Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:15

Hamımız bir bataqlıqda yaşayırıq... (İradə Musayevaya cavab)


Hicran Hüseynova
Hicran Hüseynova
-

...Xırda qeybət, dedi-qodu janrından tutmuş indi dəbdə olan küçə sözlərinəcən ensə, bəyənərsənmi “Ulduz”u?


Diqqəti bayağı dizayna, söyüş, qeybət yazılarına, yaxud seks simvollarının ədəbdən kənar şəkillərinə ayırmaqla tiraj qaldırmaq kimə gərəkdir?..


“Ulduz” jurnalının publisistika şöbəsinin redaktoru Hicran Hüseynova "Oxu zalı"na göndərdiyi bu yazısı ilə İradə Musayevanın junal haqda tənqidlərinə cavab verir.


Hicran Hüseynova


HAMIMIZ BİR BATAQLIQDA YAŞAYIRIQ...

sadəcə, bəzilərimiz ulduzlara baxır


Su daşı ona görə deşmir ki, daşdan bərkdir, ona görə deşir ki, aramsız olaraq bir yerə damır.

Bu fikri xatırlayanda paralel olaraq H.Zərdabi, ilk mətbu orqanımız “Əkinçi” qəzeti düşür yadıma. Bir də... “Ulduz” jurnalı.

Nə qədər qəribə də olsa, mənə doğma, bütün mətbu orqanlarından bir köynək yaxın olanlar məhz bunlardır.

Hələ tələbə ikən qrupda gələcək jurnalistlər arasında kimin hansı sahəni seçəcəyiylə bağlı sorğu keçirilirdi. Kimi radio-televiziyanı, kimi nəşriyyatı, kimi tərcümə sahəsini, kimi qəzeti seçdi. Mənsə 6-cı hissin diqtəsiylə hamının təəccübünə səbəb olan konkret ünvan göstərdim - “Ulduz” jurnalı.

İllərdir bütün gözəllik və nöqsanlarıyla mənə doğma olan “Ulduz”dayam və jurnalın ünvanına deyilən hər sözə cavab verməyi özümə borc bilirəm. Tənqidçi İ.Musayevanın yanaşması isə məni çox təəcccübləndirdi.

Qeydlərimə İradə xanımın bu fikirləriylə başlayacam: "Jurnalın baş redaktoru
"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli
"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli
E.Hüseynbəyli "Azərbaycan cəmiyyətində nə baş verirsə, elə "Ulduz" jurnalının özündə də eyni proseslər baş verir" cavabı ilə jurnalın özünəməxsus bir prinsipial növqe tutmadığını açıq-aydın hiss etdirir".

Bu nə deməkdir, İradə xanım, izah edə bilərsinizmi? Doğrudanmı elə düşünürsüz ki, "Ulduz" jurnalı Azərbaycan cəmiyyətindən kənarda mövcuddur, cəmiyyətdəki proseslərin ona heç bir isti-soyuğu yoxdur?

Bir vaxtlar, hələ çox gənc ikən mən də sizin kimi düşünürdüm, sonralar kamilləşdikcə anladım ki, cəmiyyətdə yaşayıb onun normalarından kənarda fəaliyyət göstərmək mümkün deyil.

Məgər hamımız ayrılıqda bütöv bir tamın zərrələri deyilikmi? Əlbəttə, o başqa söhbətdir ki, hər birimiz üzvü olduğumuz cəmiyyətin, ictimai sferanın kəm-kəsirlərini görüb, bacardığımız qədər aradan qaldırmağa borcluyuq. Ancaq biz "Molla Nəsrəddin" kimi satirik jurnal hazırlamırıq ki, qamçılamaqla tərbiyə edək.

Biz ədəbiyyat nümunələrini - cəmiyyəti, yaşadıqlarımızı özündə əks etdirən ədəbi məhsulu qoyuruq ortaya. Yaşadıqlarımızsa hamıya məlumdur - Qarabağ itkisindən tutmuş mənəvi aşınmalara, yaxud, dediyiniz kimi, məişət sıxıntılarına qədər.

