Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:40

Süleyman Sani Axundov. Molla Nəsrəddin Bakıda (2)


əvvəli

ÜÇÜNCÜ ŞƏKİL

Səhnə bir küçə göstərir, Molla Nəsrəddin sabiq ağaların əlindən xilas olduqdan sonra kommunxoz idarəsinə getmək istəyir. Lakin o sözü unudub küçədən gedən adamlardan soruşmaq istəyir. Rəcəb ilə Cavadı dayandırıb soruşur.
M o l l a N ə s r ə d d i n. A yoldaşlar, bircə dayanın, sizdən bir soruşmalım
var.
R ə c ə b. Bizim molla ilə yoldaşlığımız tutmaz. Bizim sənətimiz başqa şeydir.
C a v a d. Rəcəb, qoy kişi sözünü desin. Kim bilir, bəlkə yoldaşlığımız tutdu.
Görmürsən ki, bura adamına oxşamır. Bəlkə molla libasında... o söz.
R ə c ə b. Doğru deyirsən. Molla əmi, buyur görək, bizdən nə soruşmaq
istəyirsən?
M o l l a N ə s r ə d d i n. Sizdən bir söz soruşmaq istəyirəm. Ancaq yadımdan
çıxıbdır. Nə edim, qoca kişiyəm, hafizəm yoxdur. Pinəçi Qafar ilə Mirzə Fərəc
öyrətdilər, yenə də unutdum. Belə qozdur, xozdur, buna oxşayan bir sözdür.
C a v a d. Molla dayı, bizdən çəkinmə, malıym əsil adını de.
R ə c ə b. Molla əmi, biz də aramızda sövdə edəndə guya qoz alırıq, kişmiş
satırıq, deyirik. Lakin əsil alış-verişimiz başqa şeydir... o söz.
M o l l a N ə s r ə d d i n. A balam, mən sizi başa düşə bilmirəm, açıq danışın.
C a v a d. Düzü, biz qızıl alış-verişi edirik. Bizə speklyant deyərlər. Sən,
deyəsən, İrandan gəlmişsən. Qrandan, lirədən, dollardan nəyin var isə qiymətini de,
sövdəni başlayaq.
M o l l a N ə s r ə d d i n. Düzdür, mən İrandan gəlmişəm, lakin siz deyən
şeylər məndə yoxdur.
R ə c ə b. Sənə demədim ki, bizim molla ilə yoldaşlığımız tutmaz. Onlardan
kim xeyir görmüş ki, biz də görək.
C a v a d. Rəhmətliyin oğlu, bizi işdən, gücdən qoyubdur ki, nə var, sizdən söz
soruşacağam.
R ə c ə b. Gəl gedək. İndi malakan bağında rəqiblərimiz işlərini düzəltdilər.
C a v a d. İndi allah bilir, bu qoca kaftar bizə neçə milyon zərər vurdu!
Gedirlər.
M o l l a N ə s r ə d d i n. Bolşeviklərin də möhtəkirliklərlə bacarmadıqlarını
görürəm! (Erməni keşişini gorub.) Axper, bir dayan!
K e ş i ş. Kila niyə dayanmıram, dayanaram. Görürəm sən də mən dərdlisən.
Gəl iki badbaxt ürəyimizi bir-birimizə boşaldax. Kila, a Molla! Gördün ki, bu
şeytan bolşeviklər biz ruhanilərin başına nə gətirdilər?
M o l l a N ə s r ə d d i n. Nə gətirdilər, axper?
K e ş i ş. Daha nə gətirəcəklər? Kila, bu evi bərbad olmuş bolşeviklər
çörəyimizi kəsdilər.
M o l l a N ə s r ə d d i n. Necə?
K e ş i ş. İndi heç kəs gəlib bizə kəbin kəsdirmir. Hamı dindan, masapdan
çıxıbdır. Kila, indi oğlan qıza deyir: Bana gələrsən? Kila, qız da oğlana deyir,
gələrəm. İş bunla qurtarır. Daha bizə işləri yoxdur.
M o l l a N ə s r ə d d i n. Axper, burada təqsir kimdədir?
K e ş i ş. Kimdə olacaq? Əlbəttə, bolşeviklərdədir.
