Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

“Prezident olsaydım, təhsil nazirini işdən çıxarardım”


Sevinc Elsevər
Sevinc Elsevər

-

"Ümumiyyətlə, Azərbaycanda vəziyyət belədir. Müavindən gedib direktora şikayət edirsən, məlum olur ki, direktor müavinin əri, qardaşı, xalası oğlu, əmisi oğlu, qaynı, bacanağı və s. imiş."

Sevinc Elsevər

“Prezident olsaydım, təhsil nazirini işdən çıxarardım”

Bu yaxınlarda mənə Təsviri incəsənət tarixi ilə bağlı kitab lazım oldu. İnternetdə araşdırdım, gördüm ki, doğma ana dilimizdə bu mövzuda kitab mağazalarından heç nə əldə edə bilmərəm. Üz tutdum türkcə kitabların siyahısına. Onlarla faydalı kitab vardı. Di gəl, ən ucuzu 30 manatdan başlayırdı. Qəfil yadıma düşdü ki, axı İncəsənət Universitetində oxuyanda bizə Təsviri sənət tarixini keçiblər. Mənim mühazirə dəftərim olmalıdır. Həmin dəftəri axtarmağa başladım.

“Kim geri qalsa, özündən küssün!”, “Filankəs, ayağa qalx, de görüm axırıncı yazdığın söz nədi?”

Xeyli axtarışdan sonra tapdım. Haradasa, 100 vərəqli dəftəri doldurmuşdum, di gəl, öz xəttimi oxuya bilmirdim. Niyə oxuya bilmirdim?

Çünki o dəftərləri adam kimi oturub yazmamışdım ki. 90 dəqiqəlik dərs saatını başa vursun deyə kitab gətirib üzündən oxuyan, “yazın!” deyə əmr edən müəllimlərdən birinin yazdırdığı mühazirə dəftəri idi.

Mühazirə dəftəri də demək olmaz, əslinə qalsa, imla dəftəridir. “Kim geri qalsa, özündən küssün!”, “Filankəs, ayağa qalx, de görüm axırıncı yazdığın söz nədi?” kimi cümlələrlə bütün auditoriyanın başını aşağı salıb yazmağına nəzarət edən müəllim tələbədə dinləmək, sual vermək, düşünmək, polemika aparmaq kimi vərdişləri yaratmaq əvəzinə beşinci sinif şagirdiymişik kimi “Yaz!” deyə əmr edirdi.

Azərbaycan universitetləri bu gün bu cür müəllimlərlə doludur. Bir dənə ədəbiyyat siyahısı verməyən, istiqamət göstərməyən, ciddi-ciddi hazırlaşıb mühazirə demək əvəzinə inşalar yazdıran, şəxsi xatirələrini danışan müəllimlərlə.

Bu mühazirə dəftəri ilə yanaşı, əlimə on birinci sinifdə tutduğum xatirə dəftəri də keçdi. Açdım, vərəqlədim, uzaq uşaqlıq illərini yad elədim. Tərtib elədiyim suallara təəccübləndim. Elə qəribə suallar seçibmişəm ki. Məsələn, sonuncu suallardan biri bu idi: “Əgər prezident olsaydınız, ilk növbədə hansı sahədə dəyişikliklər edərdiniz?”

Uşaqların bəziləri sualdan yayınmış, bəziləri zarafata salmış, “KQB-nin adamısan sən?” yazmış, bəziləri isə ciddi-ciddi cavablandırmışdı. İki cavab isə məni lap əyləndirdi.

Uşaqlardan ikisi “Prezident olsaydım, Misir Mərdanovu təhsil naziri vəzifəsindən çıxardardım. Təhsildə islahatlar aparardım” deyə cavab veriblər.

Üzümdə təbəssüm gəzdi. Dostlarımın arzusunun ilk bəndi həyata keçmişdi. Misir Mərdanov artıq təhsil naziri deyildi. Görəsən, o zamandan bəri nə qədər çox şey dəyişilib?..

