Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:57

Üzeyir bəy Hacıbəyli. Müsəlman məclisi


Müsәlmanlar bir yerә yığılıb mühüm bir mәsәlәni hәll etmәk istәyirlәr.

Saat ona tәyin olunmuş yığıncaq üzvlәrdәn birinin bir qәdәr nәqahәti olduğuna görә, digәrinin hamama getdiyinə görә, üçüncüsünün övqatı tәlx olmağına görә, dördüncüsünün "balaca bir işi" olduğuna görә, beşincisinin, altıncısının, yeddincisinin vә sairәlәrinin, allah bilir, nәyi olduğuna görә, tәxirә düşüb, günortadan dörd saat keçmişdә açılır.

Üzvlәrdәn bir çoxunun üzündәn yağan әtalәt vә kәsalәt bütün üzvlәrә sirayәt edib, hamısı başını aşağı salıb, bir qәdәr sükuta gedirlәr. Sonra bunlardan birisi ağzını yoldaşının qulağına tuşlayıb, xısın-xısın söhbәtә başlayır. Bunlar söhbәt әsnasında ahәstә-ahәstә gülmәklәri yavuqda olan yoldaşın da diqqәtini cәlb edib, onu da bu söhbәtә iştiraka mәcbur edir. Sonra dördüncü yoldaş bunlara qoşulur. Beşinci vә altıncı da bu söhbәtә qarışıb, söhbәti açırlar vә ümum mәclis qәrar qoyulmuş mühüm mәsәlәni kәnara qoyub, çay verilәnәcәn xüsusi söhbәt edirlәr.

Bazarda bir-iki müsәlman arasında olan atışmadan söz salırlar vә deyirlәr ki, hәrgah Sicimqulu oğlan bir qәdәr cәld tәrpәnsәydi, qoymazdı dirazboyun Cәbi gözün açsın. Sonra qәzetdәn söz düşür. Hamı iqrar edir ki, qәzet yaxşı şeydir, hәrgah adamların eybini açmaya, çünki hamı insandır, eybsiz adam olmaz. Әhli-mәclisin bir çoxunun gözü qapıdadır ki, görәk nә vaxt çay verilәcәkdir. Axirülәmr çay verilir. Әhli-mәclis dirçәlir, kәsalәt vә әtalәt nişanәsi yox olur. Hamı döşünü gәrib çaya tәrәf meyl edir. Çay әsnasında mühüm mәsәlә xüsusunda danışmağı lazım bilib әvvәlcә bir sәdr seçmәyi qәrar verirlәr. Üzvlәrdәn sәdr olmaq fikrindә olan bir şәxs qalxıb danışır:

-- Camaat, özünüz bilirsiniz ki, bu şüru etdiyimiz iş çox mühüm bir işdir, ona görә bir sәdr seçmәk lazımdır ki, o hәr nә desә, biz ona qulaq asaq.

C a m a a t:

-- Әlbәttә, әlbәttә.

D i g ә r b i r ü z v:

-- Xeyr, sәdr hәr nә desә, ona qulaq asmaq lazım deyil. Sәdrin borcu odur ki, mәclisdә bir qayda qoysun ki, hamı danışa bilsin vә sonra özü dә ya o tәrәfi, ya bu tәrәfi haqq bilsin.

Әvvәlki üzv (acıqlı)--Tәvәqqe edirәm ki, burada böyük dura-dura kiçik danışmasın.

C a m a a t ı n b i r c ü m l ә s i:

--Bax, bu yaxşı bir sözdür.

Ü z v l ә r d ә n b ә z i l ә r i:

-- Necә danışmasın? Burada böyük-kiçik yoxdur, hamı söz demәyә muxtardır.

B i r a y r ı ü z v (әvvәlki üzvә kömәkçi çıxır):

-- Bağışlayın, burada hәr kәs durub ağzına gәlәni danışsa, bu mәclis olmaz, ermәni kәndi olar.

