Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:59

Elmar Şahmar. Sevgiyə elegiya


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğundan


Elmar Şahmar


Sevgiyə elegiya

...uçmaq həvəsilə doqquzuncu mərtəbədən atılan qadın
nəzərə almamışdı
ömrünün qalan hissəsini sürünərək yaşamaq ehtimalını
ömrünü sürünərək yaşadığı üçün...

... saçları ağaca ilişdi...

...ilk baharın ilıq küləyilə nəfəslənən ağac
qışın soyuğundan ayrılmağına sevinsə də
unutmuşdu
yenicə açılmış çiçəklərinin töküləcəyini...

... yarpaqları da tökülüşdü...

...çiçəklər üstündə qadın cəsədi görüb
kədərləndi
skamyada əyləşib krossvord həll edən qoca
“ölüm qorxusu?” sualına cavab axtarmaq üçün
gəzişib geri döndüyündə...

... cavab yadına düşdü...

...əlində telefon, gözlərində Günəş
sevgilisindən zəng gözləyən qızkən
baxmaq istəmirdi
qarşısındakı oğlanın “səni sevməyə hazıram!” baxışlarına
Günəş onu kor etdiyindən...

... bəlkə də gözləri qamaşmışdı...

...təkbaşına darıxan qızcığazla oynamaq üçün
yanına qonmağa hazırlaşan quş
ölsə də inanmazdı
balaca əldəki balaca daşa qurban gedəcəyinə...

... o bayaq uçan quşdu...



Bağışla

Səni sənə bağışladım,
məni mənə bağışla...
Min dəfə mən bağışladım,
bir dəfə sən bağışla...

Elə bil ki, sinəmdəki
ürəyim yox, nəyimdi,
Bir qüsurlu ürəyim var,
qüsuru sevməyimdi.

Unut, məni bu sevgidən
dönə-dönə bağışla...
Unutmasan, gəl başıma
dönə-dönə bağışla...

Səmaya bax, o gördüyüm
duman deyil, ahımdı,
Səni günahsız sevməyim
ən böyük günahımdı.

Ya sus, odlu gözlərinlə
dinə-dinə bağışla...
Ya da danış, eşq odundan
sönə-sönə bağışla...

Gücüm çatmaz tək daşıyam
həsrətinin yükünü,
Bağışlamaq böyüklükdür,
göstər böyüklüyünü.

Məni sənli xatirəli
aya, günə bağışla...
Nə qədər səhv eləsəm də,
yenə, yenə bağışla...

Səni sənə bağışladım,
məni mənə bağışla...
Min dəfə mən bağışladım,
bir dəfə sən bağışla...
XS
SM
MD
LG