Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:07

Saranın zorlanma xəbərini eşidəndə...


Şəhriyar del Gerani
Şəhriyar del Gerani
-

"Sara qəsəbə məktəbinin səkkizinci sinfində oxuyurdu. Dərsdən çıxıb evə qayıdanda kimlərsə maşına basıb aparıblar. Sonra aləmə qıy düşüb ki, bəs iki nəfər avara qızı qaçırdıb, başına itin oyunun açıblar, zorlayıblar..."


"Oxu zalı"nda roman müzakirələrini bərpa edirik. Bu dəfə Şəhriyar del Geranin Milli Kitab Müsabiqəsində "Ən yaxşı gənc yazar" mükafatına layiq görülmüş "İntihar hörüyü" romanı müzakirəyə çıxarılır. Tənqidçilərlə yanaşı əsər haqda ustad yazıçılardan birindən də oxuyub rəyini yazmasını xahiş etmişik.

Romandan bir bölümü oxucularımızın ixtiyarına veririk.



Şəhriyar del Gerani


İNTİHAR HÖRÜYÜ

(Romandan parça)


Saranın zorlanma xəbərini eşidəndə arxın kənarında oturub qurbağaların oynaşmasına baxırdım.

Cüllüt ağzının suyu çənəsindən süzülə-süzülə – eşitdinmi, Saranın başına oyun açıblar? – dedi.

Bu oyunun nə demək olduğunu heç o, özü də bilmirdi.

Bizimçün “oyun” deyilən şeylər futboldan, gizlənqaçdan, aşıq-aşıqdan və başqa bir-iki adını demədiklərimdən ibarətdi.

Əvvəlcə elə bildim Saranı gizlənqaçda axıra saxlayıblar. Küçəmizdə adətdi, hər gün bir nəfəri gizlənqaçda axıra saxlayırıq. Yəni, son yaxınlaşanda axıra saxlayacağımız “çumo”nu müəyyənləşdirir, sözləşir, fırladıb birtəhər onu yumuzdururuq, daha sonra hərəmiz yollanırıq öz evimizə, o da qalır gicələk, axtar-ha-axtar, tapsan bacına da xəbər elə gəlsin...

Bu “çumo” dediyim zirəng birisi də ola bilər. Fərqi yoxdu, axıra saxlanılırsa, deməli, o da “çumo” olur. Bu iş ayıb sayılır. Ən azı iki gün gözə dəymir axıra qalan, üzünün qızartısı çəkiləndən sonra yenə də gəlib qoşulur yoldaşlara.

Cüllüt də mənim əziz-girami oğru dostumdu. Vur-tut 34 kilo olar-olmaz. Ağzının kənarından çənəsinin sol tərəfinə uzanmış mötərizə formalı çapığı var. Eynən belə – ). Kanalda çiməndə olmuşdu keçən il. Meyvə oğurluğunda tayı-bərabəri yoxdu, budaqların üstündə əli cibində gəzişir. Hərdən alüminium, latun, nerjaveyka, bronza, mis qablar da oğurlayırıq. Yaxşı pula gedəni alüminium və misdi. Əlimizə keçsə somavar da qapazdayarıq. Qonşular bundan xəbərsizdi. Bilmirəm, bəlkə özlərini elə aparırlar. Amma biz top alıb səhərdən-axşama qan-tər içində futbol oynamaqdan ötəri hər cür fədakarlığa gedirik. Bizimki futboldan çox futxlorqabı, futsokqabı, futcorab olardı. Əvvəllər pulumuz olmazdı demək istəyirəm, tərbiyəli uşaqlardıq. Xlor qablarının ağzını kəsər, kömürlə bəzəyər, özümüzdən əsl “Neftçi topu” uydurardıq. Yaxud sellofan torbaların içinə cındır parçalar pərçimləyib top formasına salardıq. Evdəysə corabları bükərdik azarımızı öldürməkçün. İndi dəmirdən də pul çıxardırıq. Avaranın yekəsiyik. Bizə “küçə uşağı” deyirlər, əcəb xoşumuz gəlir. Biz “küçə uşağı” olmayanlara “mama uşağı” deyirik.

Amma bu oyun mən bildiyim oyunlardan deyilmiş, azacıq aşıq-aşığa bənzəri var, ancaq o da deyil, ciyəriyanmış qızın əməllicə aşığın dağıtmışdılar. Saragil bizimlə qapıbir qonşudu. Yetişmiş qızdı, məndən üç yaş böyükdü, on beşindədi. Gözü-başı qaynayır, yəni, mən təkcə o əzalarını qaynayan görürəm.

Bir dəfə bizdən sarıkök almağa gəlmişdi. Yaxınlıqda dükan olmadığından qonşular bir-birindən çay, tomat, sarıkök, duz, qənd, çörək kimi gündəlik ərzaqları əlborcu alırlar. Bunların hamısı şifahi yaddaşa köçür. Əgər bir qonşu aldığını qaytarmasa bir daha ona əlborcu verilmir. Yəni, – “O tək balamın ölmüşünə, elə axırını indicə işlətdim” və ya “Əmimin qərib goruna and olsun ki, elə qabağınca qurtardı”. Yox, əgər sidq ürəkdən inandırmaq istəyərlərsə ki, nəfsi qalmasın gələn qonşunun, ələlxüsus da bu adam seyid-filandırsa, hə, o zaman “Əbəlfəzin düşən qolları haqqı heç özümüz bir həftədi (məsələn, çay) çayı qəndsiz içirik, eləcə barmağımızı soruruq, cəddün peyğəmbər haqqı” kimi antik fırlatmalar işə düşür.

Saranı həyətin tən ortasında haqladım. Guya riyaziyyatdan məsələ həllində kömək istəyirəm. Guya bilmirəm onu hansı məsələlər maraqlandırır. Elə şirin qızdı, dodaqları çat verib. Qaraşın üzünə saldığı beş-altı teli oynaq əlləriylə dəqiqəbaşı qulağının dalına keçirməyi özünə məşğuliyyət seçib. Həyət qapısına qədər ötürdüm onu, evlərinə də aparardım, hava qaranlıqlaşmışdı, mərifət xatirinə. Axşamçağılar küçədə it də tapmazsan onsuz da. Həm də axı biz qonşuyuq, kimsənin ağlına başqa şey gəlməz, qətiyyən gəlməz.

Amma mən ərinirdim onu ötürməyə, əgər istədiyimi qapının ağzında alsam oğraşam addımımı çölə atsam. Sara mənə nə lazım olduğunu yaxşı bilirdi. Ətrafa ötəri göz gəzdirdikdən sonra baharrəngi yam-yaşıl donunun ətəyini yuxarı qaldırdı. Gün qıçlarını qaraltmışdı, dizindən aşağı qəhvəyi, donun altında qalan yuxarı hissəsi isə əsmərdi. Qəhvəyi-əsmər nahiyələri ayıran ilahi xətt meridian kimi görünürdü. Donun ətəyi qəribə əyriliklə biçilmişdi. Allahtərəfi bu dəfə xəsislik eləmədi, düz bir qarış dartışdırdı yuxarı. Hərəkətinə bəraət qazandırmaq üçün, guya əndamını mənə göstərmək istəmirmiş – mən belə yupka geyməy isdəyirəm, qardaşlarım qoymur – dedi. Mənsə əndamlarına baxıb əlimi bilmirəm hara apardım. Amma özümü toparlayıb – qələt eləyir qardaşların, mal sənindi, ehsan elə, savab işdi, yezid köpəyuşaqları – dedim. Deyəsən sözüm onun bakirə xətrinə toxundu – yaxşı, sağ ol – deyib evlərinə sarı götürüldü.

Sara qəsəbə məktəbinin səkkizinci sinfində oxuyurdu. Dərsdən çıxıb evə qayıdanda kimlərsə maşına basıb aparıblar. Sonra aləmə qıy düşüb ki, bəs iki nəfər avara qızı qaçırdıb, başına itin oyunun açıblar, zorlayıblar, sonra da küçənin ortasında düşürdüb başlarından eləyiblər. Oyun bu oyunmuş. Əslində elə belə də olmuşdu. O iki nəfərin kimliyi də məlum olmadı, Sara da tanımırmış onları. Polisin gərgin araşdırmalarından sonra cinayət işi qapalı qaldı, ancaq deyilənə görə, Saranın üzü açılmışdı. Bizim sevimli əyalət polislərimiz yekəqarın zaddılar. Götlərini hərləyənəcən iş-işdən keçir.

Amma gərgin işləyirlər, adamın başının üstə Allah var. Məsələn, oğul deyirəm, sürücü vəsiqən olmadan taksi sürəsən, həftədə bir dəfə görüm-baxım eləmiyəsən. Pəh, bütün konstitusiyanı, cinayət məcəlləsini əzbərdən deyəcəklər, sidenyanın altında gizlətdiyin, hələ alverini elədiyinin yox, istifadə elədiyinin əyani göstəricisi olan bir kibrit qutusu heroini gözünə dürtəcəklər...
XS
SM
MD
LG