Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:04

«Pulla imzanı əhalinin tanımadığı namizədlər yığır»


Seçkiyə qatılan şəxs ona səs verməsinin qarşılığında seçiciyə istədiyi məbləği təklif edə bilər
Seçkiyə qatılan şəxs ona səs verməsinin qarşılığında seçiciyə istədiyi məbləği təklif edə bilər
Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkisində iştirak üçün 20 nəfər namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasından (MSK) bildirirlər ki, onlardan yalnız ikisi namizədliyin təsdiq edilməsi üçün tələb edilən 40 min imzanı təqdim edib. MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev:

«İlham Əliyevin namizədliyi artıq qeydə alınıb. «Ümid» Partiyasının sədri İqbal Ağazadə də 40 min imzanı toplayıb MSK-ya təqdim edib. Yaxın günlərdə imzalar yoxlanacaq və İqbal Ağazadənin namizədliyinin qeydə alınıb-alınmaması ilə bağlı qərar qəbul ediləcək».

Azərbaycanda indiyə qədər keçirilən seçkilərdə müxalifətin iqtidarı ən çox tənqid etdiyi məqam namizədlərin seçicilərdən səsləri pulla alması ilə bağlıdır. Prezidentliyə namizədliyini müstəqil qaydada irəli sürən AXCP-nin keçmiş üzvü Qulamhüseyn Əlibəyli isə deyir ki, qanun namizədin seçiciyə pul təklif etməsini qadağan etmir. Seçkiyə qatılan şəxs ona səs verməsinin qarşılığında seçiciyə istədiyi məbləği təklif edə bilər.

Ancaq Böyük Quruluş Partiyasından prezidentliyə namizəd Fazil Qəzənfəroğlu bu yanaşmanı qəbul etmir. O, hətta namizədliyinin qeydə alınması üçün 40 min imzanı toplayan 150 tərəfdaşının da könüllülük əsasında işlədiyini deyir:

«Mən vətəndaşa pul təklif etmək düşüncəsində deyiləm. Vətəndaşa yardım etmək olar, ancaq başqa formada. İmza toplamada isə belə addımların atılmasını doğru hesab etmirəm».

Qəzənfəroğlunun sözlərinə görə, hələ ki, nə vətəndaşlar, nə də hakimiyyət nümayəndələrilə hər hansı insident olmayıb.

Azərbaycan Liberal Demokrat Partiyasından prezidentliyə namizəd Fuad Əliyev isə namizədlərin seçkidə vətəndaşlara pul təklif etməsini onların xalq arasında tanınmaması ilə bağlayır. Dediyinə görə, özünün belə bir problemi yoxdur. Əyalətlərdə olmasa da, paytaxtda onu yaxşı tanıyırlar. Partiyanın 25 üzvü artıq tələb edilən 40 min imzanı toplayıb başa çatdırmaq üzrədir:

«Daha çox rayonlarda hiss olunurdu ki, ənənəvi müxalifətin deyil, yeni simaların seçkiyə qatılmasından məmnundurlar və böyük məmnuniyyətlə imzalarını verirdilər».

Siyasi ekspertlər Azərbaycanda seçici fəallığının son dərəcə aşağı olduğunu bildirirlər. Onların sözlərinə görə, seçkidə heç bir dəyişiklik baş verməyəcəyini bildikləri üçün vətəndaşlar son dərəcə passivdir. Ekspertlərin bu fikirlərini Bakının mərkəzi küçələrində keçirdiyimiz sorğu da sübut etdi:

- Prezidentliyə namizədlərdən kimi tanıyırsınız?

- Heç birini.

- Ancaq İlham Əliyevi.

- Göstərirlər ki, tanıyaq?

Namizədlər topladıqları imzaları sentyabrın 5-i saat 18-dək MSK-ya verə bilərlər. Sentyabrın 15-nə qədər isə qurum imzaların həqiqiliyini yoxlayıb namizədliyin qeydə alınıb-alınmaması ilə bağlı qərar verəcək. Təbliğat kampaniyası isə sentyabrın 17-dən başlayacaq.
XS
SM
MD
LG