M o l l a N ə s r ə d d i n. Xeyr, axper, bizdədir. Biz din, məzhəbilə alış-veriş
edib ciblərimizi pul ilə doldururduq. Molla ilə keşişin cibinin böyüklüyü də zərbməsəl
olmuşdur.
K e ş i ş. Ban elə bildim ki, molladan bolşevik olmaz. Sən, kila, bolşeviklərin
atasısanmış. Banım sənlə söhbətim tutmaz. Kila, xudahafis. (Gedir.)
M o l l a N ə s r ə d d i n. Bizim mollalara həqiqəti söyləyəndə ya kafirsən, ya
da babısan deyərdilər. İndi onların əvəzinə bolşeviksən deyirlər. (Memar kecir.) -
Tovariş, bacaliska...
M e m a r. Kakoy çort ya tebe tovariş. Stolka let trudilsiya, okonçil vısşeye
uçebnoye zavədeniye i vdruq tovariş kakomuto staromu mulle! (Gedir.)
M o l l a N ə s r ə d d i n. Mənə acığı tutdu. Görünür Qafar deyən həqiqi
ruslardandır. (Çörəkçi başında çörəklə dolu tabaq oxuya-oxuya gəlir.) A çörəkçi
qardaş, bir dayan!
Ç ö r e k ç i. Baş üstə! (Tabağı başından endirib yerə qoyur.) Molla əmi, indicə
təndirdən çıxartmışam. Gör nə ağ çörəkdir. Xalis sarıbuğda unundan bişibdir.
Deyəcəksən girvənkəsi otuz min manata bahadır. Vallahi, kişi, baha deyil! İndiki
otuz min köhnə pul ilə üç köpik edir. Bahadır?
M o l l a N ə s r ə d d i n. A balam,mən çörək alınıram. Səndən köhnə dumun
yolunu soruşuram. Oraya gedəcəyəm.
Ç ö r ə k ç i. Rəhmətliyin oğlu, işdən-gücdən avara edibdir ki, mənə köhnə
dumun yolunu göstər. Bilirəm bizdən şikayət etmək istəyirsiniz. (Tabağı başına
qaldırır.) Biz çörəkçilərlə nə köhnə dum, nə tazə dum, nə sovnarkom, nə
kommunxoz, nə refkom, nə uçkom, nə domkom heç kəs bacara bilməz. Çörəyi
gündə beş min artıracayıq. (Gedir.)
M o l l a N ə s r ə d d i n. O dediyin sözlərin içində mən axtaran da var idi.
Amma zalım oğlu öylə tez-tez dedi ki, bir kom, komdan başqa heç biri yadımda
qalmadı. (İvanova gəlir.) Bacaliska, madam. Dom mini bakacı, baydom domoy...
İ v a n o v a. Çto? Ax tı stany çort! Menya domoy priqlaşayeş? Ya tebe seyças
pokaju.
M o l l a N ə s r ə d d i n. Bunun da acığı tutdu.
M o l l a N ə s r ə d d i n. Milisioner!
Milisioner gəlir.
M i l i s i o n e r. Çto skajite tovariş?
İ v a n o v a. Etot stany çort priqlaşayet menya k sebe domoy. Ponimayete.
M i l i s i o n e r. Da ponimayu.
İ v a n o v a. Tak vozmite yeqo v rayon.
M i l i s i o n e r. Molla, gedek!
M o l l a N ə s r ə d d i n. Haraya?
M i l i s i o n e r. Rayona!
M o l l a N ə s r ə d d i n. Nə üçün?
M i l i s i o n e r. Sən bu arvada sataşmısan.
M o l l a N ə s r ə d d i n. Mən ona sataşmamışam. Söz soruşmuşam. Görünür
məni başa düşməmiş.
İ v a n o v a. Çto yeqo sluşayete? Vozmite v rayon, tam razberut.
M i l i s i o n e r. Molla, gedək, orada məlum olar.
M o l l a N ə s r ə d d i n. A balam, vallah, mənim təqsirim yoxdur.
M i l i s i o n e r. Çox danışma. Orada məlum olar.

