Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:12

Azad Qaradərəlidən yeni roman: "Kuma-manıç çökəkliyi" (Əsərdən parça)


Yazıçı Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” adlanan yeni romanından bir parçanı “Oxu zalı”nda təqdim edirik.


Azad Qaradərəli


KUMA-MANIÇ ÇÖKƏKLİYİ

(Romandan parça)

...Qatarda geri qayıtdıqca hardansa yadıma atam düşür. Mən bu kişini heç görməmişəm. Kimdən soruşdum, “yoxa çıxdı” dedi.

Anam isə heç onun adını tutmaq istəmir. Vay-vaylıdı ki, adını çəkim, özünü çırpır yerə, başını yolur, zülüm-zülüm ağlayır.

Mən də ki, anamı çox istəyirəm axı. Olmaz ki, vardan-yoxdan bircə anam olsun, onu da incidim. Amma neyləyim, əlimdə deyil ki...

Atam düşür axı hərdən yadıma. Mən daşdan-torpaqdan yaranmamışam ki. Nolsun, lap elə qoy avara adam olsun, piyanska olsun, quldur olsun... Dursun demişkən dəvəgötüyağlayan olsun... nə olur olsun, atamın kim olduğunu bilmək istəyirəm.

Hələ o Sabir adına texnikumda mənə ərizə yazdıranda Adış müəllim elə belə dedi: “Bax, burdan da atayın adın yaz.” Mən diksinib babamın gözünün içinə baxmışdım. O da göz qapaqlarını qapamışdı: yəni yaz.

Bir gün gələcək, məndən soruşacaqlar ki, atan kim olub, haralı olub, harda ölüb, qəbri hardadır? Bəs mən onda nə cavab verəcəyəm? Hələ bu yaxınlarda babamgildə əlimə bir kitab keçdi, “Qarabağnamə” adında. Baharlı adında birisi yazmışdı. Otuz-qırx səhifəlik nazik kitab idi. Baharlı sözü çəkmişdi məni. Axı mənim ana babam – Haşım kişi baharlılardan idi. Demək, babalarımın bir qolu bunlar olmalıydı. Başladım kitabı oxumağa. Bu cümlələr diqqətimi çəkdi:

“...Bir də nəql edirlər ki, əvvəl İbrahim xanın canişini Məhəmmədhəsən ağa imiş. Səkkiz ay İbrahim xandan qabaq mərhum olub. Amma həmişə İbrahim xan Məhəmmədhəsən ağa ilə yaxşı deyilmiş və həmə vəqt aralarında ədavət olarmış. Hər dəm bir qoşun çəkib gələrmiş ki, gərək mənim vilayətimdən çıxıb gedəsən. Belə ki, o vaxt İbrahim bəy İbrahim xanın qulluğunda olurmuş və Mirzə Haşım mərhum Məhəmmədhəsən ağanın qulluğunda imiş. Həmin iki qardaş bizim atamızın əmiləridi və onlardan nəql olublar...”
Mən həmin bu kitabdan oxuduğum yeri babama göstərəndə kişinin dodağı qaçdı, bir xoşbəxt təbəssüm qondu sifətinə ki, iki göz gərəkdi tamaşa eləsin. Fəxrlə məni süzüb dedi:

-Oğul bala, görürəm, fərasətdi uşaxsan, gələcəyin yaxşı olar, inşallah. Bu dediyin əlyazmasının əsli Matendarandadır. Şuşada bizim nəsildən olan bir alim var, nə vaxtdır çapa hazırlayıb, çap eləmirlər. İki cilddən ibarətdir. Mən də özümüzə aid olanı - Baharlınınkini cildləyib, kitab kimi eləmişəm. O dediyin adamlar bizim ulu babalarımız olub. Elə Zəngəzura, Baharlıya da Şuşadan gəlmişik. Bu bir az uzun söhbətdi, böyüyəndə oxuyub biləssən...

