Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:10

'Azərbaycanda oğlan doğulunca 10 dəfə abort edən qadınlar var'


Yeni doğulmuş körpə
Yeni doğulmuş körpə

“Mənim iki qızım vardı, üçüncüyə də hamiləydim. Evdə hamı deyirdi ki, bu dəfə mütləq oğlan olmalıdır. Qaynanam və ərim də uşağın cinsini öyrənməyə getmişdilər. Həkim “qız” deyəndə, elə bil, dünya başlarına uçdu. Dedilər ki, mütləq abort olmalıdır”.

Əminə Əliyeva sözünün ardını gətirə bilmir. Birtəhər qəhərini udub deyir ki, hətta həkim də qaynanasıyla ərinin tərəfində olub. Onu boşanmaqla, uşaqlarının üzünü görməyəcəyiylə hədələyiblər. Beləcə, anadan icazəsiz üçüncü qızı da abortla məhv ediblər. Özü də hamiləliyin 15-ci həftəsində.

Əminə Əliyeva: 'Beləcə, üçüncü qızı da abortla məhv etdilər, özü də hamiləliyin 15-ci həftəsində...'
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Azərbaycanda 12-ci həftədən sonra abort rəsmən yasaqlansa da, körpəni məhz qız olduğuna görə doğulmağa qoymayıblar.

Həmin hadisənin üstündən iki il ötüb. Əminə o vaxtdan bəri psixoloji sarsıntı keçirir, özünü bağışlaya bilmir: “Qatillər mənim körpəmin əlini, ayağını kəsib-doğradılar. Ancaq mən də qatiləm. Həmişə ərimə, qaynanama demişəm ki, dünyanın ən böyük günahını elədik. Ana-ata, nənə, bir də o həkim yığışıb, köməksiz bir varlığı vəhşicəsinə öldürdük”.

Dövlət Statistika Komitəsinin (DSK-nın) bu il iyunun 1-nə olan məlumatına görə, Azərbaycan əhalisinin sayı 9 milyon 747 min 400 nəfərdir. Onların 49,8 faizi kişi, 50,2 faizi qadındır. Hər min kişiyə 1007 qadın düşür. 1989-cu ildə isə hər min kişiyə 1051 qadın düşürmüş.

Buna da bax:​ Azərbaycanda qızların 10%-nin yoxa çıxmasının sirri

İllərdir yeni doğulanlar arasında oğlanlar qızları üstələyir

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri bu ilin yanvar-may aylarında ölkədə 65 min 300 körpənin doğulmasını qeydə alıb. Onların 53,2 faizi oğlan, 46,8 faizi qız olub. Artıq neçə ildir qadınlar sayca kişilərdən çox olsa da, son illərin statistikasına əsasən, doğulan oğlanların sayı qızları üstələyir.

Dünyada qəbul olunmuş bioloji norma belədir: hər 100 doğulan qız uşağına 105 oğlan düşməlidir. Ancaq son 20 ilə baxsan, Azərbaycanda bu balansın pozulduğu diqqət çəkər. Son illər hər 100 doğulan qız uşağına 106 oğlan düşür. Demoqraflar yaxın illərdə olmasa da, gələcəkdə bunun ölkədə demoqrafik problemə çevriləcəyindən ehtiyatlanırlar.

“Ailələr mütləq bir oğlanın olmasını istəyirlər”

Demoqraf Rüfət Əfəndiyev deyir ki, son vaxtlar qatıldığı konfranslarda selektiv abort problemi dəfələrlə qaldırılıb:

Rüfət Əfəndiyev: 'Azərbaycanda stereotiplər var - ər daha çox oğlunun olmasını arzulayır...'
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

“Əlbəttə, bunun cəmiyyətə mənfi təsiri ola bilər. Demoqrafik proseslər elədir ki, o təsirini bir ildə göstərmir. Bu, uzunmüddətli prosesdir. Azərbaycanda stereotiplər var - ər daha çox oğlunun olmasını arzulayır. Ancaq o da var ki, oğlandan sonra qızın olmasını istəyirlər. Mənim özüm də çox adam tanıyıram ki, ilk övladı oğlan doğulandan sonra ikinci uşağının qız olmasını istəyir. Bizdə bir ailəyə bir uşağın düşməsi ilə bağlı problem yoxdur. İki və ya üç uşaq doğulur, amma əsas odur ki, mütləq birinin oğlan olmasını istəyirlər”.

