Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:27

Bayram Məmmədov: 'Məni döyənlərdən biri də bu idi'


Bayram Məmmədov
Bayram Məmmədov

"Məni 12-ci bölmədə rəisin otağında 7-8 nəfər döyürdü. Onlardan biri də bu idi..."

Mayın 10-da Heydər Əliyevin heykəlinə siyasi şüar yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Bayram Məmmədov məhkəməsində dindirilən polis Yunis Ələsgərov haqqında belə deyib.

“DEDİ, EVDƏ DƏ VAR”

Yunis Ələsgərov Sabunçu rayonu, 12-ci polis bölməsinin rəis müavinidi. O, noyabrın 24-də Bayram Məmmədovun məhkəməsində əlavə şahid kimi ifadə verib.

Buna da bax:​ Gənclərlə görüşən vəkil: 'Kameralar çox soyuqdur...'

Deyib ki, Bayramın narkotik maddələrin istifadəsi ilə məşğul olması haqda Bakı Şəhər Baş Polis İdarəsinə məlumat gəlib. Həmin məlumat əsasında da Baş İdarə əməliyyat keçirərkən 12-ci bölmədən də kömək istəyib.

"Əməliyyat nəticəsində Bayram Məmmədov saxlanıldı, Baş İdarəyə aparıldı. Üzərindən narkotik çıxdı. Profilaktik söhbətlərdən sonra dedi ki, "evdə də var". Evə apardıq, narkotiki özü götürüb verdi",rəis müavini ifadə verib.

Bayram Məmmədov onun yalan danışdığını bildirib. Deyib ki, bu adam onun tutulmasında ümumiyyətlə, iştirak eləməyib: "Yalan deyir, məni saxlayandan sonra "qorotdel"ə yox, 12-ci bölməyə aparıblar. Bunu da orada görmüşəm. Məni döyənlərdən biri də bu olub".

Buna da bax:​ Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir

“GƏNCLİYİ ZÜLMƏTƏ SALMISIZ”

Məhkəmə prosesinin gedişində zalda işıqlar sönüb, proses bir müddət qaranlıq salonda davam edib. Bayram Məmmədov buna özünəməxsus reaksiya verib: "Bu onun göstəricisidi ki, Azərbaycan gəncliyini zülmətə salmısız".

Gənc fəalın vəkili Elçin Sadıqov Bayramın həbsində rolu olmuş sahə müvəkkilinin də məhkəmədə dindirilməsi haqda vəsatət vermişdi. Məhkəmə prosesinə sədrlik edən hakim Eynulla Vəliyev bildirib ki, həmin şəxs artıq polis orqanlarından çıxarılıb, bu səbəbdən onu tapmaq mümkün olmayıb.

Elçin Sadıqov onun tapılıb məhkəmədə dindirilməsini israr edib.

Buna da bax:​ 'Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir'

HAL ŞAHİDLƏRİ

Vəkil həmçinin Bayramın cibindən və yaşadığı evdən narkotik çıxmasını gördüyünü iddia edən hal şahidləri Nizami Quliyev və İntiqam Kərimovun bundan öncə başqa cinayət işlərində də eyni statusla çıxış etmələri barədə sübutları (həmin cinayət işlərinin nömrələri, ittiham aktları) məhkəməyə təqdim edib. Bəlli olub ki, bu adamlar əvvəllər də məhz Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat tədbirlərində, həm də Bayram Məmmədovun tutulması prosesinə rəhbərlik etmiş Şirəli Babayevin əməliyyatlarında hal şahidi kimi çıxış ediblər.

Amma Nizami Quliyev və İntiqam Kərimov məhkəmədə dindirilərkən bundan öncə başqa işdə hal şahidi olmadıqlarını demişdilər. Həmçinin Bayram Məmmədovun həbsindən bir qədər sonra polkovnik rütbəsi alan Şirəli Babayev də hal şahidlərini əvvəlcədən tanımadığını bildirmişdi.

Buna da bax:​ Amnesty International: ‘22 yaşlı fəalın abidəyə qrafiti çəkdiyinə görə...’

Elçin Sadıqov hər üç şahidin məhkəməyə yalan ifadə verdiyini əsas gətirib onların yenidən dindirilməsi, təqdim etdiyi sənədlərin iş materiallarına əlavə olunması barədə vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

Məhkəmə prosesi dekabrın 2-də davam edəcək.

Buna da bax: Bayram Məmmədovun şikayəti təmin edilmədi

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

Buna da bax:

'Mənim etirazım prezidentədir'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

XS
SM
MD
LG