Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

"Azərbaycan" qəzetindən ABŞ liderlərinə yeni ittihamlar


Arxiv fotosu: ABŞ prezidenti Barack Obama (sağda) Nyu-Yorkda həmkarı İlham Əliyevlə görüşür. 24 sentyabr 2010
Arxiv fotosu: ABŞ prezidenti Barack Obama (sağda) Nyu-Yorkda həmkarı İlham Əliyevlə görüşür. 24 sentyabr 2010

.

DÖVLƏT QƏZETİ ABŞ LİDERLƏRİNİ "İSLAMAFOB" VƏ "ERMƏNİPƏRƏST" ADLANDIRIR

Parlamentin orqanı olan "Azərbaycan" qəzeti aprelin 17-də "Obama-Kerri cütlüyü: “müstəsnalığın” islamofob və ermənipərəst fəsadları" məqaləsində ABŞ liderlərinə qarşı sərt ittihamlar səsləndirir.

Qəzet məqaləsini ABŞ prezidentinin bir çıxışından aşağıdakı sitatla başlayır:

“Bu gün Amerika heç vaxt olmadığı kimi qalan bütün dünyadan güclüdür. ABŞ birtərəfli qaydada hərbi gücü tətbiq etməyə hazırdır. Amerika tək əvəzolunmaz millətdir. Məsələ Amerikanın lider olub-olmamasında deyil, nəyə görə lider olmasındadır. Bu, yalnız bizim sakitliyimiz və firavanlığımız üçün deyil, bu firavanlığı həm də bütün Yer kürəsinə yaymaq üçündür. Amerika dünyada lider olmağa borcludur, bizdən başqa bunu heç kim edə bilməz. Mən bütün ruhumla Amerikanın müstəsnalığına inanıram. Bizi müstəsna edən beynəlxalq qanunları pozmaq bacarığımız deyil, onu öz hərəkətlərimizlə təsdiq etməyə hazırlığımızdır. (youtube.com/watch?v=EOHGmXOQsjE)"

Məqalə müəllifləri qeyd edirlər ki, ABŞ prezidentinin "bəyan etdiyi “müstəsnalıq”, “əvəzolunmazlıq”, “liderlik” ambisiyaları və islamofob siyasəti bu gün Liviya, Misir, Tunis, Yəmən, İraq, Əfqanıstan və digər Şərq dövlətlərində çevrilişlərin, hərbi ekspansiyaların, vətəndaş qarşıdurmalarının, bu arealı bürümüş sosial və iqtisadi fəlakətin başlıca səbəbləridir. ABŞ Prezidenti hesab edir ki, bu ölkələrin xalqları müstəqil şəkildə özlərinə hakimiyyət seçə və öz qanunları, qaydaları ilə yaşaya bilməzlər. Onlar öz həyat tərzlərini Amerikanın maraqlarına, istək və arzularına uyğunlaşdırmalıdırlar."

"EMİN HÜSEYNOVUN DEYİL, BREDİ MENİNG-İN DƏRDİNİ ÇƏKİN..."

ABŞ prezidentininin ünvanına ittihamlar yağdıran qəzet daha sonra yazır:

"Bu gün o, xarici ölkələrdən birinin Bakıdakı səfirliyində gizlənərək məsuliyyətdən yayınmağa çalışan RATİ-nin sədri Emin Hüseynovun taleyini daha çox “düşünür”. Əks təqdirdə ABŞ Dövlət Departamenti, Human Rights Watch, Freedom Hause və digər bu kimi təşkilatlar E.Hüseynovun deyil, C.Assancın taleyi ilə maraqlanardılar. Belə olmasaydı, bir qrup avantürist ABŞ Dövlət katibi C.Kerriyə müraciətlərində X.İsmayıl, L.Yunusun deyil, Wikileaks saytına məlumatları ötürən Bredli Menninqin taleyini gündəmə gətirərdilər.

Yaxud da ABŞ təşkilatları guya ayrı-ayrı ölkələrdəki “dözülməz vəziyyətdən baş götürüb qaçan mühacirlərlə” yanaşı, həm də dünyanın ən qüdrətli dövlətinin qisasından qaçaraq Rusiyaya sığınmış, ancaq orada da qorxu altında yaşayan Edvard Snoudeni müdafiə edərdilər.

Bir çox ekspertlər hesab edirlər ki, Obama-Kerri cütlüyü dövründə olduğu kimi, Amerika hakimiyyəti heç vaxt maliyyə-iqtisadi və lobbi qruplarından asılı vəziyyətdə olmayıb. Amerika prezidentləri və dövlət katiblərindən heç biri bu qədər islamofob mövqeyi ilə seçilməyiblər. Bu gün Azərbaycan ictimaiyyətinə də belə bir rəy hakim kəsilib ki, müstəqil Azərbaycana münasibətdə Amerikanın mövqeyində heç vaxt bu qədər ermənipərəstlik özünü büruzə verməyib."

BAKI İLƏ VAŞİNQTONUN ARASINI BARACK OBAMA VURUB?

ABŞ prezidenti Barack Obama-nın hakimiyyətə gəlməsindən sonra Azərbaycanla ABŞ arasında münasibətlərin gərginləşdiyinə toxunan "Azərbaycan" qəzeti daha sonra qeyd edir:

"Problem odur ki, ABŞ-ın 1990-cı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ab-havası yenidən hiss olunmaqdadır. Bu ab-havanın formalaşmasında cənab Obama ilə yanaşı Dövlət katibi Con Kerrinin Amerikanın dövlət maraqları ilə uzlaşmayan şəxsi mövqeyi, erməni lobbisi ilə sıx əlaqələri az rol oynamır. Təsadüfi deyil ki, C.Kerri digər bir neçə senatorla birlikdə 1990-cı ildə SSRİ rəhbəri M.Qorbaçova ünvanladıqları məktubda onu Dağlıq Qarabağ problemini “Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll etməyə” çağırırdı. 2012-ci ilin sentyabrında Kerrinin erməni zabitini qətlə yetirməkdə təqsirli bilinərək Budapeşt məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsinə münasibəti də onun ermənipərəstliyinin bariz nümunəsi kimi səciyyələndirilə bilər: “Mən Azərbaycanın Ramil Səfərovu qaytarmasından, onu əfv etməsindən, hərbi rütbəsini yüksəltməsindən və qəhrəmana çevirməsindən şokdayam”.

Göründüyü kimi, bu gün ABŞ-a islamofob, ermənipərəst Barak Obama və Con Kerri kimi şəxslər rəhbərlik edirsə, Azərbaycan ictimaiyyətinin ABŞ-ın yürütdüyü siyasətdən narazılığına kifayət qədər ciddi əsaslar var. Azərbaycan ictimaiyyəti anlayır ki, bu gün ABŞ-ın və onun təhriki ilə bəzi Avropa dairələrinin Azərbaycana qarşı təzyiqləri ilk növbədə Azərbaycan hakimiyyətinin müstəqil siyasəti, rəsmi Vaşinqtonun iradəsi ilə hesablaşmamasından irəli gəlir. Çünki Vaşinqtonun uzun illərdir Azərbaycanda yaratdığı “beşinci kolon” darmadağın edilib, Azərbaycan da Türkiyə kimi ABŞ-ın antirusiya siyasətində yer almaqdan imtina edir. Bütün bunlar isə “müstəsna”, “əvəzolunmaz”, “lider” xalqın başında duranları hiddətləndirir.

Onlar başa düşməlidirlər ki, belə metodlarla Azərbaycanın siyasi kursuna təsir etmək, onu öz yolundan döndərmək mümkün deyil. Çünki Azərbaycan hakimiyyəti, Azərbaycan Prezidenti hər bir addımında, hər bir qərarında Azərbaycanın milli maraqlarını rəhbər tutur, xalqın rəyini ifadə edir və xalqa arxalanır.

İSLAM KARİMOV KİMİ "BUNLARLA BİRDƏFƏLİK QURTARMAQ LAZIMDIR"

Bu gün Azərbaycan ictimaiyyəti anlayır ki, Ukraynaya görə Rusiya kimi nəhəng dövləti diz çökdürməyə çalışan Amerika və onun tərəfdaşlarının Ermənistanın işğalçılıq siyasətinə göz yummasının arxasında ABŞ rəhbərliyinin antimüsəlman və ermənipərəst siyasəti dayanır. Azərbaycan vətəndaşları aydın görürlər ki, ABŞ üçün strateji tərəfdaşlıq anlayışı heç bir əhəmiyyət kəsb etmir və cənab Obama heç bir vicdan əzabı çəkmədən Azərbaycanı da Liviyaya çevirməyə hazırdır. Buna görə də Azərbaycan ictimaiyyəti hesab edir ki, rəsmi Bakı da ABŞ və Qərblə münasibətlərinə, o cümlədən antiterror koalisiyasında iştirakın davam etdirilməsinə, NATO hərbçiləri üçün nəqliyyat dəhlizlərinin yaradılmasına və digər məsələlərə yenidən baxmalıdır. Azərbaycanda bir politoloqun dediyi kimi, “Özbəkistan Prezidenti İslam Kərimov kimi qəti qərar qəbul edib bunlarla birdəfəlik qurtarmaq lazımdır”".

"Azərbaycan" qəzetinin məqaləsini ətraflı şəkildə burada oxuya bilərsən.

Keçən il dekabrın əvvəlində də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də ABŞ-a və onun liderlərinə qarşı də bu məqalədəki fikirlərə bənzər bənzər ittihamlarla çıxış etmişdi.

O zaman təhlilçilər bunu Azərbaycan hakimiyyətinin siyasi kursunda dönüş kimi qiymətləndirirdilər.

ABŞ-ın Azərbaycandakı səfirliyi isə Ramiz Mehdiyevin bu məqaləsinə cavabında qeyd etmişdi ki, "Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini hər bir zaman dəstəkləyib. Müstəqilliyini əldə edən Azərbaycana müxtəlif yönümdə dəstək nümayiş etdirən Birləşmiş Ştatlar gələcəkdə də suveren tərəfdaşlıq münasibətlərin inkişafına dair öhdəliyə sadiq olacaq.

İnanırıq ki, demokratiya, iqtisadi inkişaf və təhlükəsizlik kimi sahələr Azərbaycanın uzunmüddətli tərəqqisi üçün önəmlidir. Biz sözügedən sahələrdə əməkdaşlıq təkliflərimizi davam etdirərək müsbət addımları alqışlayacağıq. Ümidvarıq ki, Azərbaycan insan haqları və digər sahələrdə üzərinə götürdüyü öhdəlikləri həyata keçirəcək, uğur və azadlığın nümunəsi olmaq üçün mühüm potensialını istifadə edəcək."

Amma hələlik aprelin 17-də "Azərbaycan" qəzetinin ABŞ əleyhinə ittihamlarla dolu məqaləsinə ABŞ tərəfdən bir reaksiya yoxdur.

XS
SM
MD
LG