Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsinin bir qrup sakini Yasamal Rayon İcra Hakimiyyətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məhkəməyə verib. Əsasən elm adamları olan bu şəxslər 546-cı məhəllə, 17 ünvanlı beş mərtəbəli binada yaşayırlar.
Sakinlər iddia ərizəsində bildirirlər ki, iyunun 18-də binanın qəzalı olması bəhanəsilə Yasamal Rayon İcra Hakimiyyəti rəhbərliyi polisin köməyi ilə gecə yarısı onları zorla evlərindən çıxarıb.
Avqustun 13-də mətbuat konfransı keçirən sakinlər heç bir əsas olmadan mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu deyirlər.
Sakinlər əslində evlərinə girməkdə problem görmürlər. Deyirlər ki, qaz, işıq, su olmaması yaşamağı mümkünsüz edir. Ona görə də hökumətdən təcili binanın vəziyyəti barədə rəsmi sənəd istəyirlər.
Dövlət Şəhərsalma və Arxitektura İdarəsindən isə bildirirlər ki, baş verənlərdən xəbərləri var. Məhkəməyə də cavab veriblər ki, bu işlə onlar yox, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi məşğul olur.
Agentlikdən isə «Azadlıq» radiosuna Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlamağı məsləhət gördülər. Amma cəhdlərimiz nəticə vermədi. Agentliyin vətəndaşların müraciətinə iyunun 23-də verdiyi rəsmi cavabda isə deyilir ki, binanın vəziyyətinə dair qərar qəbul ediləcək və bu haqda onlara məlumat veriləcək. Məlumatsa hələ ki, yoxdur.
Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirirlər ki, bu iş artıq daha yuxarı dairələrin məşğul olacağı problemə çevrildiyindən onların səlahiyyətində deyil.
Bir müddət əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev demişdi ki, ekspertlərin ilkin rəyinə görə, bina qəzalı sayılır. Amma binanın aqibətinin necə olacağı barədə konkret qərar yaxın vaxtlarda veriləcək:
«Başqa bir institutun da mütəxəssisləri binaya baxırlar. Ondan sonra üç institutun mütəxəssislərinin rəyi bir yerə toplanıb qərar veriləcək».
Aradan iki aya qədər vaxt keçməsinə baxmayaraq hələ ki, yekun qərar yoxdur. Sakinlərin əllərində olan rəsmi sənədlərdə isə binanın sökülməsi və ya bərpa olunması barədə konkret bir şey yoxdur.
Bir vaxtlar Dövlət Tikinti Komitəsində Tikintiyə nəzarət şöbəsinin rəhbəri işləmiş Sabir Ağayev isə əmindir ki, sözügedən bina söküləcək qədər qəzalı deyil. Binanın əsas qüsuru üzlük daşlarının düzgün vurulmamasıdır:
«Qəzalı binalarda çatlar olur. Həmin çatların da böyümədiyi mayaklar vasitəsilə təsdiqlənəndə onu bərpa edirlər. Bu binada isə heç çat da yoxdur».
Bu ilin martında 546-cı məhəllədə yerləşən binalarda təmir işləri başlanıb. Sonradan binanın 5, 6 və 7-ci bloklarının sakinlərə bildirilib ki, bina qəzalı vəziyyətdədir və onlar oranı tərk etməlidirlər.
Nazirlər Kabinetinin uyğun sərəncamında isə deyilir ki, 6 ay müddətinə qəzalı evlərin sakinlərinə hər ay üçün 1 otaqlılara 400, 2 otaqlılara 500, 3 otaqlılara isə 700 manat kirayə haqqı verilməlidir. Ev əşyalarının daşınması üçün isə 1 avtomaşın reysinə 120 manat ödənilməlidir. Mətbuat konfransı keçirənlər bu pulu istəmədiklərini deyirlər.
Onlar düşünürlər ki, vəziyyət barədə dövlət başçısı düzgün məlumatlandırılmayıb. Yoxsa ömrünü Azərbaycanın elminə, tərəqqisinə həsr etmiş adamlarla belə rəftar olunmazdı.