Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:38

Beynəlxalq qurumların seçkiyə marağı azalıb


«Cəmiyyətdə, eyni zamanda beynəlxalq qurumlarda belə bir fikir formalaşıb ki, bu seçkidə prezident dəyişməyəcək. Ona görə də passivlik var. İkincisi də seçkilərdə alternativlik baxımından kasadlıqdır»
«Cəmiyyətdə, eyni zamanda beynəlxalq qurumlarda belə bir fikir formalaşıb ki, bu seçkidə prezident dəyişməyəcək. Ona görə də passivlik var. İkincisi də seçkilərdə alternativlik baxımından kasadlıqdır»
«Bütün beynəlxalq qurumların, fondların budəfəki seçkidə Azərbaycana göstərdiyi maraq xeyli dərəcədə azalıb».
Bu sözləri beynəlxalq donorların yardımı ilə Azərbaycanda bir neçə ciddi layihələri gerçəkləşdirmiş seçki mütəxəssisi Anar Məmmədli deyir. Onun sözlərinə görə, bunu beynəlxalq qurumların prezident seçkisinə daha az vəsait ayırması da təsdiq edir. A.Məmmədlinin fikrincə, qiymətləndirilmə zamanı media ilə bağlı layihələrə üstünlük verilməlidir. Çünki alternativ fikir söyləmək üçün imkanlar az olduqda, namizədlərə bərabər şərait yaradılmadıqda, seçki layihələri həyata keçirməyin demokratikləşməyə hər hansı yardımı olmur.
Maliyyə problemləri bu il alternativ səs saymanın keçirilməsini də mümkünsüz edir. Səslərin paralel sayılması isə seçki monitorinqi üzrə önəmli metodologiyalardan biridir. Ancaq Anar Məmmədli bunu beynəlxalq qurumların diqqətsizliyi kimi dəyərləndirməyi doğru saymır:
«Beynəlxalq qurumlar maraqlıdır ki, monitorinqi həm yerli, həm də beynəlxalq qurumlar həyata keçirsin. Burada məsuliyyət buna imkan yaratmayan iqtidarın üzərinə düşür. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin edilməsi birbaşa hakimiyyətin vəzifəsidir».
Seçkilərlə bağlı layihələri maliyyələşdirəcək qaynaqlardan biri də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - USAİD-dir. Qurum seçkidə daha altı nüfuzlu beynəlxalq qurumla işbirliyi qurmağa hazırlaşır. Bu sırada Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası - İREX-də var. Seçkiyə az zaman qalmasına baxmayaraq İREX-in ekspertlərindən olan Ələsgər Məmmədli hələlik heç bir layihənin həyata keçirilməsinə başlanmadığını deyir. Onun fikrincə, səbəblər sırasında əsas yeri həm cəmiyyətin, həm də beynəlxalq qurumların passiv mövqeyi tutur:
«Cəmiyyətdə, eyni zamanda beynəlxalq qurumlarda belə bir fikir formalaşıb ki, bu seçkidə prezident dəyişməyəcək. Ona görə də passivlik var. İkincisi də seçkilərdə alternativlik baxımından kasadlıqdır».
Bununla belə, İREX imkan yaradılsa, daha çox maarifləndirmə istiqamətində işləməyə hazırdır.
ABŞ Respublikaçılar İnstitutunun da prezident seçkisilə bağlı layihələri hələlik bəlli olmayan müddətə qədər yubadılır. Səbəb isə Rusiyanın Gürcüstana hərbi müdaxiləsidir. Qurumun Bakı ofisindən bildirirlər ki, Azərbaycanda gerçəkləşdiriləcək layihələr üzrə əsas ekspertlər Tbilisidə olduğundan hər hansı layihəyə başlamaq mümkün deyil.
«Turan» İnformasiya Agentliyinin başçısı Mehman Əliyevin sözlərinə görəsə, Azərbaycan iqtidarı cəmiyyətin demokratikləşdirilməsi yönündə real addımlar atmayana qədər beynəlxalq qurumların bu yöndə təşəbbüslərinin ciddi nəticələr verəcəyini düşünmək yersizdir:
«Azərbaycanda seçkilər formal xarakter daşıyır. Ona görə müşahidələr və layihələr də formal olacaq. Əgər rəqabət, mübarizə yoxdursa, onlar nəyi qeydə alacaqlar? Azərbaycanda azad seçki yoxdur, İlham Əliyevin real rəqibləri seçkiyə qatılmayıb, ona görə də seçkilərə maraq yoxdur, bundan sonra da olmayacaq».
Ekspertlərin fikrincə, beynəlxalq qurumların dəstəyilə gerçəkləşdirilən layihələr yerli qurumların öz işlərini daha savadlı, sınaqdan çıxmış texnologiyalar üzrə qurmasına imkan verir. Ancaq Azərbaycanda qazanılan bilgiləri gerçəkləşdirmək üçün imkan yoxdur.
XS
SM
MD
LG