Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:34

Nizami Gəncəvi. Leyli və Məcnun (77)


əvvəli

LEYLİ İLƏ MƏCNUNUN GÖRÜŞMƏSİ


Tezdən duran xosrov səhər vaxtında,
Sevinclə əyləşdi şahlıq taxtında.
Günəş ki, eşq ilə öpdü gündüzü,
O eşqə baş əydi bütün yer üzü.
Gözlərə nur verən bu işıqlı gün
Novruz bayramından xoş idi o gün.
Arzu kəmərini bağlamışdı baxt,
Qüssə dağılmışdı dünyadan o vaxt.
Leylinin ayağı zəncirdən azad,
Aləmi ay kimi gəzirdi dilşad.
Heç kəsdən çəkinib qorxmayan o qız
Aşkara dərd çəkib, ağlardı yalqız.
Canı qurtarmışdı ər qayğısından,
Artıq güdməyirdi onu bir insan.
Qəlbində alovlar, yanıb ağlardı,
Nə ata, nə ana qorxusu vardı.
O, evdə, sarayda, məhəllədə tək
Gəzirdi, üzünü əllə örtərək.
Hər dəmdə bir könül axtardığından,
Hər qəlbə peyam da verirdi pünhan.
O hər bir fələyə işıq açardı,
Hər bir nəfəsə də ənbər saçardı.
O kimi axtarıb yanırdı oda?
Bircə dostu vardı onun dünyada.
Ərinin yasını qurtardı, yenə
Çəkdi qəm evini ata evinə.
Səbrə qatlaşmağı buraxıb artıq,
Eşqin pərdəsini atdı apaçıq.
Şərab şüşəsini sındırıb bütün,
Suya qalxan tutdu gül kimi o gün.
Qıfılla bağlanmış o durr, o canan
Qapını qıfılsız gördüyü zaman
Çarə axtarmaqda tərpənib zirək,
Səhhət axtarırdı, çarə gəzərək.
Hicrədə əyləşib fikir eylədi,
Zeydi çağırtdırıb, belə söylədi:
"Bu gün ki, intizar günü deyildir?
Bu visal günüdür, get yara bildir.
Dünya nə gözəldir, bir oyan, az yat,
Get şəkəri gətir, qızıl gülə qat!
Sərvin qucağında yatır çəməni,
Lalənin sapına düz yasəməni!
O gözəl ahunu tapıb tora sal,
O müşk nafəsini indi ələ al.
Onun tikanından ipək tutaq biz,
Tozundan qayrılsın qoy ənbərimiz.
Qoy alım onunla könüldən nəfəs,
Həmnəfəslərimdən qalmamış heç kəs.
Pusquya gəlməmiş insafsız əcəl,
Bir onu görsəydim əcəldən əvvəl".
Leyli xəznədəki xəzlə ipəkdən
Bir paltar çıxartdı o nazik bədən.
Ona layiq olan bir neçə şey də
Şah kimi götürüb tapşırdı Zeydə.
Zeyd isə şadlanıb bu hədiyyədən,
Ucaldı dağ kimi, qalxaraq həmən,
Bütün paltarları çölə gətirdi,
Qanadsız hümaya müъdə yetirdi.
Bütün paltarları verdi Məcnuna,
Xoş xəbər danışdı Leylidən ona.
Məcnun bu xəbərdən şadlanıb o dəm,
Atlanıb düşürdü o talei kəm.
Dönüb fələk kimi hər bir tərəfə,
Yerində fırlandı o, yeddi dəfə.
Onun yeddi dəfə bu hərlənməyi,
Keçib yeddi çərxi ötdü fələyi.
Sonra da üzüylə yer süpürərək,
Şükür səcdəsinə o baş qoydu tək.
Öpüb o paltarı, yad etdi yarı,
Sonra da əyninə geydi paltarı.
Dostluq bulağında aldı dəstəmaz,
Hicran zillətindən qurtardı bir az.
Ay kimi parlayan üzünə bax sən.
Ənbər qoquyurdu xoş nəfəsindən.
Şer deyə-deyə üz qoyub yola,
Şəkər dağıdırdı o sağa-sola.
Dişili, erkəkli bütün vəhşilər
Onun arxasınca yola düşdülər.
