Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:06

Cahangir Hacıyev: 'Heç 50 qəpiklik yemək vermirlər'


Cahangir Hacıyev
Cahangir Hacıyev

►“Devalvasiyanın tək müəllifi Samir Şərifovdur”

"Mən eşidirəm, bilirəm ki, adamlar Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər, internetdə yazırlar, hesab edirlər ki, devalvasiyanın səbəbkarı odur. Amma inanın, onun devalvasiyaya aidiyyəti yoxdur. O, bunun əleyhinə idi. Elə mən də, Vahid Axundov da əleyhinə idik. Bir gecənin içində 34 faizlik devalvasiyanın tək müəllifi Samir Şərifovdur".

Bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev avqustun 24-də məhkəmədə ifadə verərkən deyib.

Həbsdə olan bankir ifadəsinə istintaq təcridxanasında saxlanma vəziyyətilə başlayıb. Deyib ki, dekabrın 19-dan Kürdəxanıdakı istintaq təcridxanasında saxlanıldığı kameradan bir müddət öncə köçürülüb:

"Məni ümumiyyətlə, artıq məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada bir gündə cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdur. Təsəvvür edin, həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, 6 gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin. Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər. Bu cür vasitələrlə mənə işgəncə vermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar".

Buna da bax: Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək

“O, NİYƏ ÖLKƏYƏ DÜŞMƏN KƏSİLİB?”

Özünün və onunla birlikdə mühakimə olunanların işi üzrə istintaqın DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qeyri-peşəkar və qərəzli aparıldığını deyən C.Hacıyev Maliyyə naziri Samir Şərifovla münasibətlərindən də danışıb:

"Bu qərəz 2008-ci ildən başlayıb. Beynəlxalq maliyyə böhranı baş verəndə bütün dövlətlərin maliyyə nazirlikləri, mərkəzi bankları kapitalın möhkəmləndirilməsi istiqamətində işlər görməyə başladılar, bircə bizdən başqa. 2013-cü ilə qədər dövlətdən banka heç bir vəsait gəlmədi. Əksinə, biz Maliyyə Nazirliyi tərəfindən təzyiqlərə məruz qaldıq. Biz ölkə rəhbərliyinə, baş nazirə məktublar yazırdıq ki, “bir sıra layihələr kağız üzərində qalır, dövlətin vəsaiti mənimsənilir”.

Beynəlxalq Bankın sədri işlədiyim dövrdə həmişə bankın reytinqi ölkənin reytinqindən 2 dəfə yüksək olub. Təsəvvür edin, Samir Şərifov "Moody's"in nümayəndələri ilə görüşdə deyirmiş ki, "niyə onların reytinqini artırırsız?" Mən dəfələrlə demişəm ki, “bu adamın fəaliyyətini araşdırmaq lazımdır, bilək ki, o, niyə ölkəyə düşmən kəsilib?”"

“BU VƏSAİT AİLƏ XƏRCLƏRİMİZƏ GETMƏYİB”

Beynəlxalq Banka 211 milyon manat ziyan vurması barədə ittihamda yazılanların həqiqətə uyğun olmadığını deyən C.Hacıyev etiraf edib ki, özünün və yaxınlarının adına Beynəlxalq Bankdan faizsiz və girov təminatı olmadan böyük məbləğdə kart kreditləri götürülüb. Onun dediyinə görə, həmin kreditlər səhmlərin alınmasına yönəldilib:

Buna da bax-Cahangir Hacıyev maliyyə nazirinin həbs olunmasını istəyir

"Təminatsız kredit verilməsinə qadağa yoxdur. Bütün banklar bunu verirlər. Götürülmüş vəsait də bizim ailə xərclərimizə getməyib. Həmin xərclər səhmlərin alınmasına - kapitala yönəldilib. Bundan həm də bank qazanıb".

2015-ci il fevralın 21-də verilmiş 34 faizlik devalvasiya qərarı ilə Beynəlxalq Banka da zərbə vurulduğunu deyən C.Hacıyev buna görə maliyyə nazirini günahlandırıb: "Devalvasiya olmalı idi, ancaq bu şəkildə yox, tədricən.

Əvvəlcə bank sistemində kapital artırılmalı, möhkəmləndirilməli, sonra tədricən baş verməli idi. Beynəlxalq Banka da əvvəlcədən heç bir xəbər vermədən bu addımı atdılar. Bu qərara görə bir gecədə 130 milyon kapital itirdik. Oradakı menecmentlərin sayəsində bank aktivlərin dəyişməsindən 7-9 milyon ziyanla çıxdı. Əgər onların səyi olmasaydı, ziyan 150 milyon olacaqdı. Hamı bilsin ki, bunun günahkarı Samir Şərifovdur. Mən elə belə demirdim ki, “o adam burada oturmalıdır”. İnanıram ki, bir gün oturacaq da..."

Buna da bax-185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

“DÜZ EDİB İCRA ETMƏMİŞƏM”

C.Hacıyev sualları cavablandırarkən etiraf edib ki, bankın Müşahidə Şurasının qərarlarını icra etməyib. Bu addımını da belə əsaslandırıb:

"Düz edib icra eləməmişəm. Çünki Müşahidə Şurasının qərarları qanuna zidd idi. Mən Samir Şərifovun qərarlarını icra etməli idim, yoxsa Milli Məclisin qəbul etdiyi qanunları? Yəni mən ya qanunu seçməliydim, ya da hansısa məmurun istəyini yerinə yetirməliydim. Müşahidə Şurasının qərarları hüquqi baxımdan qanuna zidd olmaqla yanaşı, həm də bankın fəaliyyətini dayandırmağa yönəlmişdi”.

C.Hacıyev ifadəsini belə yekunlaşdırıb: "Yazıblar ki, guya, biz mütəşəkkil dəstə yaratmışıq. Biz "Əl-Qaidə", Ben Ladenik? Bir daha deyirəm, pul bizim cibimizə getməyib, layihələrdədi. Sadəcə, istintaq aparılmayıb, dediyim məsələlərin arxasınca heç kim getməyib".

XS
SM
MD
LG