Daşınmaz əmlak alqı-satqısı firmalarından bildirirlər ki, mənzil bazarında bir neçə aydır başlayan süstlük hələ də davam edir. Bakıdakı alqı-satqı firmalarında çalışan Fikrət Rüstəmlinin sözlərinə görə, evlər satılmasa da, qiymətlər aşağı düşmür. Kirayə evlərin qiyməti isə ilin ilk ayları ilə müqayisədə 50 faizə qədər bahalaşıb:
«Birotaqlı evlərin kirayə qiyməti 300-500 manat civarındadır. İki otaqlı evlərin qiyməti isə 400 manatdan başlayır, 600-700 manata qədər».
Fikrət Rüstəmli deyir ki, ali məktəblərdə dərslərin başlaması da ev bazarına təsir göstərir. Bundan başqa, avqustun sonlarında Azərbaycanda işləyən xarici vətəndaşların çoxu yay məzuniyyətindən qayıdır. Bu faktor da kirayə ev bazarında qiymətləri qaldırır:
Son illər qazancı maklerlikdən çıxan Arif də qiymətlərin çox bahalaşdığını deyir:
- Şəhərin mərkəzində 4 nəfərlik ailə üçün orta şəraitli evi kirayələmək neçəyə başa gəlir?
- 600-700 manata.
- Şəhərdə bu qiymətdən ucuz ev tapmaq olarmı?
- Demək olar ki, yox.
- Bəs, ev almaq istəyənlər yeni tikililərə üstünlük verirlər, yoxsa köhnə tikililərə?
- Daha çox yeni tikilən evlərə. İndi yeni tikilən evlərin texniki göstəricilərinə ciddi nəzarət var. Ona görə da insanların marağı daha çox yeni evlərədir.
Kirayə mənzillərin qiymətlərinin bahalaşması alqı-satqı elanları yayan qəzetlərdə və saytlarda da mənzərini dəyişdirib. İndi elanlar sırasında «kirayə verirəm» sözündən çox, «kirayə axtarıram» sözlərinə rast gəlmək olur. Mənzil sorağında olan bir neçə şəxslə danışdıq. Dediklərinə görə, kirayə qaldıqları mənzillərin sahibləri qiymətləri artırdığından yeni mənzil axtarırlar. Ancaq ucuz mənzil tapa bilmirlər. Azərbaycan vətəndaşı olan kirayənişinlərin fikrincə, Bakıdakı kirayə mənzillərin qiymətlərinə ən çox təsir edən faktor paytaxtda xarici vətəndaşların sayının ildən-ilə artmasıdır.
Həmsöhbətim Yavuz Dəmir Türkiyə vətəndaşıdır. Bakıda kirayə ev axtarmağa Türkiyədə olarkən internet vasitəsilə başlayıb:
- Qiymətlər 600 manatdan başlayır 1000 manata qədər. Villalar isə 2000 manatdan 5000 manata qədərdir. Mən həyət evi tapdım 600 manata. Normal şəraiti var.
- Ötən illə müqayisədə qiymətlərdə dəyişiklik var?
- Ötən il 300 dollara ev tapmaq olardı. İndi həmin evlər 500-600 manata olub.
Daşınmaz Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin rəhbəri Nüsrət İbrahimlinin fikrincə, daşınmaz əmlak bazarındakı qiymətlər avqust ayında 0,7 faiz enib. Ancaq qiymətlərin avqustun sonlarından başlayaraq artacağı da istisna edilmir.
Bir sıra media qurumları əmlak bazarındakı durğunluğa təsir edən səbəblər sırasında payızda gözlənilən prezident seçkisinin də durduğunu iddia edirlər. Nüstər İbrahimli isə belə düşünmür. Onun sözlərinə görə, indiki seçkilər yalnız Azərbaycanı yaxşı tanımayan beynəlxalq investorların qərarlarının yubanmasına təsir edə bilər. Bu isə daşınmaz əmlak bazarına o qədər də ciddi təsir edən məqam deyil:
«Bazara gələn investor planlaşdırır ki, dövriyyəyə 10-50 milyon çıxarıb hansısa tikintini inşa etsin. Təbii ki, onlar siyasi proseslərin başa çatmasını gözləyəcəklər. Bu, yalnız ilkin bazara müəyyən təsir edir və 5 faizi keçmir».
Kirayə mənzillərin qiymətinin qalxmasının əsas səbəbi isə Nüsrət İbrahimlinin fikrincə, Azərbaycanda inflyasiya həddinin yüksək olmasıdır:
«Əgər mən evimi bir il öncə 300 manata kirayə verirdimsə və bu məbləğlə hansısa ehtiyaclarımı ödəyə bilirdimsə, indi bu ehtiyaclar üçün 400 manat xərcləməliyəm. Təbii o zaman kirayə haqqını qaldıracağam».
Nüsrət İbrahimli onu da bildirir ki, qiymət artımı ilə yanaşı təklif olunan xidmətin keyfiyyətində də artım müşahidə olunur.
İnternet məkanında mənzil alqı-satqısı ilə bağlı çoxsaylı elanlar var. Burada həm yataqxanadakı otağını 25 min manata, həm də şəhərin mərkəzində bina tikintisi üçün aldığı yeri 7 milyon dollara satanların elanlarını görmək olar.