Gön soyardı gön qamçılar!

Mat qalardım o kotanın
hodağına, majgalına!
Qova-qova baş qatanı
döyərdilər güc alına!

Döyüb belə dönə-dönə,
qulaqlayıb yavaş-yavaş,
Hər alının güzgüsünə
bağlardılar yekə bir daş!

Hansı cöngə dartınsaydı –
daş dəyərdi!
Daş cöngənin təpəsini,
təpəlini güllələrdi!

Alın daşı ağrıları axıdardı!
Durmazlığa çəpər çəkib,
qorxmazlığa qorxu töküb
qoçaqlığı qorxudardı!

Qorxudardı təpərlənən ürəkləri,
oyanışan duyğuları,
baş qaldıran diləkləri!..

Alın daşı
alınlardan asılanda,
damğa kimi basılanda
o mələmək istəyən də,
o acqarna işləyən də
gur səsini tez udardı!
Varlığını unudardı!

Dillənməzdi belələri,
azalmazdı şələləri!
Belələri qalardılar boynuburuq;
qoşulardı boyunduruq!
Belələri yeri əkib,
xırmanı da döyərdilər.
Arpa-buğda becərənlər
quru saman yeyərdilər!..

Özü dağal, adı Cığal
bir cöngə də vardı ancaq;
o yatmazdı ipə-sapa,
dirənsəydi boğazına
sovlu bıçaq!

Bağırardı, dartınardı...
Qarşısına qaya gəlsə,
atılardı!
Bəzən yazıq
lap ac qalıb,
susuz qalıb,
duzsuz qalıb
ağzı bağlı ağıllara qatılardı!

Bilərdi ki, yox olarsa –
Qorxunu da qopardacaq
kökündən o!
Bilərdi ki, sağ qalarsa –
hay salacaq,
qurtulacaq
boyunduruq yükündən o!..

1970


MÜDİR ARVADLARI, XEYİRXAH OLUN!

Müdir arvadları, xeyirxah olun,
Bilin necə işlək, necə ləliyik.
Bilin ki, əriniz çəkdiyi qolun,
Basdığı möhürün məəttəliyik.

Müdir arvadları, xeyirxah olun,
Od-alov yanında oda dönməyin.
Əriniz ev üçün verdiyi pulun
Heç vaxt azlığından gileylənməyin.

Ehmalca dillənin siz dinən zaman,
Düşməsin çoxunun işi çətinə.
Axı uşağına hirslənən zaman
O tökür kinini kabinetinə.

Onu yavaşıdın səbri daralsa,
Daşıb sahilinə aşmasın “dəniz”.
Yetin köməyinə kim darda qalsa,
Bəzən xilaskara dönsün eşqiniz.

Anlayın həyatı, duyun diləyi,
Deməyin: xahişlər ikimi, birmi?
Bəzən bir fəhlənin işi, taleyi
Sizin evinizdə həll edilmirmi?

Deyin ərinizə, açsın gözünü,
Qurtulsun şöhrətin dar qəfəsindən.
Barı müdirlikdən çıxdığı günü
Çıxmasın insanlıq vəzifəsindən.

Yamanca qəzəbli bir əriniz var,
Onun yıxdığına siz pənah olun!
Sizin hökmünüz var, kəsəriniz var,
Müdir arvadları, xeyirxah olun!

1968

ŞORAN

Ağappaq düz – adı şoran,
Ağappaq düz ağ dənizdi.
Ağappaq düz bənzər şora,
Ağappaq düz ağbənizdi.

Ağ çöllüklər duzda yanmış,
Yanmış göl-göl, quyu-quyu.
Qar da yanmış, buz da yanmış,
Yanmış burda yağış suyu.

Burda yaz da bacarmamış
Bir əlçim ot göyərtməyə.
Ağ vadidə yaşıl qamış
Bənzər yaşıl göyərtəyə.

Ağ yarğan da çöküb yatmış,
Lap aşlanmış başdan-başa.
Qayda budur – qəm tez çatmış
Aşağıda dayanmışa.

Ağ düzənlik ağciyərmi,
O bəlkə də ağ gümüşdü?
Açıq sorsaq inciyərmi, –
Ya kəfənə bürünmüşdü?

