Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Rövnəq Abdullayevin qayınatasının neft biznesi [araşdırma]


Arxiv fotosu: SOCAR-ın prezidenti Rövnəq Abdullayev (solda) Energetika naziri Natiq Əliyevlə.
Arxiv fotosu: SOCAR-ın prezidenti Rövnəq Abdullayev (solda) Energetika naziri Natiq Əliyevlə.

Bakı 2014-cü ilə etiraz aksiyaları ilə qədəm qoydu. Bir vaxtlar dünyanın neft paytaxtı kimi tanınan bu şəhərdə bu dəfə neftçilər etiraza qalxmışdılar. Daha dəqiq söylənsə, 200 neftçi işdən çıxarılmasına etiraz edirdi.

Söhbət BaharQum-Dəniz neft yataqlarında çalışanlardan gedir. İşini itirənlərdən biri – Etibar Kövsərov işdən çıxarılandan yarım il sonra intihar etmişdi. Onun həyat yoldaşı Sevinc Kövsərova deyir ki, 30 il çalışdığı yerdən çıxarılması ona çox pis təsir etmiş və əri pozulmuş haqlarını qorumaqda aciz qalmışdı:

«İşdən çıxarılandan sonra günlərlə evdə oturur, heç yana çıxmırdı. Hadisə baş verən gün məni yola saldı. Evə qayıdanda gördüklərim indi də gözümün önündən getmir».

Başqa işçilər kimi, Etibar Kövsərova da işdən çıxarılma səbəbi kimi əmək müqaviləsindəki müddətin başa çatması göstərilmişdi. 30 il bu yataqlarda çalışmış Etibar Kövsərovla yeni müqavilə də 2010-cu ildə Bahar və Qum-Dəniz neft yataqlarının xarici şirkətə verilməsindən sonra bağlanmışdı.

BİR SİRRİN İÇİNDƏKİ BAŞQA BİR SİRR...

Adı çəkilən yataqlar 1955 və 1969-cu illərdən istismardadır və 2009-cu ilədək Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olub.

2009-cu ilin dekabrında, prezident İlham Əliyevin sərəncamı ilə, Bahar və Qum-Dəniz yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsünə dair Dövlət Neft Şirkəti ilə «Bahar Enerji Limited» arasında saziş imzalanıb.

Sazişə görə, Qum-Dəniz və Bahar neft mədənlərindən götürülən gəlirin 80 faizinə Bahar Energy Limited, 20 faizinə SOCAR sahiblənir.

Bu razılaşmanın parlamentdə qısa müzakirəsində Azərbaycanın mənfəətini qorunmaması, xarici şirkət adı altında kimlərin gizlənməsi və işçilərlə bağlı xeyli suallar səslənsə də, həmin suallar cavabsız qalmış və sənəd 2010-cu ildə parlamentdə tez-tələsik təsdiqlənmişdi. Beləcə, «Bahar»a düşən pay Azərbaycanda imzalanmış, ən azı 5 belə sazişlə müqayisədə daha yüksək həddə çatmışdı.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (Organized Crime and Corruption Reporting Project - OCCRP) və AzadlıqRadiosu, Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (International Consortium of Investigative Journalists) iştirakilə Bahar Energy Limited şirkəninin arxasındaki gizlinləri aşkara çıxarıb.

Fəxrəddin İsmayılov
Fəxrəddin İsmayılov

Əldə olunmuş sənədlərin araşdırılması göstərir ki, dövlət adından nefti satmalı olan Dövlət Neft Şirkətinə - SOCAR-a bağlı 2 şəxs əlaqələrindən yararlanaraq saziş bağlayıblar. Bu sazişlər isə əslində nə dövlətə, nə də həmin yataqlarda çalışanlara sərf etmir. Bu sövdələşmədən kimin mənfəət götürdüyü uzun zaman sirr qalıb.

Bu sirrin arxasından SOCAR-ın indiki prezidenti Rövnəq Abdullayevin qaynatası Adəm ƏliyevSOCAR-ın Neft və Qaz Tədqiqatları və Dizaynı İnstitutunun rəhbəri Fəxrəddin İsmayılovun adları işarır. Onlar Bahar Energy şirkətinin həmtəsisçisi olan Rafi Oil şirkətinin ilk direktorları olublar.

