Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 23:12

«Gömrükdə rüşvəti qaldırıblar, mallarımız ilişib qalıb»


Gömrük
Gömrük

-

«Mallarımız gömrükdə qalıb, 500 dollar rüşvət istəyirlər. Gətirdiyimiz maldan qazancımız nədir ki, onu da elə gömrükdə paylayaq? Bəs deyirdilər, rüşvət bitdi, daha sahibkarları incitməyəcəklər».

Bunu Bakı sakini Sevinc Hüseynova AzadlıqRadiosunun «Qaynar xətt»inə deyir. Onun sözlərinə görə, şəriki Əlif Səfərəliyevlə İrandan gətirdikləri kərpic noyabrın 20-dən Astara gömrük keçid məntəqəsində ilişib qalıb. Səbəbini də onunla izah edir ki, Lənkəran gömrük postunun rəisi əlavə 500 dollar tələb edir:

«O ADAM» KİMDİR?..

– 5 ildir ki, İrandan kərpic gətiririk. Gömrükdə qanundan kənar ödəmələrlə dərimizi boğazımızdan çıxarırlar, susuruq. Daha belə də olmaz. Görürlər dinmirik, lap üstünə qoyurlar. Hər dəfə mal gətirəndə 1850 manat ödəyirik. O pulun içərisində gömrüyün rüşvəti də var. Ancaq bu dəfə malları buraxmadılar, dedilər, «Lənkəran Gömrük Postunun rəisi Nazim müəllim deyir ki, 500 manat da əlavə ödəməlisiniz».

- Nazim müəllimlə görüşdünüzmü? Özü ilə danışdınızmı?

- Bəli, şərikim görüşüb, danışıb. Bilirsiniz, gətirilən mallar Lənkəran Gömrük Postunda «rastamojka» olur. Nazim müəllim də «rastamojka»dan keçirmir ki, «mənlik deyil. Malları kimin adına vurursunuzsa, o adam əlavə pul tələb edir, gətirin verin, mallarınızı aparın».

- Malları kimin adına vurursunuz?

- Vallah, o adam da hər kimdirsə, öz adamlarıdır. Tanımırıq… 5 ildir ki, özlərinin məsləhət gördüyü və üzünü görmədiyimiz adamın adına vururuq malları. Deyirik, «ay Nazim müəllim, o adam kimdir, bizə göstərin, soruşaq görək, bu 500 dolları bizdən əlavə niyə istəyir axı? Biz onsuz da qazancımızın yarıdan çoxunu gömrükdə qoyuruq. İndi də 500 dollar əlavə istəyirsiniz». İş orasındadır ki, o adamın da kimliyini demir. Ümumiyyətlə, heç kəs öz adına mal gətirə bilmir. Deyirlər, «ya biz dediyimiz adamın adına göndər, ya da gömrükdən keçməyəcək».

Sevinc Hüseynova deyir, İrandan gətirib satdıqları kərpicdən elə də böyük qazancları olmur. Qazandıqlarını şərikiylə bərabər bölürlər. Bir də bu qazanca gömrük şərik çıxır. Elə bu dəfə gətirdikləri malın da dəyəri 6 min dollardır. 1850 dollar gömrüyə ödəyiblər. Dediyinə görə, bu məbləğin içərisində həm rüsum var, həm də rüşvət…

GÖMRÜK SUALLARI CAVABLANDIRMIR

Lənkəran Gömrük Postunun rəisi Nazim Məmmədovun şəxsi telefonuna zəng vururuq. İlk zəngdən cavab verir:

- Nazim müəllimdir?

- Bəli, buyurun.

- Salam.

- Salam, buyurun.

- Nazim müəllim, sizə AzadlıqRadiosundan zəng vurmuşuq…

- Haradan?

- Azadlıq Radiosundan…

Bir neçə saniyə qular asıb əlaqəni kəsir. Sonrakı ardıcıl zənglərimizə isə hər dəfə telefonu qapadır.

Lənkəran Gömrük Postunun rəsmi saytındakı telefonlara isə 3 gün ərzində, ümumiyyətlə, cavab verən olmadı.

XS
SM
MD
LG