Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:37

Baba Rzayevin ailə biznesi


Chandelier
Chandelier

(Bu yazı 2012-ci ildə çap edilib. Sentyabrın 4-də Baba Rzayevin "Azərenerji"yə rəhbər təyin edilməsindən sonra yenidən çap edirik)

Uzaq ölkələrdən Azərbaycana qonaq gətirən təyyarələrin yolunu işıqlandıran projektorlardan tutmuş Bakı sakinlərinin evində közərən lampalara qədər, ölkə paytaxtında yandırılan elektrik enerjisinin hər kilovatından qazanan bir ailə var. Dövlətin rəsmi sənədlərini saf-çürük edəndən sonra bu qənaətə gəlmək olur...

TANIŞ OLUN, RZAYEVLƏR AİLƏSİ

Bu ailənin üzvlərinə Azərbaycanda elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məşğul olan bir neçə şirkətin təsis sənədlərində rast gəlirik.


Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur (Balababa Rzayev yerli mətbuata verdiyi müsahibələrində özünü Baba Rzayev kimi tanıdır deyə, biz də mətndə Baba Rzayev kimi qeyd edirik - müəlliflər).

Santral Elektrik LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi.

İndi Santral Elektrikə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.

Həm də təkcə Santral Elektrik deyil, əldə etdiyimiz sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir.

Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir.

Məhz həmin dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – Barmek şirkətindən alınaraq, bərpa edilmiş dövlət qurumuna – “Bakıelektrikşəbəkə”yə keçib.

BABA RZAYEV HƏM DƏ MEHRİBAN ƏLİYEVANIN NÜMAYƏNDƏSİ İMİŞ...

Baba Rzayev və onun həyat yoldaşı Nərminə Həsənova iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləridir.

Bundan başqa, 2005-ci ildə parlament seçkilərində Baba Rzayev namizəd Mehriban Əliyevanın Qala və Zirə kəndlərində təmsilçisi idi. Bakıelektrikşəbəkə ASC-nin sədri həm də Eurovision-2012 müsabiqəsinin təşkilat komitəsinin üzvüdür.

Baba Rzayev Santral Elektrikin əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. Bakelektrikşəbəkəyə sədr keçdikdən sonra onun, Santral Elektriki də qeyri-rəsmi idarə etdiyi bildirilir.

Baba Rzayev
Baba Rzayev

İxtisasca elektrik mühəndisi, ADNA məzunu olan Baba Rzayev Bakelektrikşəbəkəyə rəhbər göndərilməzdən əvvəl “Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda “Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir.

Santral Elektrik Azərbaycanda elektrik avadanlığı, onların quraşdırılması və xidmət sahəsində iri özəl şirkət hesab edilir. İnternet səhifəsindəki məlumatlara görə, “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da Santral Elektrikdir.

Satınalmalar Komitəsinin internet səhifəsində əksini tapmış tender siyahısından görürük ki, 2011-ci il ərzində bu şirkət müxtəlif dövlət qurumlarına elektrik avadanlığı satıb. Bu siyahı dövlət qurumlarının alqı-satqı müqavilələrinin heç də hamısını əks etdirmir.

198Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsiElektrik avadanlıqlarının satın alınması"Santral elektrik LTD" MMC7844,64
451Prezidentin İşlər İdarəsinin PansionatıElektrik malların satın alınması"Santral Elektrik" MMC3608,98
491Əmlak Məsələləri Dövlət KomitəsiElektrik avadanlıqlarının, onların quraşdırılması və təmir işlərinin satın alınması"Santral Elektrik LTD" MMC4748,9
1143"Təmiz Şəhər" ASCProjektorlu generatorun satın alınması"Santral Elektrik LTD" MMC11800
2452Hesablama PalatasıLampaların və elektrik malların satın alınması"Santral Elektrik LTD" MMC3449,14
3137Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiGeneratorların alınması və quraşdırılması işlərinin satın alınması"Santral Elektrik LTD" MMC25134
3817Məcburi Köçkünlərin Sosial İnkişaf FonduDigər maşın və avadanlıqların satın alınması"Santral Elektrik LTD"11601,76
4659Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsiElektrik mallarının satın alınması"Santral Elektrik LTD" MMC16005,96
4854Mərkəzi BankElektrik mallarının satın alınması"Santral Elektrik LTD" MMC6127,65


QARANLIQDAN İŞIQ SAÇAN BAKIELEKTRİKŞƏBƏKƏ

Satınalmalar Komitəsinin saytında əksini tapmasa da, Santral Elektrik LTD-nin internet səhifəsində bir il bundan əvvələ qədər göstərilən reklam prospektlərində bu şirkətin həm də Bakı aeroportuna gedən yolun işıqlandırılması, Bakı Beynəlxalq Hava limanının və Bakı Beynəlxalq avtovağzalının bütün xarici elektrik təchizatı, kabel, elektrik xətlərinin çəkilişi, Yeni Bakıneftayırma Zavodu, Səngəçal Terminalı, Milli Olimpiya Komitəsi,

Santral Elektrik-in bir il əvvəlki saytında əməkdaşlıq etdiyi şirkətlər haqqında məlumatı.
Santral Elektrik-in bir il əvvəlki saytında əməkdaşlıq etdiyi şirkətlər haqqında məlumatı.

