Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:18

Tərtərdə iki uşaq külə dönmüş evdə yaşayır


Arzu İsmayılova
Arzu İsmayılova

-

Bu il yanvarın 4-də sübhdən qonşuların harayına oyanmasaydı, bəlkə indi nə özü həyatda idi, nə də iki azyaşlı balası... Bunu Tərtər rayonu, Rövşən Kərimov küçəsindəki 13 saylı evin xanımı Arzu İsmayılova deyir.

O səhər mənzilin mətbəxindən başlayan güclü yanğın daha üç otağı da ağuşuna alıb. Ev sahibəsi övladlarını və öz canını alovun ağzından zorla xilas edə bilib. Yanğınsöndürənlər yetişənədək mənzil içərisindəki əşyalarla külə dönüb. İndi ailə dəhşətli səhərin izlərini özündə həkk edən hisli divarlar arasında yaşamağa məcburdur.

Yanan ev
Yanan ev

«EVDƏ KÜRKÜMÜZƏ BÜRÜNÜB YATIRIQ»

Səbəbindən ev sahibəsi danışır:

«Səbəb odur ki, yanvarın 5-də Tərtər rayon İcra Hakimiyyətinə getdim, məni arxayın elədilər ki, işlənmiş materiallar verəcəklər, evim təmir olunacaq. Ancaq iki həftə ötsə də, ortada heç nə yoxdur».

Arzu xanım deyir, həyat yoldaşı vəfat edib. 9 və 12 yaşlı övladlarını onlara kəsilən təqaüdlə - 119 manatla böyüdür. Külə dönmüş mənzili əvvəlki vəziyyətinə gətirmək imkanı yoxdur:

«Evlərdə iş görürəm, qəpik-quruş qazanıram, qoyuram 119 manat pensiyanın üstünə, uşaqları zorla dolandırıram. Allah da şahiddir ki, uşaqlarımın yeməyini hər gün qonşular gətirir. Nə geyimimiz, nə yeməyimiz var. Şəkillərini sizə çəkib göndərdiyim evdə kürkümüzə bürünüb yatıb dururuq. Evin damı yanıb, icra hakimiyyəti şifer vermir ki, başımızın üstünü bağlayaq. Qışın günündə qarda, çovğunda donuruq».

Ev sahibəsi təkcə evin damını düzəltmək üçün ağzını aradığı ustaların ondan 700 manat zəhmət haqqı istədiklərini deyir. Bir şərtlə ki, şifer və lazım olan başqa materialları da ev sahibəsi özü almalıdır.

Yanan evin döşəməsi
Yanan evin döşəməsi

MADDİ VƏSAİT YOXDUR, AMMA...

Yanğın vaxtı işıq xətləri də yanıb deyə, şam işığında otururlar. Deyir, qaz xəttini də ev qəzalı vəziyyətdə olduğuna görə kəsiblər. Qonşular arada uşaqların qucağına odun verib evə göndərir ki, yandırıb istisinə qızınsınlar.

Tərtər rayon İcra Hakimiyyətindən bildiriblər ki, Arzu İsmayılovaya kömək etməyə hazırdırlar. Hətta yanğın baş verən ünvana nümayəndə də göndəriblər. Dəymiş zərər hesablanıb və evin təmiri üçün lazım olan tikinti materiallarının siyahısı hazırlanıb. Təmir üçün maddi vəsait olmadığına görə ev sahibəsinə hazırda istifadə olunmayan tikinti materialları təklif edilib. Yaxın günlərdə mənzilin damı təmir olunacaq.

Xanım deyir, iki həftədir, demək olar, hər gün Tərtər rayon İcra Hakimiyyətinə gedib gəlir, ancaq evin təmirinə nail ola bilmir. Hər dəfə onu qapıda qarşılayıb arxayın edirlər ki, «get, 1-2 saata maşın gələcək, material gətirəcək». O da gəlib saat nədir, sutkayla gözləyir, tikinti materialı ilə dolu maşın ünvana gəlib çıxmır ki, çıxmır...

XS
SM
MD
LG