Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

Yusif Səmədoğlu "Qalaktika" (Hekayə - ilk dəfə elektron formatda)


-

- Mən də son vaxtlar yaman qorxulu yuxular görürəm.

- Nə görürsünüz?

- Görürəm ki... Hə, misal üçün, görürəm ki, balaca-balaca buynuzlu adamlar bizim evə girib «Şalaxo» oynayırlar. Sonra da məni yeməyə başlayırlar. Belə-belə dəhşətli yuxular...



Yusif SƏMƏDOĞLU


QALAKTİKA

Krımdan, astrofiziklərin elmi sessiyasından qayıtdığım gündən birinci dəfə idi ki, axşamüstü evdən çıxırdım.

Seyrək dumana bənzər yüngül hava qatı, şəhərin cizgilərini yumşaldır, nəhəng binalar elə bil yüngülləşirdi. Bir neçə dəqiqənin içərisində perspektiv dəyişir, yaxınla uzağın arasındakı məsafə xeyli uzanırdı. Orda-burda yanmaqda olan işıqlar günəşin hələ solub qaralmağa başlamamış son şüaları içərisində elə məyus-məyus şölələnirdi ki, adamın ürəyi sıxılırdı: elə bil şəhərin üstünə eyni zamanda həm qaranlıq, həm də işıq çökürdü.

Bakı sanki xəyala dalırdı.

Bircə saat bundan qabaq Südabə xanım zəng eləyib Kərimin xəstələndiyini xəbər verməsəydi, mən bu axşam da evdən çıxmayacaqdım.

Kərim... son aylar tez-tez xəstələnir. Ürəyi yazıq kişini lap əldən salıb. Bir belə həkimin, dava-dərmanın da xeyri dəymir. Kərimi müalicə edən professorla son dəfə söhbət etdiyim gündən gərək ki, ikicə ay keçir. O zaman professor mənim sualıma çox qəribə cavab vermişdi: «Həştaddandır». Həkimlər əlacsız qalanda həmişə bu sözdən yapışırlar, zarafata salırlar. Bircə kəlmə... və hökm verilir. Yəni gözləyin, özünüzü hazırlayın, günlərin birində... Eh, nə isə! Bu, nə mənim, nə də o eynəkli professorun iradəsindən asılıdır. Heyf sənə, Kərim müəllim!

...Qapını Südabə xanım açdı.

- Tez olun, tez olun, - dedi. Yaman əsəbiləşib. Bayaqdan sizi gözləyir.

Mən plaşımı çıxarıb Südabə xanımın keçən il Mərakeşdən gətirdiyi asılqanın əyri buynuzlarından birinə keçirdim. Südabə xanım kabinetin qapısını ehmalca itələdi.

Kərim başının altına iki yastıq qoyub divanda uzanmışdı. Səsə gözlərini açdı. Məni görən kimi əvvəlcə qolundakı saata baxdı, sonra gülümsünüb yerində dirsəkləndi, deyəsən, qalxmaq istədi. Lakin Südabə xanımın məzəmmətlə baxdığını görüb qalxmadı.

- Professor, adam-adamı bir belə gözlədər? Vallah səndə insaf-zad yoxdur.

- Bağışla, Kərim, işim vardı.

- Yaxşı, yaxşı, gəl əyləş. Qorxma, daha deyinməyəcəyəm.

Mən stullardan birini çəkib Kərimin yanında oturdum.

- Çayla necəsən, subay oğlan?

- Bir stəkan içərəm, yanında mürəbbəsi də olsa.

- Sənin köhnə xasiyyətindir. Bir stəkan deyib on stəkan içirsən, -deyə Kərim başını döndərib arvadına baxdı. - Südabə, tez bizə əla bir çay hazırla, yanında da zoğal mürəbbəsi.

Südabə xanım küncə qoyulmuş alçaq və girdə stolun küncündən kitabları götürüb pəncərənin qabağına yığdı, stolu parketin üstündə sürüşdürərək mənim yanıma çöküb otaqdan çıxdı. Çay gəlincəyə qədər heç birimiz danışmadıq.