LukOil şirkətinin baş ofisi, Azəri-Çıraq şirkləti, Dərin Özüllər Zavodu, Bakı Metropoliteninin də işıqlandırma məsələləri ilə məşğul olduğunu görə bilərdik.

Amma Santral Elektrik LTD Rzayevlərin “işıqlı biznesinin” ümmanında bir damladır. İşıqlı biznesin hərəkətverici qüvvəsi isə Bakıelektrikşəbəkə ASC-nin tenderləri və alqı-satqı müqavilələridir.

Baba Rzayevin rəhbərlik etdiyi Bakelektrikşəbəkənin fəaliyyəti ekspertlər tərəfindən şəffaf dəyərləndirilmir. Qurumun keçirdiyi tenderlər şəffaf deyil. İnternet saytlarında tender elanlarını görmək olar, amma nəticə və qaliblər barədə bilgi verilmir.

AzadlıqRadiosunun bu barədə sorğuları da “Bakıelektrikşəbəkə” tərəfindən cavablandırılmayıb. ASC-nin İnsan Resursları və Xidmət İdarəsindən sorğuya verilən cavaba görə, “Bakelektrikşəbəkə” ASC göstərdiyi xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliyə dair informasiya verə bilər. Sorğunuz bununla əlaqədar olmadığından onun icrasının təmin edilməsi mümkün deyildir”.

PREZİDENTƏ “BAKIELEKTRİKŞƏBƏKƏ” HAQQINDA NƏ DEYİBLƏR?

“Bakıelektrikşəbəkə”nin qeyri-şəffaf tenderləri, yeyintilər barədə hökumətdə də suallar yaranmağa başlayıb. Məsələn, AzadlıqRadiosu bu barədə prezident İlham Əliyevin xüsusi tapşırığı ilə yoxlama aparan Dövlət Nəzarəti Şöbəsinin rəyini əldə edib:

Baba Rzayev prezident İlham Əliyevə Bakıelektrikşəbəkənin yeni avadanlıqlarını nümayiş etdirir.
Baba Rzayev prezident İlham Əliyevə Bakıelektrikşəbəkənin yeni avadanlıqlarını nümayiş etdirir.


“Bakıelektrikşəbəkə” ASC təqribən 90 milyon manat məbləğində 236 müqaviləni dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq tender keçirmədən, razılıq almadan birbaşa bağlamış, bəzi malların alınmasına təcili zərurət yarandığını əsas gətirərək birbaşa müqavilələrin bağlanmasına icazə alsa da, bəzən müqavilələri razılıqdan 4-11 ay sonra imzalamış, bir sıra hallarda isə tenderdən yayınmaq məqsədilə malların məbləği süni surətdə ayrı-ayrı hissələrə bölüşdürülmüşdür.

Hər birinin qiyməti 145375,84 manat olan 2 transformatorun alınmasına təcili tələbatın yaranması əsası ilə icazə alınmasına baxmayaraq həmin mallar xarici şirkətdən 8 ay sonra alınmış və bu müddətdən 5 ay sonra anbara mədaxil edilmişdir. Qeyd olunan müqavilədən 2 ay sonra eyni gücə malik 1 transformator yerli şirkətdən 28600 manata alınmışdır. Eyni zamanda 52,5 min manata “Avalon” markalı avtomobilin alınması və

Prezidentə göndərilmiş sənədin surəti
Prezidentə göndərilmiş sənədin surəti

rayon idarələrində 231, 3 min manat məbləğində cari təmir işlərinin aparılması icazə alınmadan həyata keçirilib”.

“Bakıelektrikşəbəkə”nin tenderləri ilə əlaqədar suallarımızı Dövlət Satınalmalar Agentliyi cavablandırmayıb.

Santral Elektrik LTD-nin “Bakıelektrikşəbəkə” ilə tenderli və tendersiz münasibətləri barədə də suallarımıza cavab tapmırıq.

Amma araşdırmalarımız Santral Elektrik LTD-nin Rzayevlərin işıqlı biznesində yeganə halqa olmadığını göstərir.

DÖVLƏT SİFARİŞİNİ ÖZ ŞİRKƏTİNƏ VERİB?

Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri Santral Elektriklə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir.

“General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı - Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.

