Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:01

Ermənistan Rusiyanı seçdi - Gömrük İttifaqına qoşulacağını bəyan etdi


Sarkisyan və Putin, 14 oktyabr 2010
Sarkisyan və Putin, 14 oktyabr 2010
-

Moskvada səfərdə olan Ermənistan prezidenti Serzh Sarkisian rusiyalı həmkarı Vladimir Putinlə görüşəndən sonra bildirib ki, onun ölkəsi Gömrük İttifaqına qoşulmaq haqda qərar verib. Bu istiqamətdə lazımi addımlar atılacaq və Ermənistan daha sonra Avrasiya İqtisadi İttifaqının formalaşmasında iştirak edəcək.

Putin bu qərarı dəstəkləyib və bu prosesə kömək edəcəyini deyib.

Bu barədə Rusiya prezidentinin saytı - kremlin.ru xəbər verir.

Prezidentlər görüşdən sonra bildiriblər ki, əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq niyyətindədirlər.

Novo-Oqoryovoda keçirilən görüşdən sonra Putin bildirib ki, bu, cari ildə Ermənistan prezidentinin Moskvaya ikinci səfəridir: "Mən çox şadam ki, bizim əməkdaşlığımız belə intensiv inkişaf edir. Parlament, hökumət, biznes strukturlar sahəsində də kontaktlarımız belə intensivdir".

Rusiya prezidenti deyib ki, ikitərəfli əməkdaşlığın verdiyi nəticə göz önündədir. Ölkələr arasında ticarət dövriyyəsinin artımı 23 faizdir.

Sarkisian isə bildirib ki, iki ölkə arasında münasibətlər rus və erməni xalqları arasında çoxəsrlik dostluq və qardaşlıq ənənələrinə əsaslanır:

"Mən inanıram ki, münasibətlərimiz bundan sonra da qarşılıqlı anlaşma axarında inkişaf edəcək. Rusiya ilə münasibətlər Ermənistan üçün dəyərlidir və biz bu əlaqələrin inkişafı üçün əlimizdən gələni edəcəyik. Bu bizim üçün prioritetdir... Bununla yanaşı həllini gözləyən məsələlər də var, biz onları həll etməliyik ki münasibətlərimiz daha yüksək səviyyəyə qalxsın. Mən də Moskvaya bunun üçün gəlmişəm".

Siyasi şərhçilər də gözləyirdilər ki, əsas müzakirə mövzusu Ermənistanla Avropa Birliyi arasında noyabrda imzalanması planlaşdırılan dərin əməkdaşlığa aid müqavilə olacaq.

Rusiya bunun qəti əleyhinə idi və strateji tərəfdaşı adlandırdığı Ermənistanın bunun əvəzində Gömrük İttifaqına qoşulmasını istəyirdi. Həmin ittifaqda Rusiya, Qazaxıstan və Belorus təmsil olunur.

Öz növbəsində Avropa Birliyi xəbərdarlıq etmişdi ki, Ermənistan həm onunla sıx əməkdaşlıq haqda saziş bağlaya, həm də Gömrük İttifaqına qoşula bilməz. İkisindən birini seçməlidir.

Ermənistandakı siyasi şərhçilər hesab edirlər ki, Rusiyanın bu ərəfədə Ermənistana satdığı qazın qiymətini qaldırması bir təzyiq forması idi.

Oxşar seçimlə Ukrayna da üz-üzə qalıb. Ukrayna prezidenti Yanukoviç deyib ki, o bu məsələni referenduma çıxaracaq, qoy xalq özü seçsin, Gömrük İttifaqı, yoxsa Avropa Birliyi ilə sıx əməkdaşlıq.
XS
SM
MD
LG