Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:31

«Qafqazın müharibə cinayətkarları da tribunal qarşısına çıxa bilər»


«Bu yaxında Ermənistanda keçirilən seçki kimi seçkilərin faydası yoxdur»
«Bu yaxında Ermənistanda keçirilən seçki kimi seçkilərin faydası yoxdur»
Beynəlxalq Böhran Qrupunun Avropa üzrə proqram direktoru Sabina Freyzer «Azadlıq» radiosuna müsahibə verib.

- Gəlin elə son xəbərlərdən başlayaq. Rodovan Karaciçin həbsindən. Sizcə bu iş və ümumiyyətlə Balkanlarda müharibə cinayətkarlarının ədalət məhkəməsinə verilməsi təcrübəsi Qafqazdakı münaqişələrdə, o cümlədən, Ermənistan Azərbaycan münaqişəsində də tətbiq oluna bilərmi?

-Maraqlıdır. Mən də dünən axşam Radovan Karaciçin həbsi ilə bağlı xəbərlərə baxanda onu düşünürdüm ki, keçmiş Yuqoslaviya ilə bağlı tribunalların uğurlu təcrübəsi digər konfliktlərdə və konkret olaraq, Qafqazda necə tətbiq oluna bilər? Radovan Karaciçin həbsi 13 ildən sonra mümkün oldu. Müharibə qurbanları bu günü çox gözləməli oldu. Amma dünən baş verən açıq aydın uğur idi. Və əgər bu uğur orda, balkanlarda mümkün olubsa, yəqin ki, bu cür tribunalların Qafqazda da keçirilməsini mümkün saymaq olar.

-Misal üçün belə ittihamlar var ki, indiki Ermənistan prezidenti Qarabağda müharibə zamanı konkret cinayətlərdə iştirak edib və yəqin ki, Ermənistan tərəfinin də Azərbaycanlı hərbçilərə qarşı müəyyən iddiaları ola bilər. Ola bilsin ki, onlar da Azərbaycanda yüksək mövqelərdədirlər. Sizcə günahlandırılan şəxslərin yüksək vəzifələrdə olması ədalət mühakiməsi ehtimalına necə təsir göstərir?

-Yaxşı sualdır. Karaciçlə bağlı prosesdə gördüyümüz kimi, bu cür tribunallar yalnız o halda mümkündür ki, bütün tərəflərdən onların baş verməsi ilə bağlı siyasi iradə olsun. Odur ki, münaqişədə iştirak edən hökumətlərin tam razılığı və iştirakı lazımdır ki, bu cür tribunallar baş tutsun. Yalnız Serbiya hökuməti «bəsdir. Biz Karaciçin təhvil verilməsini, bütün cinayətkarların mühakimə olunmasını istəyirik, bu lazımdır» deməsindən sonra Karaciç həbs olundu. Karaciçin harada gizləndiyini heç kim bilmirdi kimi iddialara inanmıram. Məncə ən azı Serbiyanın təhlükəsizlik xidmətində bunu bilirdilər. Yalnız iştirakçı hökumətlərin razılığı olanda, onlar tribunalla əməkdaşlığın vacibliyini anlayanda hansısa nəticə əldə etmək olar. Miloşeviçlə bağlı da eyni şey baş verdi. Heç kim düşünmürdü ki, Miloşeviç nə zamansa Haaqa məhkəməsində müttəhim kürsüsündə oturacaq. Amma Serbiyada hakimiyyət dəyişəndə bu imkan yarandı. Qafqazda da bu prosesin işə düşməsi üçün Azərbaycan və Ermənistanın, eləcə də potensial olaraq, Gürcüstanın tam iştirakı, tam razılığı lazımdır.

-Siz Qarabağ danışıqlarının detallarından xəbərdarsınızmı?

-Yox, mən detallardan xəbərdar deyiləm.

-Elə mən də heç nə bilmirəm. Azərbaycan cəmiyyəti də məsələnin detallarından xəbərsizdi. Sizcə bu problemdirmi?

-Məncə Ermənistandakı prezident seçkilərinə görə yüksək səviyyədə danışıqları irəli aparmaq çətin idi. Həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində Ermənistanda hakimiyyət Koçaryandan Sarkisyana keçdi. Xarici işlər naziri də dəyişdi. Nalbəndyan Oskanyanın yerini tutdu. Məncə onun üçün vəziyyətlə tanış olmağa bir qədər vaxt lazım idi. Mən hər zaman inanmışam ki, sülh danışıqlarında uğurun bir hissəsi həm də şəxsiyyətlər arasında ünsiyyətdən də asılıdır. Məncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ünsiyyəti yaxşı idi. Ümid edirəm ki yeni xarici işlər naziri ilə də eyni təcrübə olacaq.

-Amma sual o idi ki, cəmiyyətin müzakirədən kənarda qalması normal haldımı?