Babam sosiskaları, bişmiş yumurtaları, armud limonatlarını yığır vaqondakı stola və deyir:

-İrəli otur, yeyəy, yıxılax yatax.

Bu limonaddan dəhşət xoşum gəlir, hələ desən o sosiskadan ötrü də ürəyim gedir. Amma içimdə bir dərd gəzir, sıxır damarlarımı, hər şeyi gözümdən salır. Elə bil yumağa dönmüşəm. Qəfildən soruşuram:

-Maa dədəmnən danış... Ona nə olub? Niyə itkin düşüb? Qəbri varmı?.. Mən bılları nənəmnən soruşa bilmirəm... Pis hala düşür, qorxuram... Amma sən gərək bılları maa deyəsən...

Kişinin elə bil ipi qırılır. Nə isə guppultuynan içinə düşür. Gülməyin, vallah mən o səsi eşitdim də. O içinə düşən şeyin ağırlığından əyilir. Əlindəki limonatın biri düşür yerə, amma sınmır... Və o da başa düşür ki, mən hər şeyi indicə bilməliyəm...

EYLASIN İTKİN DÜŞMƏYİ

Haşım babam qarabəniz kişi idi. Amma indi kömür kimi qaralmışdı. Deyilənə görə, onun içində bəylik qüruruyla yanaşı bir bəy qəzəbi də varmış. Ona görə gözləri qızanda adam da öldürər, uf deməz beləsi. Nə bilim, bəlkə dədəmi də elə bu zəhmli kişi öldürüb? Amma niyə?

Tappıltıyla yerə düşmüş limonatı götürüb qoydu kupenin ortasına uzanmış stolun üstünə. Sonra yalnız ikimizin eşidəcəyi səslə (kupedə bizdən başqa da adamlar vardı, amma onlar bizə tərəf heç baxmırdılar da) dedi:

-O bizdəki meşin cildli kitab yadındadı? “Qarabağnamə”ni deyirəm?

-Hə... yadımdadı... babanızın da tarixi vardı orda...

-Hə, bax, o kitabda, Baharlının, bizim babamızın, elə sənin də babandır o kişi, yazdığı o kitabda belə yer vardı ki, başlayırdı Şuşanın məhəllələrini sadalamağa: Yuxarı məhəllə - Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamam qabağı, Təzə məhəllə, Qurdlar, Seyidlər... nə bilim axı daha hansı xarabalar və sonda doqquzuncu məhəllə Çöl-qala, yaxud Cuhudlar məhəlləsidir ki, Baharlı kitabında yazır: “O cəhətə görə bu adı sair məhəllələrin adamları bunlara qoyublar ki, bu məhlədə bir kişi varmış. Öz qızının qurumsaxlığın edərmiş. O kişinin adını Cuhud Rəhim qoyublar və məhəllə o gorbagorun adı ilə adlanıb.”

Kişi dayanıb alaqaranlıqda üzümə baxdı ki, görsün mən bir şey anladım, ya yox. Amma mən, deyəsən qanmışdım. Ona görə səksəkə içində dedim: “Qız qalası” əfsanəsindəki kimi?” O da mənim belə ayıq olmağıma bilmədi sevinsin, yoxsa kədərlənsin – eləcənə devikə-devikə dedi: “Hə, təxminən elə.”

Və başladı dədəmin əhvalatını...

***

Eylas Kannıcada on bağlama yarpaq qırdı. İki dəfə yüklədi ata, daşıdı Asyanın anasıynan barama qurdu tökdükləri tövlələrə, məktəbdəki emalatxanaya, filana. Özü də bu dəfə elə eləməliydilər ki, daha bağ-bağatda tut qalıb gərləyib xarab olmasın. Onunçün də nə var ovxarlı dəhrəylə qırıb tökürdü yerə. O qırdıqca Asya da əlindəki gül dəhrəsi ilə (dəhrənin balacasına deyirdilər) gülləyib, üst-üstə yığırdı şumalları.