Kərimgilə gələndə ilk dəqiqələr mən həmişə özümü narahat hiss edirəm. Bu evin hər bucağında nəzərə çarpan səliqə, təmtəraq mənim gözlərimi qamaşdırır. Hər dəfə də mənə elə gəlir ki, Kərimgilə yox, teatra gəlmişəm və cəmiyyətin yaratdığı şərtiliklərdən birini pozub nimdaş paltar geydiyim, üstəlik də gecikdiyim üçün hamı barmağı ilə məni göstərib pıçıldayır: «Əcəb mədəniyyətsiz adamdır!»

Deyəsən, bunu Kərim də hiss edirdi. Çünki həmişə mənim başımı aşağı salıb dinməz-söyləməz və bir az da bikef oturduğumu görəndə tez sükutu pozub ordan-burdan danışmağa başlayardı. Əksər hallarda o, yazı stolunun yanında, iri, qırmızı radio cihazına bitişik qəfəsin içindəki bülbüllərindən söhbət salırdı. Bir neçə dəfə zarafatyana mənə demişdi ki, o, xəstələnəndə bülbüllərin də qanı qaralır, bütün günü susurlar. Doğrudan da indi tavanın ortasından sallanmış göy abajurlu lampanın işığı altında rəngini dəyişib mavi tülə bürünmüş kimi görünən bülbüllərin heç biri qımıldanmırdı. İndi bu kiçicik quşların görkəmində qeyri-adi və sirayətedici bir hüzn vardı. Mən Kərimin evdə bülbül saxlamasından həmişə narazı olmuşam. Nəyə lazımdır? Allahın dilsiz-ağızsız heyvanı dünya işığına həsrət qalıb dörd divar arasında niyə çürüsün?.. Amma bu barədə indiyəcən Kərimə bir kəlmə də deməmişdim.

Südabə xanım çay gətirdi. Büllur stəkanları, gümüş qaşıqları stolun üstünə düzdü. Zoğal mürəbbəsini ortalığa qoydu.

Yaxşı dəmlənmiş ətirli çaydan bir-iki qurtum içən kimi elə bil yüngülləşdim, özümə gəldim. Evdə çayı əməlli-başlı dəmləməyə hövsələm çatmırdı...

Bir azdan boş stəkanı nəlbəkiyə qoyub «əcəbdir», - dedim. Südabə xanım stəkanımı doldurdu. Kərim «bu iki» - deyib saymağa başladı.

- Say, say - dedim, - nə qədər saysan içəcəyəm.

Kərim qəhqəhə çəkdi.

- İç, professor, - dedi. Görmədiyin günə düşmüsən.

Kərimin bu zarafatında həqiqət vardı. Mən belə günləri az görürdüm. Amma o da ömründə dəniz səthindən üç min səkkiz yüz metr hündürdə, rəsədxananın soyuq divarları arasında, eşikdə hökm sürən əbədi şaxtadan termosun içində ikicə saata soyuyub, buza dönüb, zəhər dadan çaydan bircə qurtum da içməmişdi...
Südabə xanım bizimlə çox oturmadı.

- Mən gedim, bir şey lazım olsa çağırarsınız, - deyib otaqdan çıxdı.

Kərim çayını sona qədər içmədi. Yarımçıq stəkanı stolun üstünə qoydu. Əlini geri çəkəndə mən aydınca gördüm ki, onun qansız, uzun barmaqları titrəyir. Bunu o özü də hiss elədi, barmaqlarını yumub yumruğunu sinəsinə sıxdı. Bir azdan gözlərini dolandırıb nəzərlərini mənim üzümdə saxladı.

- Professor, bilirsən, bu gün yadıma nə düşüb?

- Yox, bilmirəm.

- Yadında varmı, otuz il qabaq səninlə qəribə bir söhbətimiz olmuşdu.

- Otuz il?! - Mən güldüm. Çünki «otuz il» Kərimin dilində «dünən» kimi səslənirdi.

Dedim:

- Nə söhbət?

