Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:02

Ekspertlər pambıqçılığın inkişafında siyasi məqsəd görür


►Deyəsən, Azərbaycan yenə pambıq, tütün və baramaçılığa qayıdır

Dövlət Statistika Komitəsinin (DSK) mayın 1-nə olan məlumatına görə, Azərbaycanda 33 min hektar sahəyə pambıq toxumu səpilib.

Bütövlükdə isə bu il 50 min hektar plantasiyadan pambıq yığmaq hədəflənir. Bu qədər sahədə pambıq sonuncu dəfə 2008-ci ildə əkilmişdi.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilk şöbəsində AzadlıqRadiosuna deyiblər ki, martın 19-na olan məlumata görə, əkin sahələri 46 min hektara yaxınlaşıb. Fermerlərlə yanaşı, pambıqçılıq şirkətləri də əkin sahələri götürüb, pambıq əkirlər.

Hazırda dünya birjalarında pambığın bir tonu, - iyul ayında təhvil vermək şərti ilə,- təxminən 1360 ABŞ dollarına və ya 2 min manata satılır.

Hələ gözlə, səbr elə, ey qoza...

KTN-də deyirlər ki, bu il pambıqtəmizləmə zavodları satınalma qiymətini 410 manatdan 500 manata qaldırmağa razılıq veriblər. İxracatçılar, bu ildən başlayaraq, dövlətdən, ən azı, 3 faizlik ixrac əlavəsi də alacaqlar və nazirlik şirkətlərin qiymət siyasətinə qarışmayacaq. Pambıqçılıq şirkətlərinin məhsulu xarici valyutada satması və manatın dəyərsizləşməsi nəzərə alınsa, bunlar, elə də böyük güzəşt sayılmaz.

Əhəmiyyətli qiymət artımını tütünçülər hiss edəcəklər. Bu il tütün fermentləmə zavodları 1-ci növ tütünün kilosunu ötənilki kimi16 qəpiyə yox, 26 qəpiyə alacaq. Üç min hektar sahədə tütün əkiləcəyi gözlənilir. Mayın əvvəlinədək təxminən min hektar sahədə əkin aparılıb.

Baramaçılığın bərpasına gəlincə, burada durum, hələ ki, bir qədər mürəkkəbdir. Barama qurdu toxumları bu il xaricdən gətirilib və fermerlərə pulsuz paylanıb. Gələn il də toxum xaricdən gətiriləcək. Məqsəd - baramaçılara dəstək vermək, onları həvəsləndirməkdir. Bu il gətirilən 1700 qutu barama qurdundan 75 ton ipək hazırlanacağı nəzərdə tutulub.

Hökumətin əsl məqsədi nədir?

Nazirlik mütəxəssislərinin fikrincə, baramaçılıqda gələn il də ciddi irəliləyiş olmayacaq. Bundan ötrü tut ağaclarının bargətirən yaşa çatmasını gözləmək lazımdır. Bu ağaclar həm barama toxumunun istehsalı üçün şərtdir, həm də barama qurdlarının yem bazasıdır.

Ekspertlərin sözlərinə görə, pambıq, tütün və barama istehsalını canlandırmaq istəyən hökumətin əsas məqsədi heç də ölkənin ixrac potensialını yüksəltmək, toxuculuq sənayesini və ipəkçiliyi canlandırmaq deyil. Məqsəd - kənddə məşğulluq səviyyəsini artırmaq, əhalinin pul gəlirlərini çoxaltmaq, sosial narazılıq doğuran halları aradan qaldırmaqdır.

XS
SM
MD
LG