Qız hərdən əyilib yerdən şumalları götürəndə ağappaq baldırları görsənirdi və az qalırdı, Eylas özünü ağacın başından yerə atsın. Üstəlik də, neçə vaxtdı, Zəriş onu yaxına qoymurdu – bu gün, sabah doğacaqdı, uşağa bir şey olmasından qorxurdu. Qabaqkı vaxtlar olsaydı atnan-eşşəknən nəfsini öldürərdi. Amma indi...

Özünü danlayır, söyür, onu çörəyə calamış kişinin qızına əyri gözlə baxdığına görə ovxarlı dəhrəni başına vurmaq istəyirdi. Amma başına deyil, bu fikir-xəyalda ikən sol əlinin baş barmağına vurdu və bir anda qan onu bürüdü. Qan elə axırdı ki, ağacdan necə düşdüyünü bilmədi.

Asya da onun belə hövlnak düşməsini və əlinin qanının şorlamasını görüncə əvvəl qışqırdı, sonra da tez tut şivinin sivrimini soydu, soyulmuş ağ şumalın üstünü dəhrəylə qaşıyıb lifləri sulu-sulu onun yarasına basdı. Bu liflər onun yarasını yandırdığından Eylas bağırdı, amma qız onun qanının qurumadığını görüb kəsik barmağı ağzına saldı, bir müddət belə saxlayandan sonra tüpürcəyiylə lifləri yaraya basıb donunun qırağından bir şırıq çıxartdı, kibritlə yandırıb yaraya basdı və şırığın qalan hissəsiylə yaranı sarıdı və Eylasın əlinin əsim-əsim əsdiyini görüb onu sinəsinə sıxdı.

Bu vaxt oğlanın barmaqları qızın əməlli-başlı şişib irəli çıxmış döşlərinə toxundu. Eylasın onsuz da bayaqdan elektriklənən ürəyi indi haman bu barmağının başında döyünməyə başladı və qız bu döyüntünü açıq-aşkar eşidib sarı yağ kimi əridi, oğlanın – bu yöndəmsiz, yörəvəsiz adamın ona birdən-birə niyə belə doğma olduğunu və bibisi qızı Zərişin bu gədədə nə tapdığını indi başa düşdü, gözlərini yummağıyla Eylasın qucağına yıxılmağı bir oldu.

Eylasın bu qan bağında gözünü qan örtmüşdü. Bir tərəfdən əlinin yarası qanamış, üstünə-başına sıçramışdı, o biri tərəfdən də Asyanın da içindən şorlayan qızlıq pərdəsinin qanı vurub sifətinə çıxmışdı, o biri yandan da bu bağın adındakı qan sözü özü buraları qana çalxamış kimiydi.

Neçə-neçə illər qabaq bu bağda qanlı olaylar olmuş, bağ qan ucundan bir nəsildən o birinə ötürülmüş, hər dəfə də qan bağlansa da qan durmamış, axdıqca axmışdı. Buranın da adı qalmışdı Kannıca. Çayın o üzündəki kəndin adamları bura Qannıca, bu üzündə isə Kannıça deyirdilər. Köhnə kişilərsə eləcə Kannıca deyirdilər.

İndi əsr-əsr bu bağda axan qan təzədən axırdı. Özü də görmüşük ki, qan həmişə yuxarıdan aşağı axıb, amma bu dəfə həm yuxarıdan aşağı, həm də aşağıdan yuxarı axırdı. Altdakını da, üstdəkini də qan tutmuşdu, nə elədiklərini bilmirdilər. Tək bircə dəfə üstdəki bərk zərbə vuranda qız qışqırdı... Və onlar ayılan kimi olsalar da tezliklə bu nəşənin təzədən təkrarlanması hər ikisini əvvəlki hallarına qaytardı.

Hardasa uzaqda bir it bir-iki ağız ulayıb kiridi. Dalınca at kişnərtisi eşidildi. Asyanın dünyadan xəbəri yoxuydu.