-Şübhəsiz ki, yox. Məncə bu il o da baş verə bilərdi ki, ikinci və üçüncü dərəcəli diplomatiya işə düşərdi, hər iki ölkədə cəmiyyətlərlə iş gedərdi ki, onları kompromislərə hazırlamaq mümkün olsun. Məncə ermənilərlə azərbaycanlılar arasında bütün mövzularda daha çox açıq müzakirənin olması vacibdir. Çünki bu məqamda tərəflər arasında çox böyük etimadsızlıq, hətta deyə bilərik ki, az qala nifrət var. Və bu nə cürsə sındırılmalıdı.

-Cəmiyyət qərarların qəbulunda necə iştirak edə bilər?

-Mən düşünmürəm ki, cəmiyyət Qarabağ probleminin həllinə çarə tapa bilər. Amma cəmiyyətin hər hansı həll variantını qəbul etməsi lazımdır. Əgər cəmiyyət bunun əleyhinə olarsa, bu problem həll oluna bilməz. Ona görə hesab edirəm ki, hər iki tərəfdə cəmiyyət daha çox məlumatlı olmalı, müzakirələrə cəlb edilməlidir.

- Beynəlxalq Böhran Qrupunun Ermənistanda seçkilərlə bağlı çox tənqidi hesabatı var idi. O vaxtdan bəri Sizcə orada vəziyyət necə dəyişib?

-Bəli, bizim Ermənistanda seçkilərlə bağlı çox sərt hesabatımız olmuşdu. Biz ordakı proseslərdən şokda idik. Mən, bu seçkilər Ermənistanda demokratik proseslər üçün geriyə doğru addım idi. Ermənistan hökuməti Avropa Şurasının onların qarşısına qoyduğu şərtlərə əməl edilməsi istiqamətində bəzi addımlar atıb. Amma orada hələ də xeyli sayda siyasi məhbuslar qalır. Onlar qeyd-şərtsiz azad olunmalıdırlar.

-Sizcə, seçki vaxtı Ermənistanda baş verənlər Qarabağ danışıqlarına necə təsir etdi? Onu nəzərdə tuturam ki, əgər yaxşı təşkil olunmuş seçkilər keçirilsəydi, bu Qarabağ danışıqlarına da müsbət təsir edə bilərdimi?

- Bir tərəfdən mən hesab edirəm ki, Qarabağ probleminin həlli üçün hər iki ölkədə - Azərbaycanda və Ermənistanda demokratiya bərqərar olmalıdır. Əlbəttə, Ermənistandakı seçkilər bu mənada yardımçı ola bilmədi. Məncə, əgər cənab Sarkisyan özünü legitim prezident kimi nümayiş etdirmək istəyirsə, bu danışıqları çox ciddiyə almalıdır.

- Bəs, Azərbaycandakı seçkilərdən gözləntiləriniz nədir?

- Bu seçkilərlə bağlı mən detallı bir şey demək istəməzdim. Çünki, hələ seçkilərə çox qalır. Əlbəttə, Ermənistandakı bu cür seçkilərdən, hətta, Gürcüstanda bəzi zorakılıqlarla keçirilən seçkilərdən sonra özünün bu region üçün model olduğunu nümayiş etdirməyə Azərbaycanın imkanı var. İndi Azərbaycan regionun o biri ölkələrindən daha azad və ədalətli seçki keçirdiyini nümayiş etdirmək üçün yaxşı şans əldə edib.

-Üç jurnalist hələ də həbsdəykən, toplaşma azadlığı sahəsində problemlər varkən Sizin hələ də ümidləriniz qalırmı?

- Əlbəttə, Azərbaycanda azadlıqların təmin olunması sahəsində problemlər qalmaqdadır: media azadlığı, birləşmək azadlığı və s. sahələrdə. Mən ümid edirəm ki, Azərbaycan hökuməti azad və ədalətli seçki keçirilməsi üçün bu problemlərə diqqət yetirəcək. Çünki, azad və ədalətli seçkilər yalnız seçki günü baş vermir, bu seçki üçün mühitin necə olması da son dərəcə mühümdür.

- Ermənistan-Türkiyə danışıqları, sizcə, Azərbaycanın Qarabağ danışıqlarında mövqeyini zəiflədə, yaxud danışıqlara hər hansı təsir göstərə bilərmi?

- Yox, mən belə düşünmürəm. Mən hesab etmirəm ki, Ermənistan-Türkiyə danışıqlarının Qarabağ məsələsinə aidiyyatı var. Yaxud, Qarabağ məsələsində Azərbaycanın mövqeyinə hansısa formada mənfi təsir edə bilər. Bildiyimiz kimi, Türkiyə ilə Azərbaycan çox sıx müttəfiqdirlər. Türkiyə yaxın gələcəkdə Azərbaycanın mövqeyinə xələl gətirə biləcək heç bir addım atmayacaq. Türkiyənin Ermənistanla özünün problemləri var. Əlbəttə ki, bu, genosid, yaxud kütləvi köçürmə adlandırılan məsələ ilə bağlıdır. Bu kimi böyük problemləri Ermənistan və Türkiyənin oturub danışması lazımdır. Başqa məsələlər də var. Türkiyədə işləyən ermənilərin sayı artır. Ermənistanla Azərbaycan arasında Gürcüstan üzərindən ticarət gedir. Burada tarixi problemlər var, burada Ermənistan Konstitusiyası ilə bağlı problemlər var. Məncə Ermənistan və Türkiyə Qarabağ məsələsini nəzərə almadan danışmalıdırlar.

-Müxtəlif ölkələrin diplomatları bu danışıqlar prosesi ətrafında şübhəli adlandırılan fəallıq nümayiş etdirirlər. Əvvəl söhbət ABŞ və Rusiya diplomatlarından gedirdisə, indi vasitəçilik bəyanatları İran tərəfdən də səslənir. Hətta Ermənistandan olan bəzi analitiklər belə bir fikir irəli sürüblər ki, Rusiya diplomatlarına prosesi ABŞ-ın nəzarəti altından çıxarmaq göstərişi verilib. Sizcə ABŞ və Rusiyanın danışıqlar prosesində rolu nədən ibarətdir?

- Mən bu analizlərə inanmıram. Türkiyə və Ermənistan ilk dəfə deyil ki, gizli danışıqlar aparır. Bir neçə il əvvəl də olmuşdu, təəssüf ki, proses dayandı. Amma Türkiyə özü çox böyük regional qüvvədir və fikrimcə, bu cür danışıqları kənardan ABŞ, Avropa Birliyi yaxud Rusiyanın müdaxiləsi olmadan da apara bilər. Mən inanıram ki, Türkiyə xarici işlər nazirliyində Ermənistanla münasibətlərin yaxşılaşmasını istəyən şəxslər var. Prezident Gül də bu niyyəti açıq ifadə edib. Mən düşünürəm ki, bu ikitərəfli təşəbbüsdür. Mən hesab etmirəm ki, çox tezliklə nələrsə dəyişəcək. Məncə real dialoqun ərsəyə gəlməsi üçün böyük vaxt lazımdı. Odur ki, mən gözləntilərimi çox aşağı tuturam. Məncə bu vaxt aparacaq, kiçik addımlarla irəliləyəcək. Məncə indi Türkiyənin xarici siyasətində həddindən artıq çox məsələ var. Daxildə də problemlər kifayət qədərdi, məsələn Konstitusiya Məhkəməsinin AKP-ni bağlamaq istəməsi kimi. Odur ki, mən bu danışıqlarla bağlı həm ümidlərimi həm də həyəcanımı bir qədər aşağı tuturam.

-Bir neçə il əvvəl siz Azərbaycanda ən çox tənqid edilən adamlardan biriydiniz. Son zamanlar ünvanınıza tənqidlər səslənmir. Nə baş verdi? Buna necə nail oldunuz?

-Mən daha regionda yerləşmirəm. İş yerim Brüsseldədir. Məsul olduğum coğrafi məkan daha genişdir. Mənim indi işlədiyim əraziyə Balkanlar, Kipr, Qafqaz və Moldova kimi bəzi MDB ölkələri daxildir. Bir tərəfdən, burda az olmağım pisdir. Çünki Azərbaycanı və azərbaycanlıları yüksək qiymətləndirirəm və baş verənləri daha yaxından izləmək istərdim. Və əlbəttə ki Dağlıq Qarabağ münaqişəsi yenə də diqqətimdədir. Mən Brüsseldə də imkan düşən kimi bu problemi qaldırıram. Sizin ilk sualınız Yuqoslaviyada tribunal barədə və Balkanlarda öyrənilən dərslərin Qafqazda tətbiqi ilə bağlı idi. Mən əminəm ki, Qafqazda Balkanlardan öyrənilən təcrübənin tətbiq olunması üçün çox imkan var. Mən də həmin dərslərin burada öyrənilməsi üçün işləyirəm. Amma bir şeyi də əminliklə demək olar ki, Avropa Birliyi Qafqazdakı proseslərdə indi əvvəlkindən artıq maraqlıdır. Son on illikdə onlar daha çox Balkanlarla maraqlanırdılar. Mən ümid edirəm ki, Avropa Birliyinin Balkanlarda məsuliyəti azaldıqca, onlar Qafqazdakı proseslərdə daha çox iştirak edəcəklər.

-Balkanlardakı təcrübədən danışmışkən. Kosovonu Qarabağ münaqişəsi üçün poresedent hesab edirsinizmi?

-Mən hesab etmirəm ki, Kosovo Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Dnesryanı və ya hər hansı başqa konflikt üçün presedent ola bilər. Rusiya prezidenti Putin deyirdi ki, bu presedent ola bilər. Mən keçmiş Rusiya prezidenti ilə bu məsələdə razı deyiləm.
XS
SM
MD
LG