Üçü də gedir.

Pərdə


DÖRDÜNCÜ ŞƏKİL

Səhnə Pinəçi Qafarın otağını göstərir. Otaq palaz ilə döşənmiş. Divar içində iki
dolab. Birisi qab-qacaq üçün. O biri yorğan döşək üçün. Rəf üstündə stəkan,
nəlbəki, qəndqabı, piyalə, çaynik və qeyri. Buxarı. Onun sağında Mirzə Fərəc,
solunda Qafar, döşəkcə üstə oturmuşlar. Pərdə qalxdıqda Gülpəri ilə Şahsənəm
samovarın yanında oturub biri qənd doğrayır, o biri stəkan yuyur.

Q a f a r. A Mirzə Fərəc, Molla əmi gəlib çıxmadı. Görəsən, kişinin başına nə iş
gəldi?
M i r z ə F ə r ə c. Adə Məşədi Qafar, olmaya ağalar Molla əmini dolaşdırıb
tutdurdular. Kişinin başbileti də yoxdur.
Q a f a r. Bəs mən verdiyim udastaverenni nədir?
M i r z ə F ə r ə c. O kağız senin adınadır,Molla əminin adına deyilki?
Q a f a r. Molla əmi deyər ki, Məşədi Qafar mən özüməm.
M i r z ə F ə r ə c. Molla əmi onu deməz, desədə inanmazdılar. Çünki molla
libasında başı əmmaməli pinəçi olmaz. Mənim udastaverennim olsaydı inanardılar.
Çünki o da oxumuş adamdır mən də. O da abalı, qurşaqlıdır mən də.
Q a f a r. A Mirzə Fərəc, yenə oxumaqdan dəm vurursan? Mən sənin kimi
oxumuşlara bir qara köpük də vermərəm. Kişi sən düz kağız yazmağı da
bacarmırsan.
M i r z ə F ə r ə c. Adə, mən düz yaza bilmirəm? Mənim kimi məktub yazmağı
heç sənin baban da bacarmaz!
Q a f a r. Mənim babam İranda molla imiş. Rəhmətlik sağ qalsaydı, indi
müctəhid olmuşdu.
M i r z ə F ə r ə c. Mənim də babam fərraş imiş. Rəhmətlik ölməsəymiş indi
Həmədanda hakim idi.
Ş a h s ə n ə m. A Gülpəri, görəsən bizi bu külbaşlara ərə verən zaman ağılları
harada imiş?
Q a f a r. A Mirzə Fərəc, bu dünya gözəllərinə elçi gedib bəyənən vaxtı
analarımızın gözləri harada imiş?
Bayırda avtomobil fit verir.
Ş a h s a n ə m (pəncərədən baxarkən). Qafar, qapımıza avtomobil gəlir. Bu nə
işdir?
Q a f a r (baxır.) Nə mənə? Molla əmidir?! Avtomobildə gəlir?!
M i r z ə F ə r ə c. Kişi nə deyirsən? (Durub baxır.) Doğru.
Molla Nəsrəddin daxil olur.
M o l l a N ə s r ə d d i n. Axşamın xeyir, a Şahsənəm! Gülpəri, kefin necədir?
Ş a h s ə n ə m. Aqibətin xeyir, a Molla əmi. Mənim bu evim, eşiyim sənə
qurban olsun! Bu döşəkçənin üstə otur.
Molla Nəsrəddin oturur.
Q a f a r. Arvad, mütəkkəni qoy, Molla əmi söykənib rahat olsun. Şahsənəm.
Bu saat.
Mütəkkə gətirib qoyur.
M i r z ə F ə r ə c. Molla əmi, səndən çox nigəran idik. Dedik görəsən kişinin
başına nə iş gəldi ki, bu vaxta kimi gəlib çıxmadı.
M o l l a N ə s r ə d d i n. Mirzə Fərəc, başıma çox qəzavü-qədər gəlibdir.
Söyləyəcəyəm.
Şahsənəm çay töküb onun qabağına qoyur.
Ş a h s ə n ə m. Molla əmi, bilirəm, Təbriz çayına öyrəşmisən, bizim bu payok
çayı xoşuna gəlməyəcəkdir. Kişi bazardan gec gəldi. Yaxşı çay ala bilmədik.
M o l l a N ə s r ə d d i n. Şahsənəm, susuzluğum var, hər nə cür çay olsa,
içəcəyəm.
Gülpəri çay tökür, Şahsənəm də paylayır.
Q a f a r. Molla əmi! Mənim kağızım işə gəldi?
M o l l a N ə s r ə d d i n. Çox yaxşı!
Q a f a r. Mirzə Fərəc eşidirsənmi?
M i r z ə F ə r ə c. Molla əmi, demək mollalığı atıb Pinəçi Qafar oldun?
M o l l a N ə s r ə d d i n (gulur.) Xeyr, Mirzə Fərəc hiyləyi-şər qurdum. Sabiq