Eylas isə deyəsən it və at səslərindən ayılan kimi olmuşdu. Hələ də davamlı zərbələr vura-vura qalxıb-düşsə də, bu səslərin təhlükə törədəcəyini anladığından özünü yığışdırmaq istəsə də qız onu buraxmaq istəmirdi. Amma əlləri ilə qızı torpağa sıxıb ayağa qalxdı. Əlinin açılmış sarığını bağlaya-bağlaya şalvarını yuxarı çəkdi. Qız isə hələ də nə baş verdiyini anlamayaraq arxası üstə uzalı qalmışdı.

***

Eylas iki gün meşəyə getməyə ürək eləmədi. Arada hərlənib-fırlanıb yolunu bağdan saldı. Deyəsən, qız da onu gözləyirmiş. O da gəlib ora çıxdı və bağın dərin yerlərinə çəkildilər. İkisi də əvvəl-əvvəl bir-birinə nə deyəcəklərini bilmirdilər. Amma qız deyəsən, iki gün əvvəl olmuş işin davamını istəyirdi.

Ona gərə bir az yerində yırğalansa da, birdən oğlanın sarıqlı barmağını görüb “hı” elədi, əl atıb barmağı tutdu, yoxladı və aparıb artıq bu barmağa tanış olan yerə qoydu. Və Eylasın ürəyi yenə sinəsindən çıxıb bu yaralı barmağın ucunda, sonra isə qıçının arasındakı o vaxtı-zamanı bilinməyən damarında döyünməyə başladı. Damar damarlıqdan çıxdı, batan dünyanı üstündə saxlamağa qadir olan bir dirəyə döndü. Qız yenə gözlərini yumdu və...

Allah bu “və”ni kəssin. Axı mən nə deyim ki?! Bu mənim atamın tarixidi. Buracan babam mənə danışır. Özü də bilirəm, niyə danışır... Danışır ki, mən hansı köpəyoğlunun oğlu olduğumu bilim... Mən, gərək o kopayoğlunun hansı qələti qayırdığını bilməliyəm ki, gələcəkdə o yediyi po...u yeməyim...

YENƏ KUMMUCADA

Bizim meşələrdə hər cür ağaca, kol-kosa rast gələrsən. Amma ağaclardan palıd, kollardan qaratikan bizim meşənin ən gərəkli sərvətidir. Başqaları da qiymətlidi, məsələn vən ağacı evlərin damını şiferləmək üçün şiferaltı sallamaya, sırığa çox yarayır. Şəf, zoğal kollarının bərk oduncağından balta sapı, yaba, bel sapı düzəldirlər. Allahın böyürtkəni bizim camaatın çox əlindən tutur: həm özləri mürəbbə bişirirlər, həm də yığıb satırlar. Zoğalın meyvəsi də ki, ələ düşməz. Qışda xəstələnib-eləsən, bircə qaşıq zoğal mürəbbəsiylə çay iç, tərlə, yüngülləş. Hələ zoğal arağı! Bunun heç tayı-bərabəri yoxdu.

Dedim axı, bunların hamısının yanında palıdla qaratikan əvəzsizdir. Başlayaq palıddan. Bu ağacın qırmızı palıd deyilən növü var ki, o, qiymətli mebel materialıdır. Onu Qorxmaz kişi gözü kimi qoruyardı. Bir dəfə Bakıdan gələn alim yaxşıca vurandan sonra meşədə tək-tük rast gəlinən bu ağacı qucaqlayıb ağlamış, demişdi ki, bunun kökü kəsilir, qırmızı kitaba düşəcək...

Qaldı ki, əsl palıda, o əvəzsiz yanacaq idi. İstər odun kimi, istərsə də kömür kimi. Həm də ev tikəndə qabaqlar mil əvəzinə, tir əvəzinə kəsib işlədərdilər palıdı.

