Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:20

«Nabucco» ölü layihədir


Nabucco» Orta Asiya qazını Azərbaycandan keçməklə Avropanın mərkəzinə, Avstriyaya daşıyacaq
Nabucco» Orta Asiya qazını Azərbaycandan keçməklə Avropanın mərkəzinə, Avstriyaya daşıyacaq
«Gürcüstandakı münaqişə «Nabucco» qaz kəmərini söndürən yel ola bilər. Rusiya Gürcüstanın separatçı bölgələrini müstəqil dövlət kimi tanıyandan sonra çətin ki, sərmayəçilər «Nabucco»ya pul qoyalar».

Bunu «International Herald Tribune» qəzeti yazır. Müəllif deyir ki, bu gedişlə Avropa Birliyinin Rusiyadan qaz asılılığını azaltmaq arzusu gözündə qalacaq.

Nəzərdə tutulub ki, üç min kilometrlik «Nabucco» kəməri Orta Asiya qazını Azərbaycandan keçməklə Avropanın mərkəzinə, Avstriyaya daşıyacaq. Kəmər tikilsə, Azərbaycanın öz enerji ehtiyatları qurtarandan sonra da regionda əhəmiyyətini saxlayacaq.

«Nabucco»nun hansı mənbələrdən qaz alacağı bir tərəfə dursun, axı bu layihəni kimin maliyyələşdirəcəyi belə hələ məlum deyil». Bunu «International Herald Tribune»a Sloveniyada Strateji Araşdırma Mərkəzinin rəhbəri Borut Qrjiç deyir. O, əlavə edir ki, «Nabucco» ölü layihədir.

Amma Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban nikbindir. O, «Azadlıq» radiosuna müsahibəsində deyib ki, Gürcüstan münaqişəsi Avropa üçün mühüm olan bu layihəni təxirə sala bilməz. Bu münaqişənin investorların qərarına təsiri ola bilməz:

«Deməli, Rusiya hədə-qorxu gələn kimi bütün Qərb dünyası qorxuya düşür?! Məgər Bakı–Tbilisi–Ərzurum qaz boru kəmərinin işğalı barədə fərman verilib? Nə baş verib axı, niyə reallaşmasın?»

İlham Şaban deyir ki, əksinə, Rusiya rəsmiləri açıqca dedilər ki, onların hədəfində boru kəmərləri yoxdur. Doğrudan da boru kəmərləri müharibə vaxtı zərər çəkmədi.

«Nabucco» Beynəlxalq Qaz Kəməri Konsorsiumunun Vyanadakı baş ofisindən isə «International Herald Tribune»a Gürcüstandakı siyasi, iqtisadi vəziyyəti şərh etmək istəməyiblər. Deyiblər ki, prosesi diqqət mərkəzində saxlayırlar, amma bütün hallarda nikbindirlər ki, layihəni həyata keçirə biləcəklər.

Avropa İnvestisiya Bankı prinsipcə layihəni maliyyələşdirməyə razılıq verib. Amma bu bankın rəsmiləri də qəzetə deyiblər ki, «Nabucco» elə yerində sayır, ötən illərdə heç irəliləyə bilməyib, hələ də qaz mənbələri tapılmayıb. Türkiyə ilə problem həll olunmayıb, Ankara hələ də təkcə tranzit ölkə rolu ilə kifayətlənmir, istəyir ki, bu layihədə aparıcı fiqur olsun.

İlham Şaban isə bildirir ki, «Nabucco» Rusiyadan enerji asılılığını azaltmaq üçün Qərbə lazımdır. Odur ki, Qərb çalışacaq ki, layihəni reallaşdırsın.

Amma «International Herald Tribune» layihəyə siyasi tərəfdən də baxır. Deyir ki, «Nabucco» Rusiyanın əleyhinə olan layihədir, prezident İlham Əliyev seçkiqabağı Moskvanın əleyhinə getməyəcək. Xüsusilə də ona görə ki, ortada Qarabağ məsələsi var, Rusiya da Ermənistanı dəstəkləyir.

Politoloq Leyla Əliyeva qəzetə deyib ki, İlham Əliyev getdikcə daha çox ehtiyatlı olur.

Politoloq Rasim Musabəyov isə «Azadlıq» radiosuna deyib ki, Azərbaycan Avropa Birliyi ilə energetik xartiyanı imzalayıb və rəsmi Bakının bu layihəyə «yox» deməsi öhdəlikləri pozmaq olardı. Amma Musabəyov bildirir ki, «Nabucco»nun həyata keçməsi üçün Qərb gərək əvvəlcə bu kəməri qazla təmin edəcək Türkmənistanla, Qazaxıstanla razılaşdırsın. Amma onun fikrincə, Bakı həmişəki kimi Moskvanı da nəzərə alacaq.

Gözlənti var ki, «Nabucco»nun tikintisi iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2010-cu ildə başlayacaq, kəmər Ankaradan Avstriyaya - Baumqartenə qədər uzanacaq. İkinci mərhələ 2013-cü ildə başlayıb, 2014-cü ildə başa çatmalıdır. Ya Türkiyə sərhədindən Gürcüstana qədər, ya da Türkiyədən İrana qədər.
XS
SM
MD
LG