Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:20

Hilal Məmmədovun evində təkrar axtarış aparılıb - [VİDEO]


Hilal Məmmədovun evində təkrar axtarış aparılıb
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Hilal Məmmədovun evində təkrar axtarış aparılıb

-
HİLAL MƏMMƏDOVUN EVİNDƏN NOTBUK, DVD VƏ KASETLƏR GÖTÜRÜLÜB

Hilal Məmmədovun evində təxminən 3 saat davam edən axtarış başa çatıb.

Vəkil Anar Qasımlı deyir ki, polislər axtarışı narkotik maddənin mənbəyini müəyyənləşdirmək üçün apardıqlarını bildiriblər:

«Guya evdəki kompyuterdə həmin narkotik maddənin mənbəyi ilə bağlı məlumatlar var».

Rəsmi məlumatda Hilal Məmmədovun üstündə külli miqdarda narkotik maddə tapıldığı deyilir.

A.Qasımlının dediyinə görə, axtarışlardan sonra polislər Hilal Məmmədovun qızının notbukunu, toy-nişan məclislərinin, xarici filmlərin DVD disklərini və video-kasetlərini də özləriylə aparıblar:

«Biz dedik ki, məhkəmə qərarında ancaq axtarış aparılması haqda danışılır. Evdən nəyinsə götürülməsi haqda heç nə deyilmir. Təklif etdik ki, gəlin, notbukda birgə araşdırma aparaq, görək orda hansı məlumatlar var. Sonra da bunu bir yerdə protokollaşdıraq. Ancaq onlar etiraz etdilər».

A.Qasımlı deyir ki, Hilal Məmmədovun hüquqlarını müdafiə edən ikinci vəkilin – Ramiz Məmmədovun axtarışlarda iştirakına imkan verilməyib:

«Ona dedilər ki, evi tərk etsin».

«BİZİ İÇƏRİ BURAXMIRLAR»

İyunun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda həbsdə olan «Talışı sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun evində təkrar axtarışa başlayıblar.

Anar Qasımlı
Anar Qasımlı
Bunu AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı deyib. Axtarışın saat 18:30 radələrində başlandığı bildirilir. Vəkil yalnız axtarış başa çatandan sonra detallı məlumat verəcəyini bildirib.

Ailə üzvləri isə deyirlər ki, onlar axtarışın səbəbini bilmirlər:
«Bizi içəri buraxmırlar, heç nə də deməyiblər».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə iş günü başa çatdığından bu haqda məlumat verə bilməyəcəyini söyləyib.

«HİLAL MƏMMƏDOV QEYD-ŞƏRTSİZ AZAD EDİLSİN»

Hilal Məmmədov iyunun 22-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanılıb. Məhkəmə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib. Hilal Məmmədov özü bu ittihamları rədd edib.

Azərbaycan Ziyalılar Birliyi isə Hilal Məmmədovun həbsini siyasi motivlərlə bağlayır. Birlik iyunun 25-də verdiyi bəyanatda tələb edir ki, Hilal Məmmədov qeyd-şərtsiz, təcili azad edilsin:
«Bu siyasi oyunu hazırlayan və onu icra edənlər məsuliyyətə cəlb edilsinlər».

Bəyanat müəllifləri «ictimai xadimin şərlənərək narkotiklə həbs edilməsini avtoritar və sabahını düşünməyən hakimiyyətin» işi kimi dəyərləndirir.

DİN-in rəsmisi Ehsan Zahidov isə ötən həftə AzadlıqRadiosunda bildirmişdi ki, Azərbaycanda kimsə öz peşəsinə və peşə fəaliyyətinə görə həbs olunmayıb və oluna da bilməz. Onun dediyinə görə, Hilal Məmmədovun üzərindən 5 qramdan çox güclü tərkibə malik olan narkotik vasitə aşkar olunub və buna görə saxlanıb.

İyunun 25-də Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Ora Ziyalılar Birliyi, Talış Mədəniyyət Mərkəzinin fəalları daxildir.
XS
SM
MD
LG