Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:59

Cahangir Hacıyev: '17 ili bölsəniz...'


Bankir DİN-i qərəzdə suçladı, arvadının oğurlanmasını yada saldı
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Bankir DİN-i qərəzdə suçladı, arvadının oğurlanmasını yada saldı

«Beynəlxalq Bank işi» ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bu iş üzrə oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən «Inter Security» MMC-nin rəhbəri olmuş İbrahim Hüseynovun vəkili Azər Tağıyev çıxış edib. O, ibtidai istintaq kimi, məhkəmə istintaqının da qərəzli keçirildiyini, lazımi araşdırma aparılmadığını, müdafiə tərəfinin iş üçün əhəmiyyətli vəsatətlərinin heç birinin təmin olunmadığını bildirib: «Mülki iddianın əvvəlində yazılır ki, bu şəxslərin əməlləri nəticəsində Beynəlxalq Banka 211 milyon ziyan dəyib. İddianın sonunda təqsirləndirilən şəxslərin hər birindən müəyyən məbləğ tutulmasını tələb edirlər. O rəqəmləri üst-üstə gələndə 211 milyon yox, 249 milyon 119 min edir. Mülki iddiadakı bu uyğunsuzluq ittihamın qeyri-müəyyənliyini bir daha sübut edir».

Buna da bax-'Zamirə Hacıyevanı gətirmək üçün Britaniyaya istintaq qrupu gedib'

«BAŞQALARINA NİYƏ VERİLMİR?»

Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev müdafiə çıxışlarında səslənən fikirlərə münasibət bildirib. Deyib ki, bu məhkəmə prosesində ittiham tərəfinə müdafiə tərəfindən fərqli heç bir üstün şərait yaradılmayıb.

«Mən Cahangir Hacıyevə qarşı ittihamları məhkəmədə sübut etdim, amma qarşı tərəf bankdan götürülmüş kreditlərin layihələrə xərclənməsi barədə səsləndirdikləri fikirləri sübut edə bilmədi. Bu ittiham əsasən ondan ibarətdir ki, Cahangir Hacıyev İdarə Heyətinin sədri kimi, ona etibar edilən hüquqdan sui-istifadə edərək, banka ziyan vurub. Bankın İdarə Heyətinin sədri olmaq bankın bütün mülkiyyətindən istədiyin kimi istifadə etmək səlahiyyəti vermir. Zamirə Hacıyevaya hansı əsasla bu qədər böyük məbləğdə kreditlər verilib? Onun hansısa xüsusi biznes planı vardı? Başqalarına niyə verilmir? Hesab edirəm ki, Cahangir Hacıyev özü də daxilində səhv etdiyini bilir», – prokuror bildirib.

Dövlət ittihamçısı Cahangir Hacıyevin yaxınlarının adlarına verilmiş kredit kartlarından hansı brend mağazalara, bahalı otellərə, universitetlərə vəsaitlər köçürülməsi barədə cinayət işinin materiallarındakı məlumatları da açıqlayıb.

Buna da bax-Cahangir Hacıyevə cəza istəndi - 17 il

«KREDİTLƏRİ VERƏN DƏ BƏLLİ, XƏRCLƏYƏN DƏ...»

Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev isə deyir ki, bu məhkəmə «Beynəlxalq Bank işi» üzrə ittihamın saxtalığını ortaya qoydu: «Təəssüf ki, dövlət ittihamçısı bu cür yüksək savadını, potensialını ədalətsizliyə, saxta ittihamın müdafiəsinə sərf edir».

Daha sonra təqsirləndirilən 8 nəfərdən 6-sı son sözlərini deyiblər. Onlar ittihamın əsassız olduğunu, heç bir mütəşəkkil dəstə qurmadıqlarını, pul mənimsəmədiklərini bildiriblər.

«Cahangir Hacıyev və yaxınlarının adlarına kredit ayrılması üçün göstərişləri şəxsən Cahangir Hacıyev özü verib. Rəhbərlik etdiyim filial bu məsələdə əməliyyatçı rolunu oynayıb. Mən istintaq zamanı Cahangir Hacıyevlə üzləşmədə də göstərişin onun tərəfindən verildiyini demişəm. Kreditləri verən də bəlli, xərcləyən də...», – Beynəlxalq Bankın Mərkəz filialının müdiri olmuş Anar Sultanov son sözündə deyib.

Buna da bax-Cahangir Hacıyev: 'Qızımın banka borcu olmayıb'

«ÇOX DEYİL»

Təqsirləndirilən şəxslərdən Cahangir Hacıyev və İbrahim Hüseynov isə son söz üçün məhkəmədən vaxt istəyib. Hakimin «bir həftə çox deyil» sualına Cahangir Hacıyev belə cavab verib: «17 ili bölsəniz, görərsiz ki, çox deyil».

Qeyd edək ki, prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istəyib.

Məhkəmə Cahangir Hacıyevə oktyabrın 10-na qədər vaxt verib.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər.

XS
SM
MD
LG