ağalar mənə bihörmətlik etmək istədilər. Üstümə hücum etdikdə Qafarın kağızını
əlimə alıb dedim: - Hər kəs bu möhürlü kağızın sahibinə əl qaldırsa, özünü çekada
görər. Ağalar qorxudan özlərini itirib - xeyr, Molla əmi biz səninlə zarafat edirik
dedilər.
Gülüşürlər.
Q a f a r. Mirzə Fərəc, mənim kağızımın gücünü gördün?
M i r z ə F ə r ə c. Sənin kağızın yox, Molla əminin ustalığı, bəli.
Q a f a r. Sənin deməyinə görə kommunxozun kağızı sənin narkomprosunun
kağızından alçaqdır.
Molla Nəsreddin. Necə? Qafar o sözü bir də de!
Q a f a r. Kommunxoz.
M o l l a N ə s r ə d d i n. Kommunxoz! Qoca Nəsirin başına bəla gətirən
kommunxoz! A kişilər, öylə ki, ağaların əlindən xilas oldum, bazan bir qədər
dolandım. Küçələri çox natəmiz gördüm. Kommunxozun qulluğuna getmək fikrinə
düşdüm. Lakin kommunxoz sözünü unutdum. Qocalıq əlaməti, hafizəsizlik bəlası.
G ü l p ə r i. Molla əmi, onda Mirzə Fərəcdən xəbərin yoxdur. Üç həftə bundan
irəli kişi Qızxanım və Şahpəri üçün İrana kağız yazır. Qızxanımın kağızını
Şahpərinin paketinə, Şahpərinin kağızını Qızxanımın paketinə qoyub başlarını
bağlayır. Arvadlar poçta salırlar. Kişi onların davalarını indi də çəkir.
Gülüşürlər.
M o l l a N ə s r ə d d i n. Hə, hər kəsdən köhnə dumun yolunu soruşdum,
cavab əvəzinə məzəmmət aldım. Bir rus arvadından soruşdum, cavab əvəzinə
qaradovoy çağırdı. Məni özü ilə çasta apardı.
M i r z ə F ə r ə c. Molla əmi, qaradovoy yox, milisioner.
Q a f a r. A kişi, sözü yenə qələt deyirsən, "milisner".
Ş a h s ə n ə m. Daha bəsdir, yenə mübahisəni başlamayın. Qoyun kişi sözünü
desin.
M o l l a N ə s r ə d d i n. Qoyun əhvalatı nəql edim, sonra ikinizin də qələtinizi
tutacağam. Mən çasta gedəsi Azərbaycanın daxili komissarı, orada olası. O mənim
əski dostumdur. Məni görcək dedi: A Molla əmi, sən bura xoş gəlmisən! Dedim:
Ay oğlum, xoş ilə gəlməmişəm, məni zor ilə gətiriblər. Əhvalatı nəql etdim. Çox
güldü, dedi: Sən həmişə fəhlə-kəndli tərəfdən olmuşsan. Biz sənin qədrini bilirik.
Sonra mənə bir sizinki kimi, bir də başqa kağız verdi. Dedi: Molla əmi, indi hansı
idarəyə istəsən, gedə bilərsən, qüsurlarımızı da göstərə bilərsən. Biz tənqiddən
qorxmarıq. Sonra öz avtomobili ilə buraya göndərdi. Yolda ağaların üçün də bir
yerdə gedən gördüm. Mənə elə bellərini büküb baş əydilər ki, heç keçmiş vaxt
kəndli, fəhlə də onlara öylə baş əyməmişdi.
Gülüşürlər.
M i r z ə F ə r ə c. Molla əmi, gərək mənim də işimə bir əncam çəkəsən.
M o l l a N ə s r ə d d i n. Hansı işinə, a Mirzə Fərəc?
M i r z ə F ə r ə c. Narkomprosa deyəsən məni şkola müəllim təyin etsin.
Ş a h s ə n ə m. Elə bir o qalmışdı ki, sənin kimi qocalara uşaq tapşırsınlar!
Q a f a r. Arvad, sən bu işlərə qarışma...
M o l l a N ə s r ə d d i n. Mirzə Fərəc! Şahsənəm doğru deyir. Sən ilə mənim
mollalığım keçdi. İndi cavan adamlar lazımdır.
M i r z ə F ə r ə c. Molla əmi, başına and olsun məndən çox qoca adamları
müəllim təyin ediblər. Heç olmasa, mən də gecə kurslarına dərs deyərəm.
M o l l a N ə s r ə d d i n. İndi səni imtahan edərəm. Bu təzə dili bilsən, mən də
təvəqqə edərəm. (Qoltuğundan dəftərcəsini cıxarıb baxır.)
M o l l a N ə s r ə d d i n. De görüm, idarələrin ən böyüyü hansıdır?
M i r z ə F ə r ə c. Sovkom.
M o l l a N ə s r ə d d i n. Qafar, belədir?
Q a f a r. Xeyr, Molla əmi, Narsovkom?
M i r z ə F ə r ə c. Adə, sən get pinəçiliyini elə! Belə şeyləri bilməzsən. Molla
əmi, sən ona qulaq asma, mən deyənə bax.
Q a f a r. Mirzə Fərəc, bir mənə qulaq ver. Kişi, bu yeni dildə "kom", "sov",
"nar" sözləri çox işlənir. Mən bunların mənasını bilmirəm. Bunu boynuma alıram.
Ancaq onu bilirəm ki, "nar" böyüklük göstərir. Hansı komun başına qonursa onu
böyük edir. İndi anladınmı?
M o l l a N ə s r ə d d i n. A Şahsənəm, deyəsən bunların heç biri bu təzə dili
yaxşı bilməyir.
Ş a h s ə n ə m. Molla əmi, yaxşı başa düşmüsən. Bunları qoyasan oylə
mübahisə edələr. Mən də, Gülpəri də bunların sözləşməsindən təngə gəlmişik. Kişi,
belə söyüşməyə, davaya çıxırlar. Həftələrlə küs baxılırlar.
M i r z ə F ə r ə c. A Molla əmi, sən özün bizə həkəm ol. Mən deyirəm bu
"dankom sözü bizim "dam" sözündəndir. Qafar deyir xeyr, urusun "dom"
sözündəndir. Hansımız düz deyirik?
M o l l a N ə s r ə d d i n. Hansınız düz deyirsiniz mən də bilmirəm. Ancaq bu
gün məni bəlaya salan o "dom" sözü oldu. Oylə ki, o matışkaya dedim: - madam,
bacalıska poydom domoy - mənim üstümə qışqırıb rayona apardı. O dostum böyük
idarələrin adlarını dedi mən də bu dəftərimə yazdım. Hə, tapdım "sovnarkom"
gördünüz ki, ikiniz də qələt deyirsiniz.
Q a f a r. Molla əmi, sənin dostun səhv edir. Kişi, "nar" gərək başda dursun.
Ş a h s ə n ə m. Aley, kül sənin o höcət başına. O hökumət adamı bilmədi, sən
Pinəçi Qafar bildin?
M o l l a N ə s r ə d d i n. Burada ən böyük idarənin adını yazmışam, amma
özüm də oxuya bilmirəm. Tərs kimi zirzəbərin də qoymamışam.
Q a f a r. Molla əmi, sən ora-burasından de, mən düzəldərəm.
M o l l a N ə s r ə d d i n. Baş kəlməni aydın oxuyuram. "Az"tsik...
Q a f a r. Hə, Aztsika.
M o l l a N ə s r ə d d i n. Yox, Qafar, sən də düz demirsən. Qoy qalsın. Bu dili
yaxşı biləndən öyrənərik. Ay uşaqlar, dil bəlasını çəkdiyimiz zaman ortalığa əlifba
bəlası gəldi. Deyəsən, bu ərəb əlifbasının dəyişilmək zamanı gəlib çatmışdır.
M i r z ə F ə r ə c. Kişi, nə danışırsan?
M o l l a N ə s r ə d d i n. İran durur, sən durursan.
Ş a h s ə n ə m. Molla əmi, izin ver süfrəni salım.
M o l l a N ə s r ə d d i n. Çox gözəl olar.
Ş a h s ə n ə m ilə G ü l p ə r i süfrə salmağa məşğul olurlar.
M i r z ə F ə r ə c. Molla əmi, bolşeviklər hər şeyə əl atırlar. Qorxuram, sən
demiş, bu əlifbaya əl atalar.
M o l l a N ə s r ə d d i n. Mirzə Fərəc, əlifba məsələsi çoxdandır. Dəyişilməsi
əski hökumətlərə sərfə deyil idi. Onun üçün də qoymayırdılar. İndi Şura hökuməti
latın hərflərinə keçəcəklər.
Q a f a r. Molla əmi, bu bədbəxt heç indikini yaxşı bilməyir. O təzəni necə
öyrənəcəkdir?
M i r z ə F ə r ə c. Qafar! Sən pinəçi adamsan, nə üçün aləm işinə qarışırsan?
Ş a h s ə n ə m. Molla əmi, süfrə hazırdır. Buyur.
Qalxıb süfrə tərəfə gedirlər.
Molla əmi, gəl irəli.
Şahsənəmin can pitisi
Gör nə pişib lap yeməli
Dərdinə dərman pitisi.

Pərdə
XS
SM
MD
LG