Avqustun 20-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanının Bakıya səfəri başlayır. Bu ölkənin səfirliyindən verilən məlumata görə, baş nazir bütün görüşləri prezidentin Zağulbadakı iqamətgahında keçirəcək. Həmin gün axşam saatlarında da səfər başa çatacaq.
«Ərdoğan gərək Bakıda Azərbaycanın təhlükəsizliyinin müdafiəsi ilə bağlı güclü bəyanatlar versin». Politoloq Vəfa Quluzadə baş nazirin səfəri ərəfəsində belə deyib. Ancaq o, bildirir ki, Türkiyənin Rusiyadan böyük enerji asılılığı var. Türkiyənin qaza olan tələbatının təqribən 60 faizini Rusiya ödəyir. Odur ki, politoloqa görə, Türkiyənin Gürcüstan və Azərbaycanın təhlükəsizliyi məsələsində qətiyyətli mövqe tutacağı bir qədər şübhəli görünür.
Ancaq Vəfa Quluzadə deyir ki, Gürcüstandan keçən kəmərlər Türkiyə üçün də böyük əhəmiyyət kəsb edir. Ona görə də Türkiyə ən azı öz maraqlarına görə, Rusiyanın Qafqazda güclənməsinə qarşı çıxmalıdır. O, ehtimal edir ki, Gürcüstanın başı üzərini alan təhlükələr Ukrayna və Azərbaycana da yaxşı heç nə vəd etmir:
«Ermənistanın Rusiya ilə hərbi müqaviləsi var. Deməli, Ermənistana bir təhlükə olsa Rusiya Ermənistanı müdafiə edəcək. Belə olan təqdirdə bizim niyə Türkiyə ilə belə müqaviləmiz olmasın».
«Qafqaz» Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli isə deyir ki, Ərdoğanın səfərində Qafqaz İttifaqı ideyasının müzakirə ediləcəyi gözlənilir. Ancaq Xaləddin İbrahimlinin sözlərinə görə, Türkiyə Gürcüstanın müstəqilliyində maraqlı olduğu kimi Rusiyanın da Qafqazdan getməsini o qədər də istəmir. Onun sözlərinə görə Türkiyənin ABŞ və Avropa Birliyi ilə münasibətlərində bəzən problemlərin üzə çıxması ona Rusiya ilə ehtiyatlı olmaq məcburiyyətində qoyur. Xaləddin İbrahimli bu üzdən hesab edir ki, Türkiyə Qafqaz İttifaqında Rusiyanı da görür:
Xaləddin İbrahimlinin sözlərinə görə, indi Ərdoğanın gündəliyə gətirdiyi Qafqaz İttifaqı ideyası tarixi ənənələrə söykənir. Ancaq Vəfa Quluzadəyə görə, əgər Rusiya da bu ittifaqda olacaqsa, o gözlənilən nəticəni verməyəcək. Keçmiş dövlət müşavirinə görə, Rusiya Qafqazı həmişə öz tabeçiliyində görmək istəyir.
Türkiyədəki politoloqlardan bu ölkənin BMT-dəki keçmiş səfiri Kamran İnan da deyir ki, indi Qafqazda münasibətlər xeyli mürəkkəbdir:
«Ortada Ermənistanın Türkiyəyə qarşı iddiaları var. Ermənistanın Azərbaycana münasibəti məlumdur. Eyni zamanda İranın Ermənistanın dəstəklədiyi də faktdır. Rusiyanın Qafqaza baxışı məlumdu. Belə situasiyada baş nazirin hansı addımları atacağı maraq doğurur».