2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərilir. Digər təsisçi isə Handa Groupdur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi dövlət qurumundan - Bakıelektrikşəbəkədən alıb.

Satınalan təşkilatın adıPredmetin adıQalib
Qalibin adıQiyməti
"Bakıelektrikşəbəkə" ASC10 kV-luq XLPE (A2XSE) 1x150 markalı kabelin satın alınması"Göknur-Bakı LTD" MMC47223,6
"Bakıelektrikşəbəkə" ASC10 kV-luq XLPE (A2XSY) 1x120 markalı kabelin satın alınması"Göknur-Bakı LTD" MMC42815,12
"Bakıelektrikşəbəkə" ASC10 kV (A2XSY) 1x150 markalı kabelin satın alınması"Göknur-Bakı" LTD MMC106196,84
"Bakıelektrikşəbəkə" ASCNYY 3X185 və 1X95 markalı kabellərin satın alınması"Göknur-Baki LTD" MMC47498,48
"Bakıelektrikşəbəkə" ASCMüxtəlif növ kabellərin satın alınmasıGöknur-Baki Ltd MMC83048,4



Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, “Bakıelektrikşəbəkə”nin “Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır. “Gök-Nur Bakı LTD” müxtəlif növ kabellərin istehsalı və quraşdırılması ilə məşğuldur.

Həm “GBS MMC”nin, həm də “Gök-Nur Bakı”nın Zirə qəsəbəsində yanaşı sahədə kabel və elektrik avadanlıqları istehsalı zavodu var. Sonuncuya məxsus zavodun açılışında prezident İlham Əliyev və Mehriban Əliyeva da iştirak edib.

Goknur Baku LTD şirkətinin saytından görüntü.
Goknur Baku LTD şirkətinin saytından görüntü.

Yeri gəlmişkən, “Bakıelektrikşəbəkə”nin tender qaliblərindən “Azərelektrikşəbəkətikinti” ASC-nin təsisçilərinin də Birinci ledinin ailəsi ilə qohumluq əlaqələri haqqında məlumat var.

Baba Rzayevin başçılıq etdiyi dövlət qurumunun büdcəsindən öz şirkətlərinə verdiyi sifarişlərin vəsaiti təkcə hər Bakı sakininin ödədiyi elektrik haqqından deyil, həm də dövlət büdcəsinin Bakıelektrikşəbəkə ASC-yə səxavətlə ayırdığı infrastruktur sərmayəsindən gəlir.

Son beş ildə dövlət büdcəsindən “Bakıelektrikşəbəkə”yə 335 milyon manat investisiya yatırılıb - 2007-ci ildə 60 milyon manat, 2008-ci ildə 120 milyon manat, 2009-cu ildə 50 milyon manat, 2010-da 55 milyon manat və nəhayət, 2011-ci ildə 50 milyon manat.

“Bakıelektrikşəbəkə” ASC-nin “Azərenerji” ASC-yə 2011-ci il fevralın 1-nə olan balans və balansarxası hesablar üzrə 83 mln. manat kreditor borcları Nazirlər Kabinetinin qərarı ilə silinib.

Konstitusiya Araşdırmaları Fondunun direktoru Əliməmməd Nuriyev deyir ki, qanunvericilik yaxın qohumların nəzarətində olan şirkətlərlə tender müqaviləsi bağlanmasını qeyri-mümkün edir:

“Burda açıq-aşkar maraqlar toqquşması baş verib. Təəssüf ki, Bakıelektrikşəbəkə ilə yanaşı bir çox təşkilatlarda da dövlət satınalmaları ilə bağlı qanunun normaları pozulur. Tenderlərdə qohumlar iştirak edirsə, onda bərabər şəraitin yaradılmasından söhbət gedə bilməz. Beləliklə də, milyonlarla vəsait səmərəsiz surətdə dağıdılır. Ümumiyyətlə, qanuna görə, icra strukturunda çalışanlar biznes fəaliyyətilə məşğul ola bilməz. Amma bir tərəfdən Bakıelektrikşəbəkənin səhmləri hamısı dövlətin səhmləridir, digər tərəfdən təsərrüfat hesablı çalışır. Bununla belə, o, biznes fəaliyyətini dayandırmalıdır”.

Bakıelektrikşəbəkə ASC-nin rəsmiləri Baba Rzayevin dövlət vəsaiti hesabına şəxsi biznesini inkişaf etdirməsi ilə bağlı suallarımızı cavablandırmaqdan imtina ediblər.

2011-ci ilin yanvarında prezident tərəfindən elan olunan anti-korrupsiya kampaniyası Bakıelektrikşəbəkə ASC-dən yan keçib. Hətta prezidentə bu dövlət qurumundakı vəziyyət barədə məlumat verilsə də.

XS
SM
MD
LG