Qaratikan isə... bu kənd-kəsəyin əsl abır yeriydi. Adamlar bu tikanlı kolu dəhrəylə qırar, ata-ulağa, sonralarsa yük maşınına yükləyər, gətirib həyət-bacalarını çəpərləyərdilər. Son vaxtlaracan kəndlərdə evləri həyət-bacasını da qaratikanla tutardılar. Bu bir qədər yaraşıqsız, kor-kobud görsənsə də, hər halda ailələrin abır-həyalarının qorunmasında əvəzi yoxdu.
Amma bu zəhrimar q
aratikanın tikanı batan yer elə zoqquldayardı ki, ağrı adamın ürəyinə işləyərdi. İsfəndiyar kişinin dəyirman qabağındakı bağından alça yığmağa girəndə ayağıma batan tikanın ağrısından iki gecə səhərəcən yata bilməmişdim uşaqlıqda.

***

Gecəynən yola düşmüşdülər. Qorxmaz kişi alabaşın meşədəki dəyəsindən zənciri açmış, onun ayaqlarına kündə vurmuşdu. Özü də elə eləmişdi ki, bu, onun rahat yeriməsinə mane olmurdu. Beləcə Qabaqda Eylas, arxada çiyni tüfəngli Qorxmaz atının üstə Şükürataz səmtə yol almışdılar.

Alçalı talaya az qalmış dayandılar. Kişinin yadına düşdü ki, Miyan dərə səmtdə qaratikan olmur. Ona görə burda düşürlər. Alçalı taladakı qaratikanlıqdan iki vələ qancıq qaratikan qırdırdı Eylasa.(Cavan, tikanları sərt olana belə deyirdilər) Sonra tikanı çatıyla şəllədi Eylasın dalına və başladllar yollarına davam eləməyə. Hərdən dayanıb dinclərini alsalar da, şələni dalından almırdı. Belə yaxşıydı: həm onun sifətini görmürdü, həm də iki saatdan bir şələ şəlləməyəcəkdi ki.

Özü də elə yerlə gedirdilər ki, qabaqlarına ins-cins çıxmasın.

Günorta üstü köhnə alaçıq yerlərinə çatdılar. Buralar Bartaz yurdu sayılırdı. Daş başı deyilən yerdi. Bartaz camaatı alaçıqlarını burda qurardılar. Təxminən bir saatdan sonra Lalalıya çatacaqdılar. Sonra nə qalır ki? Bir papiros çəkiminə Kummucaya enəcəklər.
Öz yurd yerlərində dayandılar. İki sutka yol gəlirdilər, hələ bir kəlmə də kəsməmişdilər. Elə bil ömür-billah danışmayan adamlar idilər. Söz yox olmuşdu. Ağız tərpənmir, dil dönmürdü – şərməndə idilər.

Kişi yurd yerlərinin birində oturdu. Əyilib torpağı əliylə sığalladı. Alaçığın qıraqlarına düzdüyü daşları da tumarlamağı unutmadı. Sonra qalxıb atını yedəyinə aldı. Yerişinə haram qatmadan irəlilədilər.

Gün əyilmişdi. İşi tez qurtarmaq, gecəyə düşmədən geri dönmək lazımdı. Ona görə ayaq götürüb yarım saata Kummucaya çatdılar. Qorxmaz kişi işarə elədi ki, qaratikan şələsini yerə qoysun. Sonra atını çidarlayıb otlamağa buraxdı. Gəlib tüfəngini sazladı, heç vaxt Eylasın eşitmədiyi səslə - hansı ki, bu heç adam səsinə də oxşamırdı – dedi:

-Tikanı yay!

Eylas tikanı üç lay eləyib yan-yana qoydu.

-Soyun!

O əvvəl pencəyini, sonra köynəyini çıxartdı. Kişi bu dəfə eyzən ayı kimi gumuldandı:
-Şalvarı, işdanı da!

Onları da çıxartdı. Amma tez də əlini şeyinin üstünə qoydu. Deyəsən utanmaq hissi hələ onu tərk etməmişdi.