Ekologiyasından ideologiyasına qədər problem içində çabalayan cəmiyyətdə arzu olunan ədəbiyyat yəqin ki, dərdləri unutmaq, baş qatmaq məramlı seks ulduzlarının həyatından bəhs edən yazılardan ibarət olmalıydı. Yaxud, Ə.Əylislinin dediyi kimi, "Alatoran" səviyyəsində nəsə...

Sizi xeyli vaxtdır tanıyıram. Yeknəsəq, monoton adlandırdığınız "Qadın sözü" rubrikası bir neçə il əvvəl şəxsən sizin diqqətinizi çəkməsəydi, o boyda auditoriyada (çalışdığınız Qızlar Universitetində) ""Arvad ölmüş" olmaq istəməyənlərə" adlı yazımın müzakirəsini təşkil etməzdiz.

Yadınıza salıram, o yazını belə bitirmişdim: "Mən sizləri kübar xanımlar kimi görmək
"Ulduz" jurnalının gənclər hazırlayan saylarından biri
"Ulduz" jurnalının gənclər hazırlayan saylarından biri
istərdim. Kübarlıq, xanım-xatınlıq, intellekt yaxşı qadın, yaxşı ana olmağa mane olmur, əksinə xidmət edir." Bir də xanım oxucularımıza məsləhət görmüşdüm ki, bu yazını saxlayıb 20 ildən sonra oxusunlar, fikirlərimin həmişə təzə və gərəkli olduğuna əminliyimdən. Məgər bu gün Azərbaycanda gender problemi, qadın diskriminasiyası yoxdur?

Özüm haqda çox danışıb "mən,mən" demək fikrində deyiləm, ancaq tənqidçi, həm də dediyinizə görə, "Ulduz"u davamlı olaraq izləyən tənqidçi kimi sizdən soruşmaya da bilmirəm: Qarabağ mövzusunda yazdığım, ən böyük həqiqəti ortaya qoyan, gözəl bədii dili, üslubuyla fərqlənən "Qaçqınçılıq" hekayəsi haqqında niyə yazmadız, mən ki əsərin sonunda belə bir müraciət etmişdim: "Tənqidçi istəyirəm bu hekayəni analiz etsin".

""Ulduz"un 45 illik həyatındakı bərbad materiallar"ı görəndə dəyərli yazıları da görməməyiniz birtərəfli mövqeyinizdən xəbər verir.

İndi də niyə məhz "Ulduz"un bu qədər tənqid, qınaq obyekti olmasından danışacam. Hamıya bəllidir ki, jurnalımız çox demokratik jurnaldır. Öz qapılarını hamının üzünə açır, məhz bu səbəbdən də onun bütün siması mətbəxiylə birgə üzə çıxır. Axı hamı hər kəsi evinə buraxmır.

Əlbəttə, biz "Ulduz"un ideal şəkildə nəşr olunmasını iddia etmirik. İdeal heç nə olmur. Azərbaycan cəmiyyəti 80-ci illər cəmiyyəti deyil. Azərbaycanda bu gün hansı jurnal bir neçə min tirajla çıxır?! Diqqəti bayağı dizayna, söyüş, qeybət yazılarına, yaxud seks simvollarının ədəbdən kənar şəkillərinə ayırmaqla tiraj qaldırmaq kimə gərəkdir?

“Ulduz”u köhnəlikdə, əvvəlki şöhrətini itirməkdə qınayanları belə bir məntiqi söhbətə dəvət edirəm.

- Sovet dövründə az da olsa yaşayan oxucu, o vaxt “Ulduz”u necə əldə edirdin, burdan başlayaq.

- ...

- Mən sənə kömək edim. Bütün dövlət müəssisələrində məcburi abunə yazılışı sistemli şəkildə mövcud idi. Hər ilin əvvəlində ölkədə çap olunan qəzet-jurnalların siyahısı olan kataloq sənə təqdim olunurdu. Bunlardan ruhuna yaxın olanını yarıkönül seçib pulunu verməliydin. Nəyi seçirdin, daha doğrusu, nələri?

- ...

