Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:27

Cavid Hüseynov: “Elşəni mən göndərmişdimsə...”- [Video]


Xalidə Hacıyeva: "Cavidin atası şəhid olub..."
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Khalida Hajiyeva: "Cavidin atası şəhid olub..."

►“Rasimi aldadıb, ələ alıb, evdən çıxartdılar"

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunmuş futbolçu Cavid Hüseynovun məhkəməsində həm jurnalistin, həm də futbolçunun anaları şahid qismində ifadə verib.

Aprelin 6-da Səbail Rayon Məhkəməsində bu iş üzrə iclasda 8-ci polis bölməsinin əməkdaşı Ədalət Məmmədov, futbolçunun əmisi oğlu Nihad Abbaslı da dindirilib.

Polis əməkdaşı Cavid Hüseynovun saxlanılıb Bakıya gətirilməsindən danışıb:

"Bizə məlumat gəldi ki, Cavid Hüseynov Şamaxıdakı polis postunda saxlanılıb. Bildirdilər ki, gedib onu Bakıya gətirmək lazımdır. Biz də gedib gətirdik".

Nihad Abbaslı məhkəməyə Cavid Hüseynov həbs olunan gün onunla aralarındakı "Whatsapp" yazışmaları barədə məlumat verib: "Hadisənin səhəri Cavid mənə yazdı ki, "Elşən gedib təslim olsun". Həmin vaxt Elşən də yanımda idi. Elşən dedi ki, "Rasimlə görüşə Cavidə görə yox, özümə görə getmişəm, mənim anamı söyüb". Sonra da gedib təslim oldu".

“CAVİDİN XƏBƏRİ OLMAYIB”

Futbolçunun anası Xalidə Hacıyeva ifadəsində oğlunun günahsız olduğunu deyib. O bildirib ki, oğlunun Rasim Əliyevin döyülməsindən xəbəri olmayıb:

"Cavidin bu hadisələrin heç birindən xəbəri olmayıb. O, heç bir cinayət törətməyib. Biz özümüz də Almaniyadakı oğlum internetdən oxuyub zəng eləyəndən sonra xəbər tutmuşuq".

Xalidə Hacıyeva onu da qeyd edib ki, Cavid şəhid oğludur: "Onun atası canını torpaqlarımız uğrunda qurban verib".

Mərhum jurnalistin anası Teyfurə Əliyeva hadisə baş verən gün Rasim Əliyevlə Cavid Hüseynov, eləcə də onun bibisi oğlu Elşən İsmayılov arasındakı telefon söhbətləri, oğlunun döyülməsi və xəstəxanada baş verənlər barədə danışıb. Teyfurə Əliyeva oğlunun söyüş söyməsi haqda deyilənlərin də yalan olduğunu bildirib.

Öldürülən Rasim Əliyevin anası futbolçu Cavid Hüseynovun məhkəməsi haqda
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

“RASİMİ ALDADIB EVDƏN ÇIXARDILAR”

"Həmin gün Rasimə 6-7 dəfə zəng gəldi. Bunun 1-2-si Cavidin, qalanı Elşənin zəngləri idi. Birinci zəngdən sonra Rasimdən kim olduğunu soruşdum, dedi ki, "futbolçu var, Cavid Hüseynov, onun hərəkətilə bağlı fikrimi yazmışam, xoşlarına gəlməyib". Rasim yazmışdı ki, "belə hərəkət eləyən əxlaqsız, tərbiyəsiz futbolçunun bizi Avropada təmsil etməsini istəmirəm". Cavid ona hərəkətinin düzgün anlaşılmadığını deyib. Rasim mənə dedi ki, "narahat olma, danışıb məsələni həll elədik, sən demə, onlar da Cəbrayıldan imiş". Sonra Elşən dəfələrlə zəng elədi. Əvvəl Rasimi "Razin"ə çağırdı. Rasim getmək istəmirdi, dedi ki, "evdə təmir gedir, gəlirsən, özün gəl". Rasimi aldadıb, ələ alıb, evdən çıxartdılar", - deyə Teyfurə Əliyeva ifadəsində bildirib.

Cavid Hüseynov mühakimə olunur (Arxiv)
Cavid Hüseynov mühakimə olunur (Arxiv)

Mərhum jurnalistin anası onu da qeyd edib ki, Cavid Hüseynov meneceri ilə birlikdə xəstəxanada Rasimin yanına gedib. Onlar orada olarkən polis gəlib və Cavid durub çıxıb:

"Bu işdə əli yoxdursa, xəstəxanaya niyə getmişdi, polislər gələndə niyə çıxmışdı? Prokurorluqda həkim Cəfər Cəfərovdan eşitdim ki, gedib həkimləri də görüb, xərcləri üzərinə götürmək istəyib".

“YALANLAR ÇOXDUR”

Cavid Hüseynov xəstəxanada həkimlərlə danışığı barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. O, Teyfurə Əliyevaya müraciət edib:

– Allah hər şeyi görür. Tək olan Allaha and için ki, düz danışırsız.

– Mən Allaha da, Rasimin ruhuna da and içirəm.

– Yalanlar çoxdur. Əgər Elşəni mən göndərmişdimsə, onda niyə ona yazırdım ki, "mən Rasimlə danışdım, məsələ bağlandı"?

Məhkəmə prosesi aprelin 13-də davam edəcək. Həmin iclasda Teyfurə Əliyeva tərəflərin suallarını cavablandıracaq.

Xatırladaq ki, Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsi bugünlərdə yekunlaşıb və onlar 9 ildən 13 ilə qədər həbs cəzası alıb.

Cavid Hüseynov isə CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə ittiham olunur.

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

XS
SM
MD
LG