Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:57

Qorxuyla böyüyənlər


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Sevinc Elsevər


Qorxuyla böyüyənlər

"balıq niyə danışmır, ana,
daşı yoxdu?" - soruşur
başımın üstündə dayanan oğlum
əlimin altında itaətlə uzanmış
tərpətdikcə o üz-bu üzə
ancaq ölü ağzını açıb-yuman balığın
axçalarını təmizləyib qurtarmaq üzrəyəm mən...
ölümü izah edə bilmirəm ona
üç yaşındadı hələ
bunu deyirəm təkcə:
"balığın canı yoxdu, daşı da yoxdu, balıq yemək üçündü"...
demirəm amma balığın canını əllərimlə aldığımı
oğlum inanmır mənə
bərələn gözlərindən bilirəm
satıb qatilliyimi
balığın çevrilən gözləri,
sükut içində qışqıran qanı...

üstündə dini ayələr yazılan
dairəvi lövhəni
maşın sükanı kimi əlində tutub
"bib-babab" deyə
evin içində qaçan oğlumun
əlindən bilmirəm necə alım lövhəni
ağlamasın...
"Allah baba inciyər bizdən" - deyirəm...
ondan ikicə yaş böyük qızım
özünü yetirir tez:
"Allah baba öldürər eyy"
ölümün nə olduğunu anlamayan oğlum
tir-tir əsir
dairəvi lövhəni mənə verir
mən qızıma ötürürəm
"apar qoy ev sahibəsi qoyduğu yerə"...
qızım almaq istəmir
toxunmaq istəmir
özündən böyüyünü səsləyir:
"mən qorxuram Allah babadan
hamını görür o
istəmirəm məni də görsün
bunu sən götür yerinə qoy " - deyir...

sorğu dolu gözlərini gözümə dikir böyük uşaq
alıb əlçatmayan yerə qoyuram dairəvi lövhəni
və sükut çökür
qorxuyla baxır uşaqlar dairəvi lövhəyə...

əlləri əsə-əsə çevirir
qızlarım kitablarında
prezidentin şəkli olan səhifələri
müəllimləri hədələyib:
səhifələrə xətər toxunduranların,
yazıb, cıranların
həbsə göndəriləcək valideynləri - deyə...

yadımdadı
Səməd Vurğunun adını daşıyan
məktəbimizin həyətində
heykəli vardı şairin
sinəsindəki lövhədən düşmüşdü S hərfi
ertəsi gün
sıraya düzüb bütün sinfimizi
vurdular əllərimizə
sonuncu dərs bizə idman dərsiydi
hamımız həyətdəydik
bizdən şübhələnirdilər
bircə özümüz əmindik ki
heç birimiz almamışdıq Səmədin S-sini...
bəlkə gecənin bir aləmi
şairin ruhu zarafat eləmişdi gəlib bizimlə...

qorxu içində böyüyür uşaqlarım
necə ki, qorxuyla böyüdülmüşəm mən
və onları bu qorxulardan qorumaq mümkün deyil
qızım mənə sual edir:
niyə qorumadı ata-anaları
Xocalıda öldürülən körpələri?
desəm ki, gün gələ bilər
mən də aciz ola billəm
qoruya bilmərəm səni
desəm ki, o analardan
o atalardan yoxdu heç bir fərqimiz
yoxdu xüsusi şücaətimiz
cəsurluğumuz
nə atanın, nə mənim
necə yaşayar balam
necə güvənər mənə
necə sevdirə billəm
ona bu dünyanı mən?!


Anam, uşaqlıq şəklim və mən

başı bədənindən tez çirklənir
çağa doğulandan bəri
hissə-hissə yuyunur
səhər saçlarını yuyur
axşam bədənini
rahat çimməkdən ötrüdü
çağanın böyüməyinə tələsməyi
şəlalə kimi saçlarına
şəlalədən tökülürmüş kimi axmadı sular nə vaxtdı
həsədlə baxır
körpəsini ayağında yırğalaya-yırğalaya baxdığı
türk seriallarında
ikidə-bir cakuziyə girib duş alan gözəlçələrə
gərçi belə hamam olmadı xəyallarında belə
amma duşa nə gəlib ki...

qaça-qaça gedir gözəllik salonuna
uşağı ərinə tapşırır
uzun saçlarını kəsdirir
daramağa zamanı yox
boynunun arxasında bir ovuc saç
kilkələşib az qala
bilir ki, saçlarını yığıb-yumrulamaq da
yaraşmır ona
saçlarını çiyninə tökərdi
nişanlı vaxtı görüşə gedəndə
saçları tökülür
"uşaq üzünə güldükcə"
ovcuna, barmaqlarına ilişir
qorxur ki, körpənin boğazına gedə
saçlarını qurban edir...
kəsmiş bir vaxt uzun olan dırnaqlarını
nişan üzüyündən ötrü darıxır barmağı
dırnaqlar da, üzük də uşağın paltarlarına, dərisinə ilişir...

artıq ağrıyanda getmir həkimlərə
körpənin qarnı gedərsə
gecə yuxusu pozularsa
uşaq həkiminin yanından sivişib
böyük həkiminin yanına keçər
ərinin dürtmələməsiylə
dərdinin birini deyər
o biri qalar vaxt darlığından
zaman yoxdu uzun-uzadı müayinələrə
əlində iki resept gələr aptekə
körpəninkini alar
qalar öz dərmanları
ən böyük arzusudu körpəsinin tez böyüməyi...

imtina eləmiş sırğalarından
boyunbağından
boyunbağıları qırılmış
körpə dartmış
sırğalıqları cırılmış
atmış sırğaları bir kənara
qulaqları da bitişmiş
harda əlinə keçsələr
köks ötürər gənc ana:
"bircə tez böyüsəydi"...

qorumalıdı gözlərini körpəsindən
o bilmir anasının gözlərinin gerçək olduğunu
hər an barmağını salıb tökə bilər
dikdaban ayaqqabıları qutularda təp-təzə
körpəsi qucağında geyinməkdən qorxur
qısa ətəklər geyinə bilmir
halbuki sevərdi
körpəsi üçün tez-tez əyilir
uşaq qucağında oynayır şənliklərdə
yaxasından muğayat olmalıdır həm
körpə dartıb aça bilər
görünə bilər sinəsi
qalxar ərinin boğaz arıtlayan səsi
"evə gedəndə danışarıq!" deməkdi bu
bilir artıq
iştahı küsür
uşaq da elə bil fürsəti gəzir
tökür qara kolanı ağ paltara
Allah istəyə paltar özününkü ola...

"filan yerə dəyib qaçıb gəlirəm
bir dəqiqə uşağa bax, xahiş edirəm" sözlərini
deməkdən zəhləsi gedir
çünki minnətli baxışlar altından
bu sözləri oxumağı sevmir:
"hara gedirsən, get
çalış tez qayıt
uşağı doğmusan, özün də saxla
güc doğana düşər"
bu sözlər hamının ürəyindən keçir
nənənin, babanın
hətta atanın...

heç nə əvvəlki kimi olmayacaq bilir əslində
ürəyinin dərinliyində
amma yenə ən böyük arzusudu
körpəsinin tez böyüməyi...
hər ay aparır uşaq həkiminə
çəkisini
boyunu ölçür
əgər azdırsa normadan yüzcə qram
üçcə santimetr
əlindən gələni əsirgəməyəcək
vitaminli qidalar, siroplar alacaq
gün gələcək
körpə böyüyəcək
ana onun məktəbdən tez gəlməyini gözləyəcək
vurnuxacaq pəncərəylə-qapı arasında
sonra əsgər yolu gözləyəcək
gözü yollarda qalacaq
qızı ər evindən nə zaman qonaq gələcək?!
həsrət elə böyüyəcək
ana onun yenə körpə olmasını arzulayacaq
görünməyəcək çəkdiyi əziyyətlər
yuxusuz gecələr gözünə
bir vaxt körpəsini böyütmək arzusuyla yaşadığı
düşməyəcək yadına
tökəcək uşaqlıq şəkillərini qabağına
onlardan dəyərli heç nəyi olmayacaq
birini də övladına çox görəcək
necə ki mən
qopara bilmirəm anamdan
bircə uşaqlıq şəklimi
o şəkillər az qala
özüm qədər əzizdi ona
min kərə uğurum ola
anam üçün heç nədir
o ancaq uşaqlıq uğurlarımdan danışır:
"sən tanıdığım uşaqların ən gözəliydin
qan damırdı yanaqlarından
kipriklərin ox kimiydi
dodaqların vardı al qırmızı
boya çəkmişdin sanki
yaşın hələ yoxdu yeriyirdin
dil-dil ötürdün, tutuquşu deyirdik
dilin yoldan eləyirdi adamları
səni görən bir də görüm deyirdi
hamı qucaqlayır, hamı sevirdi"...
baxıram şəklimdən baxır adi bir uşaq
o qədər adi
qanım da qaynamır inan ki
məncə uşaqlarım bundan min dəfə qəşəngdi...

mən şəklə baxıram
deyirəm "gözəldi, bəli"
əziz anam sevinsin deyə
sanki yad adamdan qəbul edirmiş kimi
məndən tərifi qəbul edir sevinclə
anlayıram zərif bir hisslə
o, hazırdır qorumağa körpəni
hər cür pis nəzərimdən
uşaqlıq şəklim əlindədisə
bilirəm unudulmuşam mən...
XS
SM
MD
LG