ANAR ƏLİYEV, ADƏM ƏLİYEV VƏ FƏXRƏDDİN İSMAYILOVU NƏ BİRLƏŞDİRİR?...

Bahar Energy şirkətində baş vermiş hadisə son onillikdə Xəzərin bu iki neft yatağında həyata keçirilmiş bir sıra qaranlıq tranşların üzərinə işıq sala bilər.

OCCRP/AzadlıqRadiosu-nun üzə çıxardıqları sənədlər silsiləsi göstərir ki, Adəm Əliyev və Fəxrəddin İsmayılov 2008-ci ildə öz şirkətlərini bir nəfərə satıblar – Azərbaycanda və dünyada xeyli sual doğuran və 50 şirkətlə bağlı adı keçən Anar Əliyevə. Anar Əliyev həm də Fəxrəddin İsmayılovun biznes ortağıdır. Bu haqda bir qədər sonra...

Qayıdaq Bahar Energy-nin Azərbaycana gəlişinə...

Azərbaycan parlamenti 2010-cu ildə sözügedən sazişi ratifikasiya etməklə «Bahar»a 80% mənfəət əldə etməyə imkan yaradıb. SOCAR-ın bağladığı digər müqavilələrdə özəl şirkətlərin payı 50 fazi aşmır.

«Bahar»a üstünlük qazandıran razılaşmanın ratifikasiya edilməsinin qarşısını ala bilməsə də, bir neçə müxalif millət vəkili bu sazişdən kimin mənfəət götürdüyünü üzə çıxarmağa çalışıb.

BİR GÜNƏ 0,5 MİLYON DOLLARLIQ NEFT HASİLATI...

2010-cu ilin aprelində keçirilən dinləmədə millət vəkili Pənah Hüseyn mənfəətin böyük hissəsini götürən bu BƏƏ şirkətinin arxasında kimin durduğu barədə sual verib. Sazişdə nəzərdə tutulan mədənlərdən günə 4 min 629 barrel neft çıxarılmalı idi ki, bu da indiki qiymətlərlə günə yarım milyon dollar deməkdir.

Bahar Energy Limited 2009-cu il oktyabrın 21-də sazişlə bağlı prezident sərəncamından cəmi iki ay öncə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb.

Şirkət yaradılarkən təsisçiləri RAFİ OİL (FZE), Baghlan Group, Greenfields Petroleum Corporation olub. Hər birinin payı 33,3 faiz idi.

Hafiz Məmmədov (sağda) Nəqliyyat naziri Ziya Məmmədovla (solda)
Hafiz Məmmədov (sağda) Nəqliyyat naziri Ziya Məmmədovla (solda)

Baghlan Group-un sahibi özəlliklə nəqliyyat biznesi ilə tanınan Hafiz Məmmədovdur. O, futbol klubları ilə bağlı biznes həvəskarı kimi də tanınır və «Atletico» Madrid klubunun reklam sponsorlarındandır və indi oyunçuların futbol köynəklərində «Azərbaycan: Odlar yurdu» (Azerbaijan: Land of fire) sözləri yazılır.

Hafiz Məmmədov baş tutmasa da, İngiltərənin Sheffield Wednesday klubunu da almaq istəyib, amma Fransanın «Lens» futbol klubunun sahibidir, düzdür, klubun büdcəsinə 18 milyon dollar behi vaxtında köçürmədiyindən Fransa Futbol Federasiyasının müəyyənləşdirdiyi möhləti pozub. Sonradan bunun səbəbini bankların həftəsonu bağlı olmasıyla izah edib.

Yerli media Hafiz Məmmədovun hazırda biznesinin o qədər də yaxşı getmədiyini yazır. Elə «Bahar», Qum-Dəniz yataqları ilə bağlı yazılarda da ən çox onun adı hallanır. Di gəl, şirkətin digər payçılarının adı gizlədilir.

Bahar Energy-nin digər təsisçisi Greenfields Petroleum Corporation-dir. Greenfields Petroleum neft və qaz mədənlərinin inkişaf etdirilməsi ilə məşğul olan şirkətdir və Texasın Hyuston şəhərində mənzillənib, lakin “vergi cənnəti” kimi ad çıxarmış Kayman adalarında qeydiyyatdan keçib.

Greenfields 2014-cü ilin birinci rübündə 896 min dollar gəlir götürdüyünü və özünün Bahar holdinqlərinə görə 3,8 milyon dollar itirdiyini açıqlayıb. Bu “xüsusi adam”lardan biri, Bağlan Qrupunun sahibi Hafiz Məmmədov, görünür, indi futbol klublarının alınması zamanı üzləşdiyi çətinliklərdən daha böyük gəlir problemləri ilə üzləşib.

İyulun 23-də Greenfields Petroleum elan edib ki, Bağlana 16,5 milyon dollar məbləğində kredit verib, çünki 2014-cü il yanvarın 1-dən Bağlan tərəfdaşlıq sərmayələri üçün icbari olan investisiya ödənişlərini yerinə yetirmir. Greenfields etiraf edib ki, Bağlanın kəsirlərini maliyyələşdirmək üçün əlavə ödənişlər etməli olacaq.

Və nəhayət, Bahar Energy Limited şirkəti yaradılarkən, 3-cü təsisçi RAFİ Oil FZE olub. Bu şirkətin SOCAR rəsmilərinə yaxın (və əvvəllər gizli saxlanan) mülkiyyətiçiləri ilə daha mürəkkəb bağlılığı var. RAFİ düyününü açmaq üçün lap əvvəldən – RAFİ-nin yaranma tarixindən başlayaq.

TAPMACANIN AÇMASI: «RAFİ OİL (FZE) və RAFİ OİL (BVİ)»

RAFİ OİL (FZE) 2004-cü ildə BƏƏ-də qeydiyyatdan keçəndə, sahiblərinin adları qeyd olunmayıb. Amma sonradan Beynəlxalq Jurnalistlər Konsorsiumunun əldə etdiyi sənədlərdən birində – şirkət qeydiyyata alındığı zaman gerçəkləşən yazışma diqqət çəkir. Həmin yazışmada Fəxrəddin İsmayılovun adının heç bir halda ictimaiyyətə açıqlanmaması barədə xəbərdarlıq var.

Araşdırmalarda Birləşmiş Ərəb Əmirliklərində yaradılmış eyniadlı daha bir şirkətin də Vircin adalarında qurulub qeydiyyatdan keçdiyi bəlli olur. Elə bu da RAFİ Oil düyünün açılmasına yardımçı olur. Çox mürəkkəb bir sxemlə yaradılan və yaxşıca gizlədilən bu şirkətin arxasında, əslində, kimlərin olduğu sənədlərlə sübuta yetirilir. Əldə edilən bir sənəddə RAFİ Oil (BVI) şirkətinin tam olaraq RAFİ Oil FZE tərəfindən idarə olunduğu yazılır.

Deməli, əslində, Birləşmiş Ərəb Əmirliklərində yaradılan və sahiblərinin adı gizli saxlanan bu şirkət Vircin adalarındakı eyniadlı şirkətə məxsusmuş. Orada RAFİ Oil (BVI) şirkətinin direktorları kimi isə iki şəxsin adı göstərilib – SOCAR rəsmisi Fəxrəddin İsmayılovun və SOCAR prezidentinin qaynatası Adəm Əliyevin.

ADLAR NECƏ GİZLƏDİLİB?

Bahar Energy sazişinin müzakirəsi zamanı Fəxrəddin İsmayılovla Adəm Əliyevin adları bir dəfə də çəkilməyib. Sazişi parlementə təqdim edən deputat Valeh Ələkbərov şəffaflıqla bağlı sualları cavablayarkən, SOCAR-ın adından Rövnəq Abdullayevin də iclasda iştirak etdiyini bildirib və bu sazişin Azərbaycan hökumətinə xeyri barədə danışmaqla kifayətlənib.

Bəlkə də həmin vaxt onun nəyə diqqət çəkmək istədiyi bəlli olmayıb, amma bu araşdırmadan sonra mükazirənin stenoqramı bir çox məqamlara işıq salır. Adların gizliliyinin qorunması üçün millət vəkillərinin dəridən-qabıqdan çıxması, şəffaflıqla bağlı sualların necə ört-basdır edilməsi və digər məsələlər indi daha aydın sezilir.

Stenoqramla burda tanış ola bilərsiniz.

RAFİ OİL-ın tarixçəsi bununla bitmir. 2008-ci ildə Adəm Əliyev və Fəxrəddin İsmayılov RAFİ Oil FZE-dəki bütün səhmlərini Sinqapurda qeydiyyatdan keçmiş Union Grand Energy PTE adlı şirkətə satırlar.

2012-ci ildə – sazişin qüvvəyə minməsindən 2 il sonra Union Grand Energy özünün RAFİ Oil şirkətindəki Bahar Energy-yə aid səhmlərinin 3/1-i 150 milyon dollara Bağlan Qrupuna satıb. Beləliklə, Bağlan Qrupu hazırda Bahar Energy səhmlərinin üçdə-ikisinə sahibdir.

Bəs, Union Grand Energy-nin arxasında kim dayanır?

Union Grand Energy-nin tarixçəsi (TimeLine - tarixçə)
(TimeLine-ı görmək üçün şəkli tıklayın)

Union Grand şirkətinin qeydiyyatdan keçmiş sahibi Anar Əliyevdir. Onun adı Qlobal Şahid (Global Witness) Təşkilatının Azərbaycana aid 2013-cü il tarixli “Anonim Azərbaycan” (Azerbaijan Anonymous) hesabatında biznes tarixçəsi, demək olar, bilinməyən və hansı səbəbdənsə SOCAR-ın onlarca müştərək müəssisəsinə bağlı olan şəxs kimi çəkilib. Hesabat dərc olunandan sonra Anar Əliyev bəyanatlarla çıxış edərək Azərbaycandakı qüdrətli adamlar üçün qondarma şəxs olduğunu və ya SOCAR prezidenti Abdullayevin əmisioğlu olduğunu inkar edib. O vaxtdan bəri Anar Əliyevdən səs çıxmayıb.

Əliyevin təkzibləri sənayeyə nəzarət edən qurumları qane etməyib.

SOCARda qohumbazlıq

Müzakirə

Adəm Əliyev və Fəxrəddin İsmayılov Rafi Oilu Bahar və Qum DƏniz yataqları üzrə sazişi əldə edəndən az əvvəl satıb. Amma digər kontraktlar, məsələn Suraxanı neft yatağının daxil olduğu blokun işlənməsi üzrə kontraktı Rafi Oil 2005-ci ildə, yəni hələ qayınataya məxsus olduğu vaxt əldə edib.

Burada RAFİ-nin payı 75, SOCAR-ın payı 25 faizdir.

Adəm Əliyev və Fəxrəddin İsmayılovun biznesləri təkcə bununla bitmir.

Burada söhbət təkcə hansısa satışdan getmir. Həm də ortaqlıqdan gedir. Belə ki, Fəxrəddin İsmayılovun Anar Əliyevlə birgə Vircin adalarındakı bir şirkətdə direktordular. Onlar Vircin adalarında qeydiyyatdan keçən "Middle East Geophysics Corporation"-a direktorluq edirlər. "Middle East Geophysics Corporation"-nın təsisçisi isə Gulf Geophysics FZC şirkətidir. Bu şirkəti Birləşmiş Ərəb Əmirliklərində Anar Əliyev qeydiyyata aldırıb. Gulf Geophysics FZC SOCAR-la birgə yaradılan SOCAR GULF-un 49 faiz payçısıdır. SOCAR Gulf neft, qaz satışı, enerji nəqli, paylanması ilə bağlı müxtəlif layihələrin icraçısıdır.

Fəxrəddin İsmayılov həm də SOCAR-RODAN-nın 20 faizi payçısı olan RELZ Factor LLC-nin direktorudur. İsmayılovla Adəm Əliyev həm də RAFİ Transportatiton şirkətində təmsil olunurlar.

2004-cü ildə Bakıdan 120 kilometr aralıda yerləşən Kurovdağ neft yatağının (Şirvan Oil Əməliyyat Şirkəti) yeni tərəfdaş kimi Caspian Energy Gruopla müqavilə imzalanıb. Müqavilə 2005-ci ilin aprelində Azərbaycan Parlamenti təsdiqləyib.

BƏS, BÜTÜN BUNLARA SOCAR NƏ DEYİR?

SOCAR-ın İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyev bildirib ki, şəxsi bizneslərin “vergi cənnətləri”ndə qeydiyyatdan keçirilməsində heç bir qanunsuzluq yoxdur. Dərindən baxanda isə “vergi cənnəti” ona görə deyilir ki, bu cür yerlərdə qeydiyyatda keçmək şirkətlər üçün həqiqətən cənnətdir. Onlar nə maliyyə, nə də digər hesabatları verir, bəzi hallarda vergidən tam azad edilir. Bu üzdən belə yerlərdə özəlliklə narkotik və silah alverindən gəlir götürən və ya korrupsiyayameylli şirkətlər qeydiyyatdan keçir. “Vergi cənnəti” çirkli pulların yuyulması üçün də əla fürsətdir.

Bahar Energy Limited-i misal gətirməklə, ona ünvalnan “Neft şirkəti niyə sazişlərini daha çox ofşor zonalarda yaranan şirkətlərlə imzalayır” sualına cavabında Vaqif Əliyev deyir ki, burada qanun pozuntusu yoxdur.

- Bəs, bu şirkətlərin arxasında Azərbaycanlıların olduğu halda niyə xarici şirkət kimi təqdim edilir?

- Bir azərbaycanlının hansısa xarici ölkədə şirkət qeydiyyata alması qanunla qadağan deyil.

- Bəs, həmin şəxs SOCAR-ın rəsmisidirsə. Tutalım, Fəxrəddin İsmayılov

- Mən bildiyim qədəri ilə Fəxrəddin İsmayılovun bu şirkətlərlə bağlılığı yoxdur.

İşçilərin ixtisarına gəldikdə Vaqif Əliyev deyir ki, bu normal prosesdir:

“Biz tələb edirik ki, şirkətlər yerli əməkçilərdən istifadən etsinlər, lakin belə bizneslər dinamik yanaşma tələb edir və işçi ixtisarları da, yeni iş yerlərinin açılması da tam mümkündür”.

Bahar Energy iki mədən üzərindəki nəzarəti ələ alandan sonra mövcud müqavilələrə son verərək, işçilərdən yeni qısamüddətli müqavilələr imzalamalarını tələb edib. Beləcə,

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

müqavilə müddəti bitəndən sonra onların pensiya məsələsinə baxılmamasına imkan yaranıb. Azərbaycan qanunları pensiya verilməsini tələb etsə və işçilər qanuni şikayətlərini dilə gətirsə də, hökumət qanunların tətbiqini həyata keçirməyib.

Neft İşçilərinin Hüquqları Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, Bahar Energy iş yerlərinin ixtisarına 2011-ci ildən başlayıb:

“İşlərini itirənlərin çoxu hədələnib və müstəqil ədliyyəyə inamın olmadığı üçün çox az adam məhkmələrə müraciət edib. Məhkəmədə ədalətə nail olmaq doğrudan da çox çətindir, Bahar Energy Limited SOCAR-ın himayəsi altındadır.”

İşi ixtisara düşərkən pensiya yox, altı aylıq haqq-hesabını alan Etibar Kövsərov iyun ayında intihar edib. Onun xanımı iki uşağı ilə birlikdə yaşamaq üçün vurnuxmadadır.
Mirvari Qəhrəmanlı ehtiyat edir ki, bu, son intihar olmaya bilər. O deyir ki, Azərbaycan hökuməti öz vətəndaşlarını deyil, ofşor şirkətlərini müdafiə edir:

“Görünür bunlar elə xüsusi adamlardır ki, onların mənfəətləri neft işçilərinin həyatından daha önəmlidir”.

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG