Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Rafiq Tağı necə bıçaqlanmasından danışdı [VİDEO]


Rafiq Tağının bıçaqlanandan sonra ilk müsahibəsi
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Noyabrın 19-da gecə evinə dönərkən bıçaqlanan tanınmış yazıçı Rafiq Tağı xəstəxanada AzadlıqRadiosuna ilk müsahibəsini verib.

Noyabrın 21-də səhər yazıçı Rafiq Tağı 1 saylı Bakı Klinik Xəstəxanasının reanimasiya şöbəsindən palataya köçürülüb. AzadlıqRadiosunun müxbiri onunla görüşüb başına gələn hadisə barədə söhbət edib:

- Rafiq bəy, hadisə harada və necə baş verdi?

BİR NƏFƏR TƏNGNƏFƏS ARDIMCA QAÇIRDI

- Əvvəllər elektriçka stansiyası olan keçiddən keçib evə getmək istəyirdim. Evimiz Baş Polis İdarəsinin yanındadır. Gedəndə duydum ki, bir nəfər təngnəfəs mənə tərəf qaçır. Dedim bəlkə oğru olar, portfelimi alıb qaçmaq istəyər. İçində sənəd-filan vardı. Portfeli qorumaq niyyəti ilə sinəmə sıxdım. Dəmiryol relslərinə 15-20 addım qalmış sağ çiynimə bıçaqla ağır zərbə endirildi. Sonra bıçağı çıxarıb arxa tərəfdən sol kürəyimə vurdu. Beləcə bir neçə zərbə vurdu. Kürək sümüyüm sınıb. Bıçaq daxilə keçib, dalağı zədələyib. Əməliyyat zamanı həkimlər dalağı çıxardıblar. Bax belə.

- Hücum edən şəxs yaxınlaşanda və ya zərbələri vuranda Sizə bir söz dedi?

- Özünü ələ verməmək üçün bilərəkdən heç bir söz işlətmədi. Amma çox həyəcanlı idi.

- Nədən bildiniz ki, həyəcanlıdır?

ÜZÜ NƏ İLƏSƏ BAĞLI İDİ

- Fısıldayırdı. Nəfəsinin ahəngindən hiss olunurdu ki, həyəcanlıdır.

- Üzünü görə bildiniz ?

- Qaranlıq idi. Üzü deyəsən bağlı idi. Hə, nə iləsə bağlı idi, amma maska deyildi.

- Tək idi?

- Tək idi. Güman eləməzdim ki, belə olacaq. Həmişə ordan keçirəm. Çox güman ki, izləyib məni. Hər gün axşam saat 9, 10 radələrində ordan keçib evə gəldiyimi bilib. Görüb avtobusdan düşdüm, hücum edib. Dedim nə edirsən? Zərbələri endirəndən sonra qaçdı gəldiyi tərəfə. Çox güman ki, onu orada maşın gözləyirdi.

- Boy-buxunu neçə idi?

- Məndən hündür, təxminən 30-35 yaşlarında birisi idi.

«QƏRAR VERDİM Kİ, EVƏ GETMƏK LAZIMDIR»

- Neçə zərbə vurdu Sizə?

- Hesabladılar, 7 zərdə dəyib mənə.

- Bəs o vəziyyətdə ordan evə necə gedə bildiniz ?

- İsti-isti ağrı hiss eləmədim. Gördüm orada dayansam, qan aparacaq məni. Tələsik qərar qəbul etdim ki, tez evə getmək lazımdır. Dəmiryolun üstü ilə getdim...

- Qorxdunuz yəqin ki?

- Əvvəl yox, sonra dərk elədim ki, vurdu. Sui-qəsddir. Amma heç qorxmağa imkan olmadı. Sonra çatdım evə, gördüm gözüm qaralır, qan itkisinə görə idi də, burdan (ürəyinin altındakı sarğıya işarə edir - İ.R.) qan axırdı. «Təcili yardım» çağırdıq, onlar da məni bura gətirdilər.

- Ehtimal edirsinizmi, Sizi vuran kim ola bilər?

- Mənim heç kimlə şəxsi qərəzliyim yoxdur. Ehtimal edirəm ki, bəlkə də yazılarıma görə vura bilərlər məni. Çünki ayətullahlar da ölümümə fətva vermişdilər. Üstəlik də yazılarımda daim din mövzusuna toxunurdum.

«İRAN VƏ QLOBALLAŞMA QAÇILMAZLIĞI»

- Hansı yazınızın bu hadisəyə səbəb ola biləcəyini ehtimal edirsiniz?

- Son yazım AzadlıqRadiosunun saytında da verilən «İran və qloballaşma qaçılmazlığı»dır. Bəlkə də o yazıya görədir. Bəlkə. Çünki ona təhqiramiz şərhlər yazmışdılar.

- O yazıya görə kim belə edə bilər?

- Maraqlı qruplar. Çox güman ki, mütəşəkkil şəkildə təşkil ediblər kimlərsə. Bunun arxasında radikal dindarlar, yaxud İran agenturası dura bilər. Çünki bu, oğurluq deyildi. Məni qarət etmək məqsədi güdülmürdü. Məqsəd ancaq qətlə yetirmək idi.

- Bu işin üstü açılacaq Sizcə?

«DAVAM EDƏCƏM»

- Çətindir onu demək. Baxaq görək də. Hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişdilər. İlkin dindirmələr aparıblar. Sizə dediklərimi onlara da demişəm.

- İndi özünüzü necə hiss edirsiniz?

- Bir az ağrılar var. Tərpənəndə ağrılar olur. İynələrin yeri də ağrıyır.

- Bu hadisə baş verən gecədən başlamış sonrakı günlər də Sizi tanıyan xeyli adam xəstəxanaya gəlib vəziyyətinizlə maraqlanıb, səhərə qədər burada qalanlar olub.

- Sağ olsunlar. Bir-bir hamısına təşəkkür edirəm.

- İnanırıq ki, tezliklə sağalıb işlərinizə davam edəcəksiniz...

- Bəli, davam edəcəm....
XS
SM
MD
LG