Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:37

Dollarla krediti olanlar banklara zəng edir ki...


►“Dollar kreditləri hansı məzənnə ilə qaytarılmalıdır?” İkinci devalvasiya köhnə sualı təzələyir.

“Siqaret çəkməyən adam, səhərdən indiyə kimi iki qutu çəkmişəm”. Kompüter mütəxəssisi Əbdül Axundov manatın dollara nisbətən 50 faiz ucuzlaşmasından keçirdiyi şokdan hələ ayılmadığını deyir.

Onun iki banka üst-üstə 3 min dollar kredit borcu var və bir ildi nə qədər ödəyirsə də, borc azalmır ki, azalmır:

“Mən bir il öncə, manat devalvasiyaya uğramazdan əvvəl kredit göturdum. Manatla istədim, amma dollarla verdilər. O vaxt nə qədər mübahisə elədim ki, “bura Amerika deyil ki, dollarla kredit verirsiz?””

Buna da bax: Günel Mövlud. Niyə hamı sevinir?

“Nə qədər ödəyirəm, borc azalmır”

Əbdül Axundov deyir ki, manat 30 faiz ucuzlaşandan sonra banka gedib, məlum olub ki, devalvasiyaya görə, onun üç ay ödədiyi borc kredit məbləğini azaltmayıb:

“Belə çıxdı ki, 3 ay boş-boşuna pul ödəmişəm. O vaxt məbləği ay üzrə təzədən böldülər, ödəmə vaxtını uzatdılar, indi də bankdan zəng edib deyirlər ki, aylıq ödəniş məbləğim iki dəfə artıb”.

Aylıq maaşa baxan və Bakıda kirayədə yaşayan Əbdül Axundov uzun illərdir ki, kreditlər hesabına problemlərini həll etdiyini, heç vaxt bank borcunu gecikdirmədiyini deyir. Onun sözlərinə görə, krediti də ailə büdcəsini hesablayıb götürürmüş:

“Onsuz da iki ay idi bank borcunu ödəyə bilmirdim, maaş həminkidir, amma hər şey qalxıb”.

Bu gün banka baş çəkəcək Əbdül Axundov deyir ki, artan aylıq ödəniş haqqı onun cibinə uyğun olmasa, borcunu ödəməkdən imtina edəcək:

“Deyəcəm, versinlər məni məhkəməyə. Oğurluq edib qaytarası deyiləm ki”.

“Zəng edib dedim ki, ya gözləyin, ya da məhkəməyə verin”

Gəncə sakini Elnur Bayramov isə dolların 1.55 qəpiyə qalxdığını eşidən kimi kredit götürdüyü banka zəng edib borcunu ödəməyəcəyini söyləyib:

“Bir ay əvvəl pul lazım idi, getdim, krediti dollarla verdilər. Manatla illik faiz yüksək idi, dollarla nisbətən az. Bir ay sonra işlədiyim şirkətdə işçiləri ixtisar eləyəndə məni də çıxardılar. Qaldım işsiz, indi də dollar qalxdı. 2 min dollardı, hirsimdən heç oturub hesablamamışam da ki indiki məzənnə ilə aylıq nə qədər qaytarmalıyam. Banka da zəng vurub dedim ki, “hər dəqiqə mənə zəng eləməyin, nə zaman pulum olacaq, gətirib ödəyəcəm, razı deyilsiz, verin məhkəməyə””.

“Axı ödəniş gecikdirildikdə onun da faizi hesablanır və məbləğ şişəcək”, deyə Elnurla söhbətə müdaxilə edirik. “Bilirəm, amma faiz gəlsə də, gəlməsə də, bu borcu ödəməyə məndə pul yoxdursa, nə dəyişəcək?”, deyə cavab verir.

Buna da bax: Elmar Məmmədyarov: Ermənistan nəyi gözləyir?

Banklarla qanuni yollarla mübarizə aparmaq olar.

“Bütün borclular birləşin”

“Borclular birləşməli və banklarla məhkəmə çəkişmələrinə başlamalıdırlar. Belə olsa, haqlarını qoruya biləcəklər”.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində deyir. Onun sözlərinə görə, əks halda “banklar bacardığı borcluları soyacaqlar, bacarmadıqlarını, yəni pulu və əmlakı olmayanı isə xəstələndirəcək, intihara sövq edəcəklər.

“Banklarla qanuni yollarla mübarizə aparmaq olar. Sadəcə, bunu birgə etmək lazımdır”, - ekspert əlavə edir.

Bu ilin fevralında manat dollara nisbətdə 30 faiz ucuzlaşandan sonra dollarla kreditlərin taleyinə aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsi mayda dinləmə keçirdi və belə bir qərar verdi ki, dollarla götürülən kreditlər yeni məzənnə ilə qaytarılmalıdır.

Buna da bax: “Exchange”lər dolları fərqli qiymətlərə alır- [Fotolar]

“Hüququ yollar çoxdur”

Əkrəm Həsənov deyir ki, Konstitusiya Məhkəməsi həmçinin güzəştlərin edilməsi haqda da qərar verib:

“Amma əhali bunun icrasının ardınca getmədi. Bundan başqa yollar da var. Axı banklar faizləri aylıq tutur. Əslində isə illik tutmalıdır. Bu tətbiq edilsə, borclar azalacaq. Nəhayət, vətəndaşlar məhkəmə qərarlarının icrası etapında da mübarizə aparmalıdır. Məsələn, yaşayış minimumunun toxunulmazlığı və s. Yəni imkanlar çoxdur. Sadəcə, insanlarımız passivdir”.

Bu arada yerli mətbuat ölkə banklarındakı mənbələrə istinadən xəbər yazır ki, dollarla kredit götürən müştərilərin bəziləri banklara zəng edib borcu qaytara bilməyəcəklərini deyirlər. Bəzi iqtisadçılar isə təklif edirlər ki, dollarla götürülən kreditlərin qaytarılması ilə bağlı yeni mexanizmlərin işlənməsinə və Mərkəzi Bankın tövsiyəsinə ciddi ehtiyac var.

XS
SM
MD
LG