- Ulduzlar haqqında. Sən o zaman deyirdin elə ulduzlar var ki, onlar materiyanı hərəkət qanununu pozub istədikləri vaxt bir qalaktikadan başqa qalaktikaya keçirlər. Düzdürmü?

- Demək olar ki, belədir... Təxminən.

- Təxminən, ya qeyri-təxminən. Bunun əhəmiyyəti yoxdur. Kosmos sənin aləmindir.
Mən belə şeylərdən çox uzağam. Sən de görək, yadındadırmı?

Otuz ildən bundan qabaq olmuş bir söhbəti xatırlamaq o qədər də asan deyildi. Bircə o yadımda idi ki, otuz il bundan əvvəl Kərim də, mən də çiynimizdə tüfəng gəzdirirdik, günümüz meşələrdə, dağda-daşda keçirdi. Banditlərlə mübarizədə... Düzdür, elə o zaman mən kosmosla maraqlanırdım, bir dəfə komsomol təşkilatında bu mövzuda hətta mühazirə də oxumuşdum. Bütün rayonun cavanları axışıb qulaq asmağa gəlmişdilər. O mühazirədən sonra Kərim ilk dəfə mənə zarafatla «professor» dedi. Bu söz indiyəcən onun dilindən düşmür. Otuz il...

- Ə, professor, yadına düşdü, ya yox? - deyə Kərim səbirsizliklə dilləndi.

- Düzü, ay Kərim, xatırlaya bilmirəm, axı.

- Deyirəm sənin huşun yoxdur, mənə inanmırsan.

- Ə, bəs niyə mənim yadımda qalır, sənin yox? Hə?

- Vallah, heç bilmirəm niyə... Bir dəfə gərək ki, rayonun cavanlarına mühazirəyəbənzər bir şey oxumuşdum. Onu deyirsən?

- Yox... amma o iclas da yadımdadır. Hətta sənin son sözlərini də unutmamışam. «Yoldaşlar, gün gələcək, dünya inqilabının cahanşümul qələbəsindən sonra biz Marsda da, Venerada da Şura hökuməti quracağıq... Yaşasın proletar inqilabı!» Nə qədər sənə əl vurdular. Səsdən qulaq tutulurdu. Amma mən özümü saxlaya bilmədim, doyunca güldüm. Çünki dəfələrlə eşitdim ki, nə Marsda, nə də Venerada həyat ola bilməz. Sən də camaatı göyün yeddinci qatında Sovet hökuməti qurmağa çağırırdın. Ay səni, professor!

Sözün düzü, bir az pərt oldum. Soruşdum:

- Kərim, lap elə-belə demişdim?

- Sən öl, hə!

Kərim uğunub getdi. Mən də ona qoşuldum.

Bir azdan dedim:

- Kərim, nə deyirsən de, amma gözəl günlər idi.
Kərimin qaşları çatıldı. Dodaqları hələ gülsə də, gözlərində birdən-birə kədərli ifadə əmələ gəlib, qığılcım tək parlayıb söndü.

- Düz deyirsən, professor, düz deyirsən... - Mənə elə gəldi ki, Kərim ah çəkdi. - Gözəl günlər idi. Hərdən fikirləşirəm ki, o günlərin xatirəsini mənim əlimdən alsalar, heç bircə saat da yaşaya bilmərəm.

«Kim yaşaya bilər ki?..» - deyə, düşündüm. Qanlı-qadalı günlər... bir parça çörəyə, isti yorğan-döşəyə həsrət qaldığımız günlər, at belində keçirdiyimiz yuxusuz gecələr... qışda qocalı-cavanlı, balaca bir otağa dolub, «Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax» oxuya-oxuya, gülə-gülə, onun-bunun nənəsinin, anasının sandığından oturlayıb gətirdiyi qırmızı çitlərə tabaşirlə şüarlar yazdığımızı, dədə-babadan qalma «dayandoldurum»larla meşələri, dağları-daşları ələk-vələk etdiyimizi, yaxşı-yaman günün dostlarını bir-birinin ardınca qara torpağa tapşırıb alovlu nitqlər söylədiyimizi, sonra da, heç kəs görməsin deyə, xəlvətə çəkilib gizlin-gizlin ağladığımızı unutmaq olarmı?!