Bəlkə yadlar tapdayanda
Qayğı çəkib sozalmış o.
Bəlkə həyan tapmayanda
İnsan kimi qocalmış o.

Onun dərdi öz yaşıdı,
Ölümüdü dümağ çalar.
Babaların göz yaşıdı
Yer yandıran duzlu sular...

1972

KƏNDLİ MƏNLİYİ

Oğlu tətildə gəldi
tələbə yoldaşıyla;
Oğlu mənlik ipiylə
öz içindən asıldı,
Alovuna yağ tökdü
udduğu göz yaşıyla.

Oğlu nigaran oldu,
için-için qovruldu:
“Görəsən yazıq anam
nə qoyacaq süfrəyə?!
Camış ətliyə gedib,
qısır qalıb mor düyə.
Görəsən iş aşarmı
yavan yarma aşıyla?..”

Ata öz balasını
başa saldı başıyla.
Ata dedi:
Darıxma,
indi bolluq olacaq;
Yarmaçanı çəmli qoy,
tez qorlansın gur ocaq.

Ata paslı qəməni
satılda itilədi.
Otardığı sürüdən
şişmanca bir şişəyi
ortaya itələdi.
Kəsdi, soydu, doğradı –
Şişlik oldu bir şişək.

Bəlkə də cəriməni
ömrüylə ödəyəcək!..

1972



* * *

Nə vaxtdır minmirəm kəhərqaşqanı,
Yolum yerisə də yurda calanmır.
Nehrənin nübarı, səbətin şanı
Şana barmağımla heç sonalanmır.

Nə vaxtdır tarlada tamahım qalıb,
Qanqal budamıram, sütül ütmürəm.
Qurd boğan yaylaqda hay-haray salıb,
Çoban itlərinə kömək etmirəm.

Qoy bu tox günlərim baş aparmasın,
Yaddaşın kamanı yerində dindi.
Arpa qovurğası, pərinc yarması,
Çətənə qovudu istərdim indi.

Nə vaxtdır sinmirəm ata qəbrinə,
Özüm başdaşıyam, gəzən qəbirəm.
Yoncalı güneydə darıxan binə,
Bu yorğun çağımda qapından girəm.

Çubuq qabırğalı alçaq alaçıq,
Saxla çırağında nöyüt iyini,
Piltə sünbülündən süzülən qılçıq
Artırsın gecənin geyənliyini.

Dərəni gizləyən moruqlu meşə,
Biz ki doğma idik – belə deyildik.
Bərənin bəndinə düşən bənövşə,
Bəlkə gor evində görüşə bildik...

Nə vaxtdır başımda çomaq çatlamır,
Hanı çöl sınağı, qoruq savaşı?
Anımdan canıma sərinlik damır
Dəyincə yarama yaddaşın daşı.

Hanı yumşaq giley, həlimcə hənək?
Gör həyat nələri çox gördü mənə.
Kaş elə təpəmə təpən dəyənək
Biçənək üstündə olaydı yenə.

Nə vaxtdır arzumu allahı döyüb,
Mənmi sınıxmıram, mənmi sınmıram?
Maral otlarını baş-başa düyüb,
Ballı kölgələrə heç sığınmıram.

Çırpın, ay ürəyim... nə deyim sənə,
Dünyanın dincliyi mənə harammı?
Baxsam ayna gölün ağ güzgüsünə,
Görəsən özümü tanıyarammı?..

1971

KƏND MƏZARLIĞINDA

Yasa batıb kəndin lallar tirəsi,
Özüm burda diz qatlayıb çökmüşəm.
Közərdikcə ürəyimin kürəsi
Gözlərimin qorasını tökmüşəm.

Ara yaxın, ara uzaq, yer dərin,
Fikirdənmi boyun əyib başdaşı?
Burda yatan ərənlərin, ərlərin
Başdaşıdı öz bacısı, qardaşı...

Hayıf sizə bizim gözəl nənələr,
Hayıf sizə Bacıxanım, Həmayıl.
Həcər xala, söz deyirəm, bir ayıl,
Kürəyində çiçək açdı nəvələr.

Hayıf sizə Pəricahan, Xaxanım,
Yenə mənim varlığıma od düşdü.
Siz nə xoşbəxt olmuşdunuz, nə xanım,
Belinizi oğul dərdi bükmüşdü.

Al-əlvandı hər qəbirin əklili,
Tum torpaqda həyat tapır, itməyir.
Bir belə ki insan yerə əkilir,
Niyə onun bircəciyi bitməyir?..

Hayıf sizə Cəlil əmi, Cəbrayıl,
İstinizə isinənlər çox oldu.
Rəhminizi arxa sayan hər sayıl
Tikənizlə cana gəldi, tox oldu.

Hayıf sizə Eylas, Qasım, Ağalar,
El içində əzizlənir adınız.
Yoxluğunuz çoxlarına dağ olar,
Sağolu da yaxşılıqla aldınız.

Hayıf sizə Seyid Heydər, Ramazan,
Sizi anır dağ da, daş da, külək də.
Qəlbinizi dinləmişəm bir zaman
Qəmimizi dilə tutan tütəkdə.

Hayıf sizə Əli baba, Müseyib,
Düşgün çağı çarxı çönən qardaşlar.
Zülfüqarı zülmün əli tez əyib,
Zülümkarı tora salsın qarğışlar.

Hayıf sənə Əli oğlu Əlqəmə,
Öz ömrünü mənə verən atasan.
Bu dünyada ürcah oldun hər qəmə,
O dünyada muradına çatasan.

Hayıf sizə Rəcəb, Rəsul, Firudin,
Həsrətiniz yaddaşımı dindirib.
Şərif əmi, sən ki haqqı qorudun,
Tale səni haqq evinə göndərib.

Gedib Alı, itib-gedib Zaman da,
İgid Davud pəhləvanı bükərmiş.
Yaxşı pisdən seçilməyən zamanda
İnsan oğlu nə əzablar çəkərmiş...

Haray çəksəm bulud ağlar, göy kişnər,
Burda susub neçə tayfa, qəbilə.
Hayıf sizə, a nurani kişilər,
Mərdliyi də apardınız qəbirə.

1972


ÇAĞIR MƏNİ

Ayrı düşdüm, uzaq oldum,
Doğma yurdum, çağır məni.
Yad ellərdə yazıq oldum,
Doğma yurdum, çağır məni.

Qoyma səndən uzaqlaşım,
Hayıma çat bu çağımda.
Çağır gəlim, uşaqlaşım,
Quzulaşım qucağında.

Çağır gəlim görüşünə,
At oynadım sağa-sola.
Yenə qonum dağ döşünə
Çətən neyi çala-çala.

Doğma yurdum, suçumdan keç,
Dolaşsam da dərə-dərə,
Ta mən cələ qurmaram heç
Yem axtaran sərçələrə.

Ta gözümü qıyıb-qıyıb,
Yuvalara daş atmaram.
Ta sapandı qolazlayıb
Qız-gəlini qorxutmaram.

Çağır gəlim – çıxsın adım,
Dəliqanlı cavan olum.
Bərə kəsim, bulaq güdüm,
Dəli ceyran qovan olum.

Yenə o qız naz eləsin,
Məni görcək dönsün yana.
Hörüyünü kökələsin,
Sancaqlasın ağ boynuna.

Yenə işə gedə-gedə
“Segah” deyim arabada.
Yenə axır çərşənbədə
Məktub atım boş torbada.

Yenə gəzim
çatım-çatım
Baldırğanlı dərələri,
Kovuşlara qovum qatım
Dəymə-düşər dələləri.

Doğma yurdum, ulu binəm,
Özün çağır, apar məni.
Sən itirsən, ay bircənəm,
Kim axtarıb tapar məni?

Demə oğlun küsüb gedib,
Darıxmışam bu təklikdə.
Əllərimi balınc edib
Bir yataydım çiçəklikdə.

Bir yayılıb yastılara,
Deyəydim ki: oxay-oxay!
Bir cumaydım saf sulara,
Qolum üstə oğlum Oqtay.

Çağır gəlim, doğma yurdum,
Mən ki səni arxa saydım!
Bir diləklə dözüb-durdum:
Kaş qoynunda uyuyaydım!

1972
XS
SM
MD
LG