Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:27

«Hamı gəlmək istəyir»


Gürcüstandan qaçqınlar, 8 avqust 2008
Gürcüstandan qaçqınlar, 8 avqust 2008
Balaca Röyalı kompyuterin qarşısında görənə kimi mən də fikirləşirdim ki, bu nə güllə səsidir belə?! Bibisi deyir ki, 9 yaşlı Röyal Gürcüstandan gələndən bəri kompyuterdə dava oyunları oynayır:

- Kimlərdir dava edən?
- Ruslarla gürcülər.
- Sən kimin tərəfindəsən?
- Mən gürcülərin…

İndi Röyal bibisinin kiçik qardaşıyla yaşayır, iki bunlar, üç də bibisinin uşağı, iki də böyüklər - yeddi nəfər ikiotaqlı evdə qalır.

- Anan hanı?
- Gəlmədi.
- Niyə?
- Atamı qoyub gəlmədi.
- Atan hanı ki?
- Atamı davaya aparıblar...
- Kəndinizdən çox adamı aparıblar?
- Hə...

Gürcüstanın ərazisində münaqişə başlayandan Azərbaycanla sərhəddə yüzlərlə adam yığışıb. Bu, rəsmi rəqəmdir. Sərhəddən gələn qeyri-rəsmi məlumatlara görə, Azərbaycana keçmək istəyənlər minlərlədir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı ofisindən «Azadlıq» radiosuna deyiblər ki, sərhəddə bir nəfər nümayəndə göndəriblər, hələlik onlarda vəziyyətlə bağlı dəqiq təsəvvür yoxdur.

Röyalın bibisi Ruhiyyə Məmmədova isə deyir ki, Röyalgilin kəndində- Qardabani rayonunun Qaratəhlə kəndində imkanı çatan uşaqları və qadınları kənddən çıxarır:

«Hamı gəlmək istəyir, bircə yaşlılardır ki, deyirlər, torpağı qoyub getmərik».

Ruhiyyə Məmmədova deyir ki, münaqişə başlayandan Azərbaycan tərəfdən Bakı avtobusları gediş haqqını azı iki dəfə qaldırıblar.

Qeyri-rəsmi məlumata görə, Gürcüstanda yarım milyona qədər azərbaycanlı yaşayır. Hələlik Azərbaycan tərəfi Gürcüstan qaçqınları haqda ümumi danışır. Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim:
«Xaricilər öz vətənlərinə gedirlər, Azərbaycan da onlara özünün qanunları çərçivəsində yardım göstərir. Bu işlər həm yerli strukturlar, həm də Bakıdakı dövlət qurumları tərəfindən əlaqəli görülür».

Politoloq Rasim Musabəyov isə deyir ki, müharibə bundan sonra da davam edəcəyi təqdirdə, Azərbaycan tərəfi soydaşlarına əlindən gələn köməyi əsirgəməməlidir.

Amma siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Rusiya ilə ehtiyatlı olmaq lazımdır. Çünki bu dövlətin məqsədi Qafqazda möhkəmlənməkdir, onu qıcıqlandırmaq olmaz. Ekspert bildirir ki, vaxtilə çeçen müharibəsi zamanı da Azərbaycana qaçqınlar gəlirdi. Rəsmi Bakı o vaxt çeçenləri qeyri-rəsmi himayə edirdi. Azər Rəşidoğlu deyir ki, Gürcüstan azərbaycanlılarının Azərbaycana axını başlasa, bu, ölkənin iqtisadi – sosial vəziyyətinə pis təsir edə bilər. Rusiya da bundan siyasi məqsədlə yararlanar:

«Rusiyapərəst qüvvələr sabitliyi pozmağa çalışacaqlar, üstəlik, oradan gələnlərin arasında Rusiya xüsusi xidmət orqanlarının öyrətdiyi adamların olmadığına heç kim zəmanət vermir».

Amma Rasim Musabəyov onunla razılaşmır, deyir ki, Rusiya Azərbaycana bundan artıq təzyiq edə bilməz. Onsuz da Moskva Ermənistanı dəstəkləyir, gərək Azərbaycan müstəqil mövqe ortaya qoysun.

Balaca Röyal isə hələlik valideynlərindən ayrı - bibisigildə üçüncü gündür ki, qaçqınlıq həyatını yaşayır. Payızda Röyal dördüncü sinfə getməlidir...
XS
SM
MD
LG