Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

«Parlamentin fövqəladə iclası çağırılmalıdır»


Tbilisidə Rusiyaya qarşı etiraz aksiyası, 12 avqust 2008
Tbilisidə Rusiyaya qarşı etiraz aksiyası, 12 avqust 2008
«Milli Məclis fövqəladə iclasını çağırmalı və Gürcüstana yönəlmiş bu təcavüzə hüquqi-siyasi qiymət verməlidir». «Ayna» qəzetinin şərhçisi İbrahim Bayandurlu «İşdən sonra»ya belə deyib.

Deputat Asim Mollazadə isə buna ehtiyac duymur:

«Hansısa bir məsələni parlamentin müzakirə etməsinə ehtiyac duymuram. Və düşünmürəm ki, hazırda mövcud olan problemlər bilavasitə Azərbaycanla bağlıdır və parlament hansısa qərarlar qəbul etməlidir».

Digər bir deputat Zahid Oruc isə bildirir ki, Rusiyanın bu addımı gözlənilən idi:

«Bu, hərbi işğalın siyasi və hüquqi cəhətdən rəsmiləşməsidir. Bundan sonrakı dönəmdə anti-Rusiya blokları daha da güclənəcək. Gürcüstanın müdafiəsi adı altında Rusiyanın əleyhinə regionda çox böyük proseslər başlayacaq. Münaqişənin belə gərgin anında Azərbaycanı vuruşan tərəflərin hədəfinə çevirmək düzgün olmaz».

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü, deputat Qənirə Paşayeva isə deyir ki, bu hadisədən sonra Rusiyanın ATƏT-in Minsk Qrupundakı fəaliyyəti Azərbaycan cəmiyyətində ciddi müzakirəyə çıxarılacaq:

«Düşünürəm ki, Minsk Qrupunun həmsədrlik formatına yenidən baxmaq lazım gələcək. Azərbaycan buna cəhdlər etməlidir. Biz bu məsələ ilə bağlı parlamentdə də təşəbbüslə çıxış edəcəyik. Çünki Rusiyanın bu addımı Azərbaycan üçün çox təhlükəli bir tendensiyadan xəbər verir».

AXCP sədrinin müavini Fuad Mustafayev isə deyir ki, tarixin yeni «soyuq müharibəsi» başlayır. Onun sözlərinə görə, Azərbaycan üçün də real təhlükə var. Və bu təhlükənin qarşısını almağın yeganə yolu birmənalı şəkildə Avro-Atlantik məkana inteqrasiya etməkdir.

Siyasi şərhçi Erkin Qədirli isə deyir ki, Azərbaycan Rusiya kimi təcavüzkar bir dövlətdən özünü sığortalamaq üçün mütləq beynəlxalq hüquq müstəvisində mövqelərini möhkəmləndirməlidir:

«İlk növbədə beynəlxalq məhkəmənin yurisdiksiyasını tanımalıdır. Baxmayaraq ki, bu, AŞ PA-nın tövsiyələrindən biridir, Azərbaycan hələ də bunu etməyib».

Ətraflı verilişin audiosunda

Buna da bax:

XS
SM
MD
LG