Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:27

Üzeyir bəy Hacıbəyli. Tərəqqi və tədənni


Mister Edvard öz-özünә fikir edib dedi: "Görәsәn, bir elә şey qayırmaq olarmı ki, adam üstünә minib yeridә bilsin? Belә ki, daha ata vә eşşәyә ehtiyac olmasın".

Mister Edvard yaxşı mexanik idi. Öz işini dә yaxşı bilirdi. O idi ki, yadına düşmüş bu fikrә başındakı bilik vә tәcrübәlәri kömәk edib, haman istәdiyi şeyi әmәlә gәtirә bildi vә özünә dә belә bir ad qoydu: Velosiped.

Müsyö Bürje bu velosipedi görüb, çox xoşuna gәldi. Özü dә çünki mexanik idi, bunun nә sayaq qayrılmağının sirrini bildi. Ancaq müsyö Burje öz başına qapaz vurmadı vә demәdi ki, "nә üçün bu fikir әvvәldәn mәnim başıma gәlmәdi?" O belә dedi: "A ... indi ki, mәn bu sirri bildim, onda mәn bunun daha yaxşısını qayıraram" Gördü ki, bu velosiped üçtәkәrli olduğuna görә, әvvәlәn, ağırdır ki, tez sürmәk olmaz vә saniyәn, mayehtacı da çoxdur. Odur ki, müsyö Bürje dә bir velosiped qayırdı ki, ikiçarxlı, yüngül, mayehtacı az vә minib sürәndә dә tezgedәn oldu.

Her Fon Bax bu velosipedlәri görüb, çox xoşladı vә dedi: "At vә eşşәk saxlamaq әzabından insanın canını vә ağır-ağır arabaları dartıb çәkmәkdәin heyvanların canını qurtarmaq nә gözәl bir ideyadır ki, axırı әmәlә gәlib meydana çıxdı. Ancaq velosipedә bir adam minә bilәr. Mәn dә bir şey qayıraram ki, içinә beş-altı adam minib sürsün". Çünki Her Fon Bax bu cürә mexanika vә maşın işlәrini yaxşı bilirdi, ona görә çalışıb, fikrini әmәlә gәtirdi vә meydana avtomobil çıxartdı.

Bu cürә işlәrin adına bilirsinizmi nә deyirlәr?

Tәrәqqi, yәni irәli getmәk.

Fәrz edәk ki, usta Vәlinin başına bir fikir gәlib. O da meydana (әlbәttә, müsәlman meydanına, çünki Avropa meydanlarında elә bir şey yoxdur ki, müsәlmanın fikrinә gәlib, onlarınkına gәlmәsin) bәli, usta Vәlinin başına bir fikir gәlib, meydana bir şey çıxardır. Mәsәlәn, usta Vәli dülgәrdir. Günlәrin bir günü usta Vәlinin fikrinә gәlir qapı qayırsın ki, özbaşına açılıb, özbaşına örtülsün. Qapını qayırır, camaata xoş gәlir, ustaya afәrin oxuyurlar, әhsәn deyirlәr. Dәrzi Cәfәr bu işdәn xәbәrdar olub, iynәsini qoyur yerә vә o da düşür qapı qayırmağa, Özü dә belә deyir: "Bәyәm usta Vәli göydәn gәlibdir? Mәn dә qayıraram". Qayırır, lakin qapı qapıya oxşamır. Örtülüb açılmaq nәdir ki, heç yerindәn tәrpәnmir. Dәrzi Cәfәrin acığı tutur. Ona deyirlәr ki, axı, sәn dәrzisәn, amma usta Vәli dülgәrdir. Qoy qapı dursun, sәn dә get, bir yaxşı çuxa tik, arxalıq biç.

Yox, dәrzi Cәfәr gәrәk qapı qayırsın. Özü dә bir ucdan deyir ki, "Bәyәm, usta Vәli göydәn yenibdir?"

Krılovun hekayәsindә kәndçini yamsılamaq istәyәn meymun әllәşib yorulan kimi, dәrzi Cәfәr dә әllәşir, әllәşir, axırda yorulur. Bir dә görür ki, qapı qayırmaq o yana dursun, dәrzilik dә yadından çıxır. Biçarә dәrzi Cәfәr qapı qayırmaqdan naümid olub, әylәşir vә fikir edir: "Nә edim, nә edim?"

Ağıllı şeytan deyir ki, bala, get dәrziliyini elә, amma dәli şeytan dәrzi Cәfәri rahat qoymur, hәrdәnbir dingildәdir. Odur ki, dәrzi Cәfәr başlayır usta Vәliyә sataşmağa, badalaq qurmağa, orda-burda pislәmәyә vә cürbәcür işlәrә....

Bunun da adına bilirsinizmi nә deyirlәr?

Tәdәnni, yәni geri getmәk.
XS
SM
MD
LG