Oğlan doğuluncayadək abort?

“Evdə artıq iki qız, hətta bir qız varsa, ailələrin çoxu sonrakı uşağın mütləq oğlan olmasını istəyir. Oğlan doğuluncayadək 10-a yaxın abort edən qadınlar var”.

Buna da bax:​ "Azərbaycanda qız qıtlığı yarana bilər"

Bunu deyən həkim-ginekoloq Təranə Həsənova qadınların selektiv abortlara təkcə öz istəyilə deyil, ailə basqısıyla da getdiyini söyləyir:

Həkim-ginekoloq: 'Selektiv abortlar əvvəl də olub, indi də var. Belə görürəm ki, gələcəkdə də olacaq'
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

“Həkim kimi bunu müşahidə edirəm, gözümün önündə olur. Selektiv abortlar əvvəl də olub, indi də var. Belə görürəm ki, gələcəkdə də olacaq. Çünki qadınların bir qismi özləri istəyir, deyir ki, mənim oğlum olmalıdır və bundan ötrü nə qədər də qurban vermək lazımdır, o qədər də eləyəcəyəm, təki oğlum olsun. Digər qismində isə ailə faktoru çox böyük rol oynayır. Ailədə bu faktor həm ər, həm qaynana, həm də digər ailə üzvləri ola bilər. Qadına təzyiq edirlər, o da bunun yeganə yolunu abort eləməkdə görür. Oğlan uşağı doğulacağı təsdiqlənənədək abort eləyir”.

Həkim deyir ki, yeni doğulanlar arasında oğlanların qız uşaqlarından çoxluğu birbaşa selektiv abortların nəticəsidir.

“Necə ola bilər ki, doğulan oğlan uşaqlarının sayı birdən-birə artıb? Bunu təbii seçimin üstünə qoya bilmirəm. Bu, ancaq selektiv abort nəticəsində ola bilər. Orta məktəblərdə çox maraqlı mənzərələr diqqət çəkir. Bir sinifdə 6 qız varsa, 17 oğlan görürsən. Ya da 14 oğlan, 5 qız oxuyur. Bu, orta məktəblərdə daha çox gözə çarpır”.

Milli kompleks

Psixoloq Dəyanət Rzayevin fikrincə, Azərbaycanda əksər ailələr doğulan oğlan uşağına nəslin davamçısı kimi baxır:

“Belə bir yanlış təsəvvür var ki, qızla nəsil davam etməz. Ancaq elə deyil, oğlan kimi qız da nəslin davamçısıdır. Digər tərəfdən, oğlan uşağı dayaq sayılır. Fəxr edirlər ki, oğlum olub. Təəssüf ki, hələ də belə gericil təsəvvürlər qalıb. Bu, milli, həm də dərin bir kompleksdir”.

Dəyanət Rzayev: 'Belə bir yanlış təsəvvür var ki, qızla nəsil davam etməz. Ancaq elə deyil...'
Gözlə

No media source currently available

0:00 0:00:19 0:00

Buna da bax:​ 27 min uşağı doğulmamış öldürdülər

Psixoloq deyir ki, selektiv abortu qadın öz bədənində yaşadığından, bu proses qadına mənəvi-psixoloji yük olur, amma kişiyə yox.

Elə Əminə də dərin psixoloji sarsıntı yaşayıb. Düşünüb ki, boşansa, sakitləşər. Ona görə üçüncü qızını abort edəndən sonra ərindən boşanıb. Deyir, nə qədər çalışsa da, evliliyi qoruya bilməyib. Alınmayıb. Anlayıb ki, daha əriylə bir dam altında yaşaya bilməyəcək. “Kaş uşağı öldürmələrinə imkan verməyə, elə o vaxt boşanaydım!”deyir.

İndi iki qızını ata evində böyüdür. Təsəllisi də elə o qızlardır.

XS
SM
MD
LG