Bayaqkı səs yenə guruldadı:

-İndi ayaqqabıları çıxart!

Çıxartdı. Oldu lüt-anadangəlmə.

-Gir tikanın içinə, ayaqla!

Başladı tikanı ayaqlamağa. Ayağından, baldırından, bir az yuxarı dalının yumşaq yerindən axan qan onun bədənində qəribə naxışlar açırdı. Arada özünü saxlaya bilmir, üzü üstə tikanın içinə yıxılırdı. Onda qıçının arasındakı damarı, damarın altındakı xayalar, yanının-yançağının şirin əti keçirdi tikanın ağzına, oralardan da qan şorlayırdı. Sonra əlləri, qolları al-qana boyandı. Qarnı, tüklü sinəsi, kürəyi aşağı qan süzülməyə başladı.

Təxminən bir saat o, bu tikanın içərisində əlləşdi. İndi üzü-gözü də tamam qan içindəydi və tanınmaz hala düşmüşdü. Qəribə də olsa ağzından çıxası sözlər onun bədənindən çıxırdı. Bədən əsirdi, titrəyirdi, sızlayırdı, bədən dil olub dillənirdi. Ağzından isə bircə dəfə də olsun nə bir inilti, nə bir ah-uh eşidilmədi.

Bu vaxt ərzində baxışlarından zəhər-zəmbərək tökülən Qorxmaz kişi də susurdu. Kirpikləri gözlərinin üstünə elə enmişdi ki, elə bil bu gözlər günahkardılar.
Handan-hana hiss elədi ki, onun bədəni daha gücünü itirir. Elə bu qancıq qaratikanın üstündə yıxılıb öləcəyindən ehtiyatlanıb bağırdı:

-Çıx ordan!

Eylas dayanmadı, daha bərkdən qaratikanı ayaqlamağa başladı. Bunu görən kişi onu tüfəngin qundağıyla itələyib tikanın içindən çıxartdı, itələyə-itələyə gətirib pıqhapıq pıqqıldayan bataqlığın içinə yıxdı. Eylas əvvəl bir şey anlamadı. Yəqin ki, huşu özündə deyildi. Bir də ki, tikanlar göz-başını da elə hala salmışdılar ki, üzü-gözü qanın içindəydi, harda olduğunu kəsdirə bilməzdi.

Ona görə bir müddət elə yıxıldığı yerdə qaldı. Amma elə ki, başının, sonra da bədəninin yavaş-yavaş bataqlığa doğru çəkildiyini anladı, əllərini qaldırıb çapalamağa, anlaşılmaz səslər çıxartmağa başladı. Qorxmaz kişi tüfəngini ağacdan alıb tuşladı, sonra nə ağıl elədisə, atmadı.

Eləcə palçıqda “ğo-ğo-do-do-bo-bo” kmi anlaşılmaz səslər çıxarda-çıxarda batan Eylasın yuxarı qaldırdığı tək əlinin də palçıqlığa cumduğunu, onun yerində köpükcüklərin pıqqıldaşdığını görüb bir qədər yüngülləşən kimi oldu. Amma bu hal qısa sürdü. Bir an sonra o, üşütməli adamlar kimi uçunmağa, anlaşılmaz sözlər danışmağa başladı. Qulağına da səslər gəlirdi yavaş-yavaş. Elə bil Kummucada batan adamların ruhları hamısı birdən dil olub dillənirdilər:

-Ooooooooooyyyyyyyyy! Uuuuuuyyyyyyyy!

Atına necə mindiyini, kəndə tərəf necə sürdüyünü bilmədi. Bir onu bildi ki, qayışını açıb özünü atın yəhərinə sarıyır ki, yıxılmasın.

At da ki, üstündəkini tanıyır axı. Bilir ki, onun halı dəyişib. Gərək sahibini mənzilə sağ-salamat çatdırsın. Ona görə ayaqlarını aramla götürüb-qoyurdu...
XS
SM
MD
LG