Bugünlərdə Test sisteminin ləğv olunacağı ilə bağlı xəbərlər dolaşmaqdadır. Xüsusən kasıb adamlar əndişə içindədirlər. "Nə olacaq? Necə olacaq?" deyə suallar verirlər bir-birlərinə. Axı danılmaz faktdır ki, Sovet dövründə minlərlə adam rüşvətlə ali məktəblərə qəbul olunurdu. Maddi imkanı olmayan savadlı adamlar oxuya bilmirdilər. Savadlının yerinə pul alıb savadsızı götürürdülər ali məktəbə.

Test üsulunun sayəsində bu gün orta məktəblərdə müəllimlər şagirdləri çox da incidə bilmirlər. Məsələn, orta məktəbdə bir müəlliməm vardı, onun yanına məşğələyə getmirdim deyə, rüblükdə mənə aşağı qiymət yazırdı. Üzümə də deyirdi ki, mənim yanıma hazırlığa gəlmədin, qonşunuz Əhmədin yanına hazırlığa getdin, al bu da qiymətin. Adam bilmirdi dərdini getsin kimə desin.

İndi isə rüblük qiymətlər test üsulu ilə qiymətləndirilir. Müəllimə hədiyyə apara bilməyəndə, yanına hazırlığla getməyəndə də, o sənin qiymətini kəsə bilmir.

Test üsuluna keçilməsəydi, magistraturaya da girə bilməyəcəkdim. Çünki elə cəmi bir il əvvəl qırmızı diplomla universiteti bitirməyimə, ixtisasımla bağlı mətbuatda əlliyə qədər məqalə yazmağıma baxmayaraq, mənə qapını göstərmişdilər.

İki uşağım məktəblidir. Valideynlər yığılıb təhsil nazirinin, məktəb direktorlarının qarasına deyinəndə, mən “şükür edin” deyirəm onlara. "Beş manat fond pulu nədir ki, ona görə deyinirsiz" deyirəm. Test vərəqlərini kopyalamaq üçün pul yığılır, heç nədi, bir şey olmaz. O pulla varlanmayacaqdıq deyirəm. "Sizin də uşağınız mənimki kimi Uşaq musiqi məktəblərindən birində oxusaydı, onda özünüzü asardınız ki" - deyirəm.

Uşaqlar
Uşaqlar

Uşaq musiqi məktəblərinin əksəriyyətində şöbə müdirləri müəllimələrlə intriqalardadır.

İmtahanı şöbə müdiri götürür. İçəridə imtahan komissiyası oturur. Valideyni imtahana buraxmırlar.

Müəllimənin sözü keçmir bu imtahanlarda. İmtahan Komissiyasının sədri çox vaxt direktorun yaxın adamı, qohumu olur.

Əhəmiyyətli konsertlərə özlərinə yaxın müəllimlərin şagirdlərini çıxarırlar. (Bugünə qədər qızım üç ayrı-ayrı musiqi məktəblərinin şagirdi olub, hər yerdə vəziyyət oxşardır.)

Birindən o birinə şikayət edəndə də bu şikayət “Sənə yar, səndən yar, şikayətim var” olur. Ümumiyyətlə, Azərbaycanda bir çox sahələrdə vəziyyət belədir. Müavindən gedib direktora şikayət edirsən, məlum olur ki, direktor müavinin əri, qardaşı, xalası oğlu, əmisi oğlu, qaynı, bacanağı və s. imiş.

Bir dəfə rayonlardan birində bir müəllimədən direktora şikayət etdim, direktor dedi ki, o müəllimə mənim həyat yoldaşımdır, mən özüm onunla söhbət edərəm. Bundan sonra müəllimə mənə qarşı daha da aqressivləşdi.

Elə bu səbəbdən mən bu ölkədə kimdənsə kiməsə şikayət etməyi tərgitmişəm. Çünki bilirəm, kimsə kiminsə adamıdı ki, o yerdə oturub.

