Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:06

Mirzə Mehdi Şükuhi. Şeirlər


-

QƏZƏLLƏR


Gələn birdir, gedən birdir, qalan bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb sir.


Bir əvvəl var, bir axir var deyillər,
Bu bir sözdür, nə əvvəl var, nə axir.


Açar min məclisi-bazi dəmadəm,
Tamaşayə qurulmuşdur bu çadir.


Məali-küfrü imandən xəbər yox,
Nə fərq eylər bu mömindir, o kafir.


Tərazi-xaməsindən tük yayınmaz,
Təaləllah, əcəb ustadi-mahir.


Yaman getdi cavanlıq, mən qocaldım,
Pəri kuyində bir div oldu zahir.

Nə hasil zurü zərdən cüz təəssüf,
Driğa, gənci-Xosrov, cəngi-Nadir.


Şükuhi ölməyincə bu tilsimi
Deyil sındırmağa bir kimsə qadir.


* * *


Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var?
Bəxşişə seyr elə, Hatəmdə nə var, Teydə nə var?


Bir qədəh saldı ayaqdan səni, biçarə hərif,
Pey apar, gör mən içən cami-peyapeydə nə var?


Görməyən guşeyi-çeşmi-siyəhi-canani,
Nə bilir guşeyi-meyxanə nədir, meydə nə var?


Nə qədər var nəfəsim, çəkməyim əfgan neylim,
Bir quru nalədən özgə, de görüm, neydə nə var?


Canımı, malımı aldın, dəxi, zalım, bəsdir,
Bu Şükuhi dediyin müflisi-laşeydə nə var?


* * *


Yenə, ey gözləri məftun, sənə məftunəm mən,
Zarü məhzunü digərgunü ciyərxünəm mən.


Nola bir lütf ilə dindir məni, xoşnud eylə,
Gərçi düşnam ilə, səndən yenə məmnunəm mən.


Rəsmdir şəqqeyi-zənciri qırar divanə,
Vermişəm zülfünə dil, gör necə Məcnunəm mən.


İstərəm çox səni, canımdan əziz canın üçün,
And içəm canuva nahəq yerə, məlunəm mən.


Busəyi-lütf qılıb, aldın əvəz can nəqdin,
Ala öz busəvi, ver canımı, məğbunəm mən.


Gözümün yaşı kimi tökmə əyağə meyi-nab,
Saqican, təşneyi-ləli-ləbi meygunəm mən.


* * *


Gözlərimdən tökülür bu dili-müztər qanı,
Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.


Gündə min aşiqi öldürsə xədəngi-nazın
Könlümün çox sənə, zalim, yenə qeynər qanı.


Türreyi-guşeyi-çeşmin elə qan ilə xizab,
Xoş olur şəhpəri-laçində kəbutər qanı.


Dişlədim ləlüvi, ey qanı sovuq, qan oldu,
Sən də lök qanımı, tut qanə bərabər qanı.


Nigəhin gizlədir ol məst gözün, çünki bilir,
Qanlının qanına bais olu xəncər qanı.


İçərəm qanuvu, bu aşiqə, zahid, az öcəş,
Çün müsəlmanə hədərdir tökə kafər qanı.


Az fəğan eylə, di get, ay qanı dolmuş aşiq.
Eşidər yari-sitəmgər yenə eylər qanı.


Can verən eşqdə bir sən deyisən, ey Naşi,
Çox bu meydanda axıb nazlı igidlər qanı.


QOŞMALAR

Bülbül kimi bu gülşənə gəlmişəm,
Lalə görüm, sünbül gorüm, gül görüm.
Deyirlər səndə var çox şivə, xəndə,
Bircə kəlmə danış görüm, gül görüm.

Bir yol gördüm yıxdın xanimanımı,
İtirdim aləmdə adü sanimı.
Bir də üzün göstər, gəl al canımı,
Gəlmişəm tanrıya təvəkkül görüm.


Mən razıyam hər nə olsa müqəddər,
Zülmün Şükuhiyə xoşdu, sitəmgər.
Bu mən, bu baş, bu yol, bu sən, bu xəncər,
Zəhmət çəkib ayağa dur, gəl görüm!


* * *


Bir də yolum düşsə yar otağına,
Mənim işim hamı kəsdən saz keçər,
İşə düşər deyib, danışıb, gülmək
Aralıqdan yüz min ərkü naz keçər.


Gül gülə sövkəşib, laləyə lalə,
Qumrular, bülbüllər çəkərlər nalə.
Saqi, bu mövsümdə gətir piyalə,
Bir az keçməz, payız gələr, yaz keçər.


Saqi dolandırsın cami-gülrəngi,
Düzülsün məclisə lalə, mərdəngi,
Oxusun xanəndə, oynasın cəngi,
Xəyalımdan setar keçər, saz keçər.


Yəhərləyin kəhər atı dubarə,
Tüfəngimi verin, gəlmişəm zarə,
Mən istərəm bir də çıxam şikarə,
Çox deyillər: "Bu kövşəndən qaz keçər".


Az mənim bağrımı qan ilə doldur,
Dərdin bu canımda hamıdan boldur,
Deyillər: "Könüldən könülə yoldur",
Şükuhi könlündən niyə az keçər?

***


Bir deyən yoxdur o məhcəmalə
Aşiqi-nalan gəlsin, gəlməsin?
Həsrəti çoxdur bəzmi-vüsalə,
Bu didəgiryan gəlsin, gəlməsin?


Aşiqi-zarın gülşəni-nazə
Gəlibdir, səndən istər icazə.
Buyur bir görüm, ey güli-tazə.
Nə oldu fərman, gəlsin, gəlməsin?


Aşiqin sənsiz didəgiryandır,
Lalətək bağrı qüssədən qandır.
Hər nə hökm etsən, bəndəfərmandır,
Ey şəhi-xuban, gəlsin, gəlməsin?


Aşiqin sənsiz bil şadlıq etməz,
Ölüncə səndən əl çəkib getməz,
Heç kəs öz yarın belə sinsitməz,
Ey sənə qurban, gəlsin, gəlməsin?


Bülbüli-zarın ruzi-ələstdən,
Nalə çəkməkdən düşdü nəfəsdən,
Ha elə-belə künci-qəfəsdən,
Naləvü-əfğan gəlsin, gəlməsin?


Çox yubandırma, gəl səni tan,
Xaki-dərində Naşiyi-zari,
Di qurtar, kafir, bu biqərari,
Öldü müsəlman gəlsin, gəlməsin?


GƏRAYLILAR

Bu bivəfa, bu bivəfa
Dünyayə bax, dünyayə bax.
Saldı məni Məcnun kimi
Səhrayə bax, səhrayə, bax.

Düş Mebdinin sorağinə,
Gəl yengicə qabağinə,
Təvilələr bucağinə
Qovğayə bax, qovğayə bax.


Gəl bir neçə həmrazı gör,
Dümbəkçi edən nazı gör,
Aşıq əlində sazı gör,
Zurnayə bax, zurnayə bax.


Övrətləri sədrnişin,
Kişilər tərk edib işin,
Gör necə ağardır dişin,
Mollayə bax, mollayə bax.


Məclisə düzülüb yeyin,
Hamı deyir: "Yeyin, yeyin."
Yarı saman, yarı peyin,
Şorbayə bax, şorbayə bax.


Bu sorbayə etmə nəzər,
Əlhəzər, qardaş, əlhəzər.
İçində bir ördək üzər
Dəryayə bax, dəryayə bax.


Bu məclisə əzm eylədim,
Şorba yedim, həzm eylədim,
Otdum bunu nəzm eylədim,
Sövdayə bax, sövdayə bax.


* * *


Səni bir şahi-gülrüxan,
Mən özümü zəlil gördüm.
Səni bir növrəstə cavan,
Mən özümü zəlil gördüm.

Yar yanında əyləşəndən,
Aldım yüz min busə səndən,
Üzün döndərmədin məndən,
Mən səni çox həmil gördüm.


Hümmətini gördüm ali,
Dərdimdən eylədim hali,
Ləblərindən qəndü bali,
Sel, su kimi səbil gördüm.


Mən istərəm səni yeyim,
Dilin, dodağın çeynəyim,
Aclıqdır, axır neyləyim,
Bu ili yaman il gördüm.


Əriyibdir cismi, cani.
Qalmayıb tabü təvani,
Şükuhiyi-binəvani
Bu qapıya dəxil gördüm.

XS
SM
MD
LG