Məcnunla bir yerdə hamsı durardı,
Onun ətrafında halqa vurardı.
Canan qapısına yetişib durdu,
Ordusu da vardı, amma nə ordu?
Elə bir ordu ki, döyüş zamanı
Pəncələr olardı qılınc, qalxanı.
Zeyd xəbər yetirdi o Zübeydəyə,
Bu qoca xəlifə yumşalmış, deyə.
Məcnun ki, çəkdiyin qəmə sirdaşdır,
O bu gün qapında torpaqdır, daşdır.
Səcdənə düşmüşdür, rəhm et Məcnuna,
Içəri gəlməyə izin ver ona.
Leyli bu müъdəni eşidən zaman
Xərabəyə döndü bu abadlıqdan.
Çadır dirəyi tək qalxaraq əvvəl,
Ip kimi sərildi sonra o gözəl.
Huşsuz vəhşilərdən tamam bixəbər,
Çadır dirəyi tək qalxaraq əvvəl,
Şümşad ayağına düşən bir od tək,
Qonaq ayağına düşdü o mələk.
Məcnun seyr elədi dərdli cananı,
Ayaq pərdəsində görüncə canı.
Naləsi titrətmə saldı göylərə,
O da huşdan olub yıxıldı yerə,
Cansız bir dirəkdi o nazik bədən,
Məcnun da canlı bir ölüydü bilsən.
Dünyanın səsindən tamam bixəbər,
Huşsuz uzanmışdı o sevgililər,
Məcnunla yol gəlmiş çöl heyvanları
Bu vaxt ortalığa alıb onları,
Iki sevgiliyə keşik durdular,
Dağ çənbəri kimi halqa vurdular.
O qədər çoxdu ki, orda vəhşilər,
Yol tapa bilmirdi onlara nəzər.
Oraya gəlmişdi iki-üç insan,
Onları vəhşilər dağıtdı haman,
Ortadan çıxaraq yerdə qalanlar,
Hərəsi bir küncdə gizləndi onlar,
Orda huşu getmiş o sevgililər
Qaldılar günorta olana qədər.
Zeyd gəlib gülabla ənbər yetirdi,
O qoşa baharı cana gətirdi.
Elə ki, huşları qayıtdı yenə
Dinməzcə baxdılar biri-birinə,
Leyli utanaraq, qızardı gül tək,
Torpaq qəribinə yaxın gələrək,
Əlindən yapışıb çəkdi iləri,
Çadrına apardı o gözəl pəri.
Onu çadırında oxşadı nazla,
Ovutdu qəlbini min bir avazla.
Zeyd məhrəm kişiydi, həm də mehriban,
Əmr-As olmağı atıb ortadan,
Qapının ağzında o da halqa tək,
Haman vəhşilərlə əyləşmişdi tək.
Hərəmi dörd yerdən tutan heyvanlar
Onun ətrafında çəkmişdi hasar.
Havada milçək də uçsaydı əgər,
Tutub parçalardı onu vəhşilər.
Orda vəhşiləri görən bir insan
Yaxına gəlməzdi can qorxusundan.
O bağlı qapını görüb bu saat,
Heyrətə düşmüşdü bütün camaat.
Həqiqi eşqdir, - deyirdi hər kəs, -
Ona bulaşmamış şəhvətlə qərəz.
Bu həqiqi sövda düşəcək dilə,
Ona ram olmuşdur vəhşilər belə.
Ona vəhşilərdən dəyməyir zərər,
Yoxdur xilqətində vəhşətdən əsər.
Qəlbində vəhşəti boğduğu üçün,
Durmuş xidmətində vəhşilər bütün.
Bu torpaq nəslinin sövdası, aşkar,
Paklıqla yaranıb tutmuşdur qərar.
Bu gün naləsini eşitdiyimiz
Hər iki aşiqə nəzər salaq biz.
Əldə içilməmiş qədəhlərindən
Bu xarab, o biri sərxoşdur, bilsən!
"Artıq qucaqlaşın" deyirkən zaman,
Bu əldən getmişdi, o biri huşdan.
Bu eşq dəlilikdən törənməmişdir,
Dünyaya dərs olan nadir bir işdir.
Kim ki, hal əhliydi, dadmışdı dərdi,
Evində onlardan söhbət edərdi.
O bağlı xəzinə, ətrafı hasar,
Durmuşdu yanında gənc xəzinədar.
O əziz qonağın eşqiylə durdu,
Onu bəzəndirib min ziynət vurdu.
Öz gözəl saçının həlqələrindən,
Ona çalma hördü o nazik bədən.
Diyləmi sakitcə görüncə o yar,
Qıvrım saçlarından geydirdi paltar.
Onu qəlb evinə eylədi sultan,
Həmail qolunu saldı boynundan.
Sonra da bərk basdı bağrına birdən.
Iki gül cücərdi bircə qönçədən.
Onu kökləmədən, mizrabsız çaldı,
Şərabsız, öpüşsüz ağlını aldı...
Zəncirdən açıldı əlif ilə lam,
Üzdən bir-birinə yapışdı tamam,
Iki əyilmiş xətt, artıq öpüşdü,
Bütöv bir dairə şəklinə düşdü.
Ədlin tərəzisi bərabər olcaq
Quş qanad gətirdi, uçmadı ancaq.
Iki şam bir teştdə yıxıldı, bilsən,
Ruhları bir idi, birləşdi bədən.
Iki sap bir tovda eşilmiş oldu,
Iki sürahi də bir sudan doldu.
Iki lay vuruldu bir qapıya tən,
Iki göz yarandı bir baş üstündən.
Birləşdi bu zaman uzaq qütblər,
Bir nurla parladı o iki səhər.
Könülləri yanmış o iki dildar
Bir gecə bir gündüz belə qaldılar,
Nə onun, nə bunun qalmışdı huşu,
Ortadan uçmuşdu ehtiras quşu.
Onlar özlərinə gəldiyi zaman
Şahin uçmuş idi, şah da arxadan.
Çadırdan bayıra çıxmışdı canan,
Onun keşiyində dururdu soltan.
Yığışıb köçmüşdü sarayından şah,
Tacı da, taxtı da boş qalmışdı, ah!
Məhəllə əğyardan boşalmışdı, bax!
Orda sevgililər qalmışdı ancaq.
Məcnun o cananı hazır görərək,
Evi danışıqdan boşaltdı, gerçək.
Özü də halqa tək qapıda durdu,
Məcnunun gözüydü Leylinin yurdu.
Elə ki, qəlbində yer verdi ona,
Qapıçı olmağı aldı boynuna.
O iki qazanın isti dodağı
Kasa tək lal idi bu visal çağı
Əsincə behiştdən sərin bir külək
O iki alovu söndürdü şam tək.
Eşq gəlib, üzərlik yandırdı dərhal,
Ağızlar bağlandı dillər oldu lal.
Iki divardaki iki naxış tək,
Onlar hərəkətsiz dururdu, gerçək.
Ürək sözlə dolu, bağlıydı dillər,
Sanki ağzı bağlı bir kuzəydilər.
Onların eşqiylə dolmuşdu cahan,
Nitqi açılmazdı heç kəsin bir an.
Nə qədər vardısa qəmi-intizar,
Gecələr şam kimi dil açardılar.
Elə ki, visalla açıldı səhər,
Kəsildi şam kimi danışan dillər.
Dilin bəlasıdır uzunçu olmaq,
Ariflər işidir sükuta dalmaq.
Xəzinə qızıldan olduqca kənar,
Qapısı daima qıfılsız olar.
Onu qızıl ilə doldursa insan,
Xəzinə qapısı bağlanar hər an.
Qəmzələr diliylə o nazlı dilbər
Deyirdi qəlb açan xoş bədihələr:
"Ey on dilli süsən, sənə nə olmuş?
Mənim dərdimdənmi dilin tutulmuş?
Sinədən söz deyən bir şeyda bülbül
Dinməz il uzunu, açılmasa gül.
Lakin, gül üzünü gördüyü zaman
Bir deyil, oxuyar min yeni dastan.
Sən dünya bağında şeyda bülbülsən,
Visala can atan gül kimiyəm mən.
Bu visal günündə hanı həvəsin?
Ağzın qıfıllıdır çıxmayır səsin".
Qanlı göz yaşında boğulub gedən
Məcnun alovlu bir dil açdı birdən:
"Ey sənəm, qənd kimi dodağın vardır,
Deylimi bağlayan o dodaqlardır...
Düşün ki, ağzımda dil yoxdur, canan!
Dil deyil, bir tükdür bu dilim, inan.
Camalın şovqunda qəm çəkə-çəkə,
Tüküm dilə döndü, dilim də tükə112.
Qapında bir tükün dil olmasından,
Dilin tük olmağı yaxşıdır, inan.
Səninlə tük kimi danışmaq üçün,
Qoy dilim tük kimi incəlsin hər gün.
Sənə can satmaqda mahirəm, ey yar,
Sənə dil satmasam, daha xoş olar.
Qoy sinə məlhəmi çox olduğundan
Işdə dil yarası olmasın, canan.
Axtaran bir hərif uzundil olar,
Tapınca nə dili, nə sözü qalar.
Mənim də tapdığım sənsən, ey sənəm,
Sənin də quyuya saldığın mənəm.
Mənimçin sən varsan özümdən əvvəl,
Çünki mənim deyil, sənindir bu əl.
Nəçiyəm, de kiməm mən talei kəm?
Dünya şahiddir ki, sənin kölgənəm,
Özümü hər sayda heç bilirəm mən,
Heçə bənzəyirəm bu heçkəslikdən...
Səndən əsər çatdı mənə, ey dilbər,
İnan ki, ondandır məndəki əsər.
Bir qızıl quş kimi ucaldıqca mən,
Bir nişan görmədim dağ kəkliyindən.
Sındı qızıl quşun qanadı bu gün,
Uçdu dağ kəkliyi, uçdu onunçün.
Bizim milçəyimiz gəlməmiş cana,
Tovusun gəlmədi sənin meydana.
Şahın ov köpəyi edəndə şikar
Ahu balası da şaha ox vurar.
Visal umudunla güldüyüm vaxtla
Mənə dad verərdi o xoş intizar.
Elə ki, sevgilim əlimə keçdi,
Işim bənliyimdən uzağa köçdü...
Sənə könül verən aşiqə, canan,
Əldən düşdüyü vaxt əl uzadırsan.
Can sənə peşkəşdir, nə qədər sağam.
Sənə ömrüm boyu baş qoşacağam,
Baş sənsiz olarsa, ayrılsın təndən,
Can sənsiz olarsa, çıxsın bədəndən.
Hər gün ayağına baş qoyam gərək,
Məndən can verməkdir, səndən istəmək.
Nə qədər ki, sağam, sənsən nigarım,
Sənsən öləndə də pərəstişkarım.
Canın ki canımdan cida deyildir,
Sənsiz yaşamağım rəva deyildir.
Məni odlarına yandırsan da sən,
Balıq tək suyundan ayrılmaram mən.
Səninlə gözlərim dünyaya baxar,
Kim görən gözünü kor istər, ey yar.
Bu yolu mən sənsiz gedərəmmi ah?
Səndən ayrılmaram, nəuzibillah!
Aşiq məzhəbində ayrılıq nədir?
Mən sözü, sən sözü - bir əfsanədir.
Iki parça olan bir zirehik biz,
Bir can parçasıyıq, bil ki, ikimiz.
Mən yoxam, dünyada sənsən var olan,
Bu xəyali surət özünsən, inan!
Madam ki, mən sənəm, ikilik nədir?
Birliyi qırmağa nə bəhanədir?
Heykəl ikidirsə, binövrə birdir,
"Lam əlifla" ki, ayrı deyildir113.
Orda ki, mən varam, sən nigar da var,
Orda ki, sən varsan, bu qubar da var.
Yox, yox, yanılıram can birdir, canan,
Ikilik qovğası çıxmış ortadan.
Necə birləşirsə bir bəm ilə zil,
Birləşən canımız ayrılan deyil.
Zillə bəm olmasa, çəng çalan bir kəs
O çəngdən sədalar çıxara bilməz.
Bir xəzinədəndir ürəyimiz bax,
Arada ikicə sifət var ancaq.
Xoş olar bir hərəm seçsək ikimiz,
Xoşdur bir addımda qərar tutsaq biz,
Cüt ağız qılıncın qını bir olar,
Badam cüt məğzli, bir qabığı var.
Yumurta sarısı cüt olsa, belə,
Sərmayəsi birdir, bir hesab elə.
Iki həmcins hərf düşsə bir yerə,
Onlar bir yazılar səhifələrə.
Nişanımız birdir, cinsimiz də bir,
Yuvamız ikidir, gəl də birləşdir.
Gəl iki hərf yaz bir adda, ey yar,
Iki damla tutsun bir camda qərar.
Incəsən, ikiyə vurma biri sən,
Gəl təki-təkə vur, əgər hərifsən".
Məcnunun göz yaşı tufanlar açdı,
Min belə dürrlər, incilər saçdı.
Leyli can yandırıb ülfətlə, nazla,
Məcnunu oxşadı minbir niyazla.
Hoqqanı doldurdu o ixtilatla,
Dodaqlarındakı abi-həyatla...
Xətər saçılırdı qara saçından,
Ağzı da zərifdi ətir qabından.
Qızın ay üzündə o incə dodaq
Şəkər paylayırdı ətir saçaraq.
Məcnunun başına xalvarla şəkər,
Batmanla ənbərlər saçdı o dilbər.
Xəyali Misirdən min bac istədi,
Hümməti həbəşdən xərac istədi.
Kim ki, bu dünyada sükuta dalar,
Öz ətri gül kimi ağzında qalar.
Onun söz yaradan bir ağzı vardı,
Bunun da çənəsi sözlə oynardı.
Mənim düşüncəmə, zənnimə görə,
O ağız layıqdı belə sözlərə.
Dünyadan bir qismət alır hər bəşər,
Biri ciyər yeyir, o biri şəkər.
Sövdalı adamlar uyuşmaz ayla,
Şəkər saziş etməz çoxlu səfrayla.
Qızıl gül ətrindən doysa bir nəfər,
Ona haram olur başqa ətirlər.
Məcnun seyr etdikcə gözəl yarını,
Cırmağa başladı öz paltarını.
Hissizlik şərabı çox təsir etdi,
Ayaqdan düşərək, əldən də getdi.
Könlünü üzrlə eləsə də pak,
Taqətsizlik onu etmişdi həlak.
Gördü ki, sümüyə dayanmış bıçaq.
Aldığı zərbədən həlak olacaq.
Qılıncı başından, başını teştdən
Götürüb çöllərə yollandı birdən.
Onun kəsilmişdi səbri, qərarı,
Sızlardı yanında çöl heyvanları.
O öz aynasını verərək yara,
Başqa bir ayinlə, çıxmış yollara.
Yarının zülfünü qucaqlayaraq,
O öz varlığından düşmüşdü uzaq.
Özünü öz yarı sayaraq, bəzən,
Özünə müştəri olurdu səhvən,
O öz varlığını unutmuşdu, bax,
Varlığı, mənliyi Leyliydi ancaq.
O, gülər baharı görəndən bəri
Birə min olmuşdu eşqin qəmləri.
Xəyal aləmində xoşbaxtlığından
Bir visal dastanı deyildi hər an.
Gah dost vəfasından söhbəti vardı,
Gah da bir qabıqdan məğz çıxarardı.
Zeyd o beytləri dinləyib hər an,
Asıb sırğa kimi qulaqlarından,
Ona pak ruh ilə deyirdi əhsən,
Deyirdi: "Insanlıq elmində təksən!
Müqəddəs bir eşqi vermədin bada,
Sənə səcdə qılmaq borcdur dünyada.
Əgər məhəbbətdə olmasa ismət,
O şəhvət hissidir, deyil məhəbbət!
Saf eşqin nurlu bir güzgüsü vardır.
Eşqin hesabından şəhvət kənardır.
Qərəzli bir sövda yaşamaz, inan!
Eşq ilə qərəzi bir tutmaz insan.
Düz gəlməz eşq ilə qərəz, müxtəsər,
Qərəz olan yerdən eşq qalxıb gedər.
Düzü, səndən başqa aşiqlər tamam
Qərəzə sitayiş edirlər müdam.
Saf eşq səninkidir, başqası nədir?
Onlar eşq adına bir bəhanədir",
Bir eşq doğruluqda tutarsa qərar,
Dostun yaxşılığı birə on olar.
Sevgi bu kəmala çatarsa bir an,
Yaxşı ad qazanar özünə insan.
Nizami, nə gözəl bir dövlətin var,
Hər zaman, hər yerdə o rəvac tapar.

davamı
XS
SM
MD
LG