Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:52

Müharibədəki və müharibədən sonrakı Borçalı...


Gürcü qaçqınları, 20 avqust 2008
Gürcü qaçqınları, 20 avqust 2008
«Ayna» qəzeti:

«Rus hərbçiləri gəlib Marneulidəki aerodromu bombalayanda, hər kəs bu müharibənin bizə nə qədər yaxın olduğunu görürdü. Biz var qüvvəmizlə təcavüzə qarşı birləşdik».

Bunu «Ayna»nın Gürcüstana ezam olunmuş müxbirinə «Qeyrət» xalq hərəkatının idarə heyətinin üzvü Zümrüd Qurbanlı bildirib. O deyir ki, könüllü vuruşmaq istəyənlərin sayı az deyildi. Amma bu işi axıra qədər uğurla başa vuran olmadı:

«Könüllülərdən ibarət bir dəstə yaratmaq istəyirdilər, amma bu müqəddəs işdən bəzi adamlar öz reklamları üçün istifadə etdilər. Əslində, bu iş görülmədi. Avtobuslar könüllüləri aparmağa gələndə isə, hamı qaçdı. Çünki təşkilatçıların özləri də aradan çıxmışdılar və insanlar haraya, kiminlə gedəcəklərini bilmirdilər».

Qaçqınlara maddi köməkliklərini əsirgəməyən sadə azərbaycanlılar hətta həyətyanı sahələrində becərdikləri pomidor-xiyarı, meyvə-tərəvəzi də hökumətə havayı təhvil veriblər. Üstəlik, müharibənin ilk günündən başlayaraq yerli icra strukturları bütün sahibkarlardan «orduya yardım» adı altında pul yığmağa da başlayıblar. Bütün bunlara dözən azərbaycanlılar məşhur «Ana Vətən çağırır!"»şüarını əldə rəhbər tutaraq hər şeyə dözümlə yanaşırlar.

«Hər kəs könüllü olaraq yardım edirdi. Marneuliyə 200-ə yaxın qaçqın ailəsi gətirilib, həmin qaçqınlara da biz yardım edirik. Gəlib camaatdan zorla pul yığdılar. Bu proses əsasən Bolnisi rayonunda oldu. Məsələn, gəlib sahibkarlardan qaba şəkildə, zorla 1500 lari (təxminən 915 AZN) aldılar. Buna baxmayaraq, elə bir azərbaycanlı ailəsi yox idi ki, özü könüllü də yardım etməsin», - deyə qeyd olunanları Z. Qurbanlı da təsdiq etdi.

Müharibənin ilk günlərində Gürcüstandan Azərbaycana qaçanların sayı az olmadı. Z. Qurbanlı isə qaçaqaçla bağlı daha dəqiq məlumatları dilə gətirdi:

«Rəsmi olaraq Ermənistana 18 min nəfər qaçdı. Xüsusilə Tbilisidən ermənilər kütləvi şəkildə Sadaxlıya gələrək Ermənistana qaçırdılar. Azərbaycana isə təxminən 62-70 min nəfər qaçdı. Sözsüz ki, bunlar sırasında xaricilər də az deyildi. Onlar bu yolla öz ölkələrinə qayıtmaq istəyirdilər. Bu prosesdə əsasən Bakıda evləri olan azərbaycanlılar qaçdılar»…


«Azadlıq» qəzeti:

Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfər edəcəyinin qətiləşməsi barədə məlumatlar yayılmaqdadır. Xəbərlərə görə, artıq A. Gülün mühafizəçiləri səfərə hazırlıq görmək məqsədilə Yerevana yola düşüblər. A. Gülün bu səfəri Ermənistan prezident S. Sarkisyanın dəvəti ilə futbol matçına tamaşa etmək məqsədi daşıyır. Ümumiyyətlə, Türkiyə prezidentinin bu addımı ona nə vəd edir? Və Türkiyə Ermənistan yaxınlaşması Ankara-Bakı münasibətlərinə necə təsir edə bilər?

Politoloq Rasim Musabəyovun fikrincə, Türkiyənin son zamanlar Ermənistanla münasibətlərdə yaxınlaşmaya cəhd göstərməsi Ankaranın maraqlarıyla bağlıdır:

«Ermənistan Türkiyəyə qarşı iddialarından birdəfəlik əl çəkməsə də, münasibətlərdə müəyyən müsbət dönüş olsa, bunu təqdir etmək olar. Amma hələ ki, belə bir dəyişiklik gözlənilmir. Belə olan halda, Türkiyə dövləti üçün Ermənistanla yaxınlaşmağa görə hansısa mənfi nəticələrin olacağı gözlənilmir. Amma şəxsən Abdulla Gülün nüfuzu üçün həm ölkə daxilində, həm də Azərbaycanda böyük zərbə ola bilər»…

R. Musabəyov bildirdi ki, Türkiyə-Ermənistan münasibətlərinin normal olmaması Ankara üçün əksər beynəlxalq təşkilatlarda «başağrısı» gətirir, bu üzdən problemin həlliylə bağlı səylər tamamilə zəruridir.

«Amma kimsə düşünürsə ki, Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq mümkündür və ermənilər Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcəklər - bu, sadəlövhlükdür», - deyə R. Musabəyov vurğuladı.


«Yeni Azərbaycan» qəzeti:

Rusiya Cənubi Osetiya ssenarisini Dağlıq Qarabağda təkrarlaya bilməz... Rəsmi Bakının uğurlu xarici siyasəti Gürcüstanda baş verənlərin Azərbaycanda başvermə ehtimalını sıfıra endirir... Moskva əlaqələrə xələl gətirəcək addımlara izin verməyəcək. Bunu biz Gürcüstanda gedən savaşlar zamanı bir daha müşahidə etdik. Gürcüstanda daşı-daş üstündə qoymayan rus hərbçiləri kimlərinsə təxribatlarına məhəl qoymayaraq, Azərbaycanın enerji layihələrinə heç bir zərər gətirmədi. Bakıda keçirdiyi mətbuat konfransında səfir Vasili İstrarov ölkəsinin Azərbaycanın enerji layihələrinin təhlükəsizliyinə təminat verməyə hazır olduğunu bəyan etdi...

Bu cəhətdən Azərbaycanın Gürcüstan hadisələrində tutduğu mövqe xüsusilə təqdirəlayiqdir. Azərbaycanın balanslı xarici siyasət kursu bütövlükdə dövlət siyasətinin tərkib hissələrindən biri olmaqla bərabər, təsadüfi və simptomatik deyil. Əvvəlcədən düşünülmüş, hazırlanmış konsepsiya sayəsində həyata keçirilən Azərbaycan xarici siyasəti bu və ya başqa lokal hadisələrə görə dəyişmir və dayanıqlıdır.

Başqa bir detal isə Azərbaycanın xarici siyasət kursunda da varislik ənənəsinin saxlanmasıdır. Yəni, regionda üç dövlət var və həmin üç dövlət arasında Azərbaycanda xarici siyasətdə uzunmüddətlilik mövcuddur. Başqa region dövlətlərində isə bu yoxdur. Olmadığı üçün də bu gün Ermənistan Kremlin forpostudur. Gürcüstanda isə dəyişən iqtidarlar dönəmində fərqli siyasət həyata keçirilir. Bir prezident bir yolu gedir, başqa prezident hakimiyyətə gələn kimi kursu dəyişdirir...
XS
SM
MD
LG