Dəfələrlə başıma belə şeylər gəlib. Bir dəfə rayonlardan birində bir müəllimədən direktora şikayət etdim, direktor dedi ki, o müəllimə mənim həyat yoldaşımdır, mən özüm onunla söhbət edərəm. Bundan sonra müəllimə mənə qarşı daha da aqressivləşdi.

Hələ Mədəniyyət Nazirliyinin Uşaq İncəsənət məktəbləri ilə bağlı nümunəvi əsanaməsini oxuyub gördüm ki, xalqın sadə və kasıb zümrələrindən yana deyil o əsasnamə. Sırf musiqi məktəblərinin direktorlarından yanadır. Musiqi məktəbinin direktorları mütləqi-hakimdir, diktatordur əsasnaməyə görə.

O əsasnaməni oxuyandan sonra fikirləşdim ki, gələn dəfə qızımın oxuduğu musiqi məktəbinə gedəndə gərək direktora baş əyəm.

O direktorlar hətta ödənişli tələbələrin dövlət hesabına ödəyəcəyi məbləği belə, özləri müəyyənləşdirirlər. İstənilən uşağı əllərini yelləyib məktəbdən xaric edə bilirlər. Çox vaxt da hansısa valideynlə, ya şagirdlə münasibətlər pozulanda qəsdən aşağı qiymətlər yazaraq, istedadlı uşaqları məktəbdən xaric edə bilirlər.

Keçən ilki dərs ilinin sonunda qızımın sinif yoldaşlarından birini bircə ikiyə görə heç payız imtahanına da saxlamadılar. Əsanaməyə görə, 4 ədəd qeyri-kafi qiymət alan uşaq məktəbdən qovula bilər. Qiymətlər isə çox vaxt obyektiv olmur. Halbuki uşaq ibtidai musiqi məktəbinə öyrənməyə gəlir. Anasından musiqiçi kimi doğula bilməzdi ki!

Əsanamədə göstərilib ki, orta musiqi məktəblərinin məqsədi uşaqlarda musiqi zövqünün formalaşdırlması, yeni istedadların kəsf olunmasıdır. Guya ki, əsanamə Azərbaycan Respublikasının qanunlarını, o cümlədən, Təhsil haqqındakı qanunu əsas tutur. Elə isə bu imkan niyə bütün şagirdlərə verilmir?

Hər hansı direktor məsələn, "yerlər dolub, artıq yerimiz yoxdur" deyərək, musiqi məktəbinin qapısını döyən uşağı geri qaytara bilər. Təbii, pul versə, ödənişli oxudacaq. Əgər mən kasıbamsa, pulum yoxdusa, uşağıma musiqi təhsili verə bilmərəmmi?

Heyf o köhnə zamanlardan ki, orta ümumtəhsil məktəblərində dərnəklər fəaliyyət göstəriridi. Həmin dərnəklərdə rəqs, rəssamlıq, musiqi, xor dərsləri təşkil olunurdu.

Hər məktəbin yaradıcı qrupları vardı. Məktəblilər tamaşalar göstərir, müsabiqələrə qatılırdılar.

İndi bəlkə də hansısa məktəblərdə rəqs kursları var, amma o kursların ən ucqarlarda belə, aylıq ödənişi 30 manatdır. Çox vaxt da direktorun şəxsi təşəbbüsü ilə açılıb o kurslar, sırf pul qazanmaq məqsədilə.

Ah, yaralı yerimiz PUL!

Sovet dövründə bütün şagirdlərə istedadını üzə çıxarmaq imkanı verilirdi. Bu gün də inkişaf etmiş Avropa ölkələrində ümumtəhsil məktəblərində xoreoqrafiya, rəssamlıq, musiqi dərsləri keçirilir. Deyəcəksiniz ki, bizim məktəblərdə də nəğmə, rəsm dərsləri keçirilir. Amma hansı səviyyədə?!

Mənə bir musiqi müəlliməsi göstərin ki, orta məktəbdə işləyir, pianoda mükəmməl ifa edir. Uşaqları akt zalındakı pianonun yanına aparır, onun qapağını qaldırır, nəsə ifa edir, uşaqlar xorla oxuyurlar. Sonra onlara not öyrədir, pianoda ifa etmək öyrədir, yaxud başqa musiqi alətində. Bu yolla da yeni-yeni istedadlar kəşf edir. Mən belə musiqi müəlliməsinə otuz üç illik həyatımda hələ rast gəlməmişəm.

Xaricdə rəsm dərsi
Xaricdə rəsm dərsi

Hansı rəsm müəllimini göstərə bilərsiniz ki, o, uşaqlara rəsm çəkməyin yollarını öyrədir, işıq-kölgənin nə olduğunu başa salır. Özü rəsm çəkmək qabiliyyətinə malik olan rəsm müəllimi heç ələ düşmür.

Bu qədər rəssam bitirir Rəssamlıq Akademiyasını. Çoxu işsiz qalır, əsərlərini də sata bilmir. Müəllim kimi orta məktəblərdə işləyə bilməzlərmi? Həmçinin piano, qarmon, tar müəllimləri? Axı orta məktəblərdə bu adamları işlə təmin etmək olar. Çox da faydalı olarlar. Pedaqoq deyillər bəhanəsini də aradan qaldırmaq olar.

İdman Akademiyasını bitirən idmançılar müəllim olduğu kimi, professional rəssamlar, professional musiqiçilər, rəqqaslar müəllimlik etsinlər.

“İncəsənət insanlara həqiqətdən ölməmək üçün verilmişdir “– Nietzsche deyirdi. İncəsənətsiz insan bir addım da heyvana yaxınlaşardı. İnsanı insan edən ən gözəl şeylərdən birincisidir İncəsənət. İncəsənətə sevgi orta məktəblərdən aşılanmalıdır. Yoxsa, musiqi, rəsm dərsinin yerinə riyaziyyat dərsi keçirilməməlidir. Müəllimə də döşünə döyüb deməməlidir ki, mən görün nə yaxşı müəlliməyəm, rəsm dərsinin yerinə riyaziyyat öyrədirəm.

Məgər rəssamlıq özü riyaziyyat deyilmi? Ya musiqi? Musiqini o adamlar yaxşı qavrayırlar ki, məhz riyaziyyat sahəsində uğurludurlar. Bu ikisi bir-birini tamamlamırmı?

Niyə uşaqlara musiqi dərsinin yerinə riyaziyyat keçirsiniz? Niyə ağır riyazi məşğələlərdən sonra uşaqlar “yumru-yumru qayalar yastığıdır çobanın” deyə oxumasın ki? Uşaqlığımdan ibtidai sinif müəlliməmdən xatirəmdə saxladığım ən yaxşı şeydir o mahnı.

Mahnının bu yerində əllərimizdə küftə bükürmüş kimi, yumru bir şeyi xəyal edirdik, o yumru şeyi o üz-bu üzə çevirir, sonra yastıq bilib başımızın altına qoyurduq. Bu hərəkətlər çox xoşumuza gəlirdi.

Musiqi məktəbinin zalı
Musiqi məktəbinin zalı

Bu gün əyalətlərdə, hətta Abşeronda cəmi bir musiqi məktəbi var. Rəssamlıq məktəbi isə hər rayonda yoxdu. Kəndlərdə vəziyyət acınacaqlıdı. Bu gün kəndlərdə elə musiqi duyumuna, istedadına malik uşaqlar var ki, bəlkə heç vaxt əllərinə hansısa musiqi alətini almayacaqlar.

Əgər istedad fantan vurursa, musiqisiz yaşaya bilmirsə, onda Üzeyir Mehdizadə kimi öz-özünə çalıb-oxuyacaq. Daha o uşaqdan Üzeyir Hacıbəyov olmayacaq. Bəziləri isə ümumiyyətlə, ona dəxli olmayan sahələrdə ömür-gün çürüdəcəklər.