- Professor, niyə susdun? - Kərim əlini uzadıb stəkanını götürdü, bircə qurtum içib təzədən stolun üstünə qoydu.

- Niyə danışmırsan?

- Heç elə-belə... Fikirləşirəm.

- Fikirləş, fikirləş... Mən də fikirləşirəm, bütün günü fikirləşirəm, amma cavab tapa bilmirəm.

- Nəyin cavabını tapa bilmirsən, Kərim?

- Sənin bir qalaktikaya sığışmayan, daim nə isə axtaran o sərgərdar ulduzlarını.

- Yenə qəliz danışırsan, başa düşmürəm.

- Qəliz yox, mücərrəd. Çünki qalaktika haqqında konkret danışmaq olmaz.
Kərim gülümsündü. Onun vaxtından tez qırışmış sifətində həm hüznlü, həm də soyuq bir təbəssüm yarandı. Nədənsə mən Bakı axşamlarını xatırladım. Bu köhnə dostunun evində yenə darıxmağa başladım...

Kərim çox qocalmışdı. Amma hələ altmış yaşı yox idi. Həyat deyəsən, onu çox tez qırmışdı. Məsələ heç də onun saçlarının vaxtından tez ağarmasında, üzünün qırışıb solmasında deyildi. O yorulmuşdu, bir də geri dönüb həyatın qaytar ağuşuna atılmağa qüvvəsi qalmamışdı. Kərim kimi adamlar heç bir vaxt büdrəmirlər, həmişə məğrur addımlayırlar. Lakin belələri birdən yıxılırlar və daha qalxa bilmirlər. Amma mən hələ də inana bilmirdim ki, Kərim yıxılıb. Daha doğrusu, inanmaq istəmirdim. Bu həqiqətin səbəbi mənə o qədər də aydın deyildi. Özündən də soruşmağa qorxurdum. Çünki açıb hər şeyi desəydi, mən onu həmişəlik itirəcəkdim...

- Professor!

- Bəli.

- Çay niyə içmirsən?

- Daha bəsdir. Çox içəndə səhərəcən yata bilmirəm.

- Həştaddandır.

- Ola bilər.

Sükut...

- Professor!

- Buyur.

- Görəsən bizim köhnə dostlardan kənddə qalan varmı?

- Olmamış olmaz.

- Yəqin onlar darıxmırlar.

- Məgər sən darıxırsan?

- Yox... Niyə də darıxım ki?

Yenə sükut...

- Professor!

- Bəli.

- Nə səbəbə görə sənin dediyin ulduzlar bir qalaktikada qərar tuta bilmirlər?

- Bunun səbəbi hələ elmə məlum deyil.

- Bəs elə hallar olurmu ki, o ulduzlardan biri qalaktikanın cazibə sferasından kənara çıxa bilməsin?

- Olur. Ancaq çox nadir hallarda. Milyard ildə bir dəfə.

- Nadir hallarda deyirsən?

- Hə, çox nadir?

- Demək belə hallarda ulduz yalnız əsir düşdüyü qalaktikada fırlanır?

- Hə. Amma çox yox. Bir müddətdən sonra partlayır, toza çevrilib kainata səpələnir.

- Bunun səbəbini elm izah edirmi?

- Edir.

- O elmin adı nədir?

- Astrofizika.

- Hm, mənə isə elə gəlirdi ki, psixologiyadır.

Yenə sükut. Uzun və darıxdırıcı sükut.

...Südabə xanım içəri girdi.

- Kərim, özünü necə hiss edirsən?

- Sağ ol, Südabə. Bu gün yaxşıyam.

Südabə xanım mənə baxıb güldü.

- Professor bizə gələndə sənin kefin açılır.

- Bəs necə? - deyə Kərim də mənə baxdı. - Görmürsən kişinin üzündən şadlıq yağır?!

Mən hiss etdim ki, deyəsən çox pərişan oturmuşam, hətta nədənsə kövrəlmişdim.
Südabə xanım güllü xalatının ətəyini yellədə-yellədə qabağa gəlib stolun üstünə baxdı və təəccüb əlaməti olaraq boyalı dodaqlarını büzdü.

- Professor, çayınız yarımçıq qalıb!

Kərim mənim əvəzimə cavab verdi:

- Çox içəndə səhərəcən yata bilmir. Pis-pis yuxular görür.

Südabə xanım ərinin son sözlərini zarafat kimi başa düşmədi. Tamamilə ciddi tərzdə soruşdu:

- Siz də pis yuxular görürsünüz?

Kərimin tez-tez mənə göz vurduğunu görüb dedim:

- Bəli, Südabə xanım.

Qadının dolu sifətində sehrli bir ifadə yarandı. Nədənsə səsini alçaldıb soruşdu:

- Nə görürsünüz?

- Hm... Nə görürəm? Cinlər, şeyatinlər.

- Xortdan görür, xortdan! - deyə, Kərim gülməkdən özünü güclə saxlayaraq əlavə etdi.

Südabə xanım isə çox mənalı tərzdə başını buladı, bir anlığa qaranlıq pəncərəyə nəzər salıb dedi:

- Mən də son vaxtlar yaman qorxulu yuxular görürəm.

- Nə görürsünüz?

- Görürəm ki... Hə, misal üçün, görürəm ki, balaca-balaca buynuzlu adamlar bizim evə girib «Şalaxo» oynayırlar. Sonra da məni yeməyə başlayırlar. Belə-belə dəhşətli yuxular...

Kərim birdən-birə dəyişdi. Eynən bayaqkı hüznlü və soyuq təbəssümdən sifəti elə bil kölgələndi. Lap yavaşdan, lakin, görünür ki, nə isə çox ciddi səbəbi olan, ürəkdən qopub gələn bir qəzəblə dedi:

- Yəqin o buynuzlu adamların obıvatellərdən zəhləsi gedir!

Xoşbəxtlikdən Südabə xanım onun dediklərini eşitmədi. Bəlkə də özünü eşitməməzliyə qoydu. Yenə xalatının ətəyini yellədə-yellədə qapıya sarı yönəldi. Qapının ağzında ayaq saxlayıb geri döndü.

- Kərim, sən allah, əsəblərinə toxunan söhbətlər eləmə, - deyib otaqdan çıxdı.

Onun arxasınca qapı bağlananda, Kərim uzun yol gəlib əldən düşmüş adamlar kimi üzgün bir səslə soruşdu:

- Professor, çəkməyə bir şeyin varmı?

- Var. Neynirsən?

- Bir dənə!

- Yox, Kərim, sənə olmaz.

- Mən ölüm, birini ver.

- Üz vurma, verməyəcəyəm, Kərim.

- Ə, mən ölümümü yerə salırsan?

- Axı sənə ziyandır.

- Bir papirosla adam ölməz, qorxma. - Kərim mənim hərəkətsiz oturduğumu və heç bir vəchlə ona papiros vermək istəmədiyimi görüb uşaq kimi burnunu çəkdi.

- Sən öl, bircə dənə çəkəcəyəm.

Mən əlacsız qalıb siqaret qutusunu cibimdən çıxartdım. Geri dönüb qapının bağlı olduğunu görəndən sonra ona bir siqaret uzatdım. O, siqareti damağına qoydu, sol əlini yastığın altına salıb kibrit çıxartdı. Qımışa-qımışa siqaretini yandırıb tüstüsünü acgözlüklə ciyərlərinə çəkməyə başladı. Siqaret bir neçə saniyədəcə yarıya qədər yanıb külə döndü. Kərim son günlər acı tüstüyə də həsrət qalmışdı.

- Professor!

- Bəli!

- Çoxdandır Bahadurdan bir xəbər yoxdur, hardadır görəsən?

- Sibirdə.

- Ə, bu qoca vaxtında onun Sibirdə nə işi var?

- Böyük bir tikintinin rəisidir. Onu tanımırsan?

- Köçəri quşdur, harda iş var, Bahadır orda başdır.

Kərim əlini divandan aşağı salıb siqaretin külünü küncə doğru çırpdı.

- Deynən, sənin tayındır də. - Susdu, siqaretin közərmiş ucundan nazik ip kimi yuxarı dartınan ağ tüstüyə xeyli baxdı. - Köçəri quş. Elə o zaman da hamı ona «köçəri quş» deyərdi. Yadındadır? - Mən başımı tərpətdim. - Komsomolsk tikiləndə, deyəsən, Azərbaycanda birinci o, ərizə verib Sibirə getdi. Sonra qayıtdı. Daşkəsəndə işlədi. Axır vaxtlar Mingəçevirdəydi. İndi isə yenə Sibir!.. Ay səni, köçəri quş!
Mən hiss edirdim ki, Kərim bu sözləri mənə yox, özünə deyir.

- Bəs nə vaxt getdi ki, mənim xəbərim olmadı?

- Keçən il yayda. Sən Kislovodskdaydın.

- Hə, düz deyirsən. Keçən il mən Kislovodska getmişdim. İnişil də, ondan qabaqkı il də. İyirmi ildir ki, hər yay Kislovodsk, Narzan...

Kərim elə danışırdı ki, elə bil ona güclə acı dərman içirdirdilər.

- Professor!

- Bəli!

- Sən heç Kislovodskda olmusan?

- Yadımdan çıxıb?.. Gərək ki, əlli altıda birgə getmişdik.

- Hə, yadıma düşdü. Sən axıracan qalmadın.

- Oranın havası mənə düşmədi.

Kərim gözlərini qıyıb düz mənim üzümə baxdı. Baxdı və elə acı-acı gülümsündü ki, mən bədənimin birdən-birə soyuduğunu hiss etdim.

- Yalan danışma, professor, - dedi. - Sən iyrəndin, buna görə də axıracan qalmayıb yenə özünü Qazaxıstana dağlar başındakı rəsədxanaya verdin.

- Nədən iyrənə bilərdim ki, ay Kərim?

- Çox şeydən... Mən səni gözümdən qoymurdum, sən də məcburiyyət qarşısında qalıb bütün gününü mənim kimilərin arasında keçirirdin. Sənin kimi, Bahadır kimi adamların isə bizlərdən zəhləsi gedir. Yox, yox sözümü kəsmə, mən düz deyirəm!.. Mənasız söhbətlərə, şayiələrə, uzun-uzadı danışıqlara nə qədər qulaq asmaq ola. Boyalı dodaqlara, piyli qarınlara nə qədər baxmaq olar? Mən haqlıyam, professor. Sən bizdən iyrənməyə bilməzdin. Düzmü deyirəm?

Mənə gülümsünüb başımı aşağı saldım. Zarafata salıb bir söz demək istədim. Amma Kərim məni qabaqladı.

- Al bunu, külqabıya qoy, - deyə gözlənilmədən söhbəti dəyişib sönmüş siqaretini mənə uzatdı. Mən siqareti külqabıya tullayan kimi qapı açıldı, Südabə xanım yenə içəri girdi.
Nə səbəbdənsə indiyənəcən dağılmayıb göy abajurun ətrafında fırlanan tüstünü görüb narazılıqla başını buladı.

- Papirosu kim çəkib?

Kərim göz vurdu.

- Mən çəkmişəm, - dedim.

- Onda eybi yoxdur.

Susduq.

- Sən niyə axı hər şeyi ürəyinə salırsan, Kərim? - dedim.

- Ürəyimə-zada salmıram. Fikirləşirəm. İntəhası əvvəllər ürəyimdə fıkirləşirdim, indi ucadan fikirləşirəm.

- Kərim, əsəbiləşmə.


- Əsəbiləşmə, professor, daha əsəbiləşməkdən keçib. Eləcə soruşuram. Bəlkə sən mənə əsl həqiqəti açıb deyəsən?

- Hansı həqiqəti?

- Mənim bu günə düşməyimin səbəbini. Yox, yox, mən ürəyimi nəzərdə tutmuram. Ürək neyləsin? O çoxdan öz işini görüb qurtarıb... Sən gəl mənim bircə sualıma cavab ver.
Kərim arxası üstə dönüb gözlərini tavana zillədi.

- De görüm, otuz ildən bəri heç olmasa bircə dəfə qatara minib dədə-baba yurdunun ziyarətinə getmək əvəzinə, hər yay Kislovodskda avara-avara gəzməyimin səbəbi nədir? Niyə mən Bahadır kimi yaxşı-yaman günün dostlarını unutdum? İlbəil, günbəgün dəyişib mənən bu qədər yoxsullaşdım, bilə-bilə özümü torpaqdan qoparıb saralıb-soldum? Niyə mən o düzlərə, dağlara xain çıxdım, qardaş?

Kərimin səsi elə bil boğazından yox, ürəyindən çıxırdı. Bu səs indi mənim qabağımda taqətsiz uzanmış, əldən-ayaqdan düşüb beli vaxtsız əyilmiş qoca Kərim müəllimin deyil, uzaq keçmişlərdə başında buxara papaq, çiynində tüfəng boz kəhərin belində oturub kimisə haylayan qaraqaş, qaragöz komsomolçu Kərimin səsi idi. Bu səsdə göylərin gurultusu, çayların şırıltısı vardı. Eh, ay Kərim, hanı o günlər ki, sənin bircə hayına bütün kənd ayağa qalxırdı, qaçaq Nəsibin canına lərzə düşürdü, qolçomaqlar qorxudan qan qusurdu? Hanı bizim bir şinelə bürünüb soyuq daxmada böyür-böyürə yatdığımız gecələr? O çayların şırıltısı, o sel hanı? Məgər ən sənin sualına cavab verə bilərəmmi? Qaytar o günləri, gəl həyatı təzədən başlayaq. Onda nə mən, nə də Bahadır bir daha səni səhv etməyə qoymarıq...

Mən yenə də Kərimin «professor, niyə susursan?» - deyə, verə biləcəyi sualı gözlədiyimdənmi, ya bütün vücudumu sarsıdıb daxilimdə nə isə üzücü bir boşluq, nəhayətsiz bir kədər yaradan indicə eşitdiyim etirafın təsirindənmi, qeyri-iradi olaraq dönüb pəncərəyə baxdım. Pəncərənin arxasında ulduzlu göyün cüzi bir hissəsi parıldayırdı. Tavandan axıb bu kiçik otağın hər küncünə qəribə və soyuq bir parıltı yaratmış mavi işıq sanki uzaq ulduzların şöləsi idi. Hətta bir anlığa mənə elə gəldi ki, Kərimin enli yazı stolunun üstündəki iri balıqqulağı da həmin ulduzların hansı birindənsə qopub təsadüfən bu otağın içinə düşmüş bir qəlpədir. Yerimdən qalxıb o qəlpəni götürmək, gətirib Kərimə vermək istədim ki, bax, bunu qoynuna sıx, bəlkə də sənə uzun illərdən bəri həmin bu soyuq qəlpə çatışmır. Axı, bu dar qəfəsdəki bülbüllər heç bir vaxt sənə təsəlli verə bilməz! Əgər mümkündürsə, Bahadırı tapaq, boz kəhəri təzədən yəhərləyək, qalxaq dağlara! Qayıdan o günlərə...

- Professor!

- Bəli.

- Qanını qaraltma.

- Qanım qara deyil, başım ağrıyır.

- Piramidon verimmi?

- Lazım deyil?

Yazı stolunun arxasında dayanmış uzunsov, əqrəbləri sədəfə tutulmuş köhnə saatın tıqqıltısı beynimə düşürdü.

İnsanlar saatı nə üçün icad ediblər? Vaxtı ölçməyə? Axı, vaxt nə bizim iradəmizdən, nə də istəyimizdən asılı olmayaraq xəyalın çata bilmədiyi nəhayətsiz, sonsuzluğa qədər uzanır. Saat isə hökm oxuyur: «tıq... tıq... tıq... hazırlaş, sənin payına düşən vaxt qurtardı». Kərim kimi adamlar fəryad qoparıb aman diləyirlər: «Möhlət ver, mən təzədən yaşamaq istəyirəm». Saat deyir: «Yox, qardaş, mənimlə zarafat etmə. Olan oldu, keçən keçdi... hazırlaş, yalnız son mənzildə, heçlikdə əbədiyyətdə mən səni rahat buraxacağam...»

- Professor!

- Bəli.

- Xahiş edirəm, dur o saatın tıqqıltısını kəs.

- Hayıfdı, xarab olar.

- Düz deyirsən, qoy işləsin.

Kərim əlini mənə uzatdı.

- O siqaretdən birini də mənə ver.

Bu dəfə mən etiraz etmədən, dinməz-söyləməz siqaret qutusunu çıxarıb ona uzatdım. O, iki siqaret götürüb birini damağına aldı, o birisini də mənə verdi. Qutunu isə qaytarmadı, yastığın altına qoyub dedi:

- Sən çıxanda alarsan.

Bir müddət ikimiz də danışmadıq. Sakitcə siqaretimizi çəkməklə məşğul olduq. Tüstü ətrafımızı bürüdü. Mən bir neçə dəfə öskürdüm. Pəncərə bağlı olsa da küçədən gələn fit səsi otaqda aydınca eşidildi. Bu səs kəsilən kimi haradansa maşın keçdi. Pəncərənin tıqqıltısı gücləndi. Bu tıqqıldı elə bil qəfəsdəki bülbüllərin də əsəbinə toxundu. Onlardan biri tərpəndi, deyəsən qanad çalmaq istədi. Mən dedim:

- Kərim, deyəsən bülbüllərin kefi açılır.

- Ola bilər.

- Kərim, gəl sən bu bülbülləri burax. Nəyinə lazımdır?

- Olmaz, professor.

- Niyə?

- Çünki ölərlər.

- Başa düşmürəm.

- Burada başa düşməməli şey yoxdur. Bu bülbüllər yalnız qəfəsdə yaşaya bilirlər.

- Yenə başa düşmürəm.

- Bilirsənmi, çox qəribədir, təsəvvüredilməzdir, ancaq həqiqətdir. İnsan quşları tutub qəfəsə salmağa adət etdiyi gündən bəri bülbüllərin də yeni bir cinsi yaranıb. Onlar yalnız bir şəraitə uyğunlaşıblar, yəni ancaq qəfəsdə yaşayırlar, qəfəsdə doğub-törəyirlər və ən maraqlısı... Yox, ən dəhşətlisi də budur ki, yalnız qəfəsdə oxuyurlar. Onlardan birini qəfəsdən buraxsan bircə saat da yaşamaz. İndi başa düşdün?

- Hə, indi başa düşdüm.

Bir anlığa mənə elə gəldi ki, Kərimin gözləri yaşarmışdır. Sifətində indiyəcən onda görmədiyim anlaşılmaz və qeyri-adi bir ifadə vardı. O, xeyli və diqqətlə mənə baxdı.
- Deyəsən indi mənə də hər şey lap aydın oldu, - deyib gözlərini aşağı endirdi, elə bil məndən utandı. Xeyli susduqdan sonra gözlərini qaldırmadan sözünə davam etdi: - Yalnız bircə şeydə təsəlli tapıram ki, bülbüllərin əksəriyyəti meşələrdə, güllərin, çiçəklərin arasında yaşayır, qəfəsə düşəndə ölür. Bahadırı, səni yadıma salanda ürəyim rahat olur...

Kərim sönmüş siqaretini yandırmaq istədi. Ancaq indi barmaqları daha çox titrədiyindən kibrit yanan kimi söndü. O, təzə kibrit çıxartdı, barmaqları arasında saxlayıb kömək istəyirmiş kimi məyus-məyus, mənə baxdı. Mən başa düşdüm ki, o, yenə siqaretini yandıra bilməyəcək. Buna görə də onun siqaretini mən yandırdım.
XS
SM
MD
LG