- Əlbəttə, Sov.İKP MK-nın qərarlarıyla, hansısa sağıcını, toxucunun qeyri-adi əmək
İradə Musayeva
İradə Musayeva
göstəriciləriylə səhifələri doldurulmuş “Kommunist”, “Sovet kəndi” və s. qəzetləri yox, asudə vaxtlarında vərəqləyib mənəvi rahatlıq tapmaqçün “Ulduz”u seçirdin. Və seçməliydin də. Çünki abunə məcburi idi.

(yəqin ki, gülümsəyəcək, “doğrudur” deyəcəksən.)

- İndi isə məcburi maarifləndirmə üsulu tətbiq edilmir və deməli, heç oxumadan belə “Ulduz”a pis demək olar?

- ...

- Oxucu dostum, əgər bazarçün işləsə, xırda qeybət, dedi-qodu janrından tutmuş indi dəbdə olan küçə sözlərinəcən ensə, bəyənərsənmi “Ulduz”u?

- ...

- Geniş oxucu kütlələrinin diqqətini başqa cür çəkmək olmaz, düz deyil? Üstəlik, ədəbi jurnal olan “Ulduz” kütlə üçün nəzərdə tutulmayıb axı...

- ...

Yenidən sizə üz tuturam, İradə xanım. Bütün gənc müəlliflər "Ulduz"da çap olunub. İldə bir neçə sayın onların ixtiyarına verilməsi də yenilikdir. Sosial şəbəkələrin bu qədər dəbdə olduğu bir dövrdə nədən əlimizdə çıraq istedadlı gənc axtarışına çıxmalıyıq?

Ədəbiyyat çığırtını, qaraqışqırığı sevmir, ədəbiyyat yaradıcılıqdır. Yazan kəs sakitcə öz hücrəsinə çəkilib yazır, istedadsa - mənə qədər çox deyilib - qaynar bir bulaqdır, harda olsa, özünə yol tapıb üzə çıxacaq. Dediyiniz kimi, bu qədər informativ mühitdə axtarış aparmağa ehtiyac görürsüzsə, siz də tənqidçi olaraq bizə qoşulun, ancaq ədalətli yanaşma prinsipləriylə.

Az qala yadımdan çıxmışdı. Redaktorların siyahısını təqdim edəndə də yanlışlığa yol
"Ulduz"un gənclər hazırlayan son sayı
"Ulduz"un gənclər hazırlayan son sayı
vermisiz. Məsələ ondadır ki, “Ulduz”un ilk baş redaktoru kimi təqdim etidiyniz C.Novruz jurnala 1967-ci ilin may ayından rəhbərlik edib. Ilk 5 nömrəni isə yazıçı-publisist, ictimai xadim Yasif Nəsirli hazırlayıb (Üz qabığında baş redaktorun, məsul katibin, şöbə müdirlərinin adı yox idi). Bu mövzuda C.Novruzun oğlu Müşfiqlə də çox mübahisəmiz oldu. Sonda sübut kimi Azərbaycan Yazıçılar İttifaqının 19 may 1967-ci il tarixli 64 nömrəli əmrini arxivdən taparaq yazımın tərkib hissəsi kimi çap etdirdim:

“Cabir Novruz yoldaş may ayının 15-dən “Ulduz” jurnalının redaktoru vəzifəsinə təyin edilsin. Həmin gündən C.Novruz “Azərbaycan” jurnalından ədəbi işçi vəzifəsindən azad edilsin.

Azərbaycan Yazıçılar İttifaqının katibi İ.Qasımov"

Necə deyərlər, faktlar yaman tərs şeydir. Odur ki, nəinki 5 nömrəyə, heç 1 məqaləyə çəkilən əziyyəti də heçə endirmək olmaz. Jurnalımızı diqqətlə oxumuş olsaydız, ““Ulduz”un sabiq baş redaktorları” silsilə yazılarımdan dediklərimlə tanış olardız.

Sonda sizinçün təzə olan bir informasiya da verim, Daha “Ulduz” oxucularının yaxası ömrünün son 19 ilini çadırlarda keçirən Mətləb Misirin əlində qalmayacaq – o, artıq çoxdan haqq dünyasındadır.


Polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana yollaya bilərlər: oxuzali@azadliqradiosu.az
XS
SM
MD
LG