Bir çox adam (inciyib):

-- Әşi, söyüş nә lazım?

B i r i s i (ağzını o yana tutub):

-- Müsәlmanın cәmi işi belәdir.

B i r ü z v:

-- Burada artıq danışmaq lazım deyil. Әvvәl bir sәdr seçin, sonra görәk kimin nә sözü vardır. Qurtarın, vaxt keçir. Hә, mәn deyirәm ki, hacı Nәcәfәli sәdri-mәclis olsun, nә deyirsiniz?

C a m a a t:

-- Heç sözümüz yoxdur (sәdrlik fikrindә olanlar qaş-qabağını sallayıb, bığlarını bururlar.)

H a m a n ü z v:

-- Çox yaxşı, Hacı Nәcәfәli әmi bizim sәdrimizdir. Bu belә! İndi Mәşәdi Hәsәnqulu, dur danış, görәk, nә demәk istәyirsәn.

M.H ә s ә n q u l u (utana-utana):

-- Mәnim hәlә bir sözüm yoxdur....

H a m a n ü z v:

-- Çox yaxşı, sәn otur. İndi Kәrbәlayi Nağı, sәn dur danış.... Sәnin dә sözün yoxdur? Çox yaxşı!... Mirzә Mәmmәd, sәn söylә görәk nә var, nә yox!

M i r z ә M ә m m ә d:

-- Mәn әvvәl onu demәk istәyirәm ki, görәk sәdri nәdәn ötrü seçmişik?

H a m a n ü z v:

-- Adә, bu nә sözdür, mәclisdә gәrәk bir sәdri-mәclis olsun, yoxsa olmasın? Rәhmәtliyin oğlu elә söz danışır

B i r i s i:

-- Yaxşı, hacı bizim sәdrimizdir, bәs sәn nәçisәn?

H a m a n ü z v:

-- Sәnә kim ixtiyar verdi ki, durub danışasan?

B i r i s i:

--Bәs sәnә kim ixtiyar verdi?

H a m a n ü z v ü n t ә r ә f d a r ı:

--Adә, hey!!.. Çox o yan-bu yan elәmә ha!!

B i r a y r ı ü z v (tәrәfdara üzünü tutub):

-- Sәn nәçisәn, qoçaq?! Necә oy an-bu yan elәmә?!

T ә r ә f d a r l a r ı n tәrәfdarı:

--Tәvәqqe elәyirәm ki, oturduğun yerdә qızışmayasan!

B i r a y r ı ü z v ü n t ә r ә f d a r ı:

-- Әh! Hәrә durub burada bir söz danışacaqdır!

T ә r ә f d a r ı n t ә r ә f d a r ı n ı n t ә r ә f d a r ı (hirsli):

-- Gözünә da ağ salacaqdır!

B i r a y r ı ü z v ü n t ә r ә f d a r ı n ı n t ә r ә f d a r ı:

-- Ohә! Ağzına yiyәlik elә, yoxsa beynini çıxardaram!

O t ә r ә f:

-- Kimin beynini çıxardarsan, әdә?!

B u t ә r ә f:

-- Sizin beyninizi çıxardarıq?

O t ә r ә f:

-- Çıxartmayan özünә qurban olsun, bismillah!

Bu halda bitәrәf adamlar araya soxulub, "ay, canım, bәsdir, eyibdir"--deyә-deyә güclә o tәrәfin dә, bu tәrәfin dә acığını soyudurlar. Vә sakitlik bәrqәrar edәndәn sonra gec olduğuna görә mühüm mәsәlәnin hәllini sonraya qoyub, әvvәl o tәrәfin vә bir qәdәrdәn sonra bu tәrәfin adamlarını bayıra buraxırlar vә özlәri dә dallarınca çıxırlar ki, bayırda dava düşsә qoymasınlar.

Mühüm mәsәlәnin hәlli qalır ay batandan sonraya.
XS
SM
MD
LG