Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:47

Azərbaycanın 37 şəhər və rayonu öz-özünü dolandıracaq


Karikatura
Karikatura

Gələn il yerli büdcə xərclərinin maliyyələşdirilməsinə mərkəzi büdcədən ayrılan dotasiya 10 dəfə azaldılacaq. Bununla belə özü-özünü təmin edən şəhər və rayonların sayı 7-dən (Bakı, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt şəhərləri, Abşeron və İmişli rayonları) 37-yə çatacaq.

YERLİ İH-LƏRƏ 75.8 MİLYON DOTASİYA

Maliyyə Nazirliyi sentyabrın 29-da «Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında» qanun layihəsini açıqlayıb. Bu layihədə yerli gəlirlərin 6.6 milyard manatdan 7 milyard 210 milyon manata qalxacağı göstərilir. Mərkəzi büdcədən yerli icra hakimiyyəti orqanlarına cəmi 75.8 milyon manat dotasiya ayrılacaq. Halbuki bu il yerli büdcələrə ayrılması nəzərdə tutulan vəsait 774.9 milyon manatdır.

Buna da bax-Hökumət büdcə artıqlığını 2 ildən sonraya proqnozlaşdırır

İşğal altında olan rayonlardan biri – Qubadlı rayonu ilk dəfə özü-özünü maliyyələşdirəcək.

YERLİ BÜDCƏLƏRƏ «ƏL GƏZDİRİLİB»

Maraqlıdır ki, Bakı şəhərini çıxmaqla, yerli icra hakimiyyəti orqanlarına bu il ayrılan vəsait 1 milyard 328 milyon manat olduğu halda, gələn il həmin məbləğ 520 milyon manata endirilir. Məsələn, Sumqayıt şəhər İcra Hakimiyyəti bu il 68.5 milyon manat vəsaitə sərəncam verirdisə, gələn il həmin rəqəm 43 milyon manata düşəcək və şəhər büdcəsinə daxil olan 40 milyon manat dövlət büdcəsinə yönəldiləcək.

Maliyyə Nazirliyi xərclərin azaldılması istiqamətləri barədə məlumat vermir.

İRİ ŞİRKƏTLƏR VERGİNİ YERLİ BÜDCƏYƏ ÖDƏYƏCƏK

Yerli gəlirlərin nəyin hesabına artması məsələsinə gəlincə, mütəxəssislər deyirlər ki, bu, indiyədək regionlarda fəaliyyət göstərən, amma vergiləri mərkəzi büdcəyə ödəyən iri şirkətlərin hesabına baş verəcək. Məhz bu səbəbdən Qəbələ, Xaçmaz, Kürdəmir, Şabran, Quba, Lənkəran və Sabirabad rayonlarında yerli büdcələr asanlıqla dolacaq.

Buna da bax-Azərbaycan büdcəsi neft pulu olmasa..

Vergilərin mərkəzi, yoxsa yerli büdcəyə ödəməyin yeni bölgüsü regionlarda iqtisadiyyatın şaxələnmə səviyyəsini müəyyənləşdirməkdə hökumət üçün əlavə alət rolu oynayacaq. Ekspertlər bu amilə də diqqət yetirməyi önəmli sayırlar.

NAXÇIVANIN DOTASİYASI ARTIRILIR

Maraqlı məqamlardan biri də budur ki, dövlət büdcəsinin formalaşdırılmasında çətinlik çəkən hökumət bir çox xərcləri qayçıladığı bir dövrdə Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanı artırmağı düşünür. Bu il muxtar respublika hökumətinə mərkəzi büdcədən 282 milyon manat dotasiya ayrılıb. Gələn il bu rəqəm 290 milyon manata yüksələcək.

XS
SM
MD
LG