Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:13

Prezident Ramil Səfərovu əfv etdi [Video]


-
Avqustun 31-də Prezident İlham Əliyev Macarıstanda ömürlük həbs cəzası alan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb.

Ramil Səfərov 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyi bildirilən erməni zabitini qətlə yetirib. Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi.

Prezidentin bu sərəncamından əvvəl xəbər saytları və sosial şəbəkələrdə isə artıq Ramil Səfərovun Bakıya gətirildiyi barədə xəbərlər yayılmışdı.

RAMİL SƏFƏROV BAKIDADIR

Ramil Səfərov avqustun 31-i səhər 8-də Macarıstandan yola salınıb və artıq Bakıdadır.

Bu barədə AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev məlumat verib.

Səfirin dediyinə görə, bu əməliyyatı Ədliyyə Nazirliyi həyata keçirib:

«Bu hadisə qəflətən baş verməyib. Biz bunun üzərində aylarla işləyirdik. Bu proses əvvəldən axıra kimi Azərbaycan prezidentinin tapşırığı ilə səfirlik tərəfindən həyata keçirilib. Buraya danışıqlar, Macarıstanın rəsmi orqanları ilə əlaqə saxlanması, ekstradisiyanın detallarının aydınlaşdırılmasını daxildir».

«O GÜNƏ DÖNMƏK İSTƏMƏZDİM»

Beləliklə də, Ramil Səfərov Hava Limanından cəza çəkmək üçün həbsxanaya yox, birbaşa ata evinə yollandı. Burda onu qohumları, dostları və jurnalistlər gözləyirdi. Jurnalistlərə müsahibəsi isə qısa oldu:

- 8 il yarım qürbətdə, təkadamlıq kamerada, hər halda özünüz də təsəvvür edə bilərsiniz. Çox söz deməyə ehtiyac yoxdur.

- Geri dönəndə o gün barədə nə düşünürsünüz?

- O günə dönmək istəməzdim.

Ramil Səfərov deyib ki, azadlığa buraxılacağı və Bakıya ekstradisiya olunacağı onun üçün gözlənilməz olmayıb:

- Dövlətimizin, xalqımızın qayğısını hər an hiss edirdim. Hər şeyi demək olmurdu. İşlər gedirdi, hər şeyi açıqlaya bilmirdik. Hər halda, bu, anlayışla qarşılanmalıdır. Bir də qeyd etmək istəyirəm ki, dövlətimizin qayğısını hər an hiss edirdim.

«RAMİL AZAD OLUNACAĞINA İNANIRDI»

Deputat Qənirə Paşayeva:

«Gözlənilən idi. Dövlət əlindən gələni edirdi ki, Ramil azadlıqda olsun. Cəmiyyət hər zaman maraqlanırdı ki, o, nə vaxt Bakıya gətiriləcək. Ancaq bu uzun bir prosedur idi, aparılan işlər var idi. Ramillə hər zaman telefonla danışırdıq. Mən onu həbsxanada ilk ziyarət edən insanlardan biri idim. Özü də inanırdı ki, Azərbaycan onun azadlığa çıxması üçün əlindən gələni edəcək. 4-5 gün əvvəl danışmışdıq. Deyirdi inanıram ki, azadlığa qovuşmağıma lap az qalıb. İndi o, artıq evindədir».
XS
SM
MD
LG