Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:17

Qırğızıstanda toylara xərclənən pullarla ölkənin xarici borcunu müqayisə edirlər


Qırğızıstanda toy edən cütlük
Qırğızıstanda toy edən cütlük

İsrafçı mərasimlər keçirənlərin deklarasiya tələb etməsi istənir

Müxtəlif araşdırmalara görə, Qırğızıstanda hər il yarım milyondan çox ailə təmtəraqlı mərasimlər, şənliklər düzənləyirlər. Hətta bu mərasimlərə sərf edilən vəsait ölkənin xarici borcu ilə müqayisə edilə bilər. Ölkədə xərclərin azaldılması ilə bağlı məsələ qaldırılarkən vətəndaşların da israfçılığı bir neçə dəfə müzakirə mövzusu olub. Belə təkliflər də səslənib ki, təmtəraqlı mərasimlər keçirən vətəndaşlar gəlir və xərcləri ilə bağlı deklarasiya təqdim etsinlər.

Bu tip təşəbbüslər bir neçə dəfə Joqopk Keneşə şəhərində qaldırılıb, ancaq hələ də problem olaraq qalır.

Buna da bax:​ Qırğızıstandan toy görüntüləri

Toy üçün borc alırlar

Adətən, böyük mərasimlər üçün xüsusi restoranlar da tikilir. Əgər əvvəllər belə mərasimlər daha çox payızda keçirilirdisə, indi demək olar ki, bir-iki yay ayı istisna olmaqla ilboyu belə şənliklərə rast gələrsən.

Çoxları bu mərasimləri keçirmək üçün borc alır, bankdan kredit götürür və çalışır ki, kimsədən geri qalmasın.

Gənclərin kortejin müşayiəti altında gəzintisinin təşkili 10 min som, mərasimin keçirildiyi restoranda minimum xərc 300 min somdur. Bir-birlərinə ənənəvi olaraq, geyim hədiyyəsi etmək, mal-qara kəsmək və digər xərclərin ümumi məbləği bəzən 500 milyon somu ötür.

“Tacikistan örnəkdir”

İctimai fəal Emilbek Momunov qırğızların mərasimlərə çəkdiyi xərcləri hesablayıb. Onun sözlərinə görə, bu, az məbləğ deyil: “Hesablarıma görə, Qırğızıstanda il ərzində mərasimlərə təxminən 3 milyard dollar xərclənir. Ölkənin xarici borcu 3 milyard 700 milyon dollardır”, o əlavə edir ki, xərcləri azaltmaq lazımdır və Tacikistandan nümunə götürmək olar.

Qonşu ölkədə xərclərin və qonaqların azaldılması ilə bağlı qanun qəbul edib. Qanun icrasına ciddi nəzarət olunur.

Buna da bax:​ Toy xərcləri: Azərbaycanda və ABŞ-da

Qırğızlar təkcə nişan və toy mərasimini yox, “beşik toy”, “jeentek toy”, “nişanlı ilə vidalaşma” kimi tədbirləri də təmtəraqlı şəkildə restoranda keçirirlər.

“Onlar barədə vergi məmurları bilməlidir”

Ekspert Bakıt Baketaev deyir ki, Qırğızıstanda hər il 500 mindən çox ailə təntənəli mərasim keçirir. Onun fikrincə, böyük xərclər tələb edən mərasimlər daha çox zəngin ailələr arasında geniş yayılıb, ona görə də onlar gəlir-xərcləri barədə deklarasiya təqdim etməlidirlər: “Əgər kimsə böyük toy eləyirsə, qoy deklarasiya təqdim etsin. Onlar hansı pula belə təmtəraqlı mərasimlər keçirirlər? Qoy bu barədə vergi məmurları bilsin. Hüquq mühafizə orqanlarının onlara nəzarət etməsi hər halda gərəksiz olmaz”.

Yerli ekspert Elvira İlibezova hesab edir ki, bu problemi vətəndaşların təfəkkürü dəyişə bilər. Onun sözlərinə görə, israfçı mərasimlərlə bağlı məsələlər çoxdan qaldırılsa da, hələ də konkret addım atılmayıb: “Əksinə, mərasimlərə yeniləri əlavə olunur və xərclər artır”.

Buna da bax:​ Azərbaycan toylarına ingilis qaydası tətbiq olunsaydı...

İctimaiyyətdə mərasimlərdə qənaət eləmək ideyasını dəstəkləyənlər də var. Bəzi ailələr toya 20-yə yaxın qonaq çağırmağa, qənaət edilmiş pulu isə başqa ehtiyac olan şeylər üçün xərcləməyə hazırdır. Əsasən, xaricdə təhsil alan gənc cütlüklər bu ideyanı dəstəkləyir.

2013-cü ildə hökumət mərasimlərdə qənaət edilməsi ilə bağlı ictimai rəyi öyrənmək üçün sorğu keçirmişdir. Amma sorğunun nəticələri açıqlanmayıb.

XS
SM
MD
LG