Təklif edərdim ki, ibtidai musiqi təhsili, rəssamlıq təhsili orta məktəblərdə mükəmməl tədris olunsun. Kim həyatını musiqiyə bağlamaq istəyirsə, doqquzuncu sinifdən sonra Asəf Zeynallı adına Musiqi kollecində oxusun. Yaxud Əzim Əzimzadə adına Rəssamlıq kollecinə üz tutsun. Axı bu Uşaq İncəsənət məktəbləri, Uşaq Musiqi məktəbləri bütün uşaqlara bərabər imkan tanımır.

Həm də bu Uşaq Musiqi məktəblərinin proqramları lap Nuh əyyamından qalıb. Sovet dövründə populyar olan, amma dünyada, Qərbdə heç kimin tanımadığı bəstəkarların əsərləridir proqrama salınan əsərlərin çoxu. Bu yaxınlarda bir gürcü bəstəkarın əsərini tapşırmışdılar qızıma. YouTube, Google... ələk-vələk eləmədiyim yer qalmadı. Həmin bəstəkarın bir əsərini tapmadım. Adam Nuh əyyamında qalıb. Bu gün bəşəriyyət üçün aktual deyil.

Uşaq İncəsənət məktəbləri hər rayonun mədəniyyət şöbəsinə tabedir. Rayonlardakı mədəniyyət evlərindəki dərnəklər də ödənişlidir. Bir ay üçün kursların ən aşağı qiymətləri adətən 30 manatdan başlayır.

Elə valideyn var ki, onun uşağını ikinci məktəbə aparmağa vaxtı, maddi imkanı yoxdur. Yaxud uşağının xüsusi istedadı olduğunu dəyərləndirmir, uşağına imkan tanımır. Üstəlik, bizim valideynlərin xüsusiyyətidir, onlara haradasa təhsil üçün pul ödəmələri lazım olduğunu deyəndə, xüsusən bu ödəmə ikinci təhsil üçündürsə, ödəmək istəmirlər.

Orkestr
Orkestr

Musiqi məktəbinə uşaqlarını gətirən valideynlərin əksəriyyəti ilə söhbət eləmişəm, söz almışam, daha doğrusu. Hələ elə valideynə rast gəlməmişəm ki, desin: istəyirəm uşağım böyüyəndə böyük pianoçu olsun, nüfuzlu müsabiqələrin qalibi olsun, yaxud dirijor, bəstəkar olsun. Hamısı deyir ki, qız uşağıdı, böyüyər, ən yaxşısı, piano müəlliməsi işləyər musiqi məktəbində. Mükəmməl piano müəlliməsi olmaqdan söhbət getmir burada, əlbəttə.

Orta məktəblərdə İncəsənətə olan laqeyd münasibətdi ki, uşaqlar böyüyəndən sonra aktyorları "mütrif", musiqiçiləri "manıs", rəssamları "dəli" çağırırlar.

Oğlan anaları isə belə deyirlər:

“Oğlum orta məktəbdə yaxşı oxumur. İki-üç alır. Gətirdim bura ki, qarmon çalmağı öyrənsin, gedər toylarda çalar, evinə beş-on manat pul aparar. Fəhləçilikdən ki, yaxşıdı.”

Orta məktəblərdə İncəsənətə olan laqeyd münasibətdi ki, uşaqlar böyüyəndən sonra aktyorları "mütrif", musiqiçiləri "manıs", rəssamları "dəli" çağırırlar.

Rəqqasə qadınlara az qala əxlaqsız qadınlar kimi yanaşır adamlar. Çünki onlar elə bilirlər ki, adam ancaq toyda, nişanda yediyi əti, kababı həzm etmək üçün atılıb-düşər. O da qohumlarının yanında.

Onlar rəqsi, xoreoqrafiyanı Sənət kimi tanımırlar. Bayağı musiqilər dinləyir, bayağı filmlər izləyirlər. Teatra isə ümumiyyətlə, getmirlər.

Onlar İncəsənəti sevmirlər. Çünki uşaq olanda onlara İncənəti sevdirməyiblər. Rəsm, musiqi dərslərinin yerinə onlara Riyaziyyat keçiblər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG