Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:51

Rusiya istəyinə nail ola biləcəkmi?


Ukrayna və Gürcüstan artıq fərqli yol tutublar
Ukrayna və Gürcüstan artıq fərqli yol tutublar
Gürcüstan dünya siyasətinin diqqətində qalmaqda davam edir. Bu, heç də mübaliğə deyil, real siyasi faktdır. Kiçik bir respublika bir müddət idi ki, Rusiyanın hərbi həmlələrini dəf etməkdə idi. Dünya birliyinin səylərindən sonra Rusiya hərbi əməliyyatların dayandırılması haqqında göstəriş verdi. Rusiya prezidenti bunu öz «ölkəsinin məqsədlərinə çatması» ilə izah etdi. Prezident Dmitri Medvedev həm də bəyanatında maraqlı ifadə işlətdi: «təcavüzkar cəzalandırıldı!».
Amma Rusiya prezidenti bir məsələyə aydınlıq gətirmədi. Görəsən, Gürcüstan öz qanuni ərazisində niyə görə təcavüzkar olmalıdır? Nə vaxtdan öz ərazi bütövlüyünü bərpa etməyə çalışmaq, qanuni hüquqlarını təsbit etməyə cəhd göstərmək təcavüz hesab edilir? Amma bu, hələ hamısı deyil. Çıxışında osetinləri və abxazları soydaşlarımız adlandıran Medvedev Gürcüstanın ərazi bütövlüyünü də şübhəyə aldı. Bu məsələ ilə bağlı suala cavab verərkən o, suverenlikdən fərqli olaraq hətta ərazi bütövlüyünün şəraitdən və bir çox amillərdən asılı olduğunu dedi və Kosovo presedentini də xatırlatmağı unutmadı.
Bu detal bir daha sübut edir ki, Rusiyanın indiki siyasəti vaxtilə verdiyi bəyanata tam uyğun şəkildə həyata keçirilir. Rusiya bir müddət bundan əvvəl bildirmişdi ki, Gürcüstan NATO-ya üzv olmaq yolunu tutarsa, Abxaziya və Cənubi Osetiyadan əl çəksin. İndi bu siyasət həyata keçirilir. Amma bu yolla o, Gürcüstanı tutduğu yoldan çəkindirə biləcəkmi?

Rusiya bir müddət bundan əvvəl bildirmişdi ki, Gürcüstan NATO-ya üzv olmaq yolunu tutarsa, Abxaziya və Cənubi Osetiyadan əl çəksin. İndi bu siyasət həyata keçirilir. Amma bu yolla o, Gürcüstanı tutduğu yoldan çəkindirə biləcəkmi?
Hadisələrin gedişi bunun əksini deməyə imkan verir. Gürcüstan prezidenti artıq öz ölkəsinin MDB-dən çıxdığını bəyan edib. Prezident Mixail Saakaşvili bunu çox obrazlı şəkildə ifadə edib: «Biz sovet məkanını birdəfəlik tərk edirik. Sovet İttifaqı bir daha bura qayıtmayacaq!» Prezident bəyanatın parlamentlə məsələhətləşdirildiyini bildirməyi də unutmadı.
Saakaşvili Osetiya və Abxaziyanı artıq işğal olunmuş ərazilər adlandırdı.

Göründüyü kimi, proseslər Rusiya ilə Gürcüstanın yollarının ayrılmasına, özü də birdəfəlik ayrılmasına işarə edir. Cənubi Qafqaz respublikalarından biri artıq Rusiya ilə ittifaqda heç bir perspektiv görmür. Bu da təsadüfi deyil.

Son hərəkətləri ilə Rusiya özünü tamamilə ifşa etdi. Hadisələrin təfərrüatı heç kimdə şübhə doğurmur. Bu, Rusiyanın Gürcüstanın NATO-ya yolunu bağlamaq, onun ərazisinin ən azı bir hissəsini işğal etmək niyyətindən başqa bir şey deyil. Amma müşahidəçilərin əksəriyyətinin fikri belədir ki, bu, tamamilə səmərəsiz yoldur. Daha yaxşı olardı ki, Rusiya özünün geosiyasi inadından əl çəksin. Amma Rusiyanın siyasi dairələri tamamilə fərqli istiqamət tutublar. Əvvəlcə xəbər yayıldı ki, avqustun sonuna qədər Rusiya və Gürcüstan prezidentlərinin görüşü planlaşdırılır. Rusiyanın xarici işlər naziri isə bəyan edib ki, onun hökuməti heç vaxt prezident Saakaşvili ilə danışıqlar aparmayacaq. Bu, beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Mixail Saakaşvili Gürcüstanın qanuni prezidentidir, ancaq Rusiya hətta bu faktı da inkar etmək yolunu tutub. Bununla bağlı ABŞ prezidentinin maraqlı bəyanatı oldu. Prezident Corc Buş Rusiyanın Gürcüstanın ərazilərini işğal etməyə və qanuni hakimiyyətini qorxu altında saxlamağa yönələn hərəkətlərini qətiyyətlə pislədi.

Bəlkə də Rusiya hadisənin bu qədər beynəlxalq rezonans yarada biləcəyini gözləmirdi. Amma rezonans oldu. İndi aydındır ki, Rusiya istəyinə nail ola bilməyəcək. Proses zamanı Gürcüstanın ərazi bütövlüyü bir daha beynəlxalq dəstək qazandı, hadisəyə münasibət bildirən dövlətlərin hamısı onun ərazi bütövlüyünü müdafiə etdiklərini bildirdilər. İndi hər şey Qərbin Gürcüstanın NATO ilə bağlı planlarına nə qədər ardıcıl dəstək verəcəyindən asılıdır. NATO-nun baş katibi Yaap de Hoop Skeffer bəyanat verərək, Gürcüstanın Şimali Atlantika Alyansına qəbulunun mümkün olduğunu deyib.
Hərçənd ki, Rusiya da bu məsələnin qarşısını almaq üçün diplomatik səylərini də əsirgəmir.

İndi keçmiş SSRİ məkanının bir hissəsi növbəti geosiyasi transformasiya ərəfəsindədir. Gürcüstandan başlanan proses, xüsusən bu respublikanın MDB-dən çıxmaq haqqında bəyanatı və digər respublikalara müraciəti, MDB məkanındakı proseslərə ciddi təsir edə bilər. Bütün hallarda bir şey aydındır ki, demokratik rejimlər artıq Rusiyaya ehtiyac duymurlar, çünki Rusiya ilə ittifaq son illərdə ancaq bir aspektdən faydalıdır-öz ölkəsində avtoritar rejimi saxlamaq üçün. Təsadüfi deyil ki, rusiyalı ekspertlər çoxdan öz hakimiyyətlərinə demokratik Ukraynanı avtoritar Qazaxıstanla əvəz etməyi, diqqəti bu ölkəyə yönəltməyi və onunla yaxınlaşmağı məsləhət görürlər. Görünür, son nəticədə elə belə də olacaq, çünki Ukrayna və Gürcüstan